Məhkəmə qərarları › İş №2(103)-7047/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7047/2021

12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7047/2021 12.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(005)-3148/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 23400 manat alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(005)- 3148/2021 nömrəli qərardadı ilə iddia ərizəsi Mülki Prosessual Məcəllənin 152.1.6-cı maddəsinə istinad olunmaqla geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı şikayət vermişdir. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan şəxsə lazımı qaydada məlumat verilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 149.2.4-cü maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1 və 152.1.6-cı maddələrinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, İddiaçı şikayəti təmin olunmalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(005)-3148/2021 nömrəli qərardadı ləğv edilməli, növbəti prosessual hərəkətlərin edilməsi üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Əvvəla, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 9-cu bəndində göstərilən şərt hüquqi müəyyənlik prinsipinə cavab vermədiyinə görə pretenziya qaydası sayıla bilməz. Çünki,həmin şərt tərəflər arasında yarana biləcək mübahisə və anlaşılmazlığı nə vaxt, hansı qaydada, necə tənzimləməyə imkan vermir. Yəni, tərəflərin müqavilə üzrə mübahisələri onların razılığı ilə həll olunur dedikdə tərəflər özləri də bu vəziyyətdə nə edəcəklərini əvvəldən bilməli və anlamalıdırlar. Pretenziya qaydasının məqsədi ondan ibarətdir ki, mübahisələrin həlli zamanı tərəflərin və məhkəmənin vaxtına, məsrəflərinə qənaət edilsin. Yalnız, o mübahisələr məhkəməyə gəlib çıxsın ki, onu tərəflər özləri həll edə bilməsin. Yəni, pretenziya qaydası da həll qaydasıdır. Bu cür həll qaydası isə hüquqi müəyyənlik prinsipinə cavab verməlidir. Əks halda bu qayda qanunun göstərilən məqsədinə xidmət etməyəcəkdir. İkincisi, birinci instansiya məhkəməsi iddia ərizəsini icraata qəbul etmədən iddiaçıya geri qaytararkən qənaətini belə əsaslandırmışdır ki, “iddiaçı tərəf cavabdehlə arasında olan müqavilə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı müraciət etmədiyi üçün mübahisənin məhkəməyə qədər pretenziya qaydasını pozmuşdur.” Lakin iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdehlə mübahisənin məhkəməyə qədər hansı həlli qaydasına nəyə əsasən(hansı müqaviləyə yaxud qanuna əsasən) imperativ qaydada əməl etməli olduğunu açıqlamamış, bununla bağlı iş materiallarına hansı mötəbər sübut əlavə etməli olduğunu göstərməmişdir. Belə olan halda, iddia ərizəsini icraata götürülməməsi üçün əsas olmuşdurmu? Əlbətdə ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi geri qaytarılarkən iş materialında onun qənaətini təsdiq edəcək sübut olmamışdır. Üçüncüsü, iddiaçının cavabdehə qarşı hazırkı tələblə məhkəməyə müraciət etməsi, birinci instansiya məhkəməsinə iddia ərizəsinə əlavə olunmuş sənədlərdə cavabdehlə pretenziya qaydalarına riayət etməsinə dair sübut əlavə etmədiyinə görə iddia ərizəsini geri qaytarmağa əsas vermir. Çünki, Mülki Prosessual Məcəllədə belə bir imperativ göstəriş yoxdur. Qeyd olunduğu kimi, pretenziya qaydalarına riayət edilməsi, ya müqavilədə yaxud da qanunda nəzərdə tutulmalıdır. Qanunda belə bir hal nəzərdə tutulmayıb, müqavilədə isə yuxarıda qeyd olunduğu kimi hüquqi müəyyənlik prinsipinə cavab verən pretenziya qaydaları nəzərdə tutulmamışdır. Əks yanaşma şəxsin məhkəməyə müraciət etmək hüququna qanunda birbaşa göstərilməyən əsaslar olmadan əngəllər yaratmaqla bu imkanın əsassız məhdudlaşdırılmasına şərait yaradır. Dördüncüsü, tərəflər arasındakı müqavilə 07 mart 2020-ci ildə bağlanmış və 07 iyul 2020-ci ildə müddəti bitmişdir. İddia ərizəsi isə məhkəməyə 01 iyun 2021-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi, iddia ərizəsi müqavilənin müddəti bitdikdən 10 ay 23 gün sonra məhkəməyə daxil olmuşdur. Bu cür vəziyyətdə iddiaçı hansı pretenziya qaydalarına riayət edib məhkəməyə müraciət etməliydi ki, bunu da etməmişdir. Əlbətdə ki, məhkəmə bu cür qənaətə gəlirsə qəbul etdiyi qərardadında bunu aydın və müfəssəl şəkildə açıqlamalı idi. Yalnız, söz yaxud ifadə olaraq bu dəlillərdən istifadə edilməsi isə məhkəmə aktının əhəmiyyətini azaldır. Bu hal isə yolverilməzdir. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400- 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(005)- 3148/2021 nömrəli qərardadı ləğv edilsin və növbəti prosessual hərəkətlərin edilməsi üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar