Məhkəmə qərarları › İş №2(103)-7077/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7077/2020

11.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7077/2020 11.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş “iddia ərizəsinin geri qaytarılması barədə” xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçı Birliyin verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cavabdehə qarşı iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı Birlik, cavabdeh tərəfindən ona vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 3.584,03 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən tutularaq ona (iddiaçıya) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia ərizəsini geri qaytarmışdır. İddiaçı Birlik həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi “iddia ərizəsinin qaytarılması barədə” həmin qərardadı qəbul etməklə, prosessual hüquq normalarını pozmuşdur. Rayon Məhkəməsi şikayətə baxaraq iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və şikayəti, baxılması üçün, işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iddia ərizəsinə baxılması üçün iş Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Rayon Məhkəməsi, iddia ərizəsinin qaytarılması barədə qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) 149.2.4, 150.0.7 və 152.1.6cı maddələrinə istinadən qeyd etmişdir ki, qaz paylayıcısı olan iddiaçı Birlik ilə qaz qurğusunun istifadəçisi olan cavabdeh arasında bağlanmış “Qazın alğı-satqısı barədə” Müqavilənin 5.2-ci maddəsində tərəflər arasında yaranmış mübahisənin məhkəməyə qədər nizama salınması öz əksini tapmışdır. Lakin iddiaçı Birlik təbii qazın istifadəsindən yaranmış borcun ödənilməsini cavabdehə təklif etməmişdir. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi prosessual hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə iddianın baxılmamış saxlanılmasının ümumi prosessual əsasını göstərsə də tərəflər arasında münasibətləri tənzimləyən maddi normaya əsaslanmamış, baxılmamış saxlamanın maddi əsasını göstərməmişdir. Azərbaycan Respublikası MPM-nin 4.3-cü maddəsinə əsasən, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. MPM-nin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd edir ki, qanunla bu kateqoriya işlər üçün pretenziya qaydasına riayət edilməsi nəzərdə tutulmamışdır. Tərəflər arasında bağlanmış Müqaviləsinin 5.2-ci bəndinə görə, tərəflər arasında bu müqavilə üzrə yaranan mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda, tərəflər məhkəməyə müraciət edə bilərlər. Kollegiya hesab edir ki, müqavilənin qeyd edilən şərti pretenziya qaydası kimi qəbul edilə bilməz. Belə ki, müqavilənin istinad olunan bəndi tərəflərin üzərinə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət etmək, bununla bağlı qarşı tərəfə pretenziya – yazılı təklif və ya etiraz göndərmək vəzifəsi qoymur. Yaranmış vəziyyətdə iddia ərizəsinin pretenziya qaydasına riayət olunmamasına istinadla baxılmamış saxlanılmasına prosessual əsas olmamışdır. Məhkəmə hesab edir ki, hazırki halda iddiaçı mülki və mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququndan istifadə etməkdə haqlıdır. Məhkəmənin qənaətinə görə, birinci instansiya məhkəməsi mülki-prosessual hüquq normalarının yuxarıda qeyd olunan tələblərini pozmuş, bununla da iddiaçının hüquqları, o cümlədən, onun ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur Beləliklə, Məhkəmə hesab edir ki, prosessual hüquq normalarının tələblərinə riayət edilmədən qəbul edilmiş və barəsində şikayət verilmiş qərardad ləğv edilməli, iddia ərizənin icraata qəbul edilib baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 397, 398.0.2-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş “iddia ərizəsinin geri qaytarılması barədə” xx xxxx 2020-ci il tarixli qərardad ləğv edilsin. İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına iddia ərizəsinə baxılması üçün iş Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar