Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7062/2020 05.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, X1 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, Tərcüməçi X4 qızının iştirakları ilə X1 Cavabdeh qarşı “pul tələbi”nə dair Bakı şəhəri Səbail Rayon Мəhkəməsinin 2(009)-412/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ödədiyi 2500 ABŞ dolları və 4975 manat pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 2017-ci il tarixdə və xx xxx 2017-ci il tarixdə cavabdeh ilə iddiaçı arasında cavabdehin dırnaq dizaynı üzrə professional biliklərinin artırılması üçün treninqlərdə iştirakına dair müqavilələr bağlanmışdır. Sözügedən treninqlər üzrə Rusiya Federasiyasında fəaliyyət göstərən E.Miroşniçenko adına məktəbdə treninqlərdə iştirak etmək, treninq kurslarının ödənişlərini etmək, ezamiyyət pulu və digər zəruri xərclərin qarşılanması məqsədilə iddiaçı tərəfindən cavabdehə xx xxxx 2017-ci il tarixli müqaviləyə əsasən 2500 ABŞ dolları, xx xxx 2017-ci il tarixli müqaviləyə əsasən isə 4975 manat pul verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq pul məbləğlərini aidiyyəti üzrə xərclədiyinə dair hesabatı və ya kassa çeklərini iddiaçıya təqdim edə bilməmişdir. Müqavilənin tələblərinə riayət etmədiyinə görə cavabdeh iddiaçıdan aldığı pulu geri qaytarmalıdır. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Sonradan iddiaçı iddianın əsasını dəyişərək göstərmişdir ki, müqavilənin 3.2.2-ci bəndinə əsasən qeyd edilən məbləğlər cavabdehə o şərtlə verilmişdir ki, o, treninq və məşğələlərdə əldə etdiyi bilgi və bacarıqlarını iddiaçının təsis edəcəyi dırnaq dizayn mərkəzində ən az 3 il tətbiq etməli idi və ya həmin mərkəzin yaranmasına qoyulmuş sərmayə və yatırımlar çıxana qədər işləməli idi. Cavabdeh xx xxxx 2017-ci il tarixdə təsis edilmiş mərkəzdə direktor vəzifəsində işə başlamış, xx xxxxxx 2019-cu il tarixdə heç bir səbəb bildirmədən ərizəsi ilə vəzifəsindən ayrılmışdır. Bundan sonra cavabdeh başqa bir salonda dırnaq dizayneri kimi işə başlamışdır. Cavabdeh özü etiraf edir ki, təsis olunan dırnaq dizaynı mərkəzində 1 il 7 ay işlədikdən sonra özü öz ərizəsi ilə işdən ayrılmışdır. Bakı şəhəri Səbail Rayon Мəhkəməsinin 2(009)-412/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. X2 apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh isə apellyasiya şikayətinin əsassız olduğunu qeyd edərək izahatında bildirmişdir ki, iddiaçı onun müştərisi olmuş və sonradan iddiaçı onun tələbəsi olmuş, bu barədə sertifikat da mövcuddur. Bir müddət sonra iddiaçı ona kurslara qatılıb biliklərini artırmağı təklif etmiş və o buna razı olmuşdur. İki fərqli kursa qatıldıqdan sonra onlar iddiaçı ilə birlikdə işləməyə başlamışlar. O, təsis edilmiş “xxxxxxxxx” MMC-nin direktoru işləmiş, lakin sonradan İddiaçı özü direktor işləmək istəmiş, buna görə də aralarına olan qarşılıqlı razılıq əsasında işdən ayrılmışdır. İşdən ayrıldıqdan sonra da iddiaçı ilə bir neçə dəfə əlaqə saxlamış, lakin iddiaçı ona hazırki tələb etdiyi pul məbləğləri barədə heç nə deməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, “qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatları əks etdirməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh olunmalı, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir. İddia tələbi qismən təmin edildikdə, qətnamədə əvvəl iddianın təmin olunan hissəsi, sonra isə təmin olunmayan hissəsi əsaslandırılmalı, qətnamənin nəticə hissəsində iddianın kimin haqqında hansı hissəsində təmin və yaxud rədd olunması konkretləşdirilməlidir”. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib etməmiş, iddiaçının iddiasının əsasını dəyişməsinə baxmayaraq birinci instansiya məhkəməsi iddiaya ilkin əsasla qiymət vermiş və iddia tələbini rədd etmişdir; halbuki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, qeyd olunan hal birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətlərinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2017-ci il tarixli müqavilənin 2.1-ci bəndindən görünür ki, sponsor (iddiaçı) iştirakçıya (cavabdehə) Y.Miroşniçenko adına məktəbdə keçirilən treninqlərdə iştirak etməsi üçün 2500 ABŞ dolları məbləğində pul verməyi öhdəsinə götürür. İş materiallarında olan xx xxxx 2017-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 2500 ABŞ dolları məbləğində pul verilmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxx 2017-ci il tarixli müqavilənin 2.1-ci bəndindən görünür ki, sponsor (iddiaçı) iştirakçıya (cavabdehə) Y.Miroşniçenko adına məktəbdə keçirilən treninqlərdə iştirak etməsi üçün 4975 manat məbləğində pul verməyi öhdəsinə götürür. İş materiallarında olan xx xxx 2017-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 4975 manat məbləğində pul verilmişdir. Hər iki müqavilənin 2.2-ci bəndinə əsasən iştirakçı (cavabdeh) sponsor (iddiaçı) tərəfindən verilmiş pulu müqavilə tələblərinə uyğun xərcləməyi və Bakıya qayıdan kimi xərclərlə bağlı olan qəbzləri iddiaçıya təqdim etməyi öhdəsinə götürür. Hər iki müqavilənin 3.2.2-ci bəndinə əsasən sponsorun iştirakçıdan əldə etdiyi vərdişləri Azərbaycanda dırnaq dizaynı üzrə biznesin inkişafına yatırmağı, o cümləədn sponsorun təsis etdiyi biznesdə həmin biznesin Azərbaycanda hüquqi təsis anından 3 ildən az olmayaraq dırnaq dizaynı üzrə təlimatçı (müəllim) qismində işləməyi və ya ən azından sponsorun həmin biznesin qurulmasına xərclədiyi pulları, o cümlədən ofisin icarəsinə və təmirinə xərcləri ödəməyi tələb etmək hüququ vardır. Hər iki müqavilənin 4.2-ci bəndinə əsasən tərəflər hazırki Müqavilənin şərtlərinin icrası zamanı aralarında yarana biləcək bütün mübahisələri sülh yolu ilə həll etməyə çalışırlar. Əgər danışıqlar yolu ilə razılıq əldə olunmazsa, tərəflər arasında bütün mübahisələr Azərbaycan Respublikasının məhkəmələrində həll olunacaqdır. İş materiallarında olan ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə “xxxxxxxxx” MMC-də direktor vəzifəsinə təyin olunmuş, xx.xx.2019-cu il tarixdə isə həmin vəzifədən öz xahişi ilə azad olunmuşdur. İş materiallarında olan Y.Miroşniçenko adına məktəb tərəfindən ünvanlanmış məktubundan görünür ki, məktubda Cavabdeh 2017-ci ilin aprel ayında sözügedən məktəbdə treninqlərdə iştirak etdiyi qeyd edilmişdir. Məktubda eyni zamanda qeyd edilmişdir ki, iştirakçı tərəfindən bütün treninq xərcləri ödənilmişdir. İş materiallarında olan Y.Miroşniçenko adına məktəb tərəfindən verilmiş 5833 qeydiyyat nömrəli sertifikatın surətindən görünür ki, Kukova Kseniya Y.Miroşniçenko adına məktəbdə dırnaq dizaynları üzrə treninqlərdə iştirak etmişdir. İş materiallarında olan “xxxxxxxxx” MMC-nin 13 nömrəli xx xxxxxx 2019-cu il tarixli qərarının surətindən görünür ki, cəmiyyətin iştirakçısı olan İddiaçı “xxxxxxxxx” MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan “xxxxxxxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli qərarının surətindən görünür ki, İddiaçı Cavabdeh direktor vəzifəsindən azad olunması barədə qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında müqavilə bağlanmışdır. İddiaçı cavabdehə Y.Miroşniçenko adına məktəbdə dırnaq dizaynı üzrə treniqlərdə iştirak etmək üçün fərqli tarixlərdə 2500 ABŞ dolları və 4975 manat pul vermişdir. Cavabdeh isə əvəzində treninqlərdə iştirak etməyi və treninqlərdə öyrəndiklərini “xxxxxxxxx” MMC-də tətbiq etməyi öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən də, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından iddiaçı ilə cavabdeh arasında müqavilələrdən irəli gələn öhdəlik münasibətləri yaranmış, cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında bağlanmış hər iki müqavilənin 3.2.2-ci bəndinə əsasən sponsorun iştirakçıdan əldə etdiyi vərdişləri Azərbaycanda dırnaq dizaynı üzrə biznesin inkişafına yatırmağı, o cümlədən sponsorun təsis etdiyi biznesdə həmin biznesin Azərbaycanda hüquqi təsis anından 3 ildən az olmayaraq dırnaq dizaynı üzrə təlimatçı (müəllim) qismində işləməyi və ya ən azından sponsorun həmin biznesin qurulmasına xərclədiyi pulları, o cümlədən ofisin icarəsinə və təmirinə xərcləri ödəməyi tələb etmək hüququ vardır. Bununla belə, Cavabdeh xx.xx.2017-ci il tarixdə “xxxxxxxxx” MMC-də direktor vəzifəsinə təyin olunmuş, xx.xx.2019-cu il tarixdə isə həmin vəzifədən öz xahişi ilə azad olunmuşdur. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilələrə əsasən cavabdeh iddiaçıya aid şirkətdə 3 il işləmək öhdəliyini üzərinə götürsə də, 1 il 8 aydan sonra işdən çıxmış, bununla da üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Həmçinin iş materiallarından görünür ki, iddiaçı cavabdehə Y.Miroşniçenko adına məktəbdə dırnaq dizaynı üzrə treniqlərdə iştirak etmək üçün fərqli tarixlərdə 2500 ABŞ dolları və 4975 manat pul vermişdir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən qeyd etmişdir ki, cavabdeh iddiaçı ilə işdən azad olunması ilə bağlı şifahi razılığa gəldikdən sonra iddiaçının əmri ilə işdən azad olunmuş və bu barədə iddiaçı əmr imzalamaqla qarşı tərəflə razılığa gəldiyini və cavabdehin işdən azad olunmasına hər hansı etirazının olmadığını göstərmişdir ki, bu hal da tərəflər arasında imzalanmış müqavilə ilə tənzimlənmişdir. Kollegiya birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmır. Belə ki, Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin məcəllənin 69.2-ci maddəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Göründüyü kimi işçi işdən azad olunması barədə işəgötürənə ərizə təqdim etdikdə işəgötürən onun tələblərini yerinə yetirməyə borcludur. Yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödəmiş olduğu dövlət rüsumunun əvəzi qismində 45 (qırx beş manat) manat Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Мəhkəməsinin 2(009)-412/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. Cavabdeh 2500 (iki min beş yüz) ABŞ dolları (ödəniş gününə manat məzənnəsi ilə) və 4975 (dörd min doqquz yüz yetmiş beş) manat pul, həmçinin iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödəmiş olduğu dövlət rüsumunun əvəzi qismində 45 (qırx beş manat) manat alınaraq X3na ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-7062/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7062/2020
05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver