Məhkəmə qərarları › İş №2(103)-7078/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7078/2025

03.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7078/2025 03.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə (açar sözlər: kredit müqaviləsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Bayramlı Möhtəbər Arif qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli, e- 2(002)-3266/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2023-cü il tarixli 340885-CNS-50521 saylı müqavilədən (kredit borcunun restrukturizasiyasına dair) görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh borcu kapitallaşdırılmış və o, 16659,28 manat məbləğində borcu illik 13 faiz hesablanması şərti ilə 59 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür.

2. Maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2025-ci il tarixə 15587,05 manat əsas borc, 76,69 manat faiz olmaqla, cəmi 15663,74 manat borcunun olduğu, eləcə də, öhdəliklərini xx.xx.2025-ci il tarixdən icra etmədiyi qeyd olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 340885-CNS-50521 saylı kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə banka borclu olduğu 15587,05 manat əsas borc, 76,69 manat faiz olmaqla, cəmi 15663,74 manat pul vəsaiti və ödənilmiş 136,99 manat dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 340885-CNS-50521 saylı kredit borcunun restrukturizasiyasına dair müqaviləyə əsasən Cavabdeh borcu kapitallaşdırılmış və o, 16659,28 manat məbləğində borcu illik 13 faiz hesablanması şərti ilə 59 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2025-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin banka ümumilikdə 15663,74 manat borcu yaranmışdır. Kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək kredit alanın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə bank tərəfindən Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir.

5. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli, e- 2(002)-3266/2025 nömrəli qətnaməsinə əsasən iddia təmin edilərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 340885-CNS-50521 saylı kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə banka borclu olduğu 15587,05 manat əsas borc, 76,69 manat faiz olmaqla, cəmi 15663,74 manat pul vəsaitinin və ödənilmiş 136,99 manat dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir.

6. Qətnamənin əsaslarına görə, Cavabdeh qeyd olunan müqavilə üzrə İddiaçı ASCdən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 340885-CNS-50521 saylı kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə banka borclu olduğu 15587,05 manat əsas borc, 76,69 manat faiz olmaqla, cəmi 15663,74 manat pul vəsaiti və ödənilmiş 136,99 manat dövlət rüsumu Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 6.2, 385.1, 386.1, 442, 445, 448.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayətinin dəlillərinə əsasən, cavabdeh həmin borcdan ödənişlər etmişdir. Həmin ödənilmiş pul vəsaitləri nəzərə alınmayıb. Məhkəmə hər bir halda Konstitusiyanın 60-cı maddəsinin birinci hissəsinin ve 71-ci maddəsinin 2 ci hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının heyata keçirilməsinin tənzimlənməsi haqqında” Konsitutusiya qanununun 3-cü maddəsinin müddəalarından çıxış edərək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin daha səmərəli icrasına nail olmaq məqsədilə konsititusiya mütənasiblik prinsipi əsasında tələbkarın ve borcluların hüquqlarının ədalətli ve ağlabatan tarazlığını təmin etməklə onların konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. (Konsitutisiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli qərar) Lakin işə baxan məhkəmə bu halı nəzərə almamış, qətnamənin icrası zamanı cavabdehin çətinliklərlə üzləşə biləcəyinə zəmin yaratmışdır. Hesab edir ki, məhkəmə yuxarı instansiya məhkəməsinin müəyyən etdiyi tələbləri də pozmuşdur. Çünki nə maddi hüquq normalarına, nə də prosessual hüquq normalarına riayət edilməmişdir. Məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi qətnamədə şərh edilməmiş, məhkəmənin gəldiyi nəticə isə əsaslandırılmamışdır. Qətnamədə normaların sadalanması onun əsaslandırılması deyildir. Bu baxımdan da hesab edir ki, məhkəmə istinad etdiyi plenum qərarının da tələblərini pozmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə sübutları bilavasitə tədqiq etməmiş, ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında lazımi qaydada həyata keçirməmiş və həqiqətə nail olmaq üçün düzgün araşdırma aparmamışdır, bir sıra məqamları və faktiki halları aydınlaşdırmadan yekun qərar qəbul etmişdir, halbuki həmin faktiki halların müəyyən edilməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi məqamları birinci instansiya məhkəməsi yoxlamamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (nümayəndəsi Nümayəndə) apellyasiya şikayəti etirazı məhkəməyə təqdim edərək, apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin apellyasiya şikayəti formal mülahizələrdən, heç bir sübuta söykənməyən söz yığınından ibarət olduğundan təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli, e-2(002)-3266/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh şikayətində guya əsas konstitusion hüququnun pozulduğunu bildirir. Lakin konstitusion hüququnun hansı formada və halda pozulduğunu göstərmir. Hüquqlarının pozulması ilə bağlı heç bir sübut təqdim etmir. Apellyasiya şikayətinin qeyripeşəkar və laqeyd yazıldığını göstərən amillərdən biri də budur ki, şikayətə əvvəlki mətndən qalma şablon fikir səhvən əlavə edilmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilməsi xahiş edildiyindən və maddi və prosessual normalarının pozulması ilə əsaslandırıldığından məhkəmə aktı apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

17. Cavabdeh apellyasiya şikayətinin əsas dəlilini o təşkil edir ki, onun tərəfindən ödənilmiş pul vəsaitləri nəzərə alınmamışdır. Lakin şikayətdə hansı məbləğdə pul vəsaitinin ödənilməsi qeyd edilməmiş və hər hansı bir sübut əlavə olunmamışdır.

18. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində hər hansı yeni bir dəlil irəli sürülməmiş, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, həmçinin qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün digər bir əsas qeyd olunmamışdır. Apellyasiya şikayətində irəli sürülən dəlillər əsasında birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırma və qiymətləndirmə aparılmışdır.

19. Birinci instansiya məhkəməsi qətnaməsində düzgün olaraq qeyd etmişdir ki, Cavabdeh qeyd olunan müqavilə üzrə İddiaçı ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtlı-vaxtında və tam həcmdə həyata keçirməyərək, öhdəliklərini icra etməmişdir.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

21. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli, e-2(002)- 3266/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 sentyabr 2025-ci il tarixli, e-2(002)- 3266/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar