Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7055/2025 04.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Hakimlər Talışınski Fuad Şəmsəddin oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçı, Cavabdeh2 və Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 oktyabr 2025-ci il tarixli, 2(010)-438/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxaraq, müəyyən etdi İŞİN HALLARİ
1. İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5327 (beş min üç yüz iyirmi yeddi) manat maddi ziyan, 1890 (min səkkiz yüz doxsan) manat əldən çıxmış fayda, hüquqi yardımla bağlı ödənilmiş 326 manat, "xxxx" MMC-yə ödənilmiş 300 manat və dövlət rüsumu qismində ödənilmiş 77 manat olmaqla, cəmi 5905 (beş min doqquz yüz beş) manat məbləğində pulun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində olan və idarə etdiyi **- GZ-*** dövlət qeydiyyat nişanlı, Hyundai Elantra minik markalı avtomobil xx.xx.2024-cü il tarixdə cavabdeh "xxxx" MMC-yə məxsus **-JV-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə edən Cavabdeh2 tərəfindən Bibiheybət məscidi yaxınlığında vurularaq yararsız hala salınmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomobilə xeyli miqdarda zərər vurulmuşdur. Cavabdeh2 törətdiyi yol nəqliyyat hadisəsində təqsirli olması Bakı şəhəri Səbail Rayon Dövlət X6 xx.xx.2024-cü il tarixli, İXP6439104 nömrəli “inzibati xəta haqqında” protokolu, xx.xx.2024-cü il tarixli qərarı və tərəflərin izahatı ilə öz təsdiqini tapır. Yol nəqliyyat hadisəsi nəticəsində **-GZ-*** dövlət qeydiyyat nişanlı, Hyundai Elantra minik markalı avtomobilə dəymiş maddi ziyan X2 məxsus “Avto Servis”də hesablanmışdır. Həmin hesablama ilə müəyyən olunur ki, ehtiyat hissələrinin dəyəri 7127 manat, işçilik və usta əmək haqqı isə 3.200 manat olmaqla ümumilikdə 10.327 (on min üç yüz iyirmi yeddi) manat ziyan dəymişdir. İcbari sığorta şirkəti tərəfindən İddiaçı 5.000 (beş min) manat pul vəsaiti ödənilmişdir. İddiaçı cavabdehə dəymiş ziyanın qalan hissənin, yəni 5.327 manatın (10.327-5.000=5327) ödənilməsi barədə müraciət etsə də müraciəti müsbət həll olunmamış, qalan ziyan ödənilməmişdir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edirəm. Yol nəqliyyat hadisəsi cavabdehin təqsirli hərəkəti nəticəsində baş verdiyindən iddiaçıya dəymiş maddi ziyan, dövlət rüsumu kimi ödənilmiş pul və hüquqi yardımla bağlı xərclər cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 oktyabr 2025-ci il tarixli, 2(010)- 438/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurulmuş zərərə görə 100 (bir yüz) manat, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 326 (üç yüz iyirmi altı) manat olmaqla, ümumilikdə 426 (dörd yüz iyirmi altı) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
2. Məhkəmə qeyd etmişdir ki, “Hyundai Elantra” minik markalı 77- GZ-027 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 5100 manatdır. İddiaçıya avtomobilinə dəymiş zərərlə bağlı 5000 manat məbləğində pul ödənildiyindən qalıq 100 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir.
3. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1108.1, 1099.1, 1099.2, 1115-ci maddələrinə istinadla əsaslandırmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZİN DƏLİLLƏRİ
4. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, İş № e-2(010)-438/2025 saylı qətnaməsinin iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə qətnaməsi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Çünki, dəymiş real maddi ziyan və əldən çıxmış fayda tamamilə açıq-aşkar ortadadır. Buna baxmayaraq müəyyən edilmiş hallar iddia tələbinin tam təmin olunması üçün kifayət etsə də məhkəmə iddia tələbini qismən təmin etməklə qeyd olunan maddənin tələbini kobud şəkildə pozmuşdur. İddiaçı olaraq tərəfindən iddia tələbinin tam həcmdə təmin olunması ilə bağlı sübutlar təqdim olunmasına baxmayaraq məhkəmə iddia tələbini qismən təmin etməklə qeyd olunan maddələrin tələblərini pozmuşdur. Belə ki, istər iddiaçı olaraq təqdim etidiyi sübutlarla, istərsə də cavabdehin izahatları və məhkəmənin əldə etdiyi qiymətləndirmə rəyi ilə iddia tələbinin əsaslı olması öz təsdiqini tapır. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
5. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
8. TP4647544 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixində saat 16:15-də Səbail rayonu Salyan şossesi Bibiheybət Məscidinin qarşısında BMC Procity 9M CNG Avtobus markalı 99İV748 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində AR İXM–nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.
9. Zərərin hesabatından görünür ki,”Hyundai Elantra” minik markalı **-GZ-*** dövlət nömrə nişanlı avtomobilə “ X1 Servis” təmir müəssisəsində baxış keçirilmiş və baxış zamanı avtomaşına ehtiyat hissələri 7127 manat, xidmət haqqı 3200 manat olmaqla, cəmi 10327 manat məbləğində ziyan dəydiyi aşkar olunmuşdur.
10. 25.07.2024-cü il tarixli "xxxx" ASC tərəfindən tərtib edilmiş zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, ”Hyundai Elantra” minik markalı **-GZ-*** dövlət nömrə nişanlı avtomobilin ehtiyat hissələrinin təmiri 3200 manat, zəhmət haqqı isə 1900 manat olmaqla, cəmi 5100 manat məbləğindədir.
11. 22.07.2025-ci il tarixli Leqal Hüquq və Ekspertiza Mərkəzi MMC tərəfindən tərtib olunmuş mütəxəssis qiymətləndirici rəyindən görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı təmir xərcləri də daxil olmaqla Hyundai Elantra markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın (ehtiyat hissələri və işçilik xərci ayrılıqda göstərilməklə) ümumi məbləği 8312 (səkkiz min üç yüz on iki) azn təşkil edir.İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “X1 Servis”in qiymətləndirmə aktında qeyd edilmiş ehtiyat hissələrinin bazar qiyməti həmin tarixə mövcud olan real bazar qiymətlərinə uyğundur. Xidmət haqqının bir qismi isə yuxarı götürülmüşdür. “X1 Servis”in təqdim etdiyi qiymətləndirmə aktında sadalanan ehtiyat hissələrinin siyahısı xx.xx.2024- cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Hyundai Elantra markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsində ciddi qüsur görünmür və bu əsasla qüsur aktında olan qabaq hissələrə aid zədələri müəyyən etmək mümkün deyildir. "xxxx" ASC-nin qiymətləndirmə aktında qeyd edilmiş ehtiyat hissələrinə və xidmət haqqına müəyyən edilmiş qiymətlər həmin tarixə mövcud olan real bazar qiymətlərinə uyğu deyil."xxxx" ASC-nin qiymətləndirmə aktında sadalanan ehtiyat hissələrinin siyahısı xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Hyundai Elantra markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin real ziyan dəymiş ehtiyat hissələrinin siyahısı ilə tam uyğun deyil. Hyundai Elantra minik markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobil analoqla müqayisədə eyni xüsusiyyətlərə malik avtomobillərin vurulmamışdan əvvəl dəyəri 18.900 (on səkkiz min doqquz yüz) azn və vurulub təmir edildikdən sonra dəyəri, 17.010 (on yeddi min manat on qəpik) azn müəyyən edilir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. - 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
13. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsi xahiş edilir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin iddia tələbinin təmin olunmayan hissəsində yoxlanılması təşkil edir.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1 Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
15. İşin faktiki halları ondan ibarətdir ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh2 idarə etdiyi BMC Procity 9M CNG Avtobus markalı **-İV-*** dövlət qeydiyyat nişanlı avtomobillə İddiaçı mülkiyyətində olan ”Hyundai Elantra” minik markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir.
16. Hazırda iddiaçı, avtobusun məxsus olduğu Cavabdeh1 MMC-dən və onu idarə edən Cavabdeh2 və iddiaçıya məxsus olan ”Hyundai Elantra” minik markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə 5327 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsini istəyir.
17. Tələb edilən məbləğə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə müəyyən edir ki, iş materialında olan iddiaçı tərəfindən təqdim edilmiş “X3 “Avto Servis” təmir müəssisəsi tərəfindən verilmiş zərər aktına əsasən avtomobilə dəymiş maddi zərər 10327 manat, "xxxx" MMC tərəfindən tərtib olunmuş mütəxəssis-qiymətləndirici rəyinə əsasən 8312 manat təşkil edir.
18. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibətdə hesab edir ki, şikayət qismən əsaslıdır və “Hyundai Elantra” minik markalı 77- GZ-027 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 8312 manatdır. İddiaçıya avtomobilinə dəymiş zərərlə bağlı 5000 manat məbləğində pul ödənildiyindən qalıq 3312 (üç min üç yüz on iki) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir.
19. Belə ki, izah edilməlidir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, məhkəmə kollegiyası iddiaçının mülkiyyətində olan avtomobilə vurulan zərərin dəyərini ekspert rəyi əsasında müəyyən etməklə, Azərbaycan Respublikası MPM-in 88, 101.7 və 103-cü maddələrinin tələblərinə riayət etmiş olur.
20. Həmçinin ekspert rəyinə əsasən müəyyən edilir ki, avtoqəza hadisəsindən sonra avtomobilin bazar qiyməti 17010 manat müəyyən edilməklə qiyməti xeyli aşağı həddə düşmüşdür ki, bu da mülkiyyətçiyə dəymiş ziyan hesab edilir.
21. Beləliklə, Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlməmişdir. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin dəyişdirilməsi üçün əsas təşkil edir.
22. MPM-nin 384.0.3-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
23. Apellyasiya şikayəti qismən təmin edildiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 38,50 (otuz səkkiz manat əlli qəpik) manat dövlət rüsumu MPM-nin 119.2-ci maddəsinin tələbinə görə cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
24. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 oktyabr 2025-ci il tarixli, 2(010)- 438/2025 saylı qətnaməsi –“Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurulmuş zərərə görə 100 (bir yüz) manat” hissəsində dəyişdirilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurulmuş zərərə görə 3312 (üç min üç yüz on iki) manat, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 326 (üç yüz iyirmi altı) manat olmaqla, ümumilikdə 3638 (üç min altı yüz otuz səkkiz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün 38,50 (otuz səkkiz manat əlli qəpik) manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov