Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-704/2025 08.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Sarıyevin sədrliyi ilə, X4 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2(001)-4805/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 7120,4 kv.metr qeyriyaşayış sahəsinin icarəyə verilməsinə dair cavabdehlə bağlanmış 23 may 2017-ci il tarixli, 317/1432 nömrəli icarə müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, habelə, icarə haqqı borcu üzrə 5430 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4805/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında ünvan 1 ünvanında yerləşən 7120,4 kv.metr qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair bağlanmış 23 may 2017-ci il tarixli, 317/1432 nömrəli icarə müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, habelə, icarə haqqı borcu üzrə 5430 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının bank hesabına köçürülməsi, dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pul vəsaitinin cavabdehdən dövlət nəfinə tutulması qət edilmişdir. (hakim Etibar Mustafayev) Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2660/2024 nömrəli, 03 iyun 2024-cü il tarixli qətnaməsi ilə cavabdehin şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4805/2023 saylı işi üzrə xx.xx.2023- cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. (hakimlər Fuad Talışınski (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Azad İmanov) Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3283/2024 saylı, 08 oktybar 2024-cü il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2660/2024 nömrəli, 03 iyun 2024-cü il tarixli qətnaməsinin 23 may 2017-ci il tarixli, 317/1432 nömrəli icarə müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində ləğv edilməsi, işin həmin hissədə yeni apelyasiya baxışına qaytarılması qərara alınmışdır. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, apellyasiya baxışında iddiaçının adından elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə daxil olmuş, ərizəni imzalayan Rüstəm Şahbazov hazırkı iş üzrə iddianın 23 may 2017-ci il tarixli, 317/1432 nömrəli icarə müqaviləsinin ləğv edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissələrindən imtina etdiyini bildirmiş və imtinanın nəzərə alınmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiadan imtina barədə verilən ərizəni qəbul etməyərkən, bunu onunla əsaslandırmışdır ki, iddiaçının iddiadan (qismən) imtinası məntiqlə işin icraatına (qismən) hissəvi xitam verilməsinə əsas ola bilərdi ki, qanunvericilikdə belə bir nəticənin mümkünlüyü istisna edilir. İddiadan qismən imtina mahiyyət üzrə iddia həcminin azaldılması deməkdir ki, apellyasiya icraatı (məhkəmə baxışı) zamanı isə bunun mümkünlüyü prosessual qanunvericiliklə məhdudlaşdırılmışdır. Kassasiya instansiya məhkəməsi bununla bağlı qeyd etmişdir ki, iddiadan qismən imtina edilməsi mümkündür. Belə ki, iddianın bir hissəsindən və ya hansısa cavabdehə qarşı hissəsindən imtina edilməsi qalan hissə üzrə işin davam etdirilməsinə və həmin hissədə mahiyyəti üzrə qərar çıxarılmasına mane olmur. Hazırki işdə iddianın icarə müqaviləsinin ləğvi və icarəyə verilən əmlakın boşaldılması hissələri müstəqil tələblər olmaqla, icarə haqqının tutulması barədə iddia tələbindən ayrıla bilən tələbdir. Başqa sözlə, iddiaçı icarə müqaviləsinin ləğvi barədə tələb irəli sürmədən də icarə müqaviləsi üzrə icarə haqqının tutulması barədə müstəqil iddia qaldıra bilərdi. Buna görə də hazırkı iş üzrə iddiadan qismən imtinanın yolverilməzliyi barədə gəlinən nəticənin hər hansı prosessual hüquqi əsası yoxdur. Məhkəmə kollegiyasının iclasında nümayəndəsi X3 iddiadan qismən imtina edilməsi barədə ərizəni müdafiə etdiyini bildirərək, ərizənin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2(001)-4805/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, İş materiallarından görünür ki, iddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə ərizə təqdim edərək iddianın ünvan 2 ünvanında yerləşən 7120,4 kv. m torpaq sahəsinin icarəyə verilməsi barədə bağlanılmış 23 may 2017-ci il tarixli, 317/1432 nömrəli icarə müqaviləsinin ləğv edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsindən imtina etdiyini bildirmiş, yuxarıda qeyd edilənlərin nəzərə alınaraq, iddia ərizəsindən qismən imtina edilməsinin nəzərə alınmasını xahiş etmişdir. Eyni zamanda həmin tarixdə cavabdehin nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsi ilə ərizə təqdim edərək iddia ərizəsindən qismən imtina edilməsinə etiraz etmədiyini bildirimişdir. Mülki Prosessual Məcəllənin 52.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 369.2 və 369.4-cü maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər.Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraat xitam verilməlidir. Həmin Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, iddiaçı iddia tələbindən qismən imtina etdiyi üçün, onun imtinası qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2(001)-4805/2023 saylı qətnaməsi mübahisələndirilən - 23 may 2017-ci il tarixli, 317/1432 nömrəli icarə müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi ilə bağlı iddianın təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə işüzrə icraata xitam verilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191, 261.0.4, 370, 384.0.5, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X6 Xidmətinin iddiadan qismən imtinası qəbul edilsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2(001)-4805/2023 saylı qətnaməsi mübahisələndirilən - 23 may 2017-ci il tarixli, 317/1432 nömrəli icarə müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi ilə bağlı iddianın təmin edilən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, qeyd olunan hissədə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Günay Axundova Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-704/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-704/2025
08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver