Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7097/2021 12.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə İddiaçı1 və İddiaçı2 X16 və Cavabdeh2 qarşı “payın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələblərinə dair mülki üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 və Əli X14 Reza Əkbər oğluna və Cavabdeh2 qarşı iddia ərizəsi (sonradan iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə) ilə məhkəməyə müraciət edərək, onlarla cavabdehlər arasında 06.02.2014-cü il tarixdə bağlanmış və Bakı şəhəri 26 saylı notariat kontorunda rəsmiləşdirilmiş “payın alqı-satqısı müqaviləsi”nin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələblərini belə əsaslandırmışlar ki, 2004-cü ildə yaradılmış "xxxx" MMC-nin təsisçiləri olaraq MMC-nin səhmlərinin 50% payına Məcid, 50% payına onlar sahib olmuş, MMC-nin maliyyə vəziyyətini və öz şəxsi maliyyə vəziyyətlərini yaxşılaşdırmaq məqsədilə müəssisəyə yeni payçı gətirmək qərarına gəlmiş, Məcid Rusiya Federasiyasında yaşayan dostu X13 adlı şəxsi gətirərək İdris Məmmədovun 1 350 000 manata 25% payı ondan (Məciddən), 25% payı isə onlardan alacağını bildirmiş, 06.02.2014-cü il tarixdə 26-cı notariat kontorunda bağlanmış “Payın alqı-satqı müqaviləsi”nə əsasən özlərinə məxsus 50% payın 25%-ni X19, qalan 25%-ni İdris Məmmədovun yaxın qohumu olan Cavabdeh2 satılmasını rəsmiləşdirmişlər. Alqı-satqı müqaviləsində onlara məxsus payların guya cavabdehlərin hər birinə 5000 manata satıldığı göstərilmiş, əslində isə İdris Məmmədovla aralarında onun tərəfindən 25% səhmə görə ümumilikdə 773 000 ABŞ dollarının ödəniləcəyi razılaşdırılmış, payın 25%-i faktiki olaraq İdris Məmmədova satılmış, sadəcə İdris Məmmədovun təklifinə əsasən formal olaraq alqı-satqı əməliyyatı Cavabdeh2 adına aparılmışdır. O cümlədən, tərəflər arasında 05.04.2014-cü il tarixdə bağlanmış razılaşma protokoluna əsasən bu pulun 195000 ABŞ dolları hissəsi İdris Məmmədov tərəfindən MMC-nin fəaliyyətinin genişləndirilməsi üçün sərmayə qoyuluşu şəklində MMC-yə ödənilməli olmuş, lakin nə İdris Məmmədov, nə də Cavabdeh2 tərəfindən səhmlərə görə hər hansı ödəniş edilməmişdir. Başqa sözlə, cavabdehlər tərəfindən aldadılmış və MMC-də olan payları faktiki olaraq İdris Məmmədov tərəfindən mənimsənilmişdir. Dəfələrlə bu məsələnin sülh yolu ilə həllinə cəhd etsələr də, cavabdehlərlə razılaşma əldə etmək mümkün olmamışdır. Artıq 1 ildən çoxdur ki, onlara kompensasiya verməklə razı salacaqlarını bildirərək heç bir yerə şikayət etməmələrini bildirmiş, son dəfə 800 000 manat təklif etmişlər ki, bu məbləğ onların həmin MMC-də olan payının ancaq yarısının kompensasiyasını təşkil edir. İş o yerə çatmışdır ki, İdris Məmmədov və onun adamları MMC-nin qanun üzrə 25%, faktiki isə 50%-nə sahib olsalar da, onların nümayəndələrini hətta müəssisənin ərazisinə də buraxmırlar. Tərəflər arasında 06.02.2014-cü il tarixdə bağlanmış müqavilədə göstərilən 5000 manat dəyər görüntü xarakterlidir və qalıq 195 000 ABŞ dollarının İdris Məmmədov tərəfindən müəssisənin fəaliyyətinin genişləndirilməsi üçün sərmayə qoyuluşu şəklində MMC-yə ödənilməli olması barədə 05.04.2014-cü il tarixdə bağlanmış razılaşma protokolu da əqdin görüntü xarakterli olmasını, MMC-nin 25% dəyərinin real qiymətini əks etdirməməsini sübuta yetirir. Göründüyü kimi 06.02.2014-cü il tarixli müqavilə formal xarakter daşımış və cavabdehlər tərəfindən onun şərtləri yerinə yetirilməmişdir. Cavabdehlər nə səhmlərin dəyərini ödəmiş, nə də MMC-nin fəaliyyətini genişləndirmək üçün ödəyəcəklərini öhdəlik kimi götürdükləri pulu MMC-yə köçürməmişlər. Bütün bunlar cavabdehlərin müqavilə öhdəliklərini yerinə yetirmədiklərini sübuta yetirir və onlar vacib əhəmiyyətli yanılmanın təsiri altında hərəkət etdiklərindən payın alğı-satqısına dair bağlanmış müqavilə etibarsız hesab edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Hacı X5 və İddiaçı2 "xxxx" MMC-nin “X21 Limited” Ticari Şirkətindən olan 50% paylarının X16 və Cavabdeh2 5000 manata satılmasına dair Bakı şəhəri 26 saylı notariat kontorunda bağlanmış (təsdiq edilmiş) 06.02.2014-cü il tarixli “Payın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, qətnamənin ləğv və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdeh2 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, "xxxx" MMC-nin təsisçiləri 06.02.2014-cü il tarixdə X3 (50% pay) və “X21 Limited” Ticari Şirkəti (50% pay) olmuş, “X21 Limited” Ticari Şirkətinin MMC-də olan 50% payının 25%-i 06.02.2014-cü il tarixdə ona satılmışdır. Payın alqı-satqısı müqaviləsini “X21 Limited” Ticari Şirkəti (və ya MMC) yox, İddiaçı1 Əbdullah və İddiaçı2 mübahisələndirirlər, hansı ki, onların belə bir hüququ mövcud deyildir. Digər tərəfdən iddiaçılar, sərbəst iradələri ilə notarial qaydada MMC-nin nizamnamə kapitalındakı payının 25%-ni 5000 manata satmışlar və müqavilənin etibarsızlığı üçün hər hansı əsas yoxdur. İddia ərizəsi İddiaçı2 vəkalətli nümayəndəsi X6 tərəfindən imzalanmış, iddiaçı qismində göstərilən İddiaçı1 Əbdullah tərəfindən iddia ərizəsi imzalanmamış, buna baxmayaraq məhkəmə onu da iddiaçı qismində tanımışdır. Bundan başqa, İddiaçı1 Əbdullahın nümayəndəsi Lətifə Kərimova həm də cavabdeh X19 vəkilidir və məhkəmə həm iddiaçının, həm də cavabdehin vəkili olan Lətifə Kərimovanın iştirakı ilə qətnamə çıxarmışdır. Bundan əlavə, iddiaçılar tərəfindən iddia müddətinin ötürülməsi nəzərə alınmamış, məhkəmə bu hala əhəmiyyət verməmişdir. "xxxx" MMC-nin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, MMC təsisçilərinin ümumi yığıncağının qərarı və iddiaçıların sərbəst iradələri ilə notarial qaydada rəsmiləşdirilməklə MMC-nin nizamnamə kapitalında olan “X21 Limited” Ticari Şirkətinin 50% payı X16 və Cavabdeh2 satılmış, iddiaçılar MMC-yə heç bir pretenziya vermədən, hər hansı etiraz və xəbərdarlıq etmədən iddia qaldırmışlar. "xxxx" MMC-nin təsisçiləri Əli X7 və İddiaçı2 olmamışlar, onlar “X21 Limited” Ticari Şirkətinin təsisçiləri olmuşlar. Ona görə iddiaçı qismində yalnız “X21 Limited” Ticari Şirkəti iştirak edə bilərdi və "xxxx" MMCnin iddiaçılar qarşısında heç bir öhdəliyi olmamışdır. Birinci instansiya məhkəməsi sadəcə müqaviləni etibarsız hesab etməklə vəzifəsini bitmiş hesab etmiş, amma nəzərə almamışdır ki, MMC-nin təsisçilərinin bir sıra bank, kommersiya qurumları, kreditorlar qarşısında şəxsi öhdəlikləri var, məhkəmənin qətnaməsi qüvvəyə minəcəyi təqdirdə digər şəxs və orqanların maraq və mənafelərinə ciddi təsir edə biləcəkdir. Həmçinin məhkəmə iddia müddətinin ötürülməsini də nəzərə almamış, qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 13 iyul 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin olunmamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22.02.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 kassasiya şikayəti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 fevral 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 13.07.2018-ci il tarixli qətnaməsinin qismən - Cavabdeh2 aid hissədə ləğv edilməsi və işin ona münasibətdə yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 10 iyul 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 222 fevral 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən - iddianın Cavabdeh2 qarşı təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 10 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 dekabr 2020-ci il tarixli qərarı ilə Ali Məhkəmənin 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416 və 418.1-418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsi və işə bu Qərarda ifadə edilmi hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Mülki işə hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraat qaydasında baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 aprel 2021-ci il tarixli Qərarı ilə Ali Məhkəmənin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə təkrar (yeni) apellyasiya qaydasında baxılarkən Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətlərini müdafiə edərək izahatında həmçinin göstərmişdir ki, iddiaçı Hacı X11 cavabdeh X17rdaşı, digər iddiaçı isə yaxın qohumu olmaqla əslində X20 iddiaçılar eyni adamlardırlar. Hətta məhkəmədə iddiaçıları cavabdeh X1 arvadı Gülnarə Hüseynova təmsil etmiş, X23 isə bütün dövlət orqanlarında iddiaçıların təmsilçisi olmuşdur. Bundan başqa, “X21 Limited” Ticari Şirkətini də cavabdeh X23 təmsil edir və o, həmin şirkətin 25% payının Cavabdeh2 satılmasına dair müqavilənin qanuniliyini tanıyaraq dəfələrlə cəmiyyətin təsisçilərinin ümumi yığıncağında onunla birlikdə iştirak etməklə birlikdə qərarlar qəbul etmişlər. Əvvəlki məhkəmə iclasında iştirak edən, İddiaçı1 nümayəndəsi və vəkili, İddiaçı2 isə vəkili olan Vəkil2 apellyasiya şikayətlərinin əsassız olduğunu bildirərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, bununla belə növbəti məhkəmə iclasına, “COVİD 19” virusuna görə vaksinin ikinci dozasını vurduracağı ilə bağlı gələ bilməyəcəyi və prosesin təxirə salınması xahişini ehtiva edən ərizə göndərmişdir. Kollegiya Vəkil2 əvvəlki məhkəmə iclasında izahat vermiş olmasını və prosesin təxirə salınması üçün əsaslar olmadığını nəzərə almaqla, işə onun iştirakı olmadan baxılmasına qərar vermişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq "xxxx" MMC nümayəndəsini məhkəməyə göndərməmiş, 26 saylı notariat ofisinin notariusu isə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə, qəbul edilmiş əvvəlki məhkəmə aktlarının hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə ləğv olunmasından sonra yenidən apellyasiya qaydasında baxılmaqdadır və bu səbəblə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, habelə Ali Məhkəmənin Plenumunun 30 aprel 2021-ci il tarixli qərarlarında əks olunmuş hüquqi mövqelər nəzərə alınmalıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, Ali Məhkəmənin hazırda qanuni qüvvədə olan 18 fevral 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 13.07.2018-ci il tarixli qətnaməsi yalnız Cavabdeh2 aid hissədə ləğv olunaraq iş ona münasibətdə yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilmiş, beləliklə də iddianın X16 qarşı təmin olunması ilə bağlı hissədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almışdır. Başqa sözlə, hazırkı apellyasiya baxışının predmetini birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın Cavabdeh2 qarşı təmin olunmuş hissəsinin yoxlanılması təşkil edir. Eyni zamanda qeyd olunmalıdır ki, "xxxx" MMC Bakı Apellyasiya Məhkəməsinin 13 iyul 2018-ci il tarixli qətnaməsi ilə razılaşaraq ondan kassasiya şikayəti verməmişdir və bu səbəblə adı çəkilən MMC-nin şikayəti də hazırkı apellyasiya baxışının predmeti deyildir. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını bu kontekstdə аrаşdırаrаq hеsаb еdir ki, Cavabdeh2 şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə ləğv olunaraq iddianın həmin hissədə təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, işin müəyyən olunmuş hallarına görə, təsisçiləri X3 (50% pay) və İran İslam Respublikasının hüquqi şəxsi “X21 Limited” Ticari Şirkəti (50% pay) olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) 26.03.2004-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Dövlət qeydiyyatına alınmış, Bakı şəhəri 26 saylı notariat kontorunda 06.02.2014-cü il tarixdə rəsmiləşdirilmiş “Payın alqı-satqı müqaviləsi”nə əsasən, "xxxx" MMC-nin təsisçisi Məcdiyə Bayramovda ona məxsus 50% pay qalmaqla, “X21 Limited” Ticari Şirkətinin payçıları İddiaçı1 Əbdullah və İddiaçı2 MMC-nin nizamnamə kapitalındakı onlara məxsus 50% payın 25%-ni X22, 25%-ni Cavabdeh2 hər birinə 5000 manata satmışlar. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, həmin müqavilənin bağlanmasından bir gün əvvəl, yəni 05 fevral 2014-cü il tarixdə “X21 Limited” Ticari Şirkətinin nümayəndəsi X23 və İdris Məmmədov arasında razılaşma protokolu imzalanmış, protokolda "xxxx" MMC-nin şəriki “X21 Limited” Ticari Şirkətinin rəhbəri olan İddiaçı2 həmin MMC-də sahib olduğu 50 faiz payın 25 faizinin X2, 25 faizinin isə İdris Məmmədova satılması, sonuncuya satılan payın alıcının xahişi ilə Cavabdeh2 adına rəsmiləşdirilməsi, həmçinin İdris Məmmədova satılmış payın dəyərinin ödənilməmiş 195 000 ABŞ dolları hissəsinin "xxxx" MMC-yə ödənilməli olması razılaşdırılmışdır. İddiaçıların irəli sürdükləri faktiki hallar ondan ibarətdir ki, alqı-satqı müqaviləsində onlara məxsus payların guya cavabdehlərin hər birinə 5000 manata satıldığı göstərilsə də, əslində İdris Məmmədov adlı şəxslə aralarında onun tərəfindən 25% paya görə ümumilikdə 773 000 ABŞ dollarının ödəniləcəyi razılaşdırılmış, payın 25%-i faktiki olaraq İdris Məmmədova satılmış, 05.04.2014-cü il tarixdə bağlanmış razılaşma protokoluna əsasən bu pulun 195 000 ABŞ dolları hissəsi İdris Məmmədov tərəfindən MMC-nin fəaliyyətinin genişləndirilməsi üçün sərmayə qoyuluşu şəklində MMC-yə ödənilməli olmuş, İdris Məmmədovun təklifinə əsasən formal olaraq alqı-satqı əməliyyatı Cavabdeh2 adına aparılmış, nə İdris Məmmədov, nə də Cavabdeh2 tərəfindən paylara görə hər hansı ödəniş edilməmiş, beləliklə aldadılaraq MMC-də olan payları faktiki olaraq İdris Məmmədov tərəfindən mənimsənilmişdir. Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Kollegiyanın qənaətinə görə iddia tələbi üzrə irəli sürülən faktiki hallar, tələbin qanuni əsası kimi nəzərdən keçirilməli olan qanunvericilik müddəalarının dispozitiv şərtləri ilə uzlaşmamaqdadır. Belə ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsində əqdlərin etibarsızlığı hallarının iki növü göstərilmişdir: bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mübahisə edilən əqdlər onu formalaşdıran iradə ifadəsinin qüsurlu olması səbəbindən tərəfin mübahisələndirməsi nəticəsində etibarsız hesab edilən əqdlərdir. İradə ifadəsinin zədələnməsinə səbəb olan və nəticədə bağlanmış müqavilənin mübahisələndirilməsi vasitəsilə onun etibarsızlığı ilə nəticələnən hallardan biri isə aldatmadır. Aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır. Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Qeyd olunan normanın məzmunundan da görünür ki, aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla). Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; 2. Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; 3. Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı. Birinci instansiya məhkəməsi satılan payların dəyərinin müqavilədə real qiymətindən aşağı göstərilməsinin, müqavilənin formal olaraq Cavabdeh2 ilə bağlanılmasının, o cümlədən razılaşdırılmış məbləğin ödənilməməsinin müqavilənin yalan məlumatlar əsasında bağlanmasına və nəticədə onun etibarsızlığına səbəb olması qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, məhkəmənin gəldiyi bu qənaət Mülki Məcəllənin 339.2-ci maddəsinə və Konstitusiya Məhkəməsi Plenumunun aldatma nəticəsində bağlanmış əqdlərin etibarsızlığı ilə bağlı formalaşdırdığı hüquqi mövqelərinə uyğun olmamışdır. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bu baxımdan mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi üçün məhkəmələr tərəfindən mövcud sübutlar əsasında müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsi, qanunvericiliyə uyğun olaraq onlara hüquqi qüvvə verilməsi, vicdanlılıq prinsipinə əsasən borclunun vəzifələrinin icrasının təmin edilməsi, pozulmuş öhdəliklərə görə məsuliyyətin müəyyən edilməsi hüquqi nəticə əldə edilməsi üçün vacibdir . Yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, notariat qaydasında bağlanılmış əqdin aldatma nəticəsində bağlanıldığı nəticəsinə gələ bilmək iş üzrə həmin halları təsdiq edən çox cidi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır. Birinci instansiya məhkəməsi isə, aldatmanın məhz hansı hərəkətlərdə ifadə olunması ilə bağlı öz mövqeyini ağlabatan mötəbər sübutlarla dəstəklənəcək qaydada əsaslandırmamış, ciddi və təkzibolunmaz mötəbər sübuta istinad etmədən yalnız konkret əsaslara söykənməyən ümumi mülahizələrdən çıxış etməklə iddianı təmin etmişdir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçılar tələblərində 05.02.2014-cü il tarixli razılaşmaya istinad edib paylarının satılmasını 773 000 ABŞ dollarına razılaşdıqlarını, alqı-satqı müqaviləsində məbləğin formal olaraq 5000 manat göstərildiyini bildirsələr də, məhkəmə həmin razılaşmanın məzmununa qiymət verməmiş, razılaşmanın məzmununda qeyd edilən “ödənilməmiş qalan 195 000 ABŞ dolları "xxxx" MMC-nin xeyrinə ödənilməlidir” cümləsinə əhəmiyyət verməmişlər. Halbuki müqavilədən bir gün əvvəl imzalanmış razılaşma protokolunun məzmunu nəzərə alınmış olarsa, o zaman alıcılar tərəfindən satıcılara razılaşdığılmış məbləğin (773 000 ABŞ dolları) 578 000 ABŞ dolları hissəsinin ödənilmiş olduğu qənaətinə gəlmək olar (773 000 – 195 000 = 578 000). Qalıq 195 000 ABŞ dolları isə razılaşmanın şərtlərinə uyğun olaraq satıcıların deyil, "xxxx" MMC-nin xeyrinə ödənilməli olmuşdur; bu vəsaitin ödənilmədiyi iddiası isə müqavilənin etibarsız sayılması üçün deyil, adı çəkilən MMC tərəfindən onun ödənilməsini tələb etməyə əsas verə bilər. Kollegiya həmçinin hesab edir ki, iddiaçılar tərəfindən əqdin mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş müddət də ötürülmüşdür. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Kollegiya Mülki Məcəllənin 354.2-ci maddəsinin hüquqi mahiyyəti ilə əlaqədar həm də onu qeyd edir ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Maddənin mənasına görə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İşin hallarından görünür ki, birinci instansiya məhkəməsi iddia tələbinin 06 fevral 2014-cü il tarixli alqı-satqı müqaviləsinin bağlanmasından uzun müddət sonra, yəni 06 dekabr 2016-cı il tarixində irəli sürülməsinə əhəmiyyət verməmiş, bununla bağlı məhkəməyə ünvanlanmış ərizəyə heç bir münasibət bildirməmiş, beləliklə də maddi hüquq normasının tələbini pozmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-39/2018 saylı iş üzrə 22 fevral 2018-ci il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə, yəni "xxxx" MMC-nin “X21 Limited” Ticari Şirkətindən olan 25% payının Cavabdeh2 5000 manata satılmasına dair Bakı şəhəri 26 saylı notariat kontorunda bağlanmış və təsdiq edilmiş 06.02.2014-cü il tarixli “Payın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi” tələbinin təmin edilməsi ilə bağlı hissədə ləğv olunsun. İddiaçı1 və İddiaçı2 Cavabdeh2 qarşı “payın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7097/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7097/2021
12.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver