Məhkəmə qərarları › İş №2(103)-7038/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7038/2020

07.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7038/2020 07.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2213/2020 saylı mülki iş üzrə xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 5044,40 manat məbləğində dəymiş ziyanın və 30 manat dövlət rüsumunun, ümumilikdə isə 5074,40 manat pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2213/2020 saylı mülki iş üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.2, 73.4, 150.0.7, 151.1, 152.4, 152.1.6, 149.2.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, xx.xx.2018-ci il tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin 5.2-ci maddəsinə əsasən həmin müqavilə ilə yaranan mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda, tərəflər məhkəməyə müraciət edə bilərlər. Məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd əlavə edilməmişdir. Etibarnaməni verən şəxsin məhz hazırda iddiaçı qurumun rəhbəri olması və belə bir etibarnaməni vermək səlahiyyətinə malik olmasını iş materiallarında olan sənədlərlə müəyyən etmək olmur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsin xx.xx.2020-ci il tarixli 2(003)-2213/2020 saylı qərardadı ləğv edilməsi barədə iddiaçı şikayət vermiş və qeyd edilmişdir ki, müqavilənin istinadən olunan bəndi tərəflərin üzərinə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət etmək, bununla bağlı qarşı tərəfə pretenziya-yazılı təklif və ya etiraz göndərmək vəzifəsi qoymur. Yəni, tərəflər arasında bağlanmış müqavilənin 5-ci paraqrafı hər iki tərəfə seçim imkanı tanımaqla onlara vəzifə deyil, hüquq müəyyən edir. Xəzər Rayon Məhkəməsindən başqa heç bir məhkəmə tərəflər arasında bağlanmış qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin 5.2-ci maddəsini əsas gətirərək iddia ərizələrini geri qaytarmır. Həmçinin nədənsə Məhkəmənin bu mövqeyini İddiaçı İB-nin cavabdeh olduğu işlərdə müşahidə etmirlər. Lakin, İddiaçı İB-nin iddiaçı olduğu işlərdə məhkəmə fərqli mövqe nümayiş etdirərək iddia ərizələrini geri qaytarır. Belə olan halda hüququn ali prinsiplərindən olan qanun və məhkəmə qarşısında bərabərlik prinsipi pozulmuş olur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)1985/2020 saylı Qərardadı ilə tərəflər arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin 5.2-ci bəndinin şərtinin pretenziya qaydası kimi qəbul edilə bilməzliyi qeyd olunmuşdur. Bu səbəbdən də, yuxarı instansiya məhkəməsi tərəfindən qəbul edilmiş bu qərardadın mübahisə doğuran belə hallar üçün presedent yaradacağına ümid edir. hüquqi şəxsin rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan şəxs barəsində məlumatları əks etdirən sənədləri dəqiqləşdirmək üçün sadəcə olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına müraciət etmək kifayətdir. Azərbaycan Respublikası Prezidentinin “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında xx.xx.2014-cü il tarixli Sərəncamı buna əyani sübutdur. Elə bu yaxınlarda “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanı da bu islahatların davamıdır. Qeyd olunan Əsasnamənin 9.1.2-ci bəndinə əsasən məhkəmə prosesində iştirak edən şəxslər barədə İnformasiya sistemində məlumatları yoxlamaq, zəruri sənəd və arayışlara dair məlumatları əldə etmək və ötürmək İnformasiya sistemi iştirakçılarının hüquqları, 9.2.2-ci bəndinə əsasən isə İnformasiya sistemindən və oradakı məlumatlardan yalnız xidməti məqsədlər üçün istifadə etmək vəzifələri qeyd olunmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2213/2020 saylı mülki iş üzrə xx.xx.2020ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 14, 149-152, 259, 385.2, 387.1, 395.1, 395.2, 397.2-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlər şikayətə əlavə edilməsədə, iddia ərizəsindən görünür ki, istehlakçıya qarşı tələb irəli sürülməzdən öncə ünvanda müvafiq aktlar tərtib edilərək cavabdehə onunla tanış olmaq imkanı yaradılmışdır. Əlbətdə, iddiaçı tərəf iddia ərizəsini təqdim etdikdə bütün sübutları təqdim etməlidir, lakin qeyd edilmiş məsələ araşdırma predmeti olduğundan iddia ərizəsinin bu əsasla qaytarılması yolverilməzdir. Ona görə ərizənin icraata qəbulu proseduru yenidən birinci instansiya məhkəməsi tərəfindən müzakirə edilməli, eyni zamanda iddianın əsasını təşkil edən sənədlərin, o cümlədən iddianı imzalayan şəxsin səlahiyyətlərini müəyyən sənədin birinci instansiya məhkəməsinə təqdim edilməsi zəruridir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Prezidentininxx xxxxxxxx 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair” Təlimatın 19, 20, 24, 25, 31, 46 - 50, 143, 146, 147, 151-ci maddələrinə görə: Sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi, qeydə alınması və ona möhür vurulması vasitəsilə həyata keçirilir.Sənədin bütün nüsxələri imzalanır.İmzanın tərkibinə sənədi imzalamış şəxsin vəzifəsinin adı, onun şəxsi imzası, adı və soyadı daxildir. Sənədi imzalamalı olan vəzifəli şəxs müvəqqəti işdə olmadıqda, sənədi onun müavini və ya səlahiyyətlərini icra edən şəxs imzalayır. Bu zaman sənədi imzalamış şəxsin faktiki vəzifəsi, adı və soyadı göstərilməlidir. Sənədi “əvəzinə” sözünü yazmaqla və ya vəzifənin adının qabağına xətt çəkməklə imzalamaq qadağandır. Dövlət orqanının rəhbərinə göndərilən sənədlər göndərən dövlət orqanının rəhbəri tərəfindən, o olmadıqda isə onun vəzifəsini icra edən müavini tərəfindən imzalanır. Əgər sənəd blankda tərtib edilmişdirsə, sənədi imzalamış şəxsin vəzifəsi qısa şəkildə göstərilir, sənəd blankda tərtib edilməmişdirsə, sənədi imzalamış şəxsin vəzifəsi tam şəkildə göstərilir. Sənəd təsdiqetmə qrifi ilə və ya müvafiq sərəncam mahiyyətli sənəd qəbul etməklə təsdiq olunur. Sənədlərin surətlərinin çıxarılması üçün müvafiq rəhbər vəzifəli şəxsin göstərişi və ya icazəsi tələb olunur. Struktur bölməsinin rəhbəri surətlərin miqdarını, göndəriş ünvanlarını müəyyən edir və sifariş blankını imzalayır. Sənədlərin surətlərinin aidiyyəti tərəflərə verilməsi təşkilat rəhbərliyinin icazəsi ilə həyata keçirilir. Sənədin surətləri kompyuter (makina) üsulu ilə təşkilatın blankında deyil, adı vərəqdə hazırlanarsa, blankın rekvizitləri daxil edilməklə, sənədin mətni tam şəkildə köçürülür. Surətin birinci vərəqinin yuxarı sağ küncündə “Surət” qeydi yazılır. Əsli imzanı eynən təkrarlamayan, kompyuter (makina) üsulu və surətçoxaldıcı texniki vasitələrin köməyi ilə əldə edilmiş surətlər, onların əsli ilə düz olmasını təsdiq edən vəzifəli şəxs tərəfindən imzalanır və müvafiq hallarda möhürlənir.Surətlərin təsdiq edilməsi üçün sənədin “İmza” rekvizitindən aşağıda sol sahədə “Düzdür” təsdiqləyici imza əlavə edilir, surəti təsdiqləmiş şəxsin vəzifəsi, onun şəxsi imzası, adı və soyadı təsdiq edilmə tarixi göstərilir və möhür vurulur. Surətçıxaran texniki vasitələrin köməyi ilə çoxaldılmaq üçün sənədin əsli verilir, surətləri çıxarıldıqdan sonra qaytarılaraq işlərə daxil edilir. Sənədin əsli və çoxaldılmış əlavəsinin nüsxələri eyni nömrə ilə qeydə alınır.Elektron sənədin əsli və surəti “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanır və təsdiq edilir. Elektron sənəd çap edilərkən avtomatik olaraq birinci səhifənin üz tərəfində aşağıdakıları özündə əks etdirən qeydiyyat şifrəsi və ya ştrix-kod yerləşdirilməlidir: təşkilatın tam adı; təşkilatın hüquqi ünvanı; elektron sənədin qeydiyyat nömrəsi və qeydiyyat tarixi. Elektron sənəd göndərilməzdən əvvəl göndərən onun düzgün tərtib edildiyini (elektron imzanın, əsas və əlavə rekvizitlərin olmasını) və ünvanlanmasını yoxlayır. Elektron sənəd kimi qeydə alınmış sənəd kağız daşıyıcıda da daxil olduqda, onun üzərinə elektron sənədin qeydiyyat nömrəsini və tarixini əks etdirən ştamp vurulur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı İddiaçı şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2213/2020 saylı mülki iş üzrə xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin. İddia ərizəsinin mümkünlüyünə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar