Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7066/2020 15.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadəninkatibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından İddiaçıtərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(003)-2214/2020 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı məhkəmənin həmin qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardad qəbul edərkən qanuvericiliyin tələblərini pozmuşdur. Belə ki, məhkəmə iddia ərizəsinin geri qaytarılmasının ümumi prosessual əsasını göstərsə də, tərəflər arasında münasibətləri tənzilməyən maddi normaya əsaslanmamışdır. Tərəflər arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin 5.2-ci bəndinin şərti pretenziya qaydası kimi qəbul edilə bilməz. Hüquqi şəxsin rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan şəxs barəsində məlumatları əks etdirən sənədləri dəqiqləşdirmək üçün isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına müraciət etmək kifayətdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X2 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası izahatı dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilərək baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehdən borcun tutulmasını xahiş etmiş, lakin iddiaçı borcun ödənilməsini cavabdehə təklif etməmişdir. Halbuki, tərəflər arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin 5.2-ci maddəsinə əsasən həmin müqavilə ilə yaranan mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda, tərəflər məhkəməyə müraciət edə bilərlər. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilədə birbaşa yaranmış mübahisənin məhkəməyə qədər nizama salınması öz əksini tapmışdır. Cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Həmçinin, iddia ərizəsini etibarnamə əsasında ona imza səlahiyyəti verilmiş X4 imzalamış, lakin, bu etibarnaməni verən hüquqi şəxsin rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan şəxs barəsində məlumatları əks etdirən sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 4.3-cü maddəsinə əsasən, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi, «məhkəməyə qədər nizamlama (pretenziya) qaydası» dedikdə, qanun kommersiya mübahisələrini nəzərdə tutmuşdur ki, hazırki iş də həmin kateqoriya işlərə aid deyildir. Qanunla bu kateqoriya işlər üçün pretenziya qaydasına riayət edilməsi nəzərdə tutulmamışdır. Tərəflər arasında bağlanmış alqı-satqısı müqaviləsinin 5.2-ci bəndində qeyd edilən şərt pretenziya qaydası kimi qəbul edilə bilməz və bu şərt müqavilə tərəfini birbaşa məhkəməyə müraciət etmək hüququndan məhrum etmir. Kollegiya hesab edir ki, hazırki halda iddiaçı mülki və mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququndan istifadə etməkdə haqlıdır. Məhkəmənin qeyd etdiyi iddia ərizəsinin səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmasına münasibətdə isə Kollegiya qeyd edir ki, Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında X3 çıxarışdan görünür ki, müvafiq etibarnaməni vermiş X5 İddiaçı İB-nin qanuni təmsilçisidir. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi prosessual hüquq normalarının tələblərini pozmuş, bununla da iddiaçının hüquqları, o cümlədən, onun ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli və iddia ərizəsinin icraata qəbul edilərək baxılması üçün, mülki iş həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilərək, mahiyyəti üzrə baxılması üçün mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-7066/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7066/2020
15.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver