Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-706/2022 04.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə,Səfərli Xədicə Əlicabbar qızının katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qətnaməsindən ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 35.278,13 (otuz beş min iki yüz yetmiş səkkiz dollar, 13 sent) ABŞ dolları borcun -bundan 9854,94 (doqquz min səkkiz yüz əlli dörd dollar, 94 sent) ABŞ dollar əsas, 11.038,65 (on bir min otuz səkkiz dollar, 65 sent) ABŞ dolları faiz, 12.966,59 (on iki min doqquz yüz altmış altı dollar, 59 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1418,95 (bir min dörd yüz on səkkiz dollar, 95 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 30(otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Süleymanova, iş № 2(009)-1993/21) iddia rədd olunmuşdur. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki,ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17 fevral 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 26% ödənilməsi şərti ilə 36 (otuz altı) ay müddətinə ilkin məbləğ 10.200 (on min iki yüz) ABŞ dolları məbləğində kredit verilmişdir.Cavabdeh pul götürməsini öz imzası ilə təsdiq etmiş və müxtəlif vaxtlarda ödənişlər etmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə Kart vasitəsilə mallar iş və xidmətlər üzrə ödənişlərin yerinə yetirilməsi, nağd pul vəsaitinin əldə edilməsi, habelə kredit xətti üzrə öhdəliklərin yerinə yetirilməsi barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir.18.12.2020-ci il tarixinə Cavabdeh kredit üzrə cəmi borcu 35.278,13 (otuz beş min iki yüz yetmiş səkkiz dollar, 13 sent) ABŞ dolları təşkil edir. Bundan 9854,94 (doqquz min səkkiz yüz əlli dörd dollar, 94 sent) ABŞ dolları əsas, 11.038,65 (on bir min otuz səkkiz dollar, 65 sent) ABŞ dolları faiz, 12.966,59 (on iki min doqquz yüz altmış altı dollar, 59 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1418,95 (bir min dörd yüz on səkkiz dollar, 95 sent) ABŞ dolları faiz borcu təşkil edir.Kredit müqaviləsinin 3.1.3-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır.Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin nümayəndəsi (vəkili) bildirmişdir ki, kredit müqaviləsi 17 fevral 2015-ci il tarixdə 36 ay müddətinə bağlanmış və 15 fevral 2018-ci il tarixdə müqavilə müddəti bitmişdir. Müqavilə tələbləri üzrə iddia müddəti 3 il olduğundan (müddət 2021-ci ilin fevral ayında bitib) iddia müddətinin tətbiq edilməsini və əlavə olaraq kredit müqaviləsi iş materiallarında olmadığından iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnamə çıxararkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, cavabdeh tərəfindən kassa məxaric orderinə əsasən pulun alındığını, cavabdehin bunu mübahisələndirmədiyini, müxtəlif vaxtlarda ödənişlər etdiyini nəzərə almamışdır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 16 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, iddiaçının tələbi cavabdehdən 9854,94 ABŞ dollar əsas, 11.038,65 ABŞ dolları faiz, 12.966,59 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1418,95 ABŞ dolları faiz borcu olmaqla, cəmi 35.278,13 ABŞ dolları borcun tutulması barədədir. İddiaçı tələbinin faktiki əsası kimi 17 fevral 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə və müqavilə üzrə 10200 ABŞ dollarının cavabdeh tərəfindən alınmasını təsdiq edən kassa məxaric orderinə istinad etmişdir. İddianın hüquqi əsası kimi isə Mülki Məcəllənin 427.3, 442, 445, 448, 449, 739.1-ci maddələrinə istinad olunmuşdur. Faktiki əsas kimi nəzərdə tutulan 17 fevral 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi iddiaçı tərəfindən təqdim olunmamışdır. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Məhkəmə iddianı əsassız sayaraq rədd etmişdir. Məhkəmə iddianı rədd edərkən ilk növbədə iddiaçı tərəfindən iddianın faktiki əsası kimi istinad olunan kredit müqaviləsinin təqdim olunmamasını əsas götürmüşdür. Məhkəmə hesab etmişdir ki, tələbin əsasını təşkil edən müqavilənin mövcudluğu qeyri-müəyyən olduğu halda hazırkı iddia tələbi üzrə alavə araşdırılmanın aparılmasından söhbət gedə bilməz. Belə ki, iddiaçı kredit müqaviləsini təqdim edə bilmədiyindən, həmin müqavilə üzrə borcun hansı məbləğdə olması, hansı qaydada hesablanmasını müəyyən etmək mümkün deyildir. Məhkəmə eyni zamanda iddia müddətinin axımının müqavilə müddətinin bitdiyi 17.02.2018-ci ildən başlandığını və 3 ildən sonra 17.02.2021-ci ildə bitdiyini və hazırkı iş üzrə iddianın 08.07.2021-ci ildə qaldırıldığını nəzərə alaraq iddia müddətinin buraxıldığı qənaətinə də gəlmişdir.Əslində, qətnamənin məzmununa görə məhkəmənin iddia müddətinin buraxıldığı qənaətinə gəldiyi aydın görünsə də, məhkəmə yanlışlığa yol verərək iddia müddətinin ötürülmədiyini qeyd etmiş və bununla da qətnamənin əsaslandırıcı və nəticə hissələri arasında ziddiyyət yaratmışdır. Digər tərəfdən, məhkəmə iddia müddətini tətbiq edərkən tərəflər arasında 17.02.2015-ci il tarixdə kredit müqaviləsinin bağlanmış olduğunu qəbul etsə də, nəticədə müqavilənin təqdim olunmaması əsası ilə iddianı rədd etmişdir. Göründüyü kimi, məhkəmənin gəldiyi nəticə ziddiyyətli olmaqla işin müəyyən edilmiş hallarına uyğun gəlmir. Məhkəmə işin halları üzrə düzgün nəticəyə gəlmədiyindən maddi hüquq normalarını da düzgün tətbiq etməmişdir. Apellyasiya şikayətinin əsas dəlilləri də məhz elə bu barədədir. Apellyasiya şikayətinin dəlillərinə görə birinci instansiya məhkəməsi qətnamə çıxararkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, cavabdeh tərəfindən kassa məxaric orderinə əsasən pulun alındığını, cavabdehin bunu mübahisələndirmədiyini, müxtəlif vaxtlarda ödənişlər etdiyini nəzərə almamışdır. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsaslı sayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən 17.02.2015-ci il tarixli kredit müqaviləsi təqdim olunmasa da, həmin tarixdə verilmiş və 10200 ABŞ dollarının cavabdeh tərəfindən alınmasını təsdiq edən kassa məxaric orderinin mövcudluğu və bu kassa məxaric orderinin cavabdeh tərəfindən mübahisələndirilməməsi özü-özlüyündə tərəflər arasında kredit müqaviləsinin də bağlandığını və mövcudluğunu təsdiq edir. Əslində, birinci instansiya məhkəməsi özü də tərəflər arasında kredit müqaviləsinin mövcudluğunu qəbul etmiş, lakin məsələyə formal yanaşmaqla müqavilənin təqdim edilməməsini əsas götürərərk iddianı rədd etmişdir. 17.02.2015-ci il tarixli kassa məxaric orderinin məzmunundan göründüyü kimi, həmin orderdə 10200 ABŞ dolları məbləğində pul Cavabdeh 17.02.2015-ci il tarixli müqaviləyə əsasən kredit kimi verilmişdir (i.v.101). Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında kredit münasibətlərinin və kredit müqaviləsindən yaranan öhdəliklərin mövcudluğu mübahisəsizdir. İddiaçı müqavilə öhdəliklərinə əməl edərək müqavilədə nəzərdə tutulan 10200 ABŞ dolları məbləğində pulu 17 fevral 2015-ci il tarixli kassa məxaric orderinəəsasən cavabdehə vermiş, lakin cavabdeh həmin məbləğin qaytarılması ilə bağlı müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə iddia müddətini təbiq edərkən iddia müddətinin axımının kəsilməsinə səbəb olan halların mövcudluğunu nəzərə almamış və əsassız olaraq iddia müddətinin buraxıldığı qənaətinə gəlmişdir. Apellyasiya şikayətinin əsas dəlillərindən biri də məhz cavabdehin iddia müddəti ərzində müqavilə üzrə ödənişlər etməsinin iddia müddətinin tətbiqi zamanı məhkəmə tərəfindən nəzərə alınmaması barədədir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi iddia müddətinin axımının müqavilə müddətinin bitdiyi 17.02.2018-ci ildən başlanması, 3 ildən sonra 17.02.2021-ci ildə bitməsi və hazırkı iş üzrə iddianın 08.07.2021-ci ildə qaldırılması ilə bağlı işin hallarını düzgün müəyyən etsə də, iddia müddətinin axımının kəsilməsinə səbəb olan halları, yəni iddia müddəti ərzində cavabdeh tərəfindən müqavilə üzrə ödənişlər edilməsini nəzərə almamaqla səhvə yol vermişdir. Belə ki, işdə olan hesabdan çıxarışdakı məlumatlara əsasən cavabdeh tərəfindən 30.04.2019-cu il tarixdə, yəni iddia müddəti ərzində müvafiq ödəniş edilmişdir ki, bu da hazırkı mübahisəyə iddia müddətinin tətbiqini mümkünsüz edir (i.v.8, 48, 58-60). Mülki Məcəllənin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: - müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; - borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: - borcun qismən ödənilməsi; - əsas borc üzrə faizin köçürülməsi; - kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; - öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Hazırkı işdə də cavabdeh 2019-cu ilin aprel, may aylarında borcu qismən ödəməklə iddia müddətinin axımının kəsilməsinə səbəb olan hərəkət etmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq bu qənaətə gəlir ki, tərəflər arasında 17.02.2015-ci il tarixdə kredit müqaviləsinin bağlanması və müqavilə üzrə 10200 ABŞ dollarının cavabdehə verilməsi mübahisəsizdir. İddiaçı müqavilə üzrə kredit məbləğini cavabdehə verməklə üzərinə düşən vəzifəni yerinə yetirsə də, cavabdeh müqavilə müddəti ərzində kredit borcunu tam şəkildə qaytarmamaqla üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Yəni, müqavilə öhdəlikləri cavabdeh tərəfindən lazımi qaydada yerinə yetirilməmişdir və o, bu öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası cavabdehin müqavilə üzrə əsas, faiz və cərimə borcunun məbləğinin dəqiqləşdirilməsi məqsədilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş, lakin kredit müqaviləsi, ödəniş qrafiki təqdim olunmadığından ekspert rəy verməkdən imtina etmiş və göstərilən səbəbdən borcu müəyyən etməyin mümkün olmadığını göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, elə bu səbəbdən, yəni kredit müqaviləsi, ödəniş qrafiki təqdim olunmadığına görə faiz və cərimə borcnunun məbləğini müəyyən etmək mümkün olmadığından MPM-nin 218.3-cü maddəsinin tələbinə müvafiq olaraq cavabdehdən yalnız iddia tələbi üzrə əsas borc tutulmalı, faiz, cərimə və digər borcların tutulmasından isə kifayət qədər mötəbər sübutlar təqdim olunmadığından imtina edilməlidir. Əsas borca münasibətdə isə 10200 ABŞ dolları məbləğində kreditin verilməsi 17.02.2015-ci il tarixli kassa məxaric orderi ilə təsdiq olunduğundan, iddiaçı maliyyə arayışı təqdim edərək əsas borc üzrə ödənilməmiş qalıq borcun 9854,94 ABŞ dolları olduğunu göstərdiyindən və cavabdeh qalıq borcun daha az olmasını sübuta yetirə bilmədiyindən maliyyə arayışında göstərilən məbləğ cavabdehdən tutulmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmədiyindən və bununla da maddi və prosessual hüquq normalarının pozuntusuna yol verildiyindən qətnamə ləğv olunmalı və iddia tələbi rədd edilməlidir (MPM-nin 385.1.1 və 385.1.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh 17.02.2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca görə ödənilməmiş 9854,94 (doqquz min səkkiz yüz əlli dörd dollar, doxsan dörd sent) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş gününə məzənnə üzrə Azərbaycan manatı ilə tutularaq ləğv prosesində olan "xxxx" ASCyə ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Ekspert tədqiqatının dəyəri olan 10 (on) manat pul ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundantutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-706/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-706/2022
04.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver