Məhkəmə qərarları › İş №2(103)-7083/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7083/2022

16.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7083/2022 16.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı əşyaları ilə birlikdə evdən çıxarılma, qanunsuz olaraq zəbt edilməsi nətiəsində dəymiş zərərin və kommunal xərclərə görə zərərin cavabdehlərindən tutulması tələbinə dair mülki iş üzrə İş № 2(103)-7083/2022 Açar sözlər: (evdən çıxarılma, zərər və kommunal xərclər) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(003)-782/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üçüncü səxs X11 mülkiyyətində olmuşdur. Əzizə Əhmədova mülkiyyətində olan həmin evi xx.xx.2016-cı ildə İddiaçı satmışdır. 2.İddiaçı mülkiyyətçi olaraq cavabdehlərə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1, Cavabdeh2 Səfərli oğlunun, Cavabdeh3, Cavabdeh4 və onların yetkinlik yaşına çatmayan uşaqları olan X3, X4, X7 ona məxsus ünvan 2 ünvanında yerləşən yaşayış evindən öz əşyaları ilə birlikdə boşaldılaraq evdən çıxarılmaları, orta aylıq kirayə haqqını 200 manatdan hesablamaqla həmin yaşayış evinin cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt edildiyi andan, yəni 2016-cı ilin sentyabr ayından indiyə kimi 60 ay ərzində itirdiyi mümkün gəlirlərin ümumi məbləği kimi (əldən çıxmış fayda) 12000 manat, cavabdehlər tərəfindən vurulmuş kommunal xərclərə görə zərərin məbləği kimi (qaza görə 1868 manat + işığa görə 1672 manat borc məbləği) 3540 manat, ümumi olaraq 15540 manat məbləğində pulun və 136.62 manat dövlət rüsumunun cavabdehlər tərəfindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılır ki, xx.xx.2016-cı il tarixində ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi notarial qaydada təsdiq edilmiş AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsi əsasında X21 tərəfindən ona İddiaçı satılmışdır. Həmin müqavilə Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu X15 tərəfindən təsdiq edilmişdir. Müqavilə əsasında mülkiyyətinə keçmiş həmin yaşayış evi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ********** qeydiyyat nömrəli xx.xx.2016-cı il qeydiyyat tarixli RX ******* nömrəli xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarışı əldə etmişdir. Həmin yaşayış evinin texniki pasportu ona təqdim edilmişdir. Yaşayış evi satılan zaman həmin ünvanda qeydiyyatda Əzizə Əhmədova olmuş və o mənzili satdıqdan sonra xx.xx.2016-cı il tarixədək qeydiyyatdan çıxmağı, həmçinin üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür. Həmin yaşayış evi onun mülkiyyətinə keçdikdən sonar yaşayış evinin əvvəlki mülkiyyətçisinin ailə üzvləri olmayan üçüncü şəxslər onun razılığı olmadan cavabdeh inzibati orqan tərəfindən yaşayış yeri üzrə qeydiyyata alınmışlar. Bu səbəbdən onun razılığı olmadan qanunsuz olaraq onun mülkiyyətində olan yaşayış evinə qeydiyyata düşən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, onların yetkinlik yaşına çatmayan uşaqları olan X8, X9, X12, o cümlədən keçmiş mülkiyyətçi olan X11 ünvan 4 ünvanından qeydiyyatdan çıxarılması üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyini Azərbaycan Respublikasın Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə həvalə edilməsi ilə bağlı qərar qəbul edilməsi üçün Bakı İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Bakı İnzibati Məhkəməsi əsaslı və qanuni olaraq iddia tələbini təmin etmişdir. İş üzrə üçüncü şəxs olan Cavabdeh2 apelyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin 16 oktyabr 2020- ci il tarixli 2- 1(112)-2708/2020 saylı qərarını dəyişdirilmədən qüvvədə saxlamışdır. İş üzrə üçüncü şəxs Bakı Apelyasiya Məhkəməsinin həmin qərarından kassasiya şikayəti vermiş və AR Ali Məhkəməsinin İnzibati Kollegiyası Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2021-ci il tarixli, 2-1(103)-601/2021 saylı qərarını dəyişdirilmədən qüvvədə saxlamışdır. ünvan 1 ünvanında yerləşən yaşayış evini rəsmi qaydada mülkiyyətinə keçirməsinə və adına rəsmiləşdirməsinə baxmayaraq, iş üzrə cavabdehlər və onların yetkinlik yaşına çatmayan uşaqları həmin evdə yaşamağa davam etdiyinə görə xx.xx.2016-cı il tarixindən etibarən həmin evdə faktiki olaraq yaşaması və evə daxil olması mümkün olmamışdır. Belə ki, həmin evi mülkiyyətinə keçirməsinə baxmayaraq Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qanunsuz olaraq mülkiyyətində olan yaşayış evini qəsd edərək mülkiyyət hüquqlarını pozmuş və bu əməllərinə indiyə qədər davam etməkdədirlər. Bütün bunlarla yanaşı həmin şəxslər onun hər hansı bir razılığı olmadan özlərinin yetkinlik yaşına çatmayan uşaqları olan X8, X9, X12 da onu ünvanına qeydiyyata salmışlar. Yuxarıda adı çəkilən şəxslərin nə vaxtdan etibarən ona məxsus yaşayış evinə qeydiyyata alınmaqları barədə məlumatın əldə olunması üçün Bakı Şəhər Xəzər Rayon Polis İdarəsinə müraciət olunmuşdur. Xəzər Rayon Polis İdarəsi xx.xx.2020-ci il tarixli, 055-26339H-3220 nömrəli məktubu ilə həmin şəxslərin yaşayış yeri üzrə qeydiyyat haqqında arayışları ona təqdim edilmişdir. Həmin məktubdan və qeydiyyat haqqında arayışlardan görünür ki, qeyd olunan şəxslər 2016-cı ilin dekabr ayından etibarən, yetkinlik yaşına çatmayan uşaqları isə 2018-ci ilin mart ayından etibarən onun razılığı olmadan qanunsuz şəkildə mülkiyyətində olan yaşayış evinə qeydiyyata alınmışlar. Yuxarıda adı çəkilən şəxslər yaşayış evini qanunsuz olaraq zəbt etmişdir və evi aldığından bəri həmin evdə yaşaya, istifadə edə, həmçinin evdən hər hansı fayda götürə bilməmişdir. Onların bu qanunsuz hərəkətlərinə görə konstitusion hüquq olan mülkiyyət hüququ kobud surətdə pozulmuş, əmlak üzərində sahiblik etməsi, ondan istifadə etməsi və fayda götürməsi mümkün olmamışdır. 2016-cı ilin sentyabr ayından etibarən iş üzrə cavabdehlərin ona məxsus yaşayış evi barədə qanunsuz hərəkətləri nəticəsində ona çatası bütün mümkün gəlirlərdən, həmin evdən istifadə hüququndan məhrum olmuşdur. Həmçinin həmin şəxslərin qanunsuz hərəkətləri nəticəsində evindən sui-istifadə edilmiş, həmin yaşayış evinə xeyli miqdarda kommunal borcların yığılmasına səbəb olmuşlar. Belə ki, ev barəsində həmin şəxslər tərəfindən qaz sərfıyyatına görə 1868 manat, işıq sərfiyyatına görə 1672 manat və su sərfıyyatına görə borc yazılmışdır. Ona məxsus və cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt edilmiş yaşayış evini faktiki olaraq kirayə və yaxud icarə müqaviləsi əsasında istifadəyə verərək fayda götürə bilərdi. Halbuki, cavabdehlər onu bu hüququndan məhrum etmişlər. Bu səbəbdən, Azərbaycan Respublikasının Konstitusiyasına, müvafiq qanunvericiliyinə və Mülki Məcəlləsinə əsasən hesab edir ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona dəyən bütün zərərin əvəzi ödənilməlidir. Belə ki, həmin ərazidə yaşayış evinin kirayə verilməsinin orta aylıq məbləğini 200 manatdan hesabladıqda, ona məxsus sözügedən yaşayış evinin cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt edildiyi andan, yəni 2016cı ilin sentyabr ayından indiyə kimi 60 ay ərzində itirdiyi mümkün gəlirlər (əldən çıxmış fayda) 12 000 manat məbləğində müəyyən olunur. Həmçinin, ona məxsus yaşayış evi barədə cavabdehlər tərəfindən vurulmuş kommunal xərclərə görə zərərin məbləği (qaza görə 1868 manat + işığa görə 1672 manat borc məbləği) 3540 manat dəyərindədir. Əlavə olaraq, hazırki iddia tələbinə görə müəyyən olunmuş dövlət rüsumunun məbləği 136.62 manat 62 qəpik hesablandığı üçün cavabdehlərdən ümumi tələb olunmalı pul məbləği dövlət rüsumu da əlavə olunmaqla 15 677 manat təşkil edir. 5.Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə), 17 may 2022-ci il tarixli, 2(003)-782/2022 saylı qətnaməsi ilə (sədrlik edən-Sabit Bəhramzadə) iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 və onların yetkinlik yaşına çatmayan uşaqları olan X16, X17, X20 ünvan 5 ünvanında yerləşən yaşayış evindən öz əşyaları ilə birlikdə çıxarılmaları, ödənilmiş dövlət rüsumuna görə 50 manatın cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 80,62 manat hissəsinin iddiaçının özünə aid edilməsi qət olunmuşdur. 6.İş materiallarında olan X21 (satıcı) ilə İddiaçı (alıcı) arasında bağlanılmış AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə əsasında X21 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 90.1 kv/m olan fərdi yaşayış evini və həmin ünvanda yerləşən 0,05 ha torpaq sahəsini 45000 manat müqabilində İddiaçı mülkiyyətinə verilməsinə dair bağlanmışdır. 7.Həmin müqavilənin 8, 9 və 11 bəndlərindən görünür ki, satıcı, X21 alıcıya, İddiaçı üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüş, daşınmaz əmlakla əlaqədar məhkəmə mübahisəsinin olmadığına təminat vermiş və daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə xx.xx.2016-cı il tarixinədək faktiki sahibliyinə verməsi barədə öhdəlik götürmüşdür. 8.İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, D.Bünyadzadə küçəsi 2-ci keçid ev 4 (fərdi yaşayış evi və 0.05 ha torpaq sahəsi) X11 adına xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 9.İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş fərdi yaşayış evinin texniki pasportundan görünür ki, Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, D.Bünyadzadə küçəsi 2-ci keçid ev 4 İddiaçı adınadır. 10.İş materiallarıda olan Bakı şəhər Xəzər rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2020ci il tarixli məktubunun surətindən görünür ki, ünvan 7 ünvanına xx.xx.1988-ci təvəllüdlü Cavabdeh1 xx.xx.2016-cı il tarixdə, xx.xx.1946-cı il təvəllüdlü Cavabdeh2 xx.xx.2016-cı il tarixdə, xx.xx.1947-ci il təvəllüdlü Cavabdeh3 xx.xx.2016-cı il tarixdə, xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh4 xx.xx.2016-cı il tarixdə Xəzər RPİ-i tərəfindən xx.xx.2012-ci il təvəllüdlü X3 xx.xx.2018-ci il tarixdə, xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2018-ci il tarixdə xx.xx.2014-cü il təvəllüdlü X7 isə xx.xx.2018ci il tarixdə Səyyar ASAN-1 tərəfindən qeydiyyata alındıqları müəyyən olunmuşdur. Araşdırma zamanı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qeydiyyata alınma əsaslarını müəyyən etmək mümkün olmamışdır. 11.İş materiallarıda olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh1, Cavabdeh2 Səfərli oğlunun, Cavabdeh3, Cavabdeh4, X11, X3, X4, X7 ünvan 8 ünvandan qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. 12.İş materiallarıda olan Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, üçüncü şəxs Cavabdeh2 Səfərli oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. 13.İş materiallarıda olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, üçüncü şəxs Cavabdeh2 Səfərli oğlu tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməmiş və Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. 14.İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin Xəzər Rayon Polis İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini aldığından icra edilməsi üçün polis idarəsinə göndərilmişdir. 15.İş materiallarında olan Daxili işlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2 Səfərli oğlu, Cavabdeh3, Cavabdeh4, X21, X16, X17, X20 ünvan 11 ünvanından qeydiyyatdan çıxarılmışlar. 16.İş materiallarıda olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, üçüncü şəxs X5 ünvan 11 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin Bakı şəhəri Xəzər rayon polis idarəsinin üzərinə qoyulması qərara alınmışdır. 17.İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X2 qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. 18.İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və X18 qarşı alğı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair ilkin iddiası və İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X2 və Cavabdeh1 qarşı 12000 manat kompensasiya verilməklə istifadə hüququna itirilməsi və evdən çıxarılma tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. 19.İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə hesabı Əziz Cavabdeh4 oğlunun adına olan Abunə haqqında çıxarışın surətindən görünür ki, Binə qəsəbəsi, D.Bünyatzadə küçəsi, ev 0002 mənzil 0004 ünvanın elektrik enerjisindən istifadəyə görə 1672,95 manat məbləğində borcu mövcüddur. 20.İş materiallarında olan “Azəriqaz” İB tərəfindən verilmiş çıxarışdan görünür ki, **********2 smart sayğaclı abonentin ( Əziz Əhmədovun) Binə qəsəbəsi, D.Bünyatzadə küçəsi, bina 2 mənzil 4 ünvanında təbii qazdan istifadəyə görə 1868,05 manat məbləğində borcu mövcüddur. 21.Məhkəmə işin araşdırılmış halları üzrə qeyd etmişdir ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi, Bünyadzadə D. küçəsi 2-ci keçid ev 4 (fərdi yaşayış evi və 0.05 ha torpaq sahəsi) Dövlət reyestrindən çıxarışa əsasən X18 məxsus olmuş, alğı-satqı müqaviləsinə əsasən o, həmin əmlakı iddiaçıya satmış və həmin alğı-satqı müqaviləsi əsasında alıcı, İddiaçı qarşısında üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməsi, daşınmaz əmlakla əlaqədar məhkəmə mübahisəsinin olmadığına təminat verməsi və daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə xx.xx.2016-cı il tarixinədək faktiki sahibliyinə verməsi barədə öhdəliklər götürmüşdür. İş üzrə cavabdehlər 2013-cü il tarixdən hal-hazıradək həmin evdə azyaşlı uşaqlarla birlikdə yaşayırlar. 22.Qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə qeyd etmişdir ki, mübahisə predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, D.Bünyatzadə küçəsi, 2-ci keçid, 4 saylı evin mülkiyyətçisi olmuş X21 həmin əmlaka (evə) dair alğı-satqı müqaviləsi əsasında İddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, həmin evi razılaşdırılmış qaydada və müddətdə alıcının, yəni iddiaçının tam mülkiyyətinə verməmişdir. Belə ki, X21 İddiaçı ilə aralarında bağlanmış həmin alğı-satqı müqaviləsi əsasında iddiaçıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə xx.xx.2016-cı il tarixinədək faktiki sahibliyinə verməsi barədə üzərinə öhdəliklər götürməsinə baxmayaraq işin müəyyən edilmiş hallarından görünür ki, iş üzrə cavabdehlər hal-hazırda da satılmış evdə yaşayırlar və alınmış əmlak alıcıya, yəni iddiaçıya təhvil verilməmişdir. 23.Məhkəmə qeyd etmişdir ki, iddiaçı mübahisə predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, D.Bünyatzadə küçəsi, 2-ci keçid, 4 saylı evin mülkiyyətçisi olmaqla həmin evdən cavabdehlərin çıxarılmasını tələb etməkdə haqlıdır. Belə ki, iş üzrə cavabdehlər iddiaçının (mülkiyyətçinin) və həmin evin keçmiş mülkiyyətçisi olan X11 ailə üzvü olmamaqla həmin evdən mülkiyyətçinin razılığı olmadan istifadə etmələri (yaşamaları) qanuni hesab edilə bilməz. Belə ki, iş üzrə cavabdehlərin mübahisə predmeti olan evdə yaşamaları, keçmiş mülkiyyətçinin də ailə üzvü olmamaları nəzərə alınmaqla onların həmin evdən istifadə etmək üçün hər hansı bir hüququnun olmasına dəlalət etmir və iddiaçının mülkiyyətçi hüquqlarının kobud surətdə pozulmasına gətirib çıxarmaqla, həmin əmlakdan məhrum olunmasına səbəb olur. 24.Məhkəmə hesab etmişdir ki, mülkiyyətində olan və onun razılığı olmadan evdə yaşayan cavabdehlərin azyaşlı uşaqları və əşyaları ilə birlikdə çıxarılması hissəsində iddia tələbi əsaslıdır və iddia tələbi həmin hissədə təmin olunmalıdır. Məhkəmə, iddia tələbinin orta aylıq kirayə haqqını 200 manatdan hesablamaqla həmin yaşayış evinin cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt edildiyi andan, yəni 2016-cı ilin sentyabr ayından indiyə kimi 60 ay ərzində itirdiyi mümkün gəlirlərin ümumi məbləği kimi (əldən çıxmış fayda) 12000 manat, cavabdehlər tərəfindən vurulmuş kommunal xərclərə görə zərərin məbləği kimi (qaza görə 1868 manat + işığa görə 1672 manat borc məbləği) 3540 manat, ümumi olaraq 15540 manat məbləğində pulun tutulması hissəsinə qiymət verərək qeyd etmişdir ki, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir. 25.Belə ki, iddiaçı, orta aylıq kirayə haqqını 200 manat hesablamaqla 60 ay ərzində itirdiyi gəlirlərin ümumi məbləği kimi 12000 manat məbləğində pul cavabdehlərdən tələb etsə də, bununla bağlı sübutlar (kirayə müqaviləsi və s.) məhkəməyə təqdim etməmişdir. Eyni zamanda elektrik enerjisinin və təbii qazın istifadəsinə görə yaranmış borcların iddiaçıya dəymiş zərər kimi qəbul edilməsini məhkəmə əsassız hesab etmişdir. Belə ki, elektrik enerjisinin və təbii qazın istifadəsinə görə yaranmış borcun mövcüd olması müəyyən edilsə də, həmin borcun tələb hüququ həmin qurumlara aid olmaqla iddiaçı tərəfindən ödənildiyi təqdirdə onun tərəfindən cavabdehlərdən tələb edilə bilər. 26.İddia tələbinin qismən təmin olunmasını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən ödənilmiş 136,62 manat dövlət rüsumunun 50 manat hissəsi cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 alınaraq iddiaçıya verilməli, dövlət rüsumunun qalan 80,62 manat hissəsi iddiaçının özünə aid edilməlidir. 27.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsi, 29-cu maddəsinin 2-ci hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 568.1, 569.1, 570.1, 572.2, 146.1, 146.2, 152.1, 157.2, 178.1, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 28.Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və onların evdən çıxarılması ilə bağlı iddianın rədd edilməsini xahiş etmişdir. 29.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edilmişdir. 2003-cü il dekabrın 10-da böyük qardaşım X6 ikinci həyat yoldaşı X13 yolu keçərkən maşın vurub qətlə yetirmişdi. Qardaşım Əziz insultla iflic vəziyyətdə yataq xəstəsi idi və qızı 1992-ci il təvəllüdlü Əzizə Əhmədova isə azyaşlı idi. Ona görə də xəstə qardaşına və onun azyaşlı qızına qulluq eləmək üçün onlar ailəliklə 2003-cü il dekabrın 10-dan qardaşıgilə köçməli olmuşlar. Həmin vaxtdan orada yaşayırlar. İddiaçının mübahisəli mənzillə bağlı bağladığı alğı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 30.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 31.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 32.Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 33.Maddə 43-cü maddəsinin İ hissəsi. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 34.Maddə 53-cü maddənin 1-ci hissəsi. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. 35.Maddə 54-cü maddəsinin 1-ci hissəsi. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. 36.Maddə 54-cü maddəsinin 3-cü hissəsi. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 37.Maddə 228.4.Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 38.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 39.Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 40.Maddə 124.2.İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. 41.Maddə 384.0.2.Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 42.Maddə 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Apellyasiya baxışının hədləri 43.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 44.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın Cavabdeh2 aid qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, digər cavabdehlər qətnamədən apellyasiya şikayəti verməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 45.Kollegiya qeyd edir ki, məhkəmə mübahisələndirilən hissədə iddianı təmin edərkən hesab etmişdir ki, iddiaçı mübahisə predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, D.Bünyatzadə küçəsi, 2-ci keçid, 4 saylı evin mülkiyyətçisi olmaqla həmin evdən cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır. Belə ki, iş üzrə cavabdeh iddiaçının (mülkiyyətçinin) və həmin evin keçmiş mülkiyyətçisi olan X11 ailə üzvü olmamaqla həmin evdən mülkiyyətçinin razılığı olmadan istifadə etməsi (yaşaması) qanuni hesab edilə bilməz. Belə ki, iş üzrə cavabdehin mübahisə predmeti olan evdə yaşaması, keçmiş mülkiyyətçinin də ailə üzvü olmaması nəzərə alınmaqla onun həmin evdən istifadə etmək üçün hər hansı bir hüququ olmasına dəlalət etmir və iddiaçının mülkiyyətçi hüquqlarının kobud surətdə pozulmasına gətirib çıxarmaqla, həmin əmlakdan məhrum olunmasına səbəb olur. 46.Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. 47.Buna görə də, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iddia təmin edilməməlidir. 48.Belə ki, məhkəmənin istinad etdiyi qüvvədə olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 sentyabr 2017-ci il tarixli, 2(003)-4018/2017 saylı qətnaməsində qüvvədə olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli, 2(003)-19/2017 saylı qətnaməsinə istinad olunmuşdur. Məhkəmə bu hala diqqət yetirməmişdir. 49.Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli, 2(003)-19/2017 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2, X2, Cavabdeh3 və Cavabdeh4 qarşı “cavabdehlərin mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 13 ünvanından çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddia rədd olunmuşdur. 50.Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli, 2(003)-19/2017 saylı qətnaməsi ilə məhkəmə iddianı rədd edərkən qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarından görünür ki, Artyom rayon ZDS İK-nin 5/60 saylı, 11 mart 1966-cı il tarixli qərarı ilə X10 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, D.Bünyatzadə küçəsi, 2-ci keçid ünvanında fərdi ev tikmək üçün 500 kv.m torpaq sahəsi təhkim edilmişdir. Əziz Əhmədov həmin torpaq sahəsində 4 saylı fərdi yaşayış evini tikmişdir. Cavabdehlər 2003-cü ilin dekabr ayından həmin evdə yaşayırlar. Cavabdehlərdən Cavabdeh2, Briliyant Əhmədova və Cavabdeh4 yaşayış yeri üzrə həmin ünvana qeydiyyata alınmışlar. Fərdi yaşayış evi cavabdehlər həmin ünvanda yaşadıqları vaxt Bakı şəhəri Xəzər rayon İHB-nin 336 saylı xx.xx.2016-cı il tarixli sərəncamına əsasən xüsusi mülkiyyət hüququ üzrə Əziz Əhmədovun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, xx.xx.2016-cı il tarixdə isə Əzizə Əhmədovanın mülkiyyətinə keçmişdir. Sonuncu 06 sentyabr 2016-cı il tarixdə daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən həmin fərdi yaşayış evini İddiaçı satmışdır. Bundan sonra Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, D.Bünyatzadə küçəsi 2-ci keçid, ev 4 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və hazırda onun mülkiyyətindədir. Məhkəmə Cavabdehlərin fərdi yaşayış evinin Əziz Əhmədovun mülkiyyətinə qeydə alınmazdan əvvəl mübahisəli evə köçüb yaşamağa başladıqları 2003-cü ilin dekabr ayında (mübahisəli hüquq münasibətinin yarandığı zaman) qüvvədə olan Azərbaycan Respublikasının 8 iyul 1982-ci il tarixli qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsi, 54-cü maddəsinin 1-ci və 3-cü hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4-cü maddəsinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə istinad edərək, tədqiq edilmiş sübutlara əsaslanaraq, belə nəticəyə gəlmişdir ki, cavabdehlər fərdi yaşayış evinin tikiliyə torpaq sahəsinin təhkim edildiyi və evi tikən şəxs tərəfindən ünvan 11 ünvanına köçürülərək evdə, xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınanadək 12 ildən artıq müddət ərzində yaşamaqla, həmin evdən istifadə hüququ əldə etdiklərindən və həmin evə mülkiyyət hüququnun iddiaçıya keçməsi istifadə hüquqlarına xitam verilməsi üçün əsas olmadığından, cavabdehlərin istifadə hüququ əldə etdikləri yaşayış yerlərindən çıxarılmalarına dair hazırki iddia əsassızdır və təmin edilə bilməz. 51.Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli, 2(003)-19/2017 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 may 2017-ci il tarixli, 2(103)-5471/2017 saylı qətnaməsi ilə təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. 52.Göründüyü kimi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli, 2(003)- 19/2017 saylı qətnaməsi ilə Cavabdeh2 mənzildən çıxarılması ilə bağlı məsələyə qiymət verilmişdir. 53.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarına əsasən Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığı, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə baxılmasına da aid edilir. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. 54.Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hüquq doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd edir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədi ilə yekun qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmənin səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədi deyil, məhkəmə səhvlərini ədalət mühakiməsinin düzgün aparılmasını yoluna qoymaq məqsədi ilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz. Eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Bu isə öz növbəsində qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən mübahisələrin yekunlaşmasının və hüquq sabitliyinin təmin edilməsi üçün məhkəmə qərarlarının yenidən baxılmasına əsasən apellyasiya və kassasiya məhkəmələri tərəfindən həyata keçirilməsini nəzərdə tutur. Yalnız əsaslı və qarşısı alınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. 55.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 13 fevral 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. 56.“Brumaresku Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarda Avropa İnsan Hüquqları Məhkəməsi göstərmisdir ki, hüququn aliliyinin əsas aspektlərindən bıri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. 57.Kollegiya hesab edir ki, eyni tərəflərin iştirak etdiyi qüvvədə olan məhkəmə qətnaməsi ilə (Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 yanvar 2017-ci il tarixli, 2(003)-19/2017 saylı qətnaməsi) Cavabdeh2 mənzildən çıxarılması ilə bağlı məsələyə qiymət verildiyi halda, iddiaçı tərəfindən cavabdehin həmin mənzildən öz əşyaları ilə birlikdə çıxarılması yenidən mübahisələndirilə bilməz. 58.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, mübahisələndirilən hissədə iddia əsassız olduğundan rədd edilməlidir. 59.Kollegiya apellyatorun alğı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, qüvvədə olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apellyatorun alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı iddiasına qiymət verilmiş, iddia əsassız olduğundan rədd olunmuşdur. 59.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(003)-782/2022 saylı qətnaməsi mübahisələndirilən-iddianın Cavabdeh2 ünvan 15 ünvanında yerləşən yaşayış evindən öz əşyaları ilə birlikdə çıxarılması, ödənilmiş dövlət rüsumuna görə 50 manatın Cavabdeh2 alınaraq İddiaçı verilməsinin təmin edilən hissələrində ləğv edilsin, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qeyd olunan hissələrdə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar