Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-710/2024 15.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: («kredit borcunun qaytarılması») hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1958/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli, GY-2838 nömrəli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 30 dekabr 2019-cu il tarixli, GY-2838 saylı kredit müqaviləsi üzrə 5392 manat əsas, 176,83 manat faiz, 0,12 manat cərimə borcu və iş üzrə ödənilmiş 75,69 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə iddiası Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1958/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 405.1, 421.2, 442, 448.1, 462.1, 472, 739.1, 739.2; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 119.1, 217.4cü maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh borclu iddiaçı təşkilatdan aldığı kredit üzrə əsas borcu, faiz borcunu, gecikməyə görə cəriməni iddiaçıya ödəməli olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh borclu müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı təşkilat qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də qeyd olunan müqavilənin ləğvi, əsas borc, faiz borcu və cərimə barədə iddia tələbi əsaslı hesab olunmalıdır.
2. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - 30 dekabr 2019-cu il tarixli, GY-2838 saylı kredit müqaviləsinə əsasən, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış həmin müqaviləyə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 illik 1% olmaqla 5 il müddətinə 5392 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 2.1.6-cı bəndinə əsasən, kredit alan öz öhdəliklərini bu müqavilə üzrə iki dəfədən çox və ya 90 gün ərzində icra etmədikdə, kredit verən qalıq borcun ödənilməsi barədə məhkəməyə müraciət edir; - xx.xx.2019-cu il zaminlik müqaviləsinə əsasən, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli, GY-2838 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanmışdır; - xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 30 dekabr 2019-cu il tarixli, GY-2838 saylı müqavilə üzrə cavabdehin xx.xx.2023-cü il tarixinə iddiaçı təşkilata 5392 manat əsas, 176,83 manat faiz, 0,12 manat cərimə olmaqla, cəmi 5568,95 manat borcu vardır (səh.5, 6, 7). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
3. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsininnin xx.xx.2023-cüil tarixli, 2(002)-1958/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1, 745.5; Mülki Prosessual Məcəllənin 9, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmənin vaxtı və yeri haqqında lazımınca məlumatlandırılmamışdır. Bu səbəbdən iş üçün əhəmiyyətli olan sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iş materiallarına və təqdim olunmuş sübutlara obyektiv, qərəsiz, tam və hərtərəfli baxmamış və həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməmişdir. Belə ki,kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyasından sonra iddiaçıya ödənişlər edilmiş, lakin bu ödənişlərin edilməsi iddia ərizəsində və məhkəmə aktında öz əksini tapmamışdır. Bundan başqa faiz borcu və cərimə hesablanmasını da əsassız və qanunsuz hesab etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
4. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 441.4. Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. 445.6. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. 445.9. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
7. Məcəllənin 560-ci maddəsinə əsasən: 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; 560.3.5. bir və ya daha çox kommersiya hüquqi şəxslərinin bazarda və ya istehsal sektorunda özünün əlverişli vəziyyətindən sui-istifadə etməsi, əgər bu, mal dövriyyəsi və ya istehsal xidmətləri üçün bazar şəraitinin xeyli pozulması ilə nəticələnə bilərsə, məsələn:560.3.5.1. alğı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə; 560.3.5.2. istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması; 560.3.5.3. müqavilə üzrə tərəfdaşlar üçün bərabər dəyərli xidmətlərdən ötrü rəqabətdə onların mənafelərinə toxunulmasına səbəb olan müxtəlif şərtlər tətbiq edilməsi; 560.3.5.4. müqavilənin bağlanmasının elə bir müəyyən şərtlə bağlılığı ki, həmin şərtə görə müqavilə üzrə tərəfdaşlar nə obyektiv surətdə, nə də ticarət adətlərinə görə müqavilənin predmeti ilə əlaqədar olmayan əlavə xidmətləri yerinə yetirməli olurlar; 560.3.6. kommersiya hüquqi şəxslərinin razılaşmaları, öz aralarında razılaşdırdıqları hərəkət metodları, əgər bunlar mal dövriyyəsi və ya istehsal xidmətləri üçün bazar şəraitinin xeyli pozulması ilə nəticələnə bilərsə və rəqabətin qarşısının alınması, məhdudlaşdırılması və ya təhrif edilməsi məqsədi daşıyarsa və ya buna kömək edərsə, o cümlədən: 560.3.6.1. qiymətlərin və ya əqdlərin digər şərtlərinin birbaşa və ya dolayısı ilə təyin edilməsi; 560.3.6.2. istehsala nəzarətin, satışın, texniki inkişafın və ya investisiyaların məhdudlaşdırılması; 560.3.6.3. bazarların və ya təchizat mənbələrinin bölünməsi; 560.3.6.4. bu Məcəllənin 560.3.5.3-cü və 560.3.5.4-cü maddələrində göstərilən praktika.
8. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Mülki Məcəllənin 324, 385-390, 425.1, 427, 442, 443.1, 445.1, 448.1, 467, 560, 739, 741, 743; Mülki Prosessual Məcəllənin 76, 77, 80, 82.1, 106.2, 119, 217.4, 385-390-cı maddələrinə, kredit müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlilləri təsdiq edilmədiyindən, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci onu ödəyən şəxsə aid edilməlidir.
9. Qeyd edilməlidir ki, cavabdehin özünün imzaladığı kredit müqaviləsi üzrə ödənişlərinin edilməsini müəyyən (etirazının əsasını təşkil) edən sübutedici hallar, bununla da ekspertizanın keçirilməsinə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni istisna edən və ya bu nəticəyə rəğmən fərqli qənaət formalaşdıran, habelə ekspertiza təyin edilməsi üçün əsaslar müəyyən etmir və apellyasiya şikayətinin özünün dəlillərini hüquqdan sui-istifadəyə yönəlmiş cəhd kimi qiymətləndirir.
10. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1958/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.