Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7043/2023 27.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 4611/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. QSC “Bank Standard” KB ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli 1xx/xx/95007/15 saylı kredit müqaviləsi imzalanmış, müqaviləyə əsasən cavabdehə 12 ay müddətinə 26 faiz dərəcəsi ilə 1000 manat məbləğində kredit verilmişdir.
2. QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1xx/xx/95007/15 saylı kredit müqaviləsinə 01.03. 2016-cı il tarixli, 01 saylı əlavə sazişin surətindən görünür ki, kredit müqaviləsinə edilmiş dəyişikliklərə əsasən kreditor borc alana 999 manat məbləğində kredit verir. Kreditin ödənilməli olduğu son tarix xx.xx.2017-ci ildir.
3. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 2125/2020 saylı işüzrə 10 iyun 2020- ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2015-ci il tarixli, 1xx/xx/95007/15 saylı kredit müqaviləsinin ləğv edilməsi və Cavabdeh 849,82 manat əsas borc, 197,21 manat faiz borcu, 10 manat cərimə, 127,08 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla, cəmi 1084,11 (bir min yüz səksən dörd manat 11 qəpik) manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)- 6368/2020 nömrəli qərardadına əsasən ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard" Kommersiya Bankı apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2125/2020 saylı işüzrə 10 iyun 2020- ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı Cavabdeh qarşı“kredit müqaviləsi üzrə borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi tələbinə” dair iddia ərizəsinin baxılmamış saxlanması, qərardadın çıxarıldığı andan qüvvəyə minməsi qərara alınmışdır.
5. Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə Ləğv prosesində olan QSC “Bank Standard” KB arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1xx/xx/95007/15 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinə 849,82 manat məbləğində əsas borc, 638,89 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu, 1227,23 manat məbləğində cərimə borcu, 242,52 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu vardır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/95007/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən 849,82 manat məbləğində əsas borc, 638,89 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 1227,23 manat məbləğində cərimə borcu, 242,52 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 2958,46 manat məbləğində pulun, 49,59 manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edəsiniz.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/95007/15 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən cavabdehə illik 26 faiz ödənilməsi şərti ilə 12 ay müddətinə 1000 manat məbləğində kredit verilmişdir. xx.xx.2016cı il tarixli kredit müqaviləsinə 1 saylı əlavə sazişə əsasən, müqavilə restruktrizasiya olunaraq 999 manat məbləğində kreditin ödənilməli olduğu son tarix xx.xx.2017-ci il tarix kimi qeyd olunmuşdur. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 849,82 manat məbləğində əsas borc, 638,89 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 1227,23 manat məbləğində cərimə borcu, 242,52 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 2958,46 manat məbləğində borcu qalmışdır.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4611/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab etmişdir. ki, iddiaçı Ləğv prosesində olan Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu xx.xx.2023-cü il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət edərək, müqavilə tələbləri üzrə müəyyən edilmiş 3 illik iddia müddətini ötürmüşdür. İddiaçı bundan əvvəl cavabdehə qarşı borcun tutulması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadına əsasən iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam etmişdir. İddiaçının nümayəndəsi fərmanın tətbiqi dairəsinin müəyyən edilməsi və digər işlərin görülməsi üçün müəyyən müddət gözlənildiyini, sənədlərin əslinin təqdim edilməsi üçün məhkəməyə müraciət edildiyini, bununla bağlı müddətin ötürüldüyünü qeyd etsə də, iddia ərizəsinin baxılmamış saxlanması barədə qərardadın qəbul edilməsi tarixi də nəzərə alınmaqla qeyd edilən səbəblərdən keçən müddət ərzində məhkəməyə müraciət edilməməsi əsaslı hesab edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə iddianın rədd edilməsi nəticəsinə gəlir.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373.2, 375.2, 381.1, 554.1, 554.4-cü maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarına, “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 aprel 2007-ci il tarixli qərarına, “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra-Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarına, L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarı, Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013- cü il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4, 218.1, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4611/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətində göstərilmişdir ki, Bank tərəfindən ilk dəfə xx.xx.2020-ci il tarixində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2(004)-2125/2020 saylı qətnaməsi ilə Bankın iddia tələbi qismən təmin olunmuşdur. Bank tərəfindən iddia tələbinin qismən təmin olunmuş hissəsindən apellyasiya şikayəti verilərək iddia tələbinin tam şəkildə təmin olunması xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)- 6368/2020 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia ərizəsi baxılmamış saxlanılmışdır. Mülki iş Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanla baxılmamış saxlanılmışdır. İddiaçı LPO “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun qaytarılması” barədə iddia ərizəsi ilə yenidən xx.xx.2023-cü il tarixində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi Bank öhdəliyin icraedilməsi üçün mümkün olan bütün imkanlardan istifadə etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-6368/2020 saylı qərardadı ilə cavabdehin kredit borcunun Azərbaycan Respublikasının Prezidentinin “fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanı ilə əlaqədar baxılmamış saxlamışdır. Belə ki, Mülki Prosessual Məcəlləsində iddia ərizəsinin baxılmamış saxlama əsasları qeyd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(103)-6368/2020 saylı qərardadının baxılmamış saxlanma səbəbi 13 əsasın heç birinə aid deyil. Məhkəmə iddia ərizəsini baxılamamış saxlamamalı, iş üzrə qətnamə çıxarmalı idi. Məlumdur ki, icra mərhələsində olan işlər də fərmanın təsir dairəsi aid edilirdi. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən xx.xx.2015-ci il tarixli 1xx/xx/95007/15 saylı kredit müqaviləsi üzrə iddia müddətinin axımının başlanğıcı tərəflərin öz öhdəliklərini tam həcmdə yerinə yetirilməsindən sonra başlayır. Bu səbəbdən də xx.xx.2015-ci il tarixli 1xx/xx/95007/15 saylı kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyi üçün iddia müddətinin axımı başlamamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasında iştirak edən iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, xx.xx.2020-ci il tarixində ilk dəfə məhkəməyə müraciət ediblər və iddiaları qismən təmin edilmişdir. Tərəflərindən apellyasiya şikayəti verilmişdir və xx.xx.2020-ci il tarixli qəradad ilə iddia ərizələri baxılmamış saxlanılmışdır. Bu da onların hüquqlarını məhdudlaşdırır. Cavabdehin Prezidenti Fərmanından məlumatı olmuşdur. Həm rayon, həm də apellyasiya məhkəməsi tərəfindən cavabdehə bildirişlər də göndərilmişdir. Lakin, cavabdeh banka heç bir müraciət etməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.
15. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, kreditdən onun 2020-ci ildə xəbəri olmuşdur. Köhnə rəhbərlik ilə münasibəti yaxşı idi. Şəxsiyyət vəsiqəsi də onda var idi deyə bu cür rəsmiləşdirmə olmuşdur. İddiaçı ilə paralel olaraq başqa mülki işi də olmuşdur. Pandemiya olması iddiaçının məhkəməyə müraciət etməməsi üçün səbəb deyil. İddiaçı həm 2020-ci ildə, həm də indi iddia müddətini ötürmüşdür.
Tətbiq edilən hüquq normaları:
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Apellyasiya baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməni iddiaçıya münasibətdə tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
22. İş materiallarından göründüyü kimi, Ləğv prosesində olan QSC “Bank Standard” KBnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi imzalanmış və xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi restruktruzasiya edilmiş və müqavilə üzrə kreditin ödənilməli olduğu son tarixin xx.xx.2017ci il olduğu müəyyən edilmişdir.
23. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək 849,82 manat məbləğində əsas borc, 638,89 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 1227,23 manat məbləğində cərimə borcu, 242,52 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 2958,46 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş edir.
24. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi rədd edilmiş və ona istinad edilmişdir ki, iddia müddəti ötürülmüşdür.
25. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qeyd edir ki, bank tərəfindən ilkin olaraq 2020-ci ildə məhkəməyə müraciət edilmiş və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-6368/2020 nömrəli qərardadına əsasən iddia ərizəsi baxılmamış saxlanılmışdır.
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və iddiaçının şikayətinin dəlilini əsassız hesab edərək qeyd edir ki, müqavilə üzrə iddiaçının məhkəməyə müraciət etmək hüququ xx.xx.2017-ci il tarixdən yaranmış və iddiaçı bu hüquqdan istifadə edərək qanunvericiliklə müəyyən edilmiş müddət daxilində məhkəməyə müraciət etmiş və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-6368/2020 nömrəli qərardadına əsasən iddia ərizəsi baxılmamış saxlanılmışdır.
27. İddiaçı hazırkı iddiası ilə 31 avqust 2023-cü il tarixdə (iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edildiyi tarixdən 3 ilə yaxın müddət keçdikdən sonra məhkəməyə müraciət etmiş, bu müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
28. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilir ki, “..İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.”
29. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
30. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
31. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
32. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4611/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev