Məhkəmə qərarları › İş №2(103)-7068/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7068/2023

20.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7068/2023 20.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və qeyrilərinə qarşı “borc tələbi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, e-2(010)-108/2023 nömrəli qərardadından Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-108/2023 nömrəli, 03 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 15 noyabr 2019cu il tarixli XDEN-00039-05/19A saylı kredit müqaviləsi üzrə 50.292,76 manat əsas, 7479,27 manat faiz, 1000 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 58.772,03 (əlli səkkiz min yeddi yüz yetmiş iki manat üç qəpik) manat məbləğində borcun iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə (RX seriyalı 0272634) və Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə (RX seriyalı 0272608) yönəldilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin (RX seriyalı 0272634) ilkin satış qiyməti 70.000 (yetmiş min) manat və Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin (RX seriyalı 0272608) ilkin satış qiyməti 70.000 (yetmiş min) manat müəyyən edilməsi, ipotekaya qoyulmuş torpaq sahələrinin açıq hərrac vasitəsi ilə satılması və satışdan əldə olunan məbləğdən 58.772,03 (əlli səkkiz min yeddi yüz yetmiş iki manat üç qəpik) manat məbləğində borcun iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, qalan məbləğin müvafiq olaraq Cavabdeh2 qaytarılması, ipotekaya qoyulmuş torpaq sahələri satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 tərəfindən 02 may 2023-cü il tarixdə verilmiş apellyasiya şikayəti Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-108/2023 nömrəli, 03 may 2023-cü il tarixli qərardadı ilə onu vermiş şəxsə geri qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4552/2023 nömrəli iş üzrə qəbul etdiyi 12 iyul 2023-cü il tarixli qərardadı ilə cavabdehin qeyd olunan qərardaddan verdiyi şikayət təmin edilməyərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-108/2023 nömrəli iş üzrə qəbul etdiyi 03 may 2023-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Daha sonra Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-108/2023 nömrəli, 03 aprel 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə (apellyasiya şikayəti ilə birlikdə) ilə məhkəməyə müraciət edərək, həmin qətnamədən şikayət vermək üçün prosessual müddətin bərpa edilməsini xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti vaxtında verilmiş, sadəcə formaya əməl edilməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-108/2023 nömrəli, 16 oktyabr 2023-cü il tarixli qərardadı ilə ötürülmüş prosessual müddətin bərpasından imtina edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010) 108/2023 nömrəli iş üzrə qəbul etdiyi 03 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin onu vermiş şəxsə geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil şikayət verərək, qərardadın ləğv edilməsi və işin baxılması üçün Bakı Apelyasoya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş materiallarından görünür ki, apellyasiya şikayəti vaxtında verilmişdir. Cavabdehin verdiyi şikayətlər isə hüququ savadı olmadığından məhkəmə tərəfindən rədd edilmişdir. Lakin o, apellyasiya şikayətində dəyişiklik edib göndərsə idi onun apellyasiya şikayətinə baxılardı. Hazırda göstərilən yanlışlıq aradan qaldırılaraq apellyasiya şikayəti verilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsinin sözügedən qətnaməsindən verilmiş apellyasiya şikayəti vaxtında verilmişdir. Sadəcə formaya əlavə edilmədiyi üçün apelyasiya şikayəti geri qaytarılmışdır. Bu hallar nəzərə alınmaqla, məhkəmənin sözügedən qətnaməsindən şikayət verilməsi üçün nəzərdə tutulmuş müddət ötürülməmiş hesab edilə və ya ötürülməsi üzürlü hesab edilərək bərpa edilə bilər. Qeyd edilməlidir ki, formal yol verilmiş səhvə görə vətəndaşın konstitusion hüququnun pozulması ədalətsizdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, e-2(010)- 108/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-108/2023 nömrəli iş üzrə qəbul etdiyi 03 aprel 2023-cü il tarixli qətnaməsi 05 aprel 2023-cü tarixdə sifarişli poçt vasitəsilə Cavabdeh2 göndərilmiş, “bu ünvanda yaşamır” qeydi ilə məktub geri qaytarılmışdır. Lakin 02 may 2023-cü il tarixdə Cavabdeh2 elektron kabinet açmış və ilk dəfə olaraq qətnamədən apellyasiya şikayəti vermişdir. Lakin cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qanunvericilikdə nəzərdə tutulmuş forma məzmuna riayət edilmədiyi üçün birinci instansiya məhkəməsinin 03 may 2023-cü il tarixli qərardad ilə geri qaytarılmışdır. Bununla yanaşı cavabdeh həmin qərardadı apellyasiya qaydasında mübahisələndirmiş, lakin qeyd olunan qərardad Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4552/2023 nömrəli iş üzrə qəbul etdiyi 12 iyul 2023-cü il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra cavabdeh 29 sentyabr 2023-cü il tarixdə elektron kabinet vasitəsilə apellyasiya şikayəti verməklə yanaşı apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prossesual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360.1-ci maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi cavabeh tərəfindən apellyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayəti verməsi üçün kifayət qədər müddəti olması və müddətin bərpası barədə ərizəsində göstərilən əsasların üzürlü səbəb kimi qəbul edilə bilməməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, iş materiallarından görünür ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılmasından sonra cavabdehin yol verilmiş nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət etmək hüququ olduğu halda bunu etməmiş və məhkəmənin “apellyasiya şikayətinin geri qaytarılması” barədə qərardadından şikayət vermiş, həmçinin həmin şikayətə baxılması yekunlaşdıqdan və mülki iş xx.xx.2023-cü il tarixdə apellyasiya instansiyası məhkəməsindən geri qaytarıldıqdan sonra da cavabdeh həmin vaxt ərzində apellyasiya şikayəti verməmiş və yalnız xx.xx.2023-cü il tarixdə yenidən şikayətlə məhkəməyə müraciət etmişdir. Bundan əlavə, cavabdeh həmin müddətin ötürülməsinə dair hər hansı ağlabatan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı mötəbər sübutlar təqdim etməmişdir. Halbuki, buraxılmış müddətin bərpa edilməsi imkanı həmin müddətin davamiyyəti ilə əlaqəli olmalı, hüquq normasından sui-istifadəyə yol açmamalıdır. Şikayət vermək hüququ, konkret şəxsin mülki-mühakimə icraatında fərdi maraqların təminat mexanizmi kimi çıxış edir, lakin bu hüquq, yalnız fərdi maraqların deyil, həm də ictimai maraqların mühafizəsi təyinatına malik olan prosessual qaydaların pozulması hesabına həyata keçirilməməlidir. Bu hüquqdan belə istifadə olunmalıdır ki, mülki mühakimə icraatında fərdi və ictimai maraqlar arasında tarazlıq təmin edilsin. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün, özü də prosessual hərəkəti edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzürlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 133-cü maddəsində qeyd olunan üzürlü səbəblər dedikdə, müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Üzürlü səbəblər sırasına, məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, xidməti ezamiyyətdə olma, ailə üzvlərindən hər hansı birinin ölməsi və s.aid edilə bilər. Hər bir halda konkret səbəbi üzürlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. «Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Həmçinin, qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf, həmin müddəti hansı səbəbdən ötürdüyünü qeyd etməli, həmin üzrlü səbəbə görə şikayəti vaxtında vermək imkanının olmadığını, bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki qanun, məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Bu baxımdan, qeyd olunanlara əsasən məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmiş, müddətin bərpasından imtina ilə bağlı gəldiyi bu nəticəsi tam qanuni və işin hallarına uyğundur. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, e-2(010)- 108/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar