Məhkəmə qərarları › İş №2(103)-7035/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7035/2021

25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7035/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2387/2021 saylı iş üzrə 03 may 2021-cu il tarixli qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı «Accessbank” QSC-nin məhkəmədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı «Accessbank” QSC-nin xeyrinə əsas borc üzrə 2849,6 manat kredit borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışlar ki, Cavabdeh1 İddiaçı QSC ilə 14.08.2014cü il tarixdə bağladığı 14A000015948 saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.0833% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8000 (səkkiz min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 01.02.2016-cı il tarixli 14A000015948S saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 27.03.2017-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 5150.94 manat ödəniş etmiş və onun iddiaçıya 2849.06 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 22.02.2021-ci il tarixə 1426 gün üçün hesablanmış faiz borcu 0 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. 22.02.2021-ci il tarixə 1426 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 0 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2387/2021 saylı iş üzrə 03 may 2021-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 iddiaçı "xxxx" QSC-nin xeyrinə 2849,06 (iki min səkkiz yüz qırx doqquz manat altı qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması, iddianın Cavabdeh2 aid hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı QSC apellyasiya şikayət verərək qətnamənin qismən ləğv edilməsini və iddia tələbinin zaminə münasibətdə də təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya icraatı zamanı İddiaçı QSC 19066 nömrəli, 08.08.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair 2(103)-7035/2021 saylı mülki iş üzrə iddiadan imtinanı qəbul edərək iş üzrə icraata xitam verilməsi xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Tərəflər məhkəmə kollegiyasının iclasına heç bir üzürlü səbəb olmadan gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2387/2021 saylı iş üzrə 03 may 2021-cu il tarixli qətnaməsi ləğv edilməli və iddiaçı «Accessbank” QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 19066 nömrəli, 08.08.2021-ci il tarixli ərizəsindən görünür ki, cavabdeh tərəfindən banka olan borc əldə olunmuş razılaşmaya uyğun olaraq ödəmişdir. Ona görə də, iddia tələbində dan imtina edilir və iş üzrə icraata xitam verilməsi xahiş olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1 və 52.5-ci maddələrinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina yazılı formada edilməlidir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2387/2021 saylı iş üzrə 03 may 2021-cu il tarixli qətnaməsi ləğv edilməli və iddiaçı «Accessbank” QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hazırki iş üzrə iddia tələbindən imtinası qəbul edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2387/2021 saylı iş üzrə 03 may 2021-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı «Accessbank” QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar