Məhkəmə qərarları › İş №2(103)-7057/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7057/2021

04.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7057/2021 04.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1, Cavabdeh1ın nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və 41 saylı dövlət notariat kontoruna qarşı “əqdin etibrasız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2274/2021 saylı, 03 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh1 və 41 saylı dövlət notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə bağlanmış 23 yanvar 2020-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 onun gözəllik salonunda saç ustası çalışmaq dəvəti ilə köhnə iş yerindən çıxaraq ünvan 1 ünvanda olan "Gözəllik Salonunda" saç ustası vəzifəsində çalışmağa başlamışdır. Köhnə iş yerindən çıxmağı ilə əlaqədər iddiaçıya dəymiş ziyanın əvəzi olaraq 20.000 manat məbləğində pul ödəmişdir. Razılaşmaya əsasən iddiaçı 09 fevral 2020-ci il tarixdən 28 oktyabr 2020-ci il tarixədək yuxarıda qeyd etdiyi ünvanda “Gözəllik Salonunda" çalışmışdır. Lakin 2021-ci ilin mart ayında iddiaçıya məlum oldu ki, həmin 20.000 manat məbləğini borc kimi qaytarmalıdır. Beləliklə, 23 yanvar 2020-ci il tarixli kredit müqaviləsi formal şəkildə bağlanılmış və həmin ödənilmiş pul köhnə işdən çıxmağı ilə əlaqədər iddiaçıya dəymiş ziyanın əvəzinin ödənilməsini nəzərdə tutularaq, cavabdeh trərəfındən gələcəkdə əsassız varlanmaq üçün pərdələnmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2274/2021 saylı, 03 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv, iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, işin faktiki hallarına əhəmiyyət vermədiyini və tətbiq edilməli maddi hüquq normalarını tətbiq etmədiyini irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı, həmçinin, onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili isə apellyasiya şikayətinə etiraz edərək, izahatında bildirmişdir ki, İddiaçı ona qarşı iddia tələbini əsassız və heç bir normativ akta söykənmədən irəli sürür. Belə ki, iş üzrə iddiaçıya rəsmi borc müqaviləsi əsasında 20.000 manat pul vəsaiti vermiş və bununla bağlı notariat kontoru tərəfindən qanunla müəyyən olunmuş tədbirlər görülmüşdür. Məlum müqavilə iki tərəfli razılığ əsasında imzalanmış və notariat kontorunda notarius tərəfindən İddiaçı hansı məsələ üçün məlum müqavilənin imzalanması izah olunmuşdur. Hazırda iş üzrə iddiaçının məqsədi süni şəkildə əlavə məhkəmə çəkişmələri açaraq öz öhdəliyinin icrasını geçikdirməkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o, iddiaçı ilə eyni salonda saç ustası işləmişlər. Cavabdeh1 ona 15 000 manat, iddiaçıya isə 20 000 manat pul vermişdir. O, Cavabdeh1 15.000 manat pulu qaytardığı üçün aralarında bağlanmış müqavilə ləğv edilmişdir. Həmçinin, qeyd etmişdir ki, müqavilə şərtlə bağlanmışdır və şərt ondan ibarət idi ki, bir il müddətində Şahmar orada işləməli və əldə olunan gəlirlər bərabər qaydada aralarında bölünməli idi, lakin Şahmar bir il orada işləmədi. Daha sonra qeyd etmişdir ki, həmin 20.000 manatın bir qismini Şahmar Cavabdeh1 qaytarıb, lakin nə qədər qaytarması və nə qədər borcunun qalması barədə məlumatı yoxdur. Məhkəmə kollegiyası izahatları dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 23.01.2020-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, borc verən Cavabdeh1 borc alan İddiaçı müqavilənin 1-ci bəndinə əsasən “borc verən” “borc alana” 20.000 manat 00 qəpik (iyirmi min manat sıfır qəpik) məbləğində pul borc verir. Bu müqavilənin 2-ci bəndinə əsasən “borc alan” 10.02.2021 (on fevral iki min iyirmi birinci il) tarixədək “borc verənə” qaytarmağı öhdəsinə götürür. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında 23.01.2020-ci il tarixdə Bakı şəhəri 41 saylı dövlət notariat kontorunda təsdiq edilmiş kredit müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən “borc verən” “borc alana” 20.000 manat məbləğində pul borc verir və “borc alan” 10.02.2021 tarixədək “borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Lakin iddiaçının onunla bağlanmış kredit müqaviləsinin ona borc verilməsi məqsədi ilə imzalanmadığını iddia etsə də buna heç bir tutarlı səbəb məhkəməyə təqdim etməmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü hüquqi əsaslar, yəni 23 yanvar 2020-ci il tarixli müqaviləni bağlayarkən onun aldadılmış olması ümumiyyətlə sübuta yetirilməmişdir. Belə ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin hallarından aydın olur ki, mübahisələndirdiyi müqaviləyə dair hüquqi proseslər barəsində iddiaçının müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində o, tam sərbəst iradəsi ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyənləşdirilmişdir; beləliklə də hər hansı aldatmadan bəhs etmək mümkün deyildir. Xüsusilə qeyd olunmalıdır ki, mübahisələndirilən borc müqaviləsi notarial qaydada təsdiq edilmiş və həmin müqavilədə notariusun müqavilənin bağlanması ilə bağlı hüquqi nəticələri tərəflərə izah etməsinin həqiqiliyini hər iki tərəf, o cümlədən iddiaçı imzası ilə təsdiq etmişdir. Kollegiya həm iddiaçının həmçinin onun təşəbbüsü ilə dindirilmiş, şahidin irəli sürdüklərini - yəni müqavilə bağlayarkən şərtlə bağlandığını inandırıcı hesab etmir. Çünki, yuxarıda qeyd olunanlar bunu təkzib edir. Kollegiya, həmçinin qeyd edir ki, iddia tələbi üzrə müddətin ötürülmüş olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni də ümumən əsaslı hesab edir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2274/2021 saylı, 03 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar