Məhkəmə qərarları › İş №2(103)-7067/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7067/2020

08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7067/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, X4 oğlunun katibliyi, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(009)- 1074/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bununla yanaşı, iddiaçı iddianın təmin etmə tədbiri barədə ərizə verərək işə mahiyyəti üzrə baxılıb qurtaranədək iddianın təmin tədbiri olaraq Cavabdeh2 məxsus olan Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi 14 saylı evin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Səbail rayonu, 1-ci Qəsr döngəsi 14 saylı evin üzərinə həbs qoyulmuşdur. Qərardaddan cavabdehlər şikayət vermiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilərək, əvvəlki qərardad ləğv olunmuş, iddianın təmini tədbiri kimi qoyulmuş həbs götürülmüşdür. İddiaçı qeyd edilən qərardaddan şikayət vermiş, şikayət təmin edilməyərək işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: İddiaçı şikayəti - iddianın təmin olunması barədə ərizədə göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin iddianın təmini tədbirinin ləğv olunması barədə qərardadın əsassız olmasını göstərmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən Cavabdeh1 şikayətə etiraz etmiş, həmçinin göstərmişdir ki, iddiaçı dəfələrlə onlara qarşı əsassız iddialar qaldırmış, lakin hər dəfə iddiası rədd olunmuş, iddianın təmini tədbirləri ləğv olunmuşdur. İddiaçının məqsədi formal iddialar qaldırmaqla cavabdehin mülkiyyətində olan mənzilə həbs qoyulmasından ibarətdir. Qeyd edilələrə əsasən məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi şikayətə etiraz etmiş, həmçinin göstərmişdir ki, iddiaçı dəfələrlə cavabdehlərə qarşı əsassız iddialar qaldırmış, lakin hər dəfə iddiası rədd olunmuş, iddianın təmini tədbirləri ləğv olunmuşdur. İddiaçının məqsədi formal iddialar qaldırmaqla cavabdehin mülkiyyətində olan mənzilə həbs qoyulmasından ibarətdir. Qeyd edilələrə əsasən məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin onun nümayəndəsi naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş,gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası məruzəni dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 157.1 və 157.2-ci maddələrinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Göründüyü kimi iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Qeyd edilməlidir ki, iddia tələbi ilə iddianı təmin etmə tədbiri arasında elə səbəbli əlaqə mövcud olmalıdır ki, görünlən tədbir məhz iddianın təmin edilməsinə yönəlmiş olsun. Əks halda görülmüş tədbirlər əhəmiyyətsiz olmaqla, şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılması ilə nəticələnə bilər. İddianı təmin etmə tədbirlərinin tətbiq olunmasının MPM-nin 157.2-ci maddəsində göstərilən məqsədi (qətnamənin gələcəkdə icrasının təmin edilməsi) o halda realizə olunur ki, görülən tədbir məhz iddianın təmin edilməsinə yönəlmiş olsun. Həmçinin, qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Birinci instansiya məhkəməsi haqlı olaraq göstərmişdir ki, iddiaçı tərəfindən təmin tədbirinin təmin edilməsi üçün heç bir tutarlı dəlil təqdim edilmədiyindən, habelə hazırki mübahisənin predmeti sözügedən mənzil olmadığından və eyni zamanda işdə olan digər məhkəmə qərarları nəzərə alınmaqla hazırki halda sözügedən əmlakın üzərində həbsin qalması cavabdehin lüzumsuz olaraq mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(009)- 1074/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. İşüzrəBakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(009)- 1074/2020 saylıqərardadıdəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar