Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7037/2023 30.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: kredit borcunun tutulması, iddia müddəti, iddia müddətinin hesablanması, zaminliyə xitam verilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, iddiaçı – ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı ASC (bank) ilə Cavabdeh2 arasında bağlanmış 07 may 2015-ci il tarixli 80006577 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh2 illik 31 faiz ödəməsi şərtilə 24 ay müddətinə 4500 ABŞ dolları məbləğində kredit verilmiş, Cavabdeh2 müəyyən edilmiş müddətdə krediti və faizlərini banka geri ödəməyi öhdəsinə götürmüşdür.
2. Bankla Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə zaminlik müqaviləsi bağlamış, müqaviləyə görə Cavabdeh1 Cavabdeh2 kredit öhdəliklərinin icrasını zamin qismində öhdəsinə götürmüş, zaminliyə, öhdəliyin icra vaxtının çatdığı gündən 1 (bir) il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam veriləcəyi razılaşdırılmışdır.
3. Bankla Cavabdeh2 arasında 15 noyabr 2016-cı il tarixdə Əlavə Saziş bağlanmış, həmin sazişlə borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının 2998,18 ABŞ dolları təşkil etdiyi, restrukturizasiya edilmiş kreditin müddətinin xx.xx.2019cu il tarixədək uzadıldığı razılaşdırılmışdır.
4. Bank, Cavabdeh2 və Cavabdeh1 arasında xx.xx.2016-cı il tarixdə zaminlik müqaviləsi üzrə Əlavə Saziş bağlanmış, Cavabdeh1 (zamin) kreditin müddətinin xx.xx.2018-ci il tarixinə qədər uzadıldığını və məbləğin 2998,18 ABŞ dolları təşkil etdiyini təsdiq etmişdir.
5. Bankla Cavabdeh2 arasında 20 iyun 2017-ci il tarixdə Əlavə Saziş bağlanmış, həmin sazişlə borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının 3806,47 ABŞ dolları təşkil etdiyi, restrukturizasiya edilmiş kreditin müddətinin xx.xx.2020ci il tarixədək uzadıldığı razılaşdırılmışdır.
6. Bankla Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixdə zaminlik müqaviləsi üzrə Əlavə Saziş bağlanmış, Cavabdeh1 (zamin) kreditin müddətinin xx.xx.2020-ci il tarixinə qədər uzadıldığını və məbləğin 3806,47 ABŞ dolları təşkil etdiyini təsdiq etmişdir.
7. Bank tərəfindən Cavabdeh2 və Cavabdeh1 borcun ödənilməsinə dair xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir.
8. 16 may 2023-cü il tarixli maliyyə arayışında göstərilmişdir ki, bankla Cavabdeh2 arasında bağlanmış 07 may 2015-ci il tarixli kredit müqaviləsi üzrə onun banka 808,21 ABŞ dolları məbləğində əsas, 424,81 ABŞ dolları məbləğində faiz, 1593,71 ABŞ dolları məbləğində cərimə, 115,28 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, ümumilikdə 2932,01 ABŞ dolları borc hesablanmışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
9. Ləğv prosesində olan İddiaçı ASC (iddiaçı) Cavabdeh2 və Cavabdeh1 (cavabdehlər) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlərdən müştərək qaydada cəmi 2932,01 (iki min doqquz yüz otuz iki dollar 01 sent) ABŞ dolları kredit borcunun (808,21 (səkkiz yüz səkkiz dollar 21 sent) ABŞ dolları əsas, 414,81 (dörd yüz on dörd dollar 81 sent) ABŞ dolları faiz, 1593,71 (bir min beş yüz doxsan üç dollar 71 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 115,28 (bir yüz on beş dollar 28 sent) ABŞ dolları faiz borcu) və 69,85 (altmış doqquz manat 85 qəpik) manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bakıxanov filialı ilə Cavabdeh2 arasında bağlanmış 80006577 nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehə 24 ay müddətinə illik 31% dərəcəsi ilə 4500 (dörd min beş yüz) ABŞ dolları məbləğində kredit verilmiş, kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 80006577 nömrəli xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 01 saylı xx.xx.2016-cı il tarixli Əlavə Sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 2998,18 (iki min doqquz yüz doxsan səkkiz dollar, 18 sent) ABŞ dolları təşkil etmiş, kreditin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 01 saylı xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1USD=1.40 AZN) 3806.47 (üç min səkkiz yüz altı dollar, 47 sent) ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Cavabdeh sonuncu dəfə xx.xx.2017-ci il tarixdə 210 (iki yüz on) manat məbləğində ödəniş etmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 2932,01 (iki min doqquz yüz otuz iki dollar, 01 sent) ABŞ dolları təşkil edir. Bundan 808,21 (səkkiz yüz səkkiz dollar, 21 sent) ABŞ dolları əsas, 414,81 (dörd yüz on dörd dollar, 81 sent) ABŞ dolları faiz, 1593,71 (bir min beş yüz doxsan üç dollar, 71 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 115.28 (yüz on beş dollar, 28 sent) ABŞ dolları faiz borcu təşkil edir.
11. Birinci instansiya məhkəməsinin 31 iyul 2023-cü il tarixli qərardadı ilə iddia tələbinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
12. Cavabdehlər məhkəməyə ərizə ünvanlayaraq iddia tələbi üzrə iddia müddətinin keçdiyini bildirmiş, buna görə də iddianın rədd olunmasını xahiş etmişlər.
13. Məhkəmə iclasında verdiyi izahatında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib həmçinin bildirmişdir ki, onlar vaxtında cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikləri üçün, cavabdehlərin iddia müddətinin tətbiqi barədə ərizələri əsassızdır.
14. Məhkəmə iclasının yeri (vaxtı) barədə rəsmi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş, buna görə də işə onların iştirakları olmadan baxılmışdır.
15. Məhkəmənin 27 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
16. Məhkəmə öz qənaətini aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
16.1. Tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmışdır. Tərəflər arasında 07 may 2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən kredit 24 ay müddətinə verilmiş, 15 noyabr 2016-ci il tarixli və 20 iyun 2017-ci il tarixli Əlavə Sazişlərə əsasən restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Kreditin ödənilməli olan son tarixi xx.xx.2020-ci ildir. İcra müddəti xx.xx.2020ci il tarixdə bitmiş kredit müqaviləsi ilə bağlı iddia müddətinin axımı həmin tarixdən başlansa da, cavabdehə qarşı həmin öhdəliklər üzrə iddia 21 iyun 2023-cü il tarixdə, başqa sözlə müqavilə tələbləri üzrə qanunla müəyyən edilmiş 3 illik iddia müddəti bitdikdən sonra irəli sürülmüşdür. 16.2. Digər cavabdeh - zamin Cavabdeh1 yönəlmiş tələblə, yəni kredit borcunun ondan da tutulması hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 16.3. İş materiallarından göründüyü kimi İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 80006577 saylı kredit müqaviləsinin təminatı kimi bank Cavabdeh1 ilə xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlamışdır. Zaminlik müqaviləsinin müddəti müqavilənin 5.1.4-cü bəndinə görə öhdəliyin icra vaxtının çatdığı gündən 1 (bir) il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. xx.xx.2015-ci il tarixli 80006577 saylı Zaminlik müqaviləsi üzrə xx.xx.2016-cı il tarixli 1 №-li Əlavə Sazişdən görünür ki, X3 07 may 2015-ci il tarixli 80006577 nömrəli Kredit Müqaviləsi üzrə 15 noyabr 2016-cı il tarixli əlavə sazişin şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürdüyü təsdiq etmişdir. 16.4. Cavabdeh2 və X3 ilə İddiaçı ASC arasında bağlanmış 07 may 2015-ci il tarixli 80006577 nömrəli Kredit Müqaviləsi 20 iyun 2017-ci il tarixli Əlavə Sazişdən görünür ki, X3 əlavə sazişin şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürdüyü təsdiq etmişdir. 16.5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0 və 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 16.6. Cavabdeh1 ilə bağlanmış zaminlik müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə bitdiyindən, iddiaçı isə hazırkı tələblə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etdiyindən zaminin iddiaçı bank qarşısında öhdəliklərinə Mülki Məcəllənin 477.0 və 477.0.4-cü maddələrinə əsasən xitam verilmişdir. 16.7. Qeyd edilənlərə əsasən məhkəmə, Mülki Məcəllənin yuxarıda göstərilən maddi normalarını, habelə Cavabdeh1 iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərə alaraq hesab edir ki, iddia tələbi Cavabdeh1 münasibətdə də təmin edilməməlidir.
17. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 372-ci, 373-cü, 377-ci, 385.1-ci, 427.3-cü, 442-ci, 443.1-ci, 448.1-ci, 448.2-ci, 470.1-ci, 472.2-ci, 477-ci, 739-cu maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarlarına istinad etmişdir.
18. Qətnamədən iddiaçı bankın nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin iddia müddətinin tətbiqi ilə bağlı Mülki Məcəllənin müddəalarını düzgün tətbiq etmədiyini, cavabdehlərə qarşı iddianın EMİS vasitəsilə xx.xx.2023-cü il tarixdə, yəni iddia müddəti başa çatmadan verildiyini nəzərə almadığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
20. Məhkəmə iclasında iştirak edən iddiaçı bankın nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehlər isə məhkəməyə gəlməmişlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
22. Maddə 367.1. Müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır.
23. Maddə 368. Vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır.
24. Maddə 369.1. İllərlə hesablanan müddət müddətin sonuncu ilinin müvafiq ayında və günündə qurtarır.
25. Maddə 371.1. Əgər müddət hər hansı hərəkətin yerinə yetirilməsi üçün təyin edilmişdirsə, həmin hərəkət müddətin sonuncu günündə saat iyirmi dördədək yerinə yetirilə bilər.
26. Maddə 371.2. Müddətin sonuncu günündə saat iyirmi dördədək rabitə təşkilatına təhvil verilmiş yazılı ərizələr və bildirişlər vaxtında verilmiş sayılır.
27. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
28. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
29. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir.
30. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
31. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.
32. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
33. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
34. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.
35. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
36. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
37. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
38. Maddə 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.
39. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
40. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
41. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
42. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
43. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
44. Maddə 470. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
45. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
49. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
50. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi
52. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
54. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
55. İşin yuxarıda qeyd olunan müəyyən olunmuş hallarından göründüyü kimi, iddiaçı bankla cavabdehlər arasında müqavilə(lər)dən irəli gələn hüquq münasibətləri yaranmışdır və iddia tələblərinə müddətin tətbiqi də məhz bu münasibətlər kontekstində nəzərdən keçirilməlidir.
56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, “kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz”.
57. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələblərinə üç illik iddia müddətinin tətbiq edilməsi qənaətinə gəlməkdə haqlı olsa da, onun iddia müddətini ötürmüş olması barədə nəticəyə gəlməklə maddi hüquq normasını düzgün tətbiq etməmişdir.
58. Belə ki, işin qeyd olunan hallarından göründüyü kimi, iddiaçı bankla Cavabdeh2 arasında bağlanmış 07 may 2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrası müddəti xx.xx.2020-ci il tarixdə bitmiş, iddia ərizəsi elektron sistemə xx.xx.2023-cü il tarixdə yüklənmişdir (iddiaçı apellyasiya şikayətində müvafiq tarixin xx.xx.2023-cü il olduğunu göstərsə də, bu halı təsdiq edəcək mötəbər sübut təqdim etməmişdir).
59. Mülki qanunverciliyin müddətlərin hesablanması qaydasını tənzminləyən normasına görə (§ 23), iddiaçının müvafiq iddia tələbini irəli sürməsi üçün müəyyənləşdirilmiş müddətin axımı xx.xx.2020-ci il tarixindən başlamış və xx.xx.2023-cü il tarixdə bitmişdir.
60. Bu isə o deməkdir ki, iddiaçı bank xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etdiyi iddia tələbləri üzrə əsas borcluya – yəni Cavabdeh2 münasibətdə iddia müddətini ötürməmişdir.
61. Buna görə də kollegiya hesab edir ki, iddiaçının Cavabdeh2 qarşı yönəlmiş “808,21 (səkkiz yüz səkkiz dollar 21 sent) ABŞ dolları əsas, 414,81 (dörd yüz on dörd dollar 81 sent) ABŞ dolları faiz borcunun və 69,85 (altmış doqquz manat 85 qəpik) manat dövlət rüsumunun tutulması” tələbi təmin olunmalıdır.
62. İddiaçı bankın “Cavabdeh2 1593,71 (bir min beş yüz doxsan üç dollar 71 sent) ABŞ dolları cərimə borcunun tutulması” tələbini isə kollegiya qismən əsaslı hesab edir:
63. Belə ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
64. Hazırki işin hallarından isə görünür ki, borcalanın 808,21 ABŞ dolları olan əsas borcuna münasibətdə iddiaçı bank 1593,71 ABŞ dolları cərimə hesablayıb tələb etmişdir və kollegiyanın qənaətinə görə həmin məbləğ əsas borca mütənasib hesab oluna bilməz. Kollegiya hesab edir ki, Cavabdeh2 tutulmalı dəbbə pulunun məbləğinin 80 (səksən) ABŞ dolları həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir.
65. Bununla belə kollegiya, iddiaçı bankın “kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 115,28 (bir yüz on beş dollar 28 sent) ABŞ dolları faiz borcunun tutulması” tələbini əsaslı hesab etmir.
66. Belə ki, Konstitusiya Məhkəməsınin 24 dekabr 2014-cü il tarixli Qərarındakı hüquqi mövqeyə görə, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir.
67. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, Bank fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir.
68. Mülki Məcəllənin 44.1-ci maddəsinə əsasən hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.
69. İşin hallarından görünür ki, İddiaçı ASC-nin bank fəaliyyətini həyata keçirməsinə dair lisenziya Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2017-ci il tarixli qərarı ilə ləğv olunmuşdur. Bu isə o deməkdir ki, iddiaçı bank həmin tarixdən sonra bank fəaliyyəti ilə məşğul ola və kredit müqaviləsi ilə verdiyi krediti dövriyyəyə buraxa, yeni kredit müqaviləsi üzrə gəlir əldə edə bilməzdi. İddiaçının aktiv kommersiya fəaliyyəti ilə məşğul olmadığı dövr üçün faiz borcunu tələb etməsi əsassızdır.
70. Kollegiya birinci instansiya məhkəməsinin Cavabdeh1 münasibətdə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır:
71. Belə ki, adı çəkilən şəxslə bağlanılmış zaminlik müqaviləsi üzrə zaminlik konkret müddət təyin edilmədən verilmişdir və buna görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. Bankla Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinə Ələvə ilə tərəflər razılaşdırmışlar ki, borcalan aldığı krediti xx.xx.2020-ci il tarixinə qədər qaytarmalıdır. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı təşkilat zaminə qarşı xx.xx.2021-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən sonrakı bir il müddətində ona qarşı heç bir tələb irəli sürməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur.
72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4298/2023 saylı iş üzrə 27 sentyabr 2023-cü il tarixli qətnaməsi “Cavabdeh2 cəmi 2932,01 (iki min doqquz yüz otuz iki dollar 01 sent) ABŞ dolları kredit borcunun (808,21 (səkkiz yüz səkkiz dollar 21 sent) ABŞ dolları əsas, 414,81 (dörd yüz on dörd dollar 81 sent) ABŞ dolları faiz, 1593,71 (bir min beş yüz doxsan üç dollar 71 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 115,28 (bir yüz on beş dollar 28 sent) ABŞ dolları faiz borcu) və 69,85 (altmış doqquz manat 85 qəpik) manat dövlət rüsumunun tutulması” tələbinin təmin olunmaması hissəsində ləğv olunsun və həmin tələb üzrə yeni qətnamə çıxarılsın. İddiaçı ASC-nin Cavabdeh2 qarşı iddia tələbi qismən təmin edilsin. Cavabdeh2 07 may 2015-ci il tarixli 80006577 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə 808,21 (səkkiz yüz səkkiz dollar 21 sent) ABŞ dolları əsas, 414,81 (dörd yüz on dörd dollar 81 sent) ABŞ dolları faiz, 80 (səksən) ABŞ dolları cərimə borcu olmaqla cəmi 1303,02 (min üç yüz üç dollar 2 sent) ABŞ dolları kredit borcu və dövlət rüsumunun əvəzi qismində 69,85 (altmış doqquz manat 85 qəpik) manat tutulsun. İddiaçı ASC-nin Cavabdeh2 qarşı iddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamə qalan hissədə dəyişdirillmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə