Məhkəmə qərarları › İş №2(103)-7082/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7082/2020

07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7082/2020 07.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-144/2020saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2750 manat məbləğində pulun, 3987,50 manat məbləğində faiz borcunun və 30 manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh və əri X1 qəsəbəsində lombard fəaliyyəti ilə məşğul olmuşlar. Vətəndaşlardan aylıq 5 faizlə depozitə pul götürərək aylıq 9- 10 faizlə girov müqabilində vətəndaşlara borc vermişlər. xx xxxxxx 2014-cü il tarixli depozit müqaviləsinə əsasən o, 1750 manat rəsmi, 1000 manat isə qeyri-rəsmi olaraq depozitə pul qoymuşdur. Rusiya Federasiyasında yaşadığı üçün cavabdeh hər ay ona 2750 manat pulun 5 faizini «Zolotoya Korona» pul köçürmə sistemi vasitəsi ilə göndərmişdir. Sonuncu dəfə cavabdeh 2016-cı ilin dekabr ayında ona pul göndərmişdir. Sonradan cavabdeh pulun göndərməsini dayandırmışdır. Lakin onun maddi cəhətdən imkanı olmadığından və sağlamlığı buna imkan vermədiyindən Azərbaycana gələ bilməmişdir. Cavabdeh əsas məbləğdən əlavə 2 il 5 aydır ki, ona 2750 manat pulun 5 faizi (hər ay 137,50 manat) olaraq 3987,50 manat pulu ödəməmişdir. Cavabdeh ondan başqa digər şəxslərin də, etibardan sui-istifadə etmə və aldatma yolu ilə pullarını ələ keçirdiyi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-144/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 1750 (min yeddi yüz əlli) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissəsi əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə muhasibatlıq ekspertizasını təyin edilməsini və ekspertizanın rəyi nəticəsində həmin ödənişin manata keçirildikdən sonra qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, qətnamə əsassız, qanuna zidd və qeyri-obyektivdir. Belə ki, onun ilə İddiaçı arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən o İddiaçı 5% artıq ödəmə şərti ilə 1750 manat məbləğində pul vəsaitini borca götürmüşdür. Həmin müqavilə möhürlənməmişdir və müqavilənin notarial təsdiqi yox idi. Bundan başqa 2014-cü il tarixindən başlayaraq bir neçə il ərzində tərəfindən İddiaçı poçt vasitəsi ilə ABŞ dolları valyutasında pul göndərilmişdir. Qətnamədə qeyd olunduğu kimi tərəfindən ümumi 2873 ABŞ dolları məbləğində pul vəsaiti ödənilmişdir. Respublikada baş verən devalivasiya ilə əlaqədar, ABŞ dolları 2015-ci ildən başlayaraq əvvəllər 1 ABŞ dolları -1.05 manat, sonradan isə 1 ABŞ dolları-1.70 manatadək məzənnəsi qalxmışdır. Onun tərəfindən isə ödənişlər 2017-ci ilin ortasınadək həyata keçirilmişdir. Tərəfimdən təxminən 5000 manat məbləğində iddiaçıya pul ödənilib. Bu halda ümumi tərəfindən ödənişin dəqiq müəyyənllşdirilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin olunmalı idi, halbuki, naməlum səbəblərə görə ekspertiza təyin olunmamışdır. Tərəfindən ABŞ dolları ilə edilən ödənişlərin manat ekvivalentinə dəqiq çevirilməsi üçün, mütləq qaydada məhkəmə tərəfindən muhasibatlıq ekspertizası təyin olunmalıdır. Bundan başqa iddiaçı qeyd etmişdir ki, o iddiaçıdan əlavə olaraq 1000 manat əlbəəl pul vəsaiti borca götürmüşdür. Bu da tam olaraq absurddur. Əgər tərəfindən 1750 manat məbləğində borc müqaviləyə əsasən götürülmüşdürsə və vaxtında ödənişlər olunurdu, bu halda tərəfindən 1000 manat məbləğində də borc götürdüyü halda yenidə müqavilə bağlanacaq idi. O iddiaçıdan cəmi 1750 manat müqavilə əsasında götürmüşdür. 1000 manat məbləğində vəsait tərəfindən götürülməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Cavabdeh ona müqavilə üzrə verməli olduğu borcundan yalnız 2 il ərzində hər ay 80-90 dollar məbləğində pul qaytarmışdır. Məhkəmə kollegiyasının sonuncu iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə kollegiyasının sonuncu iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin edilməsi ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdeh isə yalnız qeyd edilən hissədə mübahisələndirmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli,Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-144/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməli,həmin hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmamaqla qətnaməni qanuni və əsaslı hesab etmir. Belə ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi qənaətinə gələrkən qeyd etmişdir ki, İddiaçı Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2013-cü il tarixli Depozit müqaviləsinə əsasən cavabdehə 1750 manat məbləğində borc pul vermişdir. Cavabdeh aldığı borcu qaytardığını və iddiaçıya borcunun olmadığını bildirsə də, məhkəmədə bunu sübut edə bilmədi, bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim etmədi. Lаkin iş mаtеriаllаrı ilə müəyyən оlunur ki, cаvаbdеh iddiаçıyа аydа 1750 mаnаtın 5 %-i, yəni 87,5 mаnаt, il ərzində 1050 mаnаt оlmаqlа 5 il ərzində 5250 mаnаt fаiz qаytаrmаlı idi. Cаvаbdеh isə həmin fаizi tаm qаytаrmаmаqlа yаnаşı əsаs bоrcu dа, qаytаrmаmışdır. Bunа səbəb isə cаvаbdеhin həmin müddətdə cəzа çəkməsi оlmuşdur. Kollegiya apellyasiya şikayətinin dəlilərini haqlı hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi bu qənaətə gələrkən haqlı olmamışdır. Belə ki, hazırkı tələb üzrə birinci instansiya məhkəməsi tərfindən əldə edilmiş sübutlara Azərbaycan Respublikasının Mülki Prosessaul Məcəlləsinin 88–ci maddəsinin dispozisiyasına uyğun araşdırma aparılmamış və iddia tələbi üzrə yekun nəticəyə gələrkən, iddiaçının qeyd etdiklərini iddianın təmin edilməsinə yönələn hərəkət kimi qiymətləndirmişdir. Birinci, instansiya məhkəməsi nəzərə almamışdır ki, MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci iddiaçı izahatında nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, onun ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Baxmayaraq ki, birinci instansiya məhkəməsi tərəfindən İddiaçı Cavabdeh qarşı borc tələbi barədə iddianı təmin edərkən əsas kimi məhz iddiaçının izahatını və iş materiallarına istinad etmişdir. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, prosessual qənaət prinsipinə görə məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsin. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi sübutlara düzgün qiymət verməmişdir. Belə ki, mülki iş materiallarında olan xx.xx.2014-cü il tarixli Depozit müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh xx xxxxxx 2014-cü ildə aylıq 5 % olmaqla 5 il müddətinə, xx.xx.2019-cu il tarixədək 1750 manat pul dеpоzitə vеrmişdir. Kollegiya qeyd edir ki, tərəflərin iradə ifadəsi əsasında bağlanmış müqaviləni hazırda da hər iki tərəf qəbul edir və mübahisələndirmir. Lakin iddiaçı tələbində vermiş olduğu əsas borcla yanaşı cavabdehdən faiz borcunu da tələb edir. Məhkəmə isə iddaçının tələb etdiyi aylıq 5 % miqdarında faizin əsaslı və qanuni olmasını nəzərə almayaraq, cavabdeh tərəfindən edilmiş ödənişləri faiz borcunun olması qənaətinə gələrək qanunun tələbini pozmuşdur. Belə ki, qanunvericiliyin tələbi baxımıdan şəxsin müstəqil peşə fəaliyyəti şəklində pul borc verməsi üçün lisenziyasının olması vacibdir. Lakin iş materiallarından İddiaçı belə bir lisenziyasını olması sübut olunmur. Belə olan halda iddaçının aylıq 5 % miqdarında faiz şəkilində borc tələb etməsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi, tərəflər arasında bağlanmış həmin müqavilədə qanunvericiliyin qeyd olunan tələbi gözlənilməmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə almamışdır. Kollegiya onu da qeyd edir ki, iddiaçı hazırki halda yalnız əsas borcla yanaşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsinin tələbi baxımından illik beş faiz miqdarında faiz tələb edə bilərdi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respubliokası Nəqliyyat, Rabitə və Yüksək Texnalogiyalar Nazirliyi “xxxxxxxx” MMC-nin 4 saylı poçt filialının RUX-11/453 nömrəli xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh tərəfindən İddiaçı adına «Zolotoya Korona» beynəlxalq pul köçürmə sistemi ilə 2873 ABŞ dolları məbləğində pul köçürmüşdür. İddiaçının özü də vermiş olduğu izahatında cavabdeh tərəfindən iki il ərzində hər ay 80-90 ABŞ dolları məbləğində pul ödənildiyini təsdiq edir. İş materialları və tərəflərin izahatından görünür ki, hazırki halda Cavabdeh İddiaçı olan borcunun tam şəkildə ödəmiş və iddiaçıya hər hansı borcu qalmamışdır. (24 ay * 90 USD=2160 USD= ekvalent 3672 manat) Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilmə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyindən iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-144/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-144/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar