Məhkəmə qərarları › İş №2(103)-7064/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7064/2023

19.12.2023 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7064/2023 19.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzilə mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: "mənzilə mülkiyyət hüququnun tanınması") Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-3031/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “yaşamış olduğu Nəriman Nərimanov küçəsi, dalan 1, ev 2 ünvanında 2-ci mərtəbədə, 806 şərti kodlu, 50,6 kvadrat metr evin üzərində mülkiyyət hüquqlarının tanınması, qeydiyyata alınması və adına çıxarışın verilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1980-ci ildə Nəriman Nərimanov küçəsi, dalan 1, ev 2 ünvanında babasının atasına məxsus olan həyətdəki evdə anadan olmuş, 5 nəfərlik ailə çox çətin şəraitdə 11,7 kvadrat metr 1 otaqlı qəzalı evdə yaşamışdır. Atası Cavabdeh 2-ci qrup əlil kimi 1983-cü ildən Yasamal rayonunda mənzil uçotu qeydiyyatına alınmışdır. Dəfələrlə yuxarı instansiyalara müraciət edilməsinə baxmayaraq Sovet hakimiyyəti dövründə mənzillə təmin edilməmişlər. Sovet hakimiyyəti dağıldıqdan sonra 1993-cü ildə atası Cavabdeh yaşadıqları 1 otaqlı evin və ona bitişik mətbəxin sökülərək yenidən inşasına və ikinci mərtəbənin tikintisinə başlamışdır. Evin həm birinci, həm də ikinci mərtəbəsinin inşasında İddiaçı da, bacıları da yeniyetmə olmaqlarına baxmayaraq yaxından iştirak etmişlər. Evin tam təmiri 1998-ci ildə yekunlaşmışdır. 2000-ci ildə Cavabdeh və arvadı 2-ci mərtəbədəki evi İddiaçı bağışlayaraq özləri 1-ci mərtəbədə iddiaçının babasına məxsus evdə yaşamağa başlamışlar. İddiaçı isə 2002-ci ildə 2-ci mərtəbədə sanitar qovşaq və mətbəx tikmişdir. 2012-ci ilin yanvar ayından 07 oktyabr 2022-ci il tarixədək iddiaçı faktiki olaraq 2-ci mərtəbədə tək yaşamış və bir neçə dəfə evi təmir etdirmişdir. 2014-cü ildən etibarən Sovetski adlanan ərazidə söküntü prosesi başlamışdır. 2-ci mərtəbədəki evin sənədlərinin hazırlanması üçün bir neçə dəfə aidiyyəti uzrə müraciət edilsə də, söküntü ərazilərinə yeni çıxarışlar verilmədiyindən müraciətlər uğursuzluqla nəticələnmişdir. 2018-ci ilin dekabrında Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri iddiaçının faktiki olaraq yaşadığı evi, o işdə olduğu zaman 806 şərti kod yazaraq Cavabdeh adına qeydiyyata almışlar. Halbuki, Cavabdeh həmin evin 1-ci mərtəbəsində digər bir evi və həmçinin, faktiki mərhum arvadı, qızı və ailəsilə birlikdə yaşadığı, məhkəmə yolu ilə vərəsəliyinin müəyyən edildiyi digər bir ata evi də mövcud idi. xx.xx.2022-ci il tarixdə bir qrup məmur iddiaçının ailəsinə məxsus olan və böyük ailə ilə faktiki yaşadıqları bir neçə evi, həmçinin iddiaçının 2-ci mərtəbədəki 50,6 kvadrat metr sahəli evini, guya ki, “qəzalı olduğu və Fövqəladə Hallar Nazirliyinin rəyinə əsasən sökülməli olduğu" üçün məhkəmənin predmeti olmasına baxmayaraq (belə ki, növbəti məhkəmə xx.xx.2022-ci il tarixə təyin edilmişdi), özləri və əşyaları zorla küçəyə çıxarılaraq, gözlərinin qarşısında qanunsuz olaraq sökmüşlər. Elə oradaca evi söküləndən dərhal sonra ona İnşaatçılar pr. 20/A, mənzil 22-nin açarları təqdim edilmiş, lakin orada faktiki yaşayan atası, bacısı və ailəsinə heç bir mənzil sahəsi təqdim edilməmişdir. Ona təqdim edilən iki otaqlı mənzilə dərhal bacısı, yoldaşı və uşaqlarını yerləşdirmişdir. Atası və o həmin tarixdən faktiki olaraq qohumlarının evində qalır. Dəfələrlə aidiyyəti qurumlara müraciət etmiş, həmin qurumlardan ona bildirilmişdir ki, ona söküntü vaxtı açarları təqdim edilən evi ona məxsus olmuş sökülmüş 50 kvm. sahəsi olan evlə əvəzləşdirmək istəyirlər. O buna razıdır, lakin Yasamal RİH həmin evin sənədlərində atası Cavabdeh adına qeyd edildiyini bəhanə edərək onunla alqı-satqı müqaviləsi bağlamaqdan boyun qaçırır. Bu səbəbdən, hazırkı iddia tələbini qaldırmaq məcburiyyətində qalmışdır.

3. Birinci instansiya məhkəməsi tərəfindən Yasamal Rayon İcra Hakimiyyəti, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X40 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

4. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının “mülkiyyət hüquqlarının qeydiyyata alınması və adına çıxarışın verilməsi tələbləri” hissəsində mülki iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsin əsasən həmin tələblərə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması səbəbindən xitam verilmişdir.

5. Yasamal Rayon Məhkəməsinin 2(004)-3031/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Təhminə Xəlilova) ilə baxılan iddia tələbi təmin edilməmişdir.

6. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

7. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyini bildirmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

8. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək, bildirdi ki, mühabisə olunan ev 2000-ci ilədək inşa edilmiş, elə həmin vaxtdan da onların istifadəsində olmuşdur, evin 2-ci mərtəbəsində o yaşamış, müəyyən təmir-bərpa işləri həyata keçirmiş, 2014-cü ildən Sovetski adlanan ərazidə söküntü işləri başlamışdır, 2-ci mərtəbəyə sənəd əldə etmək üçün aidiyyəti qurumlara müraciət etmiş, lakin bildirilmişdir ki, söküntü olan evlərə çıxarış verilmir. 2018-ci ildə Yasamal RİH ona məxsus olan 2-ci mərtəbədəki evi atasının, yəni Cavabdeh adına qeydiyyata almışlar. Halbuki, atasının 1-ci mərtəbədə evi və həmin ünvanda olan vərəsəlik qaydasında keçmiş başqa bir evi var idi. 2022-ci ildə həmin evləri sökəndən sonra İnşaatçılar pr-də ona 2 otaqlı ev verdilər, o da o evi bacısının evi olmadığı üçün bacısını ailəsi ilə birlikdə ora köçürdü, atası və o, həmin vaxtdan orda-burda yaşayırlar. Yasamal RİH süni manelər yaradaraq 30 ildən çoxdur tikib yaşadığı evə dair onunla alğı-satqı etməkdən boyun qaçırırlar, səbəb kimi sənədlərdə atasının adının olmasıdır. Qeyd edilənlənlərə əsasən, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsini xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayəti ilə razılaşaraq bildirdi ki, 40 ildir o, mənzil uçotundadır, evləri söküldü, lakin onara 1 ev verildi. Halbuki 4 mənzil verilməli idi. Bu səbəbdən, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

10. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Yasamal Rayon İcra Hakimiyyəti, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X40 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:

11. Bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi ümumbirgə mülkiyyət kimi X41, X17, X18, X19 və X25 adlarına 170 nömrəli kitabda, 7299 nömrəli səhifədə qeydiyyatdan keçmişdir.

12. “Oktyabr” rayonu xalq deputaları Sovetinin xx.xx.1983-cü il tarixli qərarının surətindən görünür ki, Cavabdeh 5 üzvdən ibarət ailəsi (arvadı və üç uşağı) ilə birlikdə mənzil növbəsinə qəbul edilmişdir (i/v 11).

13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Döylət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Yasamal Rayon Məhkəməsinin sorğusuna xx.xx.2019-cu il tarixli, **********64 saylı cavab məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Nərimanov küçəsi, dalan 1, 2 saylı fərdi yaşayış evi tarixsiz olaraq X1, X20, X21, X19, X25 adlarına ilkin qeydiyyatdan keçmişdir. 14 saylı DNK-nın 4Ə/165 reyestr nömrəli xx.xx.2001-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən evin 1 otağı xx.xx.2001-ci il tarixdə X12 adına qeydiyyatdan keçmişdir. 14 saylı DNK-nın 03.11,2001-ci il tarixli 2v-165 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən 1/5 hissədən qalan hissə xx.xx.2009-cu il tarixdə X2 adına qeydiyyatdan keçmişdir.

14. Daşınmaz Əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən verilən xx.xx.2019-cu il tarixli arayışın surətindən bəlli olur ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, (Sovetski küçəsi) dalan 1, 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 170h/e nömrəli reyestr kitabının 7299 nömrəli vərəqində qeydiyyata alınmışdır.

15. Bakı şəhər Yasamal rayon məhkəməsinin 2(004)-4397/2019 nömrəli, xx.xx.2019ci il tarixli qətnaməsi ilə İddia ərizəsi təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi (keçmiş Sovetski), dalan 1, ev 2 ünvanında X13 miras qalmış fərdi yaşayış evinin iddiaçı Cavabdeh tərəfindən qəbul edilməsi faktı müəyyən edilməsi, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi (keçmiş Sovetski), dalan 1, ev 2 ünvanında X13 miras qalmış fərdi yaşayış evinin 1/24 hissəsinə X3, 1/48 hissəşinə X7, 1/48 hissəsinə X8, 1/32 hissəsinə İbrahimova (Dostəliyeva) Reyhanə Əbülfəs qızının, 1/32 hissəsinə İbrahimova (Dostəliyeva) Rəna Əbülfəs qızının, 1/96 hissəsinə X10, 1/96 hissəsinə X14, 1/96 hissəsinə X9, 1/32 hissəsinə X4, 1/32 hissəsinə X23, 1/32 hissəsinə X5, 1/96 hissəsinə X22, 1/96 hissəsinə X26, 1/96 hissəsinə X27, 1/32 hissəsinə Kuhi (Dostəliyeva) Gülarə Əbülfəs qızının, 1/4 hissəsinə X6, 1/4 hissəsinə X15 və 1/6 hissəsinə Cavabdeh vərəsəlik payları müəyyən edilməsi qət edilmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər X11 (sədrlik edən və məruzəçi), X16 və X34 ) xx.xx.2021-ci il tarixli 2(103)-5255/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 sentyabr 2019-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3580/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər E.Vəliyeva, E.Şamayev, A.Abbasov) xx.xx.2022-ci il tarixli, 2(102)-626/2022 nömrəli qərarı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-5255/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və mülki işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3580/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə maraqlarına toxunan şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetri publik hüquqi şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli 2(004)- 4397/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

19. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

20. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

21. Hazırkı iş üzrə mübahisəsiz qaydada müəyyən olur ki, iddiaçının ünvan 3 ünvanında 2-ci mərtəbədə, 806 şərti kodlu, 50,6 kvadrat metr evin üzərində mülkiyyət hüquqlarının tanınmasını tələb etdiyi həmin tikili (ev) özbaşına tikili olmuşdur və sökülmüşdür.

22. Mülki Məcəllənin 180.3-cü maddəsinə görə, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun.

23. Kollegiya bildirir ki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

24. Hazırkı halda iddiaçının bildirdiyi faktiki hallar iş üzrə tətbiq edilməli olan Mülki Məcəllənin 180.3-cü maddəsinin dispozisiya şərtləri ilə uzlaşmır.

25. Belə ki, iddiaçının mülkiyyət hüququnun tanınmasını tələb etdiyi özbaşına tikili onun mülkiyyətində olan torpaq sahəsində olmamışdır. Ən əsası isə həmin özbaşına tikili sökülmüşdür və hazırda mövcud deyildir. Belə olan halda məlum olur ki, hazırkı iddia tələbi əsassızdır və təmin edilə bilməz.

26. Kollegiya hesab edir ki, iddia tələbini təmin etməyən birinci instansiya məhkəməsi mahiyyət etibarı ilə iş üzrə düzgün nəticəyə gəlmişdir. MPM-in 385.2-ci maddəsin görə də, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

27. Bundan başqa, aparılmış araşdırmalar zamanı məlum olmuşdur ki, iddiaçının hazırkı tələbi irəli sürməsində yeganə məqsədi, onlara məxsus olmuş tikilinin(evin) sökülməsi müqabilində icra orqanı tərəfindən onlara verilmiş və faktiki olaraq istifadələrində (iddiaçı bildirir ki, həmin mənzildə bacısı yaşayır) olan mənzilin iddiaçının və ya bacısının adına sənədləşdirilməsində yaradılan problemlərin həlli ilə bağlıdır. Baxılan işin müəyyən olunmuş faktiki halları və ona tətbiq olunmalı normalardan da göründüyü kimi, həmin mübahisənin hazırkı iddiaya əsasən və bu icraat qaydasında həlli mümkünsüzdür.

28. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, müvafiq icra hakimiyyəti tərəfindən sökülən evin sahibinə, həmin evin sökülməsi müqabilində təhvil verilmiş İnşaatçılar pr. 20/A, 22 saylı mənzilin müvafiq qaydada sənədləşdirilməsi məsələsinin həlli üçün, inzibati orqana qarşı inzibati məhkəmədə müvafiq iddia qaldırmaq hüququn olması izah edilməlidir. Nəticə:

29. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mahiyyət etibarı ilə iş üzrə düzgün nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

30. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.

31. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-3031/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Müvafiq icra hakimiyyəti tərəfindən sökülən evin sahibinə, həmin evin sökülməsi müqabilində təhvil verilmiş İnşaatçılar pr. 20/A, 22 saylı mənzilin müvafiq qaydada sənədləşdirilməsi məsələsinin həlli üçün, inzibati orqana qarşı inzibati məhkəmədə müvafiq iddia qaldırmaq hüququn olması izah edilsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Kamran Əkbərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar