Məhkəmə qərarları › İş №2(103)-706/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-706/2024

24.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-706/2024 24.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-706/2024 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1857/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə 24 yanvar 2024-cü il tarixində Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq İşin halları

1. İddiaçı Cavabdeh məxsus 29 iyul 2019-ci il qeydiyyat tarixli, 99SC014 qeydiyyat nişanlı “Hyudai İ40” minik markalı avtoobili 09 iyun 2022-ci il tarixdə sərəncam vermək hüququnu (bağışlamaq, ipotekaya qoymaq, sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq üçün ərizə vermək) da ehtiva edən etibarnamə verməklə onun sahibliyinə və istifadəsinə vermişdir. Eyni vaxtda Cavabdeh digər avtomobilini və avtomobil üzərində idarəetmə və sərəncam hüququnu da nəzərdə tutan etibarnamə ilə birlikdə X4 vermişdir. Daha sonra X8 maşını öz adna qeydiyyatdan keçirmişdir. İddiaçıya verilmiş etibarnaməni isə cavabdeh 07 aprel 2023-cü il tarixdə xitam etdirmişdir. Hazırda məhkəməyə mürciət edən iddiaçı avtonəqliyyat vasitəsinin 09 iyun 2022-ci il tarixdə iddiaçıya satıldığını, bunun müqabilində iddiaçının X6 və Cavabdeh 15000 manat pul ödədiyini bildirir, sonuncudan həmin pul məbləğinin tutulmasını xahiş edir. Cavabdeh iddiaçını tanımadığını, X5 ona olan borcunu ödəmədiyi üçün avtomobil üçün verilmiş etibarnəməyə xitam verdiyini bildirir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh tərəfindən 15000 manat məbləğində pul vəsaitinin və məhkəmə xərcləri üçün ödənilmiş dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh məxsus xx.xx.2019-cu il qeydiyyat tarixli, 99SC014 qeydiyyat nişanlı “Hyudai İ40” minik markalı avtomobili X6 15000 manat məbləğində pulu verərək əldə etmişdir. Eyni zamanda iddiaçının qardaşı oğlu da 20000 manat məbləğində pul verərək Cavabdeh avtomobil əldə etmişdir. X9 onların vermiş olduğu pulu yanlarında Cavabdeh vermişdir. İddiaçı bildirir ki, qardaşı oğlu avtomobili aldıqdan sonra onu öz adına rəsmiləşdirmişdir. İddiaçı isə əldə etmiş olduğu xx.xx.2019-cu il qeydiyyat tarixli, 99SC014 qeydiyyat nişanlı “Hyudai İ40” minik markalı avtomobili bir müddət sonra rəsmiləşdirməyi düşünmüşdür. Bundan sonra Cavabdeh İddiaçı həmin avtomobilə dair özündə idarə etmə, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq səlahiyyətləri verən etibarnamə vermişdir. Həmin avtomobili bir müddət idarə etdikdən sonra 2022-ci ilin sentyabr ayında Bərdə Rayon Polis İdarəsindən etibarnamənin Cavabdeh tərəfindən ləğv edilməsi barədə məlumat verilmişdir. Qeyd olunan halla bağlı şikayət etdikdən sonra Cavabdeh iddiaçıya bildirmişdir ki, X9 ona yalnız pulun yarısını vermişdir, qalan məbləği isə verməmişdir. İddiaçı bildirir ki, o, 15000 manat məbləğində pulu Cavabdeh və X6 vermişdir.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1857/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 6.2, 389.1, 390.1, 417.3, 442, 448.1, 739.1-ci maddələri və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində mübahisəli hüquq münasibətinə tətbiq edilməli olan maddi hüquq normaları kimi Mülki Məcəllənihn 389.1, 6.2, 390-1, 417.3, 422, 448.1-ci maddələrinə istinad etmişdir. Həmin maddələrin mübahisəli hüquq münasibətinə tətbiq edilməsi ilə razıdır. Lakin məhkəmə həmin maddələri mübahisəli hüquq münasibətinə tətbiq etsə də, onları cavabdehin xeyrinə xeyrinə şərh etməkdə səhvə yol vermişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış və İddiaçı Cavabdeh 15.000 manata xx.xx.2019-cu il qeydiyyat tarixli, 99SC014 qeydiyyat nişanlı, “Hyundai 140” markalı minik avtomobilini almışdır. Beləliklə, tərəflər MM-in 389.1, 6.2, 390-1, 417.3-cü maddələrində nəzərdə tutulduğu kimi alqı-satqı müqaviləsi bağlamışlar. İddiaçı alqı-satqı müqaviləsinin şərtlərinə müvafiq olaraq 15.000 manat pulu cavabdehə X9 vasitəsilə ödəmiş, cavabdeh də ilkin olaraq müqavilə şərtlərinə riayət edərək avtomobili faktiki olaraq İddiaçı verməklə, eyni zamanda avtomobilin üzərində sərəncam vermək hüququ ilə bağlı ona etibarnamə vermişdir. Lakin sonradan cavabdeh alqı-satqı müqaviləsinin şərtlərini pozaraq avtomaşının üzərində sərəncam vermək hüququ ilə bağlı iddiaçıya verdiyi etibarnaməni ləğv etmiş və avtomobilin ondan geri alınmasına nail olmuşdur. Cavabdeh iddiaçıya satdığı avtomobili geri aldığı təqdirdə iddiaçıdan aldığı 15.000 manat pulu ona qaytarmalı olduğu halda bunu etməmişdir. Birinci instansiya məhkəməsi isə istinad etdiyi maddənin tələblərinə əsasən iddia tələbini təmin etmək əvəzinə iddianı rədd etməklə səhvə yol vermişdir.

8. İddiaçı tərəf avtomobilin alqı-satqı müqaviləsini bağlayarkən müqavilənin yazılı qaydada X1 həyata keçirilməsi ilə bağlı qaydaya riayət edilməməsini qəbul edir. Buna səbəb İddiaçı avtomobili müəyyən müddət istifadə etdikdən sonra onun üçün yararlı olubolmamasını dəqiqləşdirmək, əgər avtomobili yararlı hesab etməsə, onu satıb başqa avtomobil almaq niyyəti olmuşdur. Ona görə hesab edir ki, məhkəmə iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsinin formasına riayət edilməməsi qərarına gəlmişdirsə, onda MM-in 1091-ci maddəsinə (əsassız varlanma) əsasən iddia tələbini təmin etməli idi. Çünki cavabdeh iddiaçıya satdığı maşını geri almaqla yanaşı, ona ödənilmiş 15.000 manatı da özündə saxlamaqla hüquqi əsas olmadan iddiaçının hesabına əsassız varlanmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. Apellyasiya baxışı zamanı (və öncəki məhkəmə iclasında) iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddiaçı Əliyev Xalid vasitəsilə Cavidandan iki avtomobil əldə etmişdir. Avtomobillərə baxış keçirdikdən sonra iddiaçı özünə və qardaşı oğluna avtomobil almışdır. Qardaşı oğluna aldığı avtomobilin 20 min manata, özünə aldığı avtomobilin qiyməti isə 15.000 manat olmuşdur. Pul ödənildikdən sonra cavabdeh notariusa gedərək hər ikisinə etibarnamə vermişdir. Cavabdeh birbaşa iddiaçıya etibarnamə vermişdir. Məhkəmədə qarşı Xalidin vasitəsi ilə 3 avtomobilinn satıldığını və Xaliddən 70-80 min manat aldığını bildirmişdir. Əgər bu qədər miqdarda məbləğ olmuşdursa, onun 35 min manatı iddiaçı tərəfindən iki avtomobilə görə verilən məbləğlərdir. Bununla əlaqədar protokola qeyd də vermişdir.

11. Apellyasiya baxışı zamanı (və öncəki məhkəmə iclasında) Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini xahiş edərək izahatında bildirmişdir ki, o, əvvəllər maşın icarəsi ilə məşğul olmuşdur. Xalidə maşınları icarəyə götürməkdənsə, ilkin ödəniş edib satın almağı məsləhət görmüşdür. Xalid bu zaman biri özünə, biri isə dostuna olmaqla iki avtomobil, əlavə olaraq bir avtomobili də o maşınları icarəyə vermək üçün şirkət yaratsın deyə almışdır. İddiaçını daha öncə heç tanımamışdır. O, üç avtomobili 80.000 manata Xalidə satmışdır. 65.000 manat ödəniş edilmiş, 15.000 manatı isə hələ ödənilməmişdir. Düşünməmişdir ki, Xalidgil borcu qaytarmaz. Beləliklə, etibarnamə vermişdir. İddiaçı tərəf faizə pul verən şəxsdir. Xalidin pula ehtiyacı olmuş, iddiaçının həyətində avtomobilləri girov qoymuş və müqabilində iddiaçıdan pul götürmüşdür. Xalid ödənişləri edə bilməyəndə avtomobilləri qarşı tərəf öz adına rəsmiləşdirmişdir. O da ödənişləri ala bilməyəndə Xalidə etibarnaməni ləğv edəcəyini bildirmiş və sonuncu avtomobilin etibarnaməsini ləğv etdirmişdir, digərini isə ləğv edə bilməmişdir. Sonradan iddiaçı tərəf Xalidə borc müqaviləsi bağlamağı, əvəzində isə maşını qaytaracağını bildirmişdir. Müqavilə bağlansa da, avtomobillər geri qaytarılmamışdır. Qarşı tərəf maşınları qaytarsın deyə o Xalidlə birgə qarşı tərəfin qapısına da getmişdir. Yəni iddiaçı tərəf avtomobili almamışdır, Xalid avtomobilləri girov kimi iddiaçıya vermişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

13. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

14. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

15. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

16. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

19. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

21. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsimin (məhrum olanın) hesabına əmlak əldə etsin.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.44. Hazırda iddiaçı tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

28. Hazırda iddiaçı tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Belə ki, ilk növbədə onu qeyd etmək lazımdır ki, iddiaçı istər öz iddia ərizəsində, istər birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclaslarında, istərsə də apellyasiya baxışında iddia tələbini təşkil edən 15.000 manat məbləğində vəsaitin birbaşa olaraq hazırki iş üzrə Cavabdeh deyil, üçüncü bir şəxsə - Xalid Əliyevə verdiyini bildirmiş, həmin pul məbləğinin sonuncunun vasitəsi ilə cavabdehə ötürüldüyünü qeyd etmişdir. Göründüyü kimi əgər iddiaçı ilə hansısa şəxs arasında, həqiqətən, avtomobil alqı-satqısı və bundan doğan münasibətlər baş vermişdirsə (halbuki bu fakt hansısa sübutla təsdiq olunmamışdır), bu şəxs ilk növbədə cavabdeh deyil, tamamilə başqa bir şəxs olmuşdur və iddia tələbi həmin şəxsə qarşı yönəlməmişdir. İddiaçı pul qarşılığında aldığı avtomobilin mülkiyyətçisinin hazırki iş üzrə Cavabdeh olduğunu bildirərək bu əsasla iddia tələbi ilə bağlı subyektiv cavabdehin sonuncu olmasını qeyd etsə də, bu halda alqı-satqı müqaviləsi üzrə ödənilməli olan pul məbləğinin nəyə görə qanuni sahibi kimi cavabdehə deyil, üçüncü bir şəxsə ödənilməsi barədə məsələyə aydınlıq gətirməmiş, bununla bağlı məhkəməyə hansısa sübut təqdim etməmişdir.

31. Bununla belə məhkəmə kollegiyası iddiaçının, həqiqətən, məhz cavabdehlə alqı-satqı müqaviləsinin bağlama niyyətinin olması ehtimalını da göz önündə saxlayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

32. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

33. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

34. Hazırki mübahisədə iddiaçı cavabdehlə bağladığı alqı-satqı müqaviləsinə əsasən ona 15.000 manat pul verdiyini və qarşılığında ondan avtomobilin idarə olunması, o cümlədən onunla bağlı sərəncam vermə hüququnun təsbit olunduğu etibarnamə aldığını, lakin cavabdehin sonradan bu hüquqa xitam verərək əsassız varlandığını iddia edir. Məhkəmə iş materiallarına diqqət yetirdikdə hansısa pul qarşılığında Cavabdeh xx.xx.2019-cu il qeydiyyat tarixli, 99SC014 qeydiyyat nişanlı “HYUNDAİ İ40” minik markalı avtomobilini etibarnamə ilə İddiaçı verməsi ehtimalını istisna etmir. Lakin tərəflərin arasındakı razılaşma məbləğinin məhz 15.000 manat olması, bundan əlavə və ən əsası məhz həmin miqdarda pul məbləğinin cavabdehə verilməsi barədə hər hansı maddi sübut təqdim etməmişdir.

35. O cümlədən cavabdeh tərəfindən 3 avtomobilə görə ümumilikdə 65.000 manat məbləğində pul alındığı (hərçənd ki, cavabdeh də həmin pul məbləğinin iddiaçıdan deyil, Xalid Əliyev adlı şəxsdən aldığını bildirmişdir və bu da münasibətlərin birbaşa iddiaçı və cavabdeh arasında baş tutmadığını bir daha təsdiq edir) bildirilsə də, məhz hazırki iddia tələbini təşkil edən xx.xx.2019-cu il qeydiyyat tarixli, 99SC014 qeydiyyat nişanlı “HYUNDAİ İ40” minik markalı avtomobilə görə dəqiq olaraq hansı məbləğdə pul vəsaitini alması barədə hər hansı məlumat təqdim etməmişdir. Əgər iddianın əsasını cavabdehin əsassız varlanması halı təşkil edirsə, bu halda iddiaçı həmin əsassız varlanmanın miqdarını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməli idi.

36. Həmçinin, cavabdeh yenə Xalid Əliyev adlı şəxs tərəfindən ona həmin avtomobillərə görə 80.000 manat ödənilməli olduğu halda 65.000 manat ödənildiyini bildirmiş, 15.000 manat məbləğində borcun isə qaytarılmadığını bildirmişdir. Əgər məhkəmə heç bir maddi sübut olmadan hüquqi nəticəyə gələ bilərsə, bu halda cavabdeh tərəfindən qeyd edilən, ödənilməyən 15.000 manat məbləğində vəsaitin də məhz iddiaçının ödədiyini iddia etdiyi məbləğlə eyniləşdirə bilər və iddiaçının tələbini məhz bu əsasla rədd edə bilərdi. Göründüyü kimi bu halda da heç bir maddi sübuta söykənməyən və hüquqi əsası olmayan mövqe sərgilənmiş olacaqdı.

37. Yuxarıda qeyd edilənlərə əsasən kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, qaytarılmasını tələb etdiyi həmin pulun, ümumiyyətlə, mövcudluğuna, cavabdehin isə ona məxsus həmin pulu götürmüş və qaytarmalı olduğuna dair heç bir sübut təqdim etməmişdir.

38. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

39. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

40. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”.

41. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

42. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunmalıdır.

43. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1857/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar