Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-708/2024 30.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi-vəkili Vəkil3, Cavabdehin nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası; Cavabdeh İddiaçı qarşı «müqavilənin ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-152/2023 saylı, 13 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əlizamin oğlundan 80.000 manat məbləğində verdiyi borc pul, 40.000 manat məbləğində dəymiş ziyan və 5.000 manat məbləğində cərimə olmaqla, cəmi 125.000 manatın və ödədiyi 340 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əlizamin oğlundan xidmət müqaviləsi üzrə vurulmuş ziyana görə 70.155 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bununla yanaşı iddiaçı Cavabdeh İddiaçı qarşı «müqavilənin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı ilə aralarında bağlanmış 01 aprel 2021-ci il tarixli xidməti müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olmuş mülki iş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-1011/2023 saylı qərardadı ilə yuxarıda qeyd olunan iddialar üzrə mülki işlər bir icraatda birləşdirilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə həm əmək müqaviləsi, həm də xidmət göstərilməsinə dair müqavilə bağlayaraq işlətdiyi salona stilist kimi işə götürmüşdür. İşə qəbul edərkən o, cavabdehə 80.000 manat pul vermişdir. Həmin pulu verərkən onlar arasında 17 fevral 2021-ci il tarixdə notariat qaydada borc müqaviləsi də bağlamışdır. O, xidmət müqaviləsində də həmin ödənişlə bağlı şərtlərini bildirmiş və cavabdeh də, bu müqavilə ilə razılaşmışdır. Belə ki, xidmət müqaviləsinə əsasən Cavabdeh ona işlədiyi ilk 3 ayda verdiyi puldan hər ay 4.000 manat, qalan aylarda isə 5.000 manat ödəməli idi. Qalan aylarda 5.000 manata çatdırmadığı halda isə ona dəyən ziyanın ödənilməsi məqsədi ilə 5.000 manata qədər cərimə tələb etmək hüququna malikdir. Müqaviləyə görə icraçı müqaviləyə birtərəfli xitam vermək istədikdə sifarişçi, yəni o, müqavilə bağlanarkən ödədiyi 80.000 manatın geri ödənilməsini tələb edə bilər. Həmçinin o, ilkin ödənişdən əlavə olaraq ona dəyən ziyan kimi əlavə olaraq 40.000 manatı da tələb etməyə haqlıdır. Hazırda, cavabdeh ona pul ödəmək istəmir və onun işlədiyi salonda deyil, başqa salonda işləyir. Bu səbəbdən də, xidmət müqaviləsinin şərtlərinə imza edərək qəbul etdiyi kimi onun tərəfindən verilən 80.000 manat pulu, 40.000 manat ona dəyən ziyanı və 5.000 manat cəriməni ödəməsini cavabdehdən tələb etsə də, cavabdeh bundan imtina edir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla cavabdeh İddiaçı arasında 01 aprel 2021-ci il tarixdə xidmət göstərilməsinə dair müqavilə imzalanmışdır. Həmin müqavilənin 2.1.4-cü bəndində qeyd edilmişdir ki, sifarişçi İddiaçı vəzifələri bölməsində icraçıya– yəni ona, müqavilə dəyəri olaraq 80.000 manat ödənilməsi qeyd edilməsinə baxmayaraq, bu günədək sifarişçi tərəfindən icraçıya bununla bağlı hər hansı ödəniş olunmamışdır. İddiaçı həmçinin fevral ayında onunla əmək müqaviləsi bağlayaraq, işçi kimi işə götürmüşdür. Qeyd edir ki, 01 aprel 2021-ci il tarixli xidmət göstərilməsinə dair müqavilə qanunvericiliyin tələblərinə zidd olaraq bağlanmışdır. Belə ki, cavabdeh ilə aralarında olan əmək münasibətləri əmək müqaviləsi ilə tənzimləndiyi üçün hesab edir ki, xidməti müqavilə etibarsızdır. Belə ki, xidməti müqavilənin predmeti onun cavabdehə məxsus obyektdə stilist vəzifəsinin (saç kəsimi, boyanması və s.) icra etməsi ilə bağlıdır. İddiaçı fəaliyyət növü qadın gözəllik salonları tərəfindən xidmətlərin göstərilməsidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən: 2-3. Aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir; 2-3.4. tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-4. Bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. Digər tərəfdən, 01 aprel 2021-ci il tarixdə cavabdehlə aralarında xidmət göstərilməsinə dair müqavilə imzalanmışdır. Müqavilənin 2.1.4-cü bəndində qeyd edilmişdir ki, icraçıya müqavilə dəyəri olaraq, müqavilə bağlandığı andan 80.000 manat ödəmişdir. Lakin müqavilə 01 aprel 2021-ci il tarixdə bağlanmasına baxmayaraq, bu günə kimi müqavilə öhdəlikləri üzrə ona hər hansı ödəniş olunmamışdır. Onun tərəfindən müqavilənin ləğv edilməsi ilə bağlı qanunvericilikdə tələb olunan bildiriş cavabdeh tərəfin həm faktiki yaşadığı ünvana, həm də qeydiyyatda olduğu ünvana göndərilmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2(002)- 152/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiasının təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı «müqavilənin ləğv edilməsi» tələbinə dair iddiasının təmin edilməsi, tərəflər arasında bağlanmış 01 aprel 2021-ci il tarixli xidmət göstərilməsi barədə müqavilənin ləğv edilməsi, məhkəmədə iddia qaldırılması üçün İddiaçı tərəfindən ödənilmiş 340 manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi, Cavabdeh tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, tərəfindən verilmiş iddianın təmin edilməsi və Cavabdeh iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onunla cavabdeh arasında bağlanmış 01 aprel 2021-ci il tarixli xidməti müqaviləsinin 2.1.4-cü maddəsinin müddəalarına əsasən, sifarişçi (İddiaçı) icraçıya (Cavabdeh) müqavilə dəyəri olaraq müqavilə bağlandığı andan etibarən 80.000 (səksən min) manat ödəmişdir. Yəni müqavilənin 2.1.4-cü bəndindən müəyyən olunur ki, həmin müqavilə bağlanıldığı gün – 01 aprel 2021-ci il tarixdə tərəfindən Cavabdeh 80.000 manat artıq ödənilmişdir və Cavabdeh nəinki müqavilənin sonunda – bütün səhifələrində, o cümlədən 2.1.4-cü bəndini əks etdirən səhifəni də şəxsən imzalayaraq 80.000 manat məbləğində pul vəsaiti müqavilə bağlandığı günü ona artıq ödənildiyini imzası ilə təsdiq etməklə faktiki etiraf etmişdir. Belə olan bir halda Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, 80.000 manat məbləğində pul vəsaiti məhz 01 aprel 2021-ci il tarixli müqavilənin şərtlərinə əsasən 01 aprel 2021-ci il tarixdə tərəfindən ödənilməsini sübut etməkdən azaddır, bunun əksini sübut etmək vəzifəsi Cavabdeh üzərinə düşür.Bundan başqa birinci instansiya məhkəməsinin istinad etdiyi Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4-cü hissəsinə əsasən, tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Hesab edir ki, həmin norma 01 aprel 2021-ci il tarixədək qüvvədə olmuş olsa idi belə, 01 aprel 2021-ci il tarixli xidməti müqavilə münasibətdə yanlış olaraq tətbiq edilmişdir. Çünki sözügedən müqavilənin məzmunundan göründüyü kimi, Cavabdeh Əizaman oğlu ilə aralarında 01 aprel 2021-ci il tarixdə real olaraq əməkdaşlıq münasibətlər yaranmış və müqavilənin 4.2-ci bəndinin şərtlərinə əsasən, tərəflərin birgə fəaliyyəti dövründə tərəflər arasında olan dövriyyənin 50 (əlli) faiz hissəsi sifarişçi (İddiaçı), 50 (əlli) faiz isə icraçıya (Cavabdeh) olmaqla bölünür. Sözügedən müqavilənin, o cümlədən 4.2-ci bəndindən də göründüyü kimi, gözəllik salonunun fəaliyyəti təkcə onun əsas fəaliyyət sahəsi olmamış, eyni zamanda Cavabdeh da əsas fəaliyyət sahəsi olmuş və sonuncu əmək haqqının almasında yox, birgə fəaliyyət nəticəsində əldə olunacaq gəlirlərin 50 faizini əldə olunmaqda maraq güdürdü. Bu hal işəgötürən və işçi müqasibətlərə oxşar deyil, ona görə də Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4cü hissələrinin müddəalarının təsiri altında düşmür. Digər tərəfdən hətta şərti olaraq fərz edilsə ki, 01 aprel 2021-ci il tarixli xidməti müqaviləsi etibarsız hesab oluna bilər, bu halda da belə Cavabdeh tərəfindən ona ödənilmiş pul vəsaiti tam həcmdə ona (İddiaçı) geri qaytarmalıdır. Bununla yanaşı qeyd edilməlidir ki, xidməti müqavilənin şərtlərindən göründüyü kimi, 3.2.4-cü bəndinin şərtlərinə əsasən, müqavilənin 1.1-ci bəndində göstərilmiş işləri bu müqavilədə göstərilən müddətdə yerinə yetirmədiyi və bu müqaviləyə bitmə tarixindən əvvəl təktərəfli şəkildə xitam vermək istədiyi halda bu müqavilənin 2.2.4cü və 2.2.5-ci maddələrində göstərilən sifarişçinin ödəmiş olduğu məbləğləri tam şəkildə sifarişçiyə geri ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh birtərəfli qaydada müqavilə öhdəliklərini pozduğunu inkar etmədiyindən, Mülki Məcəlləsinin 428.4-cü maddəsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 11 iyun 2018-ci il tarixli qərarının müddəalarına əsasən ondan aldığı pul vəsait geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin tələblərinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2.). Xidməti müqavilənin 5.1-ci bəndinin şərtlərinə əsasən, icraçı (Cavabdeh) onun tərəfindən təqdim edilmiş səhv məlumatın verilməsi və ya hərəkət və ya hərəkətsizliyi nəticəsində sifarişçiyə (İddiaçı), sifarişçinin işçilərin və ya üçüncü şəxslərə dəymiş zərərə və ya ziyana ya da hər hansı bədən xəsarətinin yetirilməsinə və ya ölüm hadisəsinə cavabdehdir. Göstərilən qanun normasının müddəalarından və müqavilə şərtlərindən göründüyü kimi, Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə ona dəymiş zərər tam həcmdə ödəməlidir. Birinci instansiya məhkəməsi isə sadalanan hallara düzgün hüquqi qiymət verməmiş və nəinki əldən çıxmış faydanı, çəkdiyi real zərərin tam həcmini də nəzərə almamışdır. Bununla da birinci instansiya məhkəməsi Mülki Məcəlləsinin 1092, 1096 və 1097-ci maddələrinin müddəalarını düzgün tədbiq etsə də, Mülki Məcəlləsinin 21 və 425-ci maddələrinin müddəalarını, o cümlədən nəzərə almamış və iddia tələbinə münasibətdə tədbiq etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə isə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, “...MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. ...Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır”. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarından da göründüyü kimi, tərəflər arasında olan mübahisənin mahiyyəti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlir və iddianın predmetini bu sahibkarlıq fəaliyyəti ilə əlaqəli yaranmış münasibətlər təşkil edir. Belə ki, iddiaçı sahibkarlıq fəaliyyət ilə bağlı olaraq cavabdehlə 17 fevral 2021-ci il tarixdə kredit müqaviləsi, 01 aprel 2021-ci il tarixdə xidmət göstərilməsinə dair müqavilə və 06 aprel 2021-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Hazırda İddiaçı xidmət göstərilməsinə dair müqavilə üzrə cavabdehdən 70.155 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Cavabdeh isə iddia tələbində həmin müqavilənin ləğvini mübahisələndirmişdir. İş materiallarından görünür ki, İddiaçı (VÖEN: **********) və Cavabdeh (VÖEN: **********) vergi ödəyicisi kimi dövlət qeydiyyatından keçməklə fərdi sahibkar kimi kommersiya fəaliyyəti ilə məşğuldurlar. Göründüyü kimi hazırki mülki iş, sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyindən eləcə də işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsinə aiddir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mübahisə sahibkarlıq fəaliyyətini həyata keçirən zaman fiziki şəxslə arasında yaranmaqla və iddiaçının sahibkarlıq fəaliyyətindən irəli gəlməklə kommersiya xarakterlidir; birinci instansiya məhkəməsi isə bunu nəzərə almayaraq iddia ərizəsini məhkəmə aidiyyəti qaydalarını pozmaqla icraatına götürmüş və işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Halbuki, iddia ərizəsi işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsinə aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində isə təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Nəzərə alınmalıdır ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə qanunla dəqiq müəyyən edilmişdir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarana, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi qeyri-mümkün ola bilər. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır, eyni zamanda, məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda göstərilən qərarında tövsiyyə olunmuşdur ki, “...apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-in 384 və 387-ci maddəsində məhkəmə aidiyyətinin pozulması əsası ilə qətnamənin ləğv edilərək aidiyyəti üzrə göndərilməsi ilə bağlı konkret müddəaların nəzərdə tutulmadığına istinad etməklə, məhkəmə aidiyyəti məsələsinə qiymətin verilməməsi mümkünsüzdür. Bununla bağlı apelyasiya instansiyası məhkəmələrinə izah edilir ki, işin birinci instanisyası məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apelyasiya məhkəməsi MPM-in 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPM-in 365-ci maddəsindən çıxış etməklə MPMin 32.4-cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apelyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayəti vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar”. Göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-152/2023 saylı, 13 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilməklə mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 391, 397-398 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-152/2023 saylı, 13 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası və iddiaçı Cavabdeh İddiaçı qarşı «müqavilənin ləğv edilməsi» tələbinə dair mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhramzadə
Məhkəmə qərarları › İş №2(103)-708/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-708/2024
30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver