Məhkəmə qərarları › İş №2(103)-7048/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7048/2022

15.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7048/2022 15.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ iş № 2(103)-7048/2022 (Açar sözlər: alimentin artırılması) Bakı şəhəri, 15 noyabr 2022-ci il Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3636/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq, İşin halları, iş üzrə məhkəmə icraatı:

1. Tərəflərin birgə nikahından iki övladları – xx.xx.2011- ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 doğulmuşdur. Sonuncu dəfə Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cı il tarixli, 2(011)-4576/2019 saylı qətnaməsi ilə əvvəlki məhkəmə qətnaməsi ilə (Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-3994/2018 saylı) tutulmuş alimentin miqdarı dəyişdirilərək uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin cavabdedən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Tazırda iddiaçı alimentin artırılmasını xahiş edir.

a) Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün tutulan alimentin məbləğinin artırılaraq hər ay 200 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2010-cu ildə rəsmi nigaha daxil olmuşlar və birgə nikahdan iki övladları dünyaya gəlmişdir. Əvvəllər münasibətləri yaxşı olsada, bir müddət sonra münasibətləri pisləşmiş və nikahları məhkəmə qaydasında pozulmuşdur. Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən uşaqların saxlanılması üçün hər birinə 160 manat olmaqla, ümumi 320 manat alimentin tutulması qət edilmişdir. Cavabdeh tərəfindən uşağın saxlanılmasında ona yardım edilmir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3636/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-4576/2019 saylı qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay hər uşaq üçün 185 manat olmaqla, cəmi 370 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Pərviz Zamanlı).

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

5. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayətində qeyd edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə uşaqların saxlanılması üçün hər birinə 160 manat olmaqla, ümumi 320 manat alimentin tutulması qət edilmişdir. Həmin qətnamə qəbul edildikdən sonra mənim maddi vəziyyətimdə hər hansı bir yaxşılaşma olmamışdır. Ona görə də hazırki qətnamə qanunsuzdur. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Lakin hakim tərəQindən tərəQlərin maddi vəziyyəti nəzərə alınmamışdır. Pozulmuş hüquqların bərpasının təmin edilməsi mülki qanunvericiliyin prinsiplərindən sayılır. Həmin prinsip məhkəmə tərəfindən pozulmuşdur. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəQlərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə etiraz daxil omamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etdi.

9. Kollegiya iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə bamayaraq o kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

10. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası AM-nin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göstərilən müddəadan da görünür ki, qanun məhkəmə tərəfindən alimentin müəyyən edildikdən sonra onun miqdarının dəyişməsinin zərurliyini tərəflərdən birinin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliklə şərtləndirilmişdir. Göstərilən müddəada birbaşa nəzərdə tutulmasa da, lakin uşaq hüquqları ilə bağlı digər qanunvericilik müddəalarında uşaqların maddi təminatının ən azı minimum yaşayış səviyyəsindən artıq olmasını müəyyən etmişdir.

12. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır.

13. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir.

14. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar.

15. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

16. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

17. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində də məhkəmələrə izah edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

Apellyasiya baxışının hədləri:

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

21. Kollegiya yuxarıda sadalanan müddəalara əsasən qeyd edir ki, qanun məhkəmə tərəfindən alimentin müəyyən edildikdən sonra onun miqdarının dəyişməsinin zərurliyini tərəflərdən birinin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliklə şərtləndirilmişdir. Göstərilən müddəada birbaşa nəzərdə tutulmasa da, lakin uşaq hüquqları ilə bağlı digər qanunvericilik müddəalarında uşaqların maddi təminatının ən azı minimum yaşayış səviyyəsindən artıq olmasını müəyyən etmişdir.

22. Nəzərə alınmalıdır ki, tərəflərin birgə nikahlarından doğulmuş uşağın saxlanılması üçün alimentin artırılması barədə sonuncu qətnamə qəbul edildikdən sonra, yəni 2019-cu il tarixdən bəri uşaqların saxlanması üçün minumum xərc artırılmışdır.

23. Kollegiya hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqların saxlanılması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilsə də, uşağın böyüməsi ilə onun xərclərinin və tələbtlarının da artması nəzərə alınmaqla, hazırda həmin aliment onun maddi tələbatlarının tam ödənilməsi üçün yetərli hesab edilməməsi doğru olmuşdur. Kollegiya hesab edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutulduqdan sonra bir uşağın saxlanması üçün qanunla müəyyən edilmiş minimum xərcin məbləğinin artırıldığını, uşağın saxlanılması üçün minimum yaşayış təminatının təmin edilməsinin zəruri olmasını, uşağın maddi təminatının səviyyəsinin mümkün qədər yüksək saxlanılmasını nəzərə alaraq, tərəflərin birgə nikahlarından anadan olmuş uşağının saxlanması üçün təyin edilmiş alimentin məbləğinin artırılması məqsədəuyğun olmuşdur. Həmçinin, nəzərə alınmalıdır ki, artan xərclər nisbətində əvvəl müəyyən edilmiş aliment cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını da tam əhatə etmir.

24. Lakin, kollegiya tərəflərin birgə nikahlarından doğulmuş uşaqların saxlanması üçün cavabdehdən alimentin tutulması qənaəti ilə razılaşsa da, həmçinin məhkəmənin indiki halda cavabdehdən hər uşağa görə hər ay 200 manat məbləğində alimentin tutulmasının onun maddi vəziyyətini həddən artıq ağırlaşdıra bilməsinə dair gəldiyi nəticəni də əsaslı hesab edir.

25. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ilə nikahları pozulduqdan sonra yenidən ailə qurmuş və həmin nikahdan da uşaqları olmuş, hazırda rəsmi iş yeri yoxdur. Odur ki, məhkəmə cavabdehin də maddi və ailə vəziyyətini nəzərə alaraq cavabdehdən hər ay hər uşaq üçün 185 manat, cəmi 370 manat sabit pul məbləğində alimentin tutulmasına dair nəticəyə gəlməkdə haqlı olmuşdur.

26. Digər bir tərəfdən, iddiaçı da cavabdehin əlavə qazanc yerinin olması, yaxud tələb etdiyi alimenti onun ödəyə biləcəyi maddi duruma sahib olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir.

27. Kollegiya qeyd edir ki, alimentin tutulmasının əsas məqsədi uşaqların maddi təminatının, tərəflərin maddi vəziyyəti və digər hallar nəzərə alınmaqla, yüksək səviyyədə saxlanılması, habelə onların hüquq və mənafelərinin qorunmasına xidmət edir. Valideynin uşaqları saxlamaq vəzifəsi Ailə Məcəlləsində imperativ qaydada nəzərdə tutulmuşdur. Valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar (AM-nin 58.2-ci maddəsi). Valideynlərin bu vəzifələrinin yerinə yetirilməsində isə uşaqların maddi cəhətdən təmin olunması xüsusi rol oynayır. Ona görə də, maddi durumu imkan verdiyi halda, uşağın saxlanılması üçün valideyndən tutulan alimentin məbləği məhkəmə tərəfindən elə həddə müəyyən edilməlidir ki, bu valideynin uşağı saxlamaq vəzifəsinə, mütənasib olsun, həmçinin aliment tutulan valideyni həddən artıq ağır maddi duruma salmasın.

28. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, alimentin tutulma müddəti iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi gündən deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

30. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.

31. Kollegiya qeyd edilməsini zəruri hesab edir ki, hazırki iş üzrə iddia tələbinin təmin olunan hissəsinin bir illik məbləği (50x12=600) 5000 manatda aşağı olduğundan hazırki qətnamədən kasasiya şikayəti verilə bilməz.

32. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

33. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

34. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 394-1.3 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3636/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar