Məhkəmə qərarları › İş №2(103)-7037/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7037/2021

03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7037/2021 03.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(010)-2384/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 1044,87 manat əsas kredit borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(010)- 2384/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 iddiaçı "xxxx" QSCnin xeyrinə 1044,87 manat məbləğində kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması, iddianın Cavabdeh1 və Cavabdeh3 qarşı hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin qismən ləğv edilməsi və iddia tələbinin zaminlərə dair hissədə də təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarında Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulmuş müddət iddia müddəti kimi nəzərdə tutulmuşdur. Hazırkı işdə zaminlik müqaviləsi üzrə iddia müddətinin tətbiqi üçün cavabdehlər tərəfindən heç bir ərizə verilmədiyi halda, məhkəmə öz təşəbbüsü ilə müddəti tətbiq edərək iddianı rədd etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı QSC-nin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 isə şikayətin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(010)-2384/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki iş materiallarında olan sübutlardan görünür ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 20.08.2014-cü il tarixli, 14A********** nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 30 ay müddətinə, aylıq 2,0833 faiz dərəcəsi ilə 9500 manat məbləğində istehlak krediti verilmişdir. Kredit müqaviləsinin təminatı kimi bank ilə Cavabdeh3 və Cavabdeh2 arasında 20.08.2014-cü il tarixli zaminlik müqavilələri bağlanmış, zaminlər kredit müqaviləsi üzrə borcun qaytarılması üzrə məsuliyyəti öz üzərinə götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı qismən təmin etmiş, zaminlərə aid hissədə zaminlik müqavilələrinin müddəti qurtardığından, zaminliyə xitam verilmiş, həmin kəsici müddətin tətbiqi üçün cavabdehlərin əlavə ərizə verməsinə zərurət yoxdur. Cavabdeh zaminlər birinci instansiya məhkəməsində işə baxılarkən verdikləri izahatlarında müddətin keçməsi əsasına iddia tələbinin onlara qarşı hissədə rədd edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarı iddiaçı bank tərəfindən düzgün şərh edilməmişdir. Belə ki, həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, iddia müddəti tələb hüququ üçün xarakterik olsa da, lakin ondan bəzi istisnalar da mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir. Beləliklə, Konstitusiya Məhkəməsi həmin qərarında onu vurğulamışdır ki, müqavilə üzrə zaminlərdən öhdəliyin icrasının tələb olunması tələb hüququ ilə bağlı olsa da, Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulmuş müddət kəsici müddətdir. Yəni kəsici müddət əqdi mübahisələndirmək hüququna və iddialara aid olsa da, Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulmuş kəsici müddət tələb hüququ üçün xarakterikdir. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun olmaqla apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin MPM-in 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırkı iddia tələbinin qiyməti 2000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı QSC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(010)- 2384/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar