Məhkəmə qərarları › İş №2(103)-705/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-705/2023

11.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-705/2023 11.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun tutulması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X1 və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3918/2022 saylı 13 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə 11 aprel 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. "xxxx" ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 10 avqust 2021-ci il tarixli 301804-145543/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 22% dərəcəsi ilə 12000 manat məbləğində kredit verilmişdir.

2. Bank ilə Cavabdeh1 arasında bağlanmış 10 avqust 2021-ci il tarixli, 301804- 145543/1 nömrəli zaminlik müqaviləsinə əsasən zamin borcalanın kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür.

3. Cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 11180,14 manat məbləğində əsas borc və 1457,19 manat faiz borcu olmaqla, ümumilikdə 12637,33 manat və 128,31 manat məbləğində dövlət rüsumunun tutularaq ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi belə əsaslandırılmışdır ki, ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 10 avqust 2021-ci il tarixli, 301804-145543/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 22 % dərəcəsi ilə 12000 manat məbləğində kredit verilmiş, eyni zamanda bank və digər Cavabdeh1 arasında 10 avqust 2021-ci il tarixli, 301804-145543/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər.

6. İddiaçının təqdim etdiyi 29 iyun 2022-ci il tarixli maliyyə arayışına görə Cavabdeh2 10 avqust 2021-ci il tarixli, 301804-145543/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən 11180,14 manat məbləğində əsas və 1457,19 manat faiz olmaqla, cəmi 12637,33 manat borcu var.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 13 sentyabr 2022-ci il tarixli 2(004)-3918/2022 saylı qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 11180,14 manat əsas borc və 1457,19 manat faiz borcu olmaqla, cəmi 12637,33 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 128,31 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borcun və ona hesablanmış faizin ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdehlər isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, digər Cavabdeh1 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməsi üçün Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır.

10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 445.2, 448.1, 448.2, 739.1, 739.2, 743, 470.1, 472.1, 472.3, maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

11. Qətnamədən Cavabdeh2 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apelyasiya şikayətində göstərilmişdir ki, onun məhkəmə iclasında iştirakı təmin edilməmiş, Bank tərəfindən göstərilən əsas və faiz borcları düzgün hesablanmamış, onun ödəniş etdiyi məbləğlər nəzərə alınmamışdır. Bu səbəbdən iş üzrə müvafiq məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmalı idi. Bildişiriş məktublarında onun yaşadığı ünvan düzgün göstərilməmiş, sonuncu məhkəmə iclasına bir gün qalmış axşam saat 18:17-də mobil telefon nömrəsinə zəng olunaraq məhkəmə prosesinin növbəti gün səhər saat 09:15-ə təyin olunduğu bildirilmiş, o isə Qusar şəhərində yaşadığına görə həmin vaxt məhkəmə prosesinə gəlməyi və məhkəmə prosesinin başqa vaxta təxirə salınmasına dair vəsatət verməyi praktiki olaraq mümkünsüz olmuşdur.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

14. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Mülki Məcəllə

15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.

18. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

19. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

20. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

21. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

22. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Mülki Prosessual Məcəllə

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apelyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Tələb bölünməz olduğundan, qətnamə tam yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

30. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehlərin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur.

31. Cavabdehlərin Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasını gecikdirməsi aşkardır.

32. Cavabdeh2 apelyasiya şikayətində borc məbləğini mübahisələndirərək, məhkəməmühasibatlıq ekspertizasının keçirilmədiyini göstərmişdir. Eyni zamanda Cavabdeh2 nümayəndəsi-vəkili ərizə ünvanlayaraq iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir.

33. Apelyasiya şikayətinin qeyd olunan dəlilinin araşdırılması məqsədi ilə Kollegiya tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizasının aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir.

34. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/618 nömrəli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim olunmuş iş materiallarında olan çıxarış məlumatları və tərəflər arasında imzalanmış 10 avqust 2021-ci il tarixli 301804-14543/1 saylı kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh2 İddiaçı ASC-yə sualda soruşulan xx.xx.2022-ci il tarixinə (maliyyə arayışında borcun hesablandığı tarixə) olan borcu əsas borc üzrə 11531,17 manat, faiz borcu üzrə 675,54 manat müəyyən edilmişdir.

35. İddianın əsas borc məbləğinə aid hissəsində Kollegiya qeyd edir ki, iddia tələbindən göründüyü kimi iddiaçı 11180,14 manat məbləğində əsas borcun ödənilməsini tələb etmişdir. Məhkəmə tərəfindən keçirilmiş ekspertiza nəticəsində verilmiş ekspert rəyi ilə isə əsas borcun məbləği 11531,17 manat müəyyən edilmişdir.

36. Belə olan halda Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

37. Qeyd olunan maddənin tələblərindən göründüyü kimi işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılır, odur ki, ekspert rəyi ilə müəyyən edilmiş əsas borcun məbləği iddiaçının iddia tələbində qeyd etdiyi məbləğdən yüksək olduğu üçün Kollegiya hesab edir ki, iddia tələbi əsas borca aid hissədə iddia tələbi həcmində təmin edilməlidir, belə olan halda əsas borca aid hissədə məhkəmənin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Faiz borcuna münasibətdə isə iddiaçı 1457,19 manat faiz borcu tələb etmiş, məhkəmə tərəfindən faiz borcu həmin məbləğdə tutulmuşdur. Ekspert rəyi ilə isə faiz borcunun 675,54 manat məbləğində olduğu müəyyən edilmişdir.

39. Kollegiya faiz borcuna dair hissədə məhkəmə mühasibatlıq ekspertizasının rəyini əsas tutur və hesab edir ki, həmin hissədə ekspertiza rəyi üzrə müəyyən edilmiş məbləğ – 675,54 manat cavabdehlərdən tutulmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh2 apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3918/2022 saylı iş üzrə 13 sentyabr 2022-ci il tarixli qətnaməsi cavabdehlərdən müştərək qaydada tutulmalı olan faiz borcuna aid hissədə dəyişdirilsin və iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği 675,54 manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 145 manat məbləğində pul vəsaitinin 72,50 manatı İddiaçı ASC-dən, 72,50 manatı Cavabdeh2 tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, Cavabdeh2 qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar