Məhkəmə qərarları › İş №2(103)-7076/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7076/2022

10.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7076/2022 10.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İlk iddia üzrə iddiaçının nümayəndəsi X1, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Əlihəsən oğlunun və onun vəkili X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh Əlihəsən oğluna qarşı başqasının qanunsuz istifadəsində olan əmlakın mülkiyyətçisinə qaytarılması tələbinə dair ilkin, Cavabdeh Əlihəsən oğlunun cavabdeh İddiaçı MMC-yə qarşı vurulmuş maddi ziyanın və əldən çıxmış faydanın əvəzinin ödənilməsi tələbində dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-59/2022 saylı qətnaməsindən İddiaçı MMC və Cavabdeh Əlihəsən oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı MMC Cavabdeh Əlihəsən oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 yerləşən qeyri-yaşayış sahəsindəki iddiaçının mülkiyyətində olan dəyəri 36,429.45 manat olan əmlakın cavabdehin qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya təhvil verilməsi, əmlak iddiaçının qanunsuz sahibliyində saxlandığı müddət üçün əldən çıxmış fayda olaraq xx.xx.2021-ci ildən hesablanmaqla, yekun məhkəmə qərarı çıxarıldığı günə qədər hər gün üçün 100 manat pul vəsaiti iddiaçıdan tutularaq cavabdehə ödənilməsi, 30 manat ödənilmiş dövlət rüsumu iddiaçıdan tutularaq İddiaçı MMC-yə barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Əlihəsən oğlu ilə Bakı şəhəri 19 saylı notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli, 3M-703 nömrəli icarə müqaviləsi ilə ünvan 1 yerləşən qeyri-yaşayış sahəsi İddiaçı MMC-yə icarəyə verilmişdir. 8 aylıq fəaliyyətlərindən sonra İcarə müqaviləsinin 12.3-cü bəndinə əsasən xəbərdarlıq edərək müqaviləni fevral ayında ləğv etmişlər. Həmçinin 1 aylıq xəbərdarlıq müddətinin gözlənilməsi üçün mart ayının 24-nə kimi olan icarə haqqı məbləği tərəflərindən ödənilmişdir. Cavabdeh isə mülkiyyətində olan qeyri-yaşayış sahəsinin təmiri üçün 12000 manat məbləğində xərc çəkdiyini və onların müqaviləni ləğv etməklərinin nəticəsində borclarını ödəyə bilmədiyindən mağazadakı dəyəri 36429,45 manat olan əmlakı çıxarmağa imkan verməmiş, obyektin təmiri üçün çəkdiyi xərcləri ödəmədikləri halda əmlakı yandıracağın bildirmişdir. xx.xx.2021-ci il tarixdə Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə müraciət edilmişdir. Polis tərəfindən obyektin vəziyyəti və əmlakın siyahısı protokollaşdırılmış, lakin əmlak cavabdehin qanunsuz sahibliyindən geri alınmamışdır. Bildirik ki, hər hansı bir mağaza bağlananda həmin mağazada olan əmlakı, yeni açılan başqa mağazaya yerləşdirərək kommersiya fəaliyyətini davam etdirirlər. Cavabdehin qanunsuz bərəkətləri nəticəsində əmlaklarından faktiki olaraq məhrum olduqlarından həmin əmlakı başqa mağazaya yerləşdirərək gəlir əldə edə bilmirlər. Nəticədə zərərə məruz qalırlar. Hesab edir ki, İddiaçı MMC-nin mülkiyyətində olan əmlakdan istifadə edə bilməməsinə görə məruz qaldığı zərər (əldən çıxmış fayda) cavabdeh tərəfindən tam həcmdə ödənilməlidir. Ortalama hesabla bir mağazanın fəaliyyəti zamanı eldə edilən gəlir 3000 manat həcmindədir. Daha sonra İddiaçı MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəmə ərizə təqdim edərək, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci tarixədək obyektin təhvil verilməsinin gecikdirildiyi müddət üçün gündəlik 200 (iki yüz) manat olmaqla cəmi 12600 (on iki min altı yüz) manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəmə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindəki iddiaçının mülkiyyətində olan dəyəri 36429,45 manat məbləğində olan əmlak cavabdehin qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya təhvil verilməsi, əmlak iddiaçının qanunsuz sahibliyində saxlandığı müddət üçün əldən çıxmış fayda olaraq xx.xx.2021-ci il tarixdən hesablanmaqla, yekun məhkəmə qərarı çıxarıldığı günə qədər hər gün üçün 100 manat pul vəsaiti hesabalanaraq, yekun hesablanmış məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdeh tərəfindən xx.xx.2020-ci il tairxdən xx.xx.2020-ci il tarixədək obyektin təhvil verilməsinin gecikdirildiyi müddət üçün gündəlik 200 (iki yüz) manat olmaqla, cəmi 12600 (on iki min altı yüz) manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh Əlihəsən oğlu İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən ona vurulmuş maddi ziyana görə 26400 manat, mətbəx mebelinin yararsız vəziyyətə salınmasına görə 1500, onunla "X8" MMC arasında 02 iyun 2020-ci il tarixli icarə müqaviləsi 10 il müddətinə bağlandığı halda, 8 aydan sonra xitam verilməsi nəticəsində əldən çıxmış fayda olaraq 10000 manat, dəymiş mənəvi ziyanın əvəzi olaraq 10000 manat, ödənilmiş 31 manat dövlət rüsumunun əvəzi, onun xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 200 metr sahəsi olan fərdi yaşayış evinin ½ hissəsi əvvəlki vəziyyətə gətirilərək istifadəyə yararlı vəziyyətə düşənədək və cavabdehin əşyalarının onun xüsusi mülkiyyətində olan qeyriyaşayış sahəsindən çıxarılanadək hər ay 940 manat icarə haqqı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, onunla “X8” MMC arasında 02 iyun 2020-ci il tarixli icarə müqaviləsinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli çıxarışa əsasən onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 200 metr sahəsi olan fərdi yaşayış evinin 1/2 hissəsini icarəyə götürən “X8” MMC-nə 10 il müddətinə icarəyə verməyi, icarəyə götürən isə hər ay 940 manat məbləğində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İcarə haqqı xx.xx.2020-ci il tarixdən etibarən hesablanmalı, tərəflərin razılığına əsasən məbləğ üç ayın icarə haqqından birinci ay 500, ikinci ay 500, üçüncü ay 600 manat olmaqla tutulacaq, 05 iyun 2020-ci il tarixli icarə müqaviləsinə əlavə və dəyişiklərin edilməsi barədə müqaviləyə əsasən icarə haqqı hər ayın xx.xx.2020-ci il tarixdən hesablanmalı olduğunu, icarəçi icarə verən 3000 manat ödəməyi, göstərilən məbləğ 6 ay müddətinə hər ay 500 manat olmaqla hər ayın icarə haqqından tutulmalı olacağını öhdəsinə götürmüşdür. Onunla “X8” MMC arasında 02 iyun 2020- ci il tarixli icarə müqaviləsi 10 il müddətinə bağlansa da, xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubu ilə cavabdeh ona müraciət edərək, onunla “X8” MMC arasında 02 iyun 2020-ci il tarixli icarə müqaviləsinə 28 fevral 2021-ci il tarixdən İddiaçı MMC tərəfindən xitam veriləcəyinə dair xəbərdarlıq eidlmişdir. Onunla “X8” MMC arasında 02 iyun 2020-ci il tarixli İcarə müqaviləsi bağlandıqdan sonra cavabdeh ona məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 83.0 metr sahəsi olan fərdi yaşayış evinin ½ hissəsini 10 il müddətinə icarəyə götürdüyündən, ona həmin sahəni mağaza üçün iştfadəyə yararlı vəziyyətə gətirmək üçün yer sahəsini 17 m uzunluğunda, 9 metr enində olan sahənin hündürlüyünü 20-25 sm hündürə qalıdrmalı olduğunu bildirdilər. O cavabdehin əməkdaşlarına həmin sahəsin qaldırmaq üçün xeyli miqdarda pul tələb olunduğunu, onun isə həmin sahəni onlar istədiyi kimi etməyə maddi imkanı olmadığını bildirərək, bunu yerinə yetirməkdən imtina etdi. Bundan sonra cavabdeh İddiaçı MMC ona 10 il müddətinə müqavilə bağlandığını, həmin ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 200 metr sahəsi olan fərdi yaşayış evinin ½ hissəsini ondan qəbul etdiyi vəziyyətdə geri qaytaracaqlarına dair öhdəlik götürdüklərini bildirdilər. Obyektin tavanı göy rəngdə olduğundan, mağaza üçün yararlı olmadığından tavanı da ağ rəngə boyatdırdılar. O həmin obyekti cavabdehin istədiyi formaya təmir etdirmək üçün ümumilikdə 13200 manat vəsait sərf etmişdir. Bunu təsdiq edən qəbzlər və şahidlər vardır. Lakin hal-hazırda 28 fevral 2021-ci il tarixdən İddiaçı MMC tərəfindən xitam veriləcəyinə dair xəbərdarlıq edilsə də, onun obyektini əvvəlki vəziyyətdə qaytarmaqdan imtina edir. O təmir və dəyişiliklərə sərf etdiyi məbləğin geri qaytarılmasını və obyektin əvvəkli vəziyyətdə ona təhvil verilməsini tələb etsə də, onun tələblərinə cavab verməyərək, ona vurduqları maddi ziyanın əvəzini ödəməkdən imtina edirlər. Bu isə onun hüquqlarını pozur. Bundan başqa, onun obyektində mətbəx mebeli olmuş və həmin mətbəx mebeli hazırda yararsız vəziyyətdədir. Həmin mətbəx mebelinin dəyəri 1500 manat təşkil edir və həmin mətbəx mebeli cavabdeh tərəfindən qırılıb sökülmüşdür. Bundan başqa, onun xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 83.0 metr sahəsi olan fərdi yaşayış evinin ½ hissəsində 3 ədəd kondisioner, 2 ədəd böyük və bir ədəd kiçik soyuducu, 40 ədəd vitrin, 2 ədəd çörək yığmaq üçün vitrin, 3 ədəd kompyuter monitoru, 1 ədəd siqaret vitrini hal-hazırda onun mülkiyyətində olan qeyriyaşayış sahəsindədir. Cavabdeh ona dəymiş ziyanı ödəməkdən imtina etdiyindən, qeyriyaşayış sahəsinin əvvəlki vəziyyətə gətirilərək istifadəyə yararlı vəziyyətə düşənədək və cavabdehin əşyaları onun qeyri-yaşayış sahəsindən çıxarılanadək hər ay ödənilməli olan icarə haqqı cavabdehdən tutularaq ona ödənilməlidir. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, cavabdeh İddiaçı MMC-dən onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 200 metr sahəsi olan fərdi yaşayış evinin ½ hissəsinin icarəyə götürən “X8” MMC-nin istəyinə uyğun olaraq market üçün işlək vəziyyətə gətirilməsi üçün onun tərəfindən çəkilmiş xərcin əvəzi, qeyri-yaşayış sahəsindən istifadə zamanı təmir olunmuş qeyri-yaşayış sahəsinin yararsız vəziyyətə gətirildiyindən, icarəyə icarəyə götürülməzdən əvvəlki qaydada restoran üçün işlək vəziyyətə gətirilməsi və istifadəyə yararlı vəziyyətdə tam təmirli vəziyyətdə təhvil alınmasi ilə əlaqədar vurulmuş maddi ziyanın əvəzi olaraq 26400 manat, mətbəx mebelinin yararsız vəziyyətə salınmağına görə 1500, onunla “X8” MMC arasında 02 iyun 2020-ci il tarixli icarə müqaviləsi 10 il müddətinə bağlandığı halda, 8 aydan sonra xitam verilməsi nəticəsində əldən çıxmış fayda olaraq 10000 manat, icarə müqaviləsinin vaxtından əvvəl xitam olunması ilə əlaqərdar ona dəymiş maddi ziyan ödənilmədiyi halda, onun barəsində əsassız olaraq polis və prokurorluq orqanlarına şikayət etməsi ilə əlaqədar ona dəymiş mənəvi ziyanın əvəzi olaraq 10000 manat, ödənilmiş 31 manat dövlət rüsumunun əvəzi, onun xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 200 metr sahəsi olan fərdi yaşayış evinin ½ hissəsi əvvəlki vəziyyətə gətirilərək istifadəyə yararlı vəziyyətə düşənədək və cavabdehin əşyaları onun xüsusi mülkiyyətində olan qeyriyaşayış sahəsindən çıxarılanadək hər ay 2000 manat icarə haqqı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindəki iddiaçının (İddiaçı MMC) mülkiyyətində olan dəyəri 36429,45 manat məbləğində olan əmlakın cavabdehin qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya təhvil verilməsi, ilk iddia üzrə İddiaçı MMC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun ilk iddia üzrə İddiaçı MMC-nin özünə aid edilməsi, ilk iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində mövcud olan qüsurların aradan qaldırılması üçün aparılmalı tikinti-təmir xərclərinin dəyəri olaraq 5645 manat və mətbəx mebelinin yararsız vəziyyətə salınmağına görə 1500 manat pul ilk iddia üzrə İddiaçı MMC-dən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən ilkin iddia üzrə İddiaçı MMC və ilkin iddia üzrə Cavabdeh Əlihəsən oğlu apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə İddiaçı MMC-nin nümayəndəsi X3 işin aidiyyatı üzrə kommersiya məhkəməsinə göndərilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun vəkili Aytən Poladova mülki işin aidiyyatı üzrə kommersiya məhkəməsinə göndərilməsinə etiraz etdilər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb və tərəflərin izahatlarını dinləyib bu nəticəyə gəlir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-59/2022 saylı qətnaməsi ləğv edilməli, İddiaçı MMC-nin Cavabdeh Əlihəsən oğluna qarşı başqasının qanunsuz istifadəsində olan əmlakın mülkiyyətçisinə qaytarılması tələbinə dair ilkin, Cavabdeh Əlihəsən oğlunun cavabdeh İddiaçı MMC-yə qarşı vurulmuş maddi ziyanın və əldən çıxmış faydın əvəzinin ödənilməsi tələbində dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.2-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli Qərarının 5-ci bəndindən görünür ki, məhkəmələr nəzərə almalıdır ki, MPM-in 31.2-ci maddəsinin tələbləri baxımından 2020-ci il yanvarın 1-dək qüvvədə olan prosessual qanunvericiliyə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş istinad edilən dəyişikliklərin qüvvəyə minməsindən sonra məhkəmə aidiyyətini dəyişmiş olsa da, mahiyyəti üzrə həmin, yəni işi icraatına qəbul etmiş məhkəmədə həll edilməlidir. Eyni qayda, apelyasiya və kassasiya instansiyası məhkəmələrinə də aiddir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən cədvəldən görünür ki, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblər) kommersiya məhkəmələrində baxılır. İş materiallarında olan Azerbaycan Respublikasi Vergilər Nazirliyinin E-taxes.gov.az saytından çıxarışdan görünür ki, Cavabdeh fərdi sahibkar olmaqla vergi ödəyicisi kimi AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində uçota alınmışdır. Bundan başqa, məhkəmə iclasında izahat verən qarşılıqlı iddiaçı Cavabdeh ilk iddiaçı ilə aralarında icarə müqaviləsi bağlanmamışdan əvvəl onların təkidi ilə Vergilər Nazirliyinə müraciət edərək fərdi sahibkar kimi qeydiyyata düşdüyünü və VÖEN aldığını, yalnız bundan sonra müqavilənin bağlandığını bildirmişdir. Göründüyü kimi, hazırki iş üzrə hər iki tərəf sahibkarlıq fəaliyyəti ilə məşğuldur və mülki mübahisə da onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən normalarının tələblərini pozaraq, iddia ərizəsini icraata qəbul etmiş hazırki işin aidiyyətinin ümumi məhkəmələrə aid olmadığı halda işə mahiyyəti üzrə baxmaqla nəticə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətləri qismən təmin edilməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-59/2022 saylı qətnaməsi ləğv edilməli, İddiaçı MMC-nin Cavabdeh Əlihəsən oğluna qarşı başqasının qanunsuz istifadəsində olan əmlakın mülkiyyətçisinə qaytarılması tələbinə dair ilkin, Cavabdeh Əlihəsən oğlunun cavabdeh İddiaçı MMC-yə qarşı vurulmuş maddi ziyanın və əldən çıxmış faydın əvəzinin ödənilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2, 263-264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qəraraaldı: İlk İddiaçı MMC və qarşılıqlı iddiaçı Cavabdeh Əlihəsən oğlunun apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-59/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı MMC-nin Cavabdeh Əlihəsən oğluna qarşı başqasının qanunsuz istifadəsində olan əmlakın mülkiyyətçisinə qaytarılması tələbinə dair ilkin, Cavabdeh Əlihəsən oğlunun cavabdeh İddiaçı MMC-yə qarşı vurulmuş maddi ziyanın və əldən çıxmış faydın əvəzinin ödənilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar