Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7100/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-213/2021 saylı, 17 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı LPO İddiaçı ASC Cavabdeh qarşı “borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan 6073.17 manat əsas, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 893.76 manat, 3902.88 manat cərimə borcu olmaqla, ümumilikdə 10.869,81 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi,tutmanın girov predmeti olan “Mercedes Benz E240” minik markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2000-ci il olan avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və əldə olunmuş vəsait hesabına borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-213/2021 saylı, 17 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, rayon məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. Belə qeyd olunmuşdur ki, Cavabdeh hal-hazırda LPO İddiaçı ASC-yə qarşı kredit müqaviləsi üzrə borc ödəliyi vardır və həmin borc bu günə qədər ödənilməmişdir. Həmçinin ipoteka predmetinin özgəninkiləşdirilməsindən məlumatları yoxdur, “İpoteka Haqqında” Qanunun 48-ci maddəsinə əsasən ipotekaya hansı hallarda xitam verilə biləcəyi göstərilir, hansı ki, kredit müaviləsi üzrə hal-hazırda borc mövcud olduğu üçün bu hallar iddiaçıya aid edilə bilməz və iddia rədd edilə bilməz. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Ü.Qarazadə apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Mülki iş materiallarında olan 24.01.2011-ci il tarixli A/K 1702 nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə, illik 22% ödəmək şərtilə 13.600 manat kredit verilmiş, Cavabdeh götürdüyü krediti 36 ay müddətinə hər ay 519.39 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 24.01.2014-cü il tarixli Prolonqasiya Müqaviləsinə (A/K 1702 nömrəli kredit müqaviləsinə) kredit borcundan qalıq qalan 8.080 manat məbləğinin ödənilməsi 36 ay müddətinə, illik 22% olmaqla 24.01.2017-ci il tarixdək tərəflər arasında razılaşdırılmış və Cavabdeh götürdüyü krediti 36 ay müddətinə hər ay 308.58 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh 24.12.2019-cu il tarixə LPO İddiaçı ASCyə 6073.17 manat əsas borc, 893.76 manat faiz borcu, 3902,88 manat cərimə borcu olmaqla, 10869.81 manat borcu vardır. Bildirişdən görünür ki, Cavabdeh LPO İddiaçı ASC tərəfindən 25.12.2019-cu il tarixlərdə borcun tam olaraq 3 gün müddətində ödənilməsi ilə bağlı bildiriş göndərilmiş, öhdəliyin yerinə yetirilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Bildirişdən görünür ki, Cavabdeh 24.12.2019-cu il tarixdə kredit borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildiriş göndərilmişdir. LPO İddiaçı ASC ilə Cavabdeh arasında 24.01.2011-ci il tarixdə A/K 1702 nömrəli ipoteka müqaviləsinə əsasən, 2000-ci il buraxılışlı “Mercedes Benz E-240” minik markalı avtomobil ipoteka ilə yüklü edilmişdir. AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin 25.09.2020-ci il tarixli məktubuna əsasən,Cavabdeh mülkiyyətində olmuş “Mercedes Benz E240” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobil 21.08.2015-ci il tarixdə Cavabdeh adından qeydiyyatdan çıxarılaraq X1 adına, daha sonra isə 25.09.2017-ci il tarixdə X3 adına qeydiyyata alınmışdır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən öz mövqeyini belə əsaslandırmışdr ki, ipoteka ilə yüklü edlimiş “Mercedes Benz E240” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobil 21.08.2015-ci il tarixdə Cavabdeh adından qeydiyyatdan çıxarılaraq X1 adına, daha sonra isə 25.09.2017-ci il tarixdə X3 adına qeydiyyata alınmışdır. Bununla da müəyyən olunur ki, hazırkı borca ipoteka olunmuş avtomobilin iş üzrə Cavabdeh mülkiyyətində (qanuni sahibliyində) olmasını təsdiq edən heç bir sübut olmadığından və iddia tələbi cavab verməli olmayan şəxsə qarşı yönəlmiş tələb olduğundan iddia tələbi təmin edilməməlidir. Kollegiya həmin mövqeyi ilə razılaşmır və qeyd edir ki, cavabdeh kredit müqaviləsinin tərəfidir, iddiaçı da ona qarşı hazırkı borcun tutulması tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, mülki iş materiallarında olan 24.01.2011-ci il tarixli A/K 1702 nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə, illik 22% ödəmək şərtilə 13.600 manat kredit verilmiş, Cavabdeh götürdüyü krediti 36 ay müddətinə hər ay 519.39 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Mülki iş materiallarında olan 24.01.2014-cü il tarixli Prolonqasiya Müqaviləsinə (A/K 1702 nömrəli kredit müqaviləsinə) kredit borcundan qalıq qalan 8.080 manat məbləğinin ödənilməsi 36 ay müddətinə, illik 22% olmaqla 24.01.2017-ci il tarixdək tərəflər arasında razılaşdırılmış və Cavabdeh götürdüyü krediti 36 ay müddətinə hər ay 308.58 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci və 448.1-ci maddələrinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yol verilməzdir. Kollegiya qeyd edir ki, araşdırmalar nəticəsində müəyyən olundu ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borclarını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən, iddia tələbi qismən, borc müqaviləsinə görə pulun tutulması hissəsində təmin edilməlidir. Maliyyə arayışından görünür ki, Cavabdeh 24.12.2019-cu il tarixə LPO İddiaçı ASCyə 6073.17 manat əsas borc, 893.76 manat faiz borcu, 3902,88 manat cərimə borcu olmaqla, 10869.81 manat borcu vardır. Kollegiya hesab edir ki, cərimə əsas borca adekvat şəkildə olmaqla 500 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Beləliklə, iddia tələbi qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında 24.01.2011-ci il tarixdə bağlanmış 1702 saylı kredit müqaviləsinə əsasən cavabdehdən iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə 6073.17 manat əsas borc, 893.76 manat faiz borcu, 500 manat cərimə borcu olmaqla, 7466.93 manat məbləğində pul tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməməlidir. Belə ki, ipoteka ilə yüklü edlimiş “Mercedes Benz E240” markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobil 21.08.2015-ci il tarixdə Cavabdeh adından qeydiyyatdan çıxarılaraq X1 adına, daha sonra isə 25.09.2017-ci il tarixdə X3 adına qeydiyyata alınmışdır. Kollegiya qeyd edir ki, ipoteka ilə yüklü edlimiş “Mercedes Benz E240” markalı, **- KX-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh adına qeydiyyatda olmadığından iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Göstərilən Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 269.5- ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Beləliklə, yuxarıda qeyd edilən normalardan da göründüyü kimi, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Hazırkı halda rayon məhkəməsi cavabdeh tərəfindən əsas öhdəlik, yəni kredit müqaviləsi üzrə olan öhdəlik icra olunmadığı halda, məhz əlavə (aksessor) əşya hüququ olan ipoteka olunmuş əmlakın cavabdehin adına qeydiyyatda olmamasına istinad edərək iddia tələbini bütünlüklə rədd etməkdə haqlı olmamış, bununla da maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Beləliklə, rayon məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul edildiyindən, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməli, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında 24.01.2011-ci il tarixdə bağlanmış 1702 saylı kredit müqaviləsinə əsasən cavabdehdən iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə 6073.17 manat əsas borc, 893.76 manat faiz borcu, 500 manat cərimə borcu olmaqla, cəmi 7466.93 manat məbləğində pul tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizənin və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu (30+15=45) 45 manat cavabdehdən alınaraq iddiaçıya ödənməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-213/2021 saylı, 17 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında 24.01.2011-ci il tarixdə bağlanmış 1702 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 6073.17 manat əsas borc, 893.76 manat faiz borcu, 500 manat cərimə borcu olmaqla, cəmi 7466.93 (yeddi min dörd yüz altmış altı manat doxsan üç qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumu alınaraq iddiaçı LPO İddiaçı ASC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-7100/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7100/2021
29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver