Məhkəmə qərarları › İş №2(103)-7077/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7077/2022

15.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7077/2022 15.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Eyvazov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədova və Fuad Fikrət oğlu Babayevdan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 2(011)-620/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 22 saylı evin 87 saylı mənzilindən su axıdılması nəticəsində Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 22 saylı evin 83 saylı mənzilinə dəymiş 1000 manat məbləğində maddi ziyanın və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 83 saylı mənzil xx.xx.2019-cu il tarixdən şəxsi mülkiyyətindədir. Cavabdeh üst mərtəbə qonşusu olmaqla mənzilindən düzgün istifadə etmir və bu illər ərzindədə daima su axıtmalar baş verir. Nəticədə mənzilinin mətbəxində bütün tavan zərər görmüşdür. Hətta hamam və tualetində tavanı yararsız vəziyyətdədir. Daha əvvəl də cavabdehin təqsiri üzündən mənzilinə su axıdılmış və dəymiş ziyanı qaldırmaq üçün bir neçə dəfə öz hesabına evi təmir etdirmişdir. Əlavə olaraq, işıq enerjisindən də istifadə zamanı problemlə qarşılaşır. Bu barədə cavabdehə dəfələrlə xəbərdarlıq olunsa da, o, bundan heç bir nəticə çıxarmamış, özünün qanunsuz hərəkətlərinə son qoymamış və qonşu kimi birgəyaşayış qaydalarına riayət etməmişdir. Dəfələrlə sahə müvəkkilinə şikayət etsə də, heç bir nəticə olmamış, su axıntısı yenidən baş vermişdir. Xətai rayonu 91 saylı MKİS-in əməkdaşları tərəfindən mənzillərə keçirilmiş baxış zamanı da cavabdehin mənzilindən su axıdıİması aşkar edilmiş və bu barədə xx.xx.2021-ci il tarixdə akt tərtib. olunmuşdur. Cavabdehin təqsiri üzündən ona ümumilikdə 1000 manat məbləğində maddi ziyan dəymişdir. İddiaçı iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu,N.Tusi küçəsi, 22 saylı evin 87 saylı mənzilindən su axıdılması nəticəsində Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 22 saylı evin 83 saylı mənzilinə dəymiş 1000 manat məbləğində maddi ziyanın, 1500 manat mənəvi ziyanın və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 2(011)-620/2022 saylı qətnaməsi ilə (hakim Sərdar Mehrəliyev) iddia qismən təmin edilmiş, Cavabdeh dəymiş maddi ziyana görə 661 manat, mənəvi ziyana görə 300 manat və ödənilmiş dövlət rüsumunun 40 manat hissəsi olmaqla, cəmi 1001 manat məbləğində pulun tutularaq İddiaçına ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 40 manat hissəsinin cavabdehdən, 60 manat hissəsinin isə iddiaçıdan tutulub X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülməsi qət edilmişdir. Cavabdeh, qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, ekspertiza rəyinin əsassız olması, zərərin məbləğinin düzgün hesablanmaması, reallığı əks etdirməməsi və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində (iddianın təmin olunan hissəsində) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflərin qonşu olması, yəni iddiaçının ünvan 1, 83 saylı mənzilin mülkiyyətçisi olmaqla orada yaşaması, cavabdehin isə iddiaçıya məxsus mənzilin üst mənzilinin, yəni 87 saylı mənzilin mülkiyyətçisi olmaqla orada yaşaması işin mübahisə olunmayan hallarıdır. Eyni zamanda, iş materiallarında olan Xətai rayon 91 saylı MKİS-in sahə nəzarətçisi T.Bayramov, işçisi T.İbayev və N.Tusi küçəsi ev 22 mənzil 83 ünvanda yaşayan V.Polişuk tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, X3 məxsus Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 22 saylı evin 87 saylı mənzilindən Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 22 saylı evin 83 saylı mənzilinə su axıdılmış, nəticədə, mənzilin hamamına, tualetinə və mətbəxinə ziyan dəymişdir. X1 axıntısının qarşısının alınması barədə xəbərdarlıq edilmiş, lakin heç bir nəticəsi olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/828 saylı ekspertiza rəyinə əsasən, aparılmış tədqiqatla, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 22 saylı evin 83 saylı mənzilinin divarlarında olan su sızma izlərini, 91 saylı MKlS-in əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş aktın məlumatlarını və 87 saylı mənzilin əvvəllər sanitar qovşağında divar daxili su borusunda olan nasalığı nəzərə alaraq, mübahisəli 83 saylı mənzilə 87 saylı mənzildən su sızması baş verdiyi müəyyən olunmuş, 83 saylı mənzildə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 661 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən qeyd etmişdir ki, İddiaçı məxsus olan Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 22 saylı evin 83 saylı mənzilə üst mərtəbədə yerləşən, cavabdeh X3 məxsus 87 saylı mənzildən su axması nəticəsində ziyan vurulması və ekspert tədqiqatı ilə iddiaçıya məxsus mənzildə yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetirilməli təmir-bərpa işlərinin hazırkı bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 661 manat təşkil etməsi müəyyən olunduğundan, iddia tələbi qismən təmin edilərək cavabdehdən vurulmuş maddi ziyana görə 661 manat, mənəvi ziyana görə isə 300 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi maddi zərərin məbləğini müəyyən edərkən işdə olan sübutlara, həmçinin ekspertiza rəyinə əsaslanmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq yoxlanılan hissədə mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, … digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Oxşar norma, həmçinin Mənzil Məcəlləsinin 29.4-cü maddəsində də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. İşdə olan sübutlarla (akt, ekspertiza rəyi və s.) iddiaçıya aid yaşayış sahəsinə su axıdılması nəticəsində mənzilin mətbəx və sanitar qovşaqlarına ziyan vurulması aşkar edilmişdir. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 21-ci maddəsinin tələbinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. İşdə olan ekspertiza rəyindən görünür ki, cavabdehin təqsiri üzündən susızma nəticəsində, iddiaçıya məxsus mənzildə əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 661 manat məbləğində müəyyən edilir. Cavabdeh apellyasiya şikayətində ekspertiza rəyi ilə razılaşmamasını göstərsə də, rəyin əsassızlığı ilə bağlı dəlillərini əsaslandıra bilməmiş, mülahizələrini ümumi sözlərlə ifadə etmiş, həmçinin ziyanın məbləğinin daha az olması ilə bağlı da məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Ekspertiza rəyindən isə görünür ki, ekspert iddiaçıya məxsus mənzilə suyun axıdılması nəticəsində ziyan dəymiş hissələri ətraflı göstərmiş, çəkilən şəxslərin smetasını (divar və tavandan qaşınması, divar və tavana şpaklyovkanın çəkilməsi, hamarlanması, boyanma, divar kağızının vurulması, döşəmədə yarasız laminat təbəqənin sökülməsi və yenisinin vurulması, əlavə xərclər və s.) hesablamışdır. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Eyni zamanda cavabdehin izahatı da apellyasiya şikayətinin əsaslı sayılması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə kollegiyası, işin faktiki halları və qanunvericiliyin yuxarıda qeyd edilən normaları baxımından hesab edir ki, birinci instansiya məhkəməsi yoxlanılan hissədə sübutları düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas ola bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, hazırki mülki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır (661 manat), bu səbəbdən də qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli 2(011)-620/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli 2(011)- 620/2022 saylı, qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar