Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7082/2022 18.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair 2(005)-58/2022 saylı mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən sökülmüş xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 322,1 kv.m olan qeyri-yaşayış sahəsinin yerində inşa ediləcək hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsində, lahiyədə nəzərdə tutulmuş qaydada üç tərəfə çıxışı olan 400 kv.m təmirli qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi, 2020-ci ilin mart ayından hesablanmaqla qeyri-yaşayış sahəsi ona təhvil verilən günədək hər ay 5000 manat əldən çıxmış gəlirin, qeyri-yaşayış sahəsi söküldüyü zaman oradan götürülmüş ümumi dəyəri 4000 manat olan 5 ədəd seyf qapı, ümumi dəyəri 5700 manat olan 19 ədəd istilik radiatoru, ümumi dəyəri 2500 manat olan 5 ədəd balaca ariston, ümumi dəyəri 8500 manat olan 6 ədəd “mitsubişi” markalı kondisioner, dəyəri 3000 manat olan 1 ədəd dərman preparatlarının saxlanılması üçün soyuducu, ümumi dəyəri 1600 manat olan 2 ədəd soyuducu, ümumi dəyəri 5500 manat olan 7 ədəd dəmir seyf və ümumi dəyəri 800 manat olan 3 ədəd 11 seksiyalı yağ radiatorunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli 2(005)-58/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. İddiaçı nümayəndəsi, Vəkil1 22 iyun 2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə qətnamədən apellyasiya şikayəti verərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli 2(005)- 58/2022 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı nümayəndəsi, Vəkil1 qərardaddan şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(005)-58/2022 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qeyd edilən qətnamə 16 may 2022-ci il tarixdə iddiaçının nümayəndəsi, Vəkil1 elektron kabinetinə yerləşdirilmişdir. Mübahisələndirilən qətnamə iddiaçıya rəsmi qaydada verilməmişdir. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti isə iş üzrə İddiaçı Cəbarayıl qızı tərəfindən vermiş, sadəcə vəkilin elektron imzası ilə imzalanmışdır. Digər tərəfdən iddiaçı qətnamədən apellyasiya şikayəti vermək üçün vəkillə müqaviləni 22 iyun 2022-ci il tarixdə bağlamış, həmin gün də apellyasiya şikayəti məhkəməyə təqdim edilmişdir. Qətnamə 16 may 2022-ci il tarixdə iddiaçının vəkili və nümayəndəsi Vəkil1 elektron kabinetinə yerləşdirilsə də, bu günədək “oxunmamış” statusundadır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(005)- 58/2022 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ancaq işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində prosessual müddətlər, onların buraxılmasının nəticələri ilə bağlı aşağıdakı prosessual normalar nəzərdə tutulmuşdur. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli 2(005)-58/2022 saylı qətnaməsi 12 may 2022-ci il tarixində “Elektron məhkəmə” informasiya sisteminə, 16 may 2022-ci il tarixdə isə İddiaçı nümayəndəsi, Vəkil1 elektron kabinetinə yerləşdirilmişdir. Lakin iddiaçının nümayəndəsi tərəfindən qətnamədən apellyasiya şikayəti 22 iyun 2022-ci il tarixdə verilmişdir. Halbuki, qətnamədən apellyasiya şikayəti vermə müddəti MPM-in 128.3-cü maddəsinə uyğun olaraq 17 may 2022-ci il tarixində başlanmış, 17 iyun 2022-ci il tarixində başa çatmışdır. Beləliklə, qətnamədən apellyasiya şikayəti vermə müddəti 5 gün buraxılmış, şikayət vermə müddətinin bərpası haqqında məhkəməyə ərizə verilməmişdir. Azərbaycan Respublikası MPM-in 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. İş materiallarında olan 4 noyabr 2020-ci il tarixli etibarnamədən və vəkil orderindən görünür ki, İddiaçı tərəfindən Vəkil1 mülki iş üzrə məhkəmədə təmsilçiliklə bağlı səlahiyyətlər, o cümlədən məhkəmə aktlarından şikayət verilməsi (imzalanması) səlahiyyətləri verilmişdir. (1-ci cild i.v.34-35) Mübahisələndirilən qətnamə iddiaçının nümayəndəsi Vəkil1 elektron kabinetində 16 may 2022-ci il tarixində yerləşdirilməklə qətnamə iddiaçı tərəfə rəsmi qaydada verilmiş hesab olunur. Qətnamədən apellyasiya şikayəti vermək üçün Vəkil1lə yeni müqavilə bağlanmasını gözləməyə gərək yox idi, belə ki, bu səlahiyyət 4 noyabr 2020-ci il tarixli etibarnamədə bilavasitə nəzərdə tutulmuşdu. Şikayətdə məhkəmə qətnaməsinin vəkilin elektron kabinetinə yerləşdirilsə də, həmin sənədin “oxunmamış” statusunda qaldığı bildirilir. Lakin qanunvericiliklə məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin məhkəmə aktını oxumasını təmin etmək vəzifəsi müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddət iddiaçı tərəfindən ötürülmüşdür və buna görə də birinci instansiya məhkəməsi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini geri qaytarmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398- 401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı X1 nümayəndəsi, Vəkil1 şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-58/2022 saylı mülki iş üzrə 12 sentyabr 2022-ci il tarixli qərardadı iddiaçı tərəfin şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7082/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7082/2022
18.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver