Məhkəmə qərarları › İş №2(103)-7064/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7064/2020

25.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7064/2020 25.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Şərafət Məmmədova və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması, əldən çıxmış faydanın və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: İddiaçı (borc verən) ilə cavabdeh (borc alan) arasında 15.000 ABŞ dolları, 5.000 ABŞ dolları və 2.500 manat məbləğində pula dair 2018-ci ilin oktyabr-noyabr aylarında müxtəlif günlərdə şifahi formada borc müqaviləsi bağlanıb. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, əsas borc kimi 20.000 ABŞ dolları və 3.000 manat, əldən çıxmış fayda kimi 3.000 manat, mənəvi zərərin əvəzi kimi 3.000 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, əsas borc kimi 19.118 ABŞ dolları məbləğində pul ödəniş günü valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə, dövlət rüsumunun əvəzi kimi 30 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun, iddianın qalan hissəsi rədd olunsun. Şikayət və izahatlar: Apelyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Şikayət onunla əsaslandırılıb ki, 15.000 ABŞ dolları, 5.000 ABŞ dolları və 2.500 manat birgə biznes işinin görülməsi üçün qoyulub, həmin pulların borc kimi alınması barədə məlumat həqiqətə uyğun deyil. Bundan başqa, borcun məbləği 3.000 manatdan çoxdur, əgər pul borc verilmişdirsə Mülki Məcəllənin 740.2-ci maddəsinin tələbinə görə müqavilə yazılı formada bağlanmalı idi. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Qətnamənin yoxlanılması: Qətnamənin bir hissəsi – iddianın təmin edilməsinə aid olan hissəsi mübahisləndirilib. Belə ki, apelyasiya şikayətində qətnamənin ləğvi xahiş olunsa da şikayətin dəlillərinən görünür ki, cavabdeh iddianın rədd edilməsinə aid hissədə qətnaməni mübahisələndirmir. Ona görə də qətnamə iddianın təmin edilməsinə aid hissədə yoxlanılmalıdır. Yoxlanılan hissədə işin halları 2 yerə bölünməlidir: 1) mübahisə doğurmayan hallar; 2) mübahisə doğuran hallar. Məhkəmə həmin hallarla bağlı ardıcıllıqla aşağıdakıları qeyd edir: Mübahisə doğurmayan hallar: Birinci, 15.000 ABŞ dolları, 5.000 ABŞ dolları və 2.500 manat məbləğində pulun 2018-ci ilin oktyabr-noyabr aylarında müxtəlif günlərdə iddiaçı tərəfindən cavabdehə verməsi mübahisə doğurmur. Belə ki, iddiaçı həmin məbləğdə pul verdiyini bildirir, cavabdeh isə bunu etiraf edir. İkinci, 4.000 manat pulun cavabdeh tərəfindən iddiaçıya qaytarması mübahisə doğurmur. Belə ki, cavabdeh həmin məbləğdə pulu qaytardığını bildirir, iddiaçı isə bunu etiraf edib. Qətnamə ilə tutulması qət edilmiş 19.118 dollar verilən puldan (15.000 dollar, 5.000 dollar və 2.500 manatdan) qaytarılan pulun (4.000 manatın) çıxılması nəticəsində qalan puldur. Belə ki, 4.000 manatın hesabına əvəlcə 2.500 manat silinib, 4.000 manatın qalan 1.500 manatı isə 882 dollara bərabər tutulub (1 dollar 1,70 manat olmaqla), həmin 882 dollar 20.000 dollardan (15.000 dollar və 5.000 doların cəmindən) çıxılıb, qalan məbləğ 19.118 dollar təşkil edib. Hesablamanın 1 dollar 1,70 manata bərabər tutulmaqla aparılmasını isə cavabdeh tərəfin özü izahatında tələb edib. Mübahisə doğuran hallar: Birinci, pulun borc kimi verilməsi cavabdeh tərəfindən mübahisləndirilir: o, bildirir ki, pul birgə biznes (sahibkarlıq) fəaliyyəti üçün verilib. Lakin pulun birgə sahibkarlıq fəaliyyəti üçün verildiyini təsdiq edən sübut yoxdur. İddiaçı pulu borc kimi verdiyini bildirir, habelə cavabadehin polis orqanında verdiyi yazılı izahatın (iş v. 87) məzmunundan müəyyən olunur ki, o, həmin pulu borc kimi almışdır. İkinci, borc müqaviləsinin forması ilə bağlı məsələ cavabdeh tərəfindən mübahisləndirilir: o, bildirir ki, 3.000 manatdan yuxarı olan məbləğə dair borc müqaviləsi yazılı formada bağlanmalıdır, lakin yazılı formalı müqavilə mövcud deyil. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir: Mülki Məcəllənin 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği 3.000 manatdan çoxdursa o, yazılı formada bağlanmalıdır. Bu norma tərəflərin arasındakı münasibətə aşağıda göstərilən qaydada tətbiq edilməlidir: Birinci, tərəflərin arasında ayrı-ayrı tarixlərdə 3 borc müqaviləsi bağlanıb: 15.000 dollar, 5.000 dollar və 2.500 manata dair. 2.500 manata dair borc müqaviləsi şifahi formada bağlana bilər. İkinci, 15.000 və 5.000 dollara dair borc müqaviləsi yazılı formada bağlanmalı idi, lakin şifahi bağlanıb. Qeyd olunmalıdır ki, müxtəlif ölkələrin mülki qanunvericiliyində borc müqaviləsinin yazılı formasına dair göstərişlər müəyyən edilib, lakin eyni zamanda borc münasibətinin xüsusiyyətləri nəzərə alınaraq bununla bağlı əlavə göstərişlər də nəzərdə tutulub. Məs., RF-nın Mülki Məcəlləsinin 808-ci maddəsinin 1-ci hissəsində yazılı forma ilə bağlı göstəriş müəyyən edildikdən sonra maddənin 2-ci hissəsində qeyd olunub ki, borc müqaviləsinin və onun şərtlərinin təsdiqi üçün borc alan tərəfindən qəbz və ya digər sənəd verilə bilər, hansı ki, borc verənin ona müəyyən məbləğdə pul verdiyinin sübut edir. Lakin xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə borc müqaviləsinin yazılı forması ilə bağlı göstəriş daxil edildikdən sonra hər hansı əlavə göstəriş müəyyən edilməyib. Ona görə də yazılı formaya riayət edilmədikdə Mülki Məcəllənin 329.1-ci maddəsi tətbiq edilməlidir. Orada qeyd olunub ki, qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Lakin cavabdeh borc müqaviləsinin bağlandığını yazılı formada təsdiq edib. Bu təsdiq məhkəmədən əvvəl polis orqanında verilən yazılı izahatda (iş v. 87) edilib. Cavabdeh təsdiq edib ki, iddiaçıdan 15.000 ABŞ dolları, 5.000 ABŞ dolları və 2.500 manat məbləğində pulu borc alıb və onu 2019-cu il yanvar ayının əvvəlində geri qaytarmaq öhdəliyini üzərinə götürüb. Borc müqaviləsinin yazılı forması ilə bağlı qanundakı göstərişin məqsədi tərəflərin özlərinin maraqlarını qorumaqdan ibarətdir, çünki borc müqaviləsinin və müqavilədən əmələ gələn hüquqların hər hansı dövlət orqanında qeydə alınması tələb olunmur, yaxud, bu müqavilə üçüncü şəxslərin mənafelərinə toxunmur. Ona görə də müqavilənin yazılı təsdiqi ilə məqsəd təmin olunmuş sayılır, cavabdeh forma ilə bağlı mübahisə etmək hüququnu itirir. Mülki Məcəllənin 351.3-cü maddəsinə görə əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Borc müqaviləsi üzrə təsdiq etmə o halda qəbul edilməyə bilər ki, müqavilə əxlaq tələblərinə zidd olsun və ya üçüncü şəxslərin mənafelərini pozsun. Belə ki, Mülki Məcəllənin 351.5-ci maddəsinə görə təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın. Beləliklə, qətnamənin mübahisləndirilən hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, həmin hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə cavabdehin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar