Məhkəmə qərarları › İş №2(103)-7101/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7101/2020

09.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7101/2020 09.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3640/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı pul tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kod **********55631 Samsung Galaxy A 40 markalı telefon üçün 522 (beş yüz iyirmi iki) manat ödənilməmiş hissə, 52 (əlli iki) manat cərimə borcu, ümumilikdə 574 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 604 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan Samsung Galaxy A40 DS (SM-A405) markalı mobil telefon almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə onun iddiaçıya ümumilikdə 574 manat (əsas borc – 522 manat, cərimə - 52 manat) borcu yaranmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3640/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh 522 manat əsas borc və 52 manat cərimə olmaqla, cəmi 574 (beş yüz yetmiş dörd) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı «xxxxxxxxxxx» MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3640/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh əldə etdiyi mobil telefonda istehsal qüsuru olduğundan onu mağazaya qaytarmış, və cihazda nasazlığın istehsal qüsuru olması səbəbindən yenisi ilə əvəz olunmasını tələb etmişdir. Lakin satıcı buna əməl etməmişdir. bu səbəbdən də cavabdeh qüsurlu mobil telefonu mağazaya qaytarmış, və ona dair ödəniş etməyi birtərəfli qaydada haqlı olaraq dayandırmışdır. Cavabdeh hesab edir ki, iddiaçı müqavilə üzrə cavabdehin öhdəliyinin icra edilməsini arzu edirsə, öz öhdəliyini vicdanla yerinə yetirməlidir. Hazırda cavabdeh 574 manat pulu birdəfəlik iddiaçıya qaytarmaq iqtidarında deyil. Cavabdeh apellyasiya şikayətinin əsası kimi qeyd edilən hallara və Mülki Prosessual Məcəllənin 360, 362, 387-ci maddələrinə istinad etmişdir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. İşə baxılması vaxtı və yeri haqqında iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iddia tələbi rədd edilməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, həmin müqavilə «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış və müqaviləyə əsasən Cavabdeh «xxxxxxxxxxx» MMC-dən Samsung Galaxy A40 DS (SM-A405) markalı mobil telefonunu almışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 6 ay ərzində ayda 87 manat ödəmək şərti ilə aldığı malın dəyərini xx.xx.2020-ci il tarixədək «xxxxxxxxxxx» MMC-yə ödəməli idi. İş materiallarında olan xx.xx.2019-cu il tarixli təhvil-təslim aktının surətindən görünür ki, Cavabdeh müqavilədə nəzərdə tutulmuş malı iddiaçıdan təhvil almışdır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2020-ci il tarixə cavabdehin «xxxxxxxxxxx» MMC-yə 522 manat əsas borc və 52 manat cərimə olmaqla, cəmi 574 manat borcu mövcuddur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh borcun mövcud olması barədə və öhdəlik icra edilmədiyi təqdirdə iddiaçı tərəfindən atılacaq qanunvericilikdə nəzərdə tutulmuş addımlar barədə məlumatlandırılmışdır. İş materiallarında olan H0656 saylı, xx.xx.2020-ci il tarixli “xxxxxxxxxxx” MMC-nin Cavabdeh göndərdiyi məktubda bildirilir ki, “Sizin xx.xx.2019-cu il tarixində İMEİ kodu **********55631 olan Samsung Galaxy A40 DS (SM-A405) markalı mobil telefon almaqla, xxxxxxxxxxx MMC ilə aranızda müqavilə bağlanmışdır. Müqavilə şərtlərini pozduğunuza görə, öz razılığınız əsasında mobil telefonun geri alınması üçün xxxxxxxxxxx MMC-yə təhvil vermisiniz. Yoxlama zamanı mobil telefonda qüsur aşkarlanıb. Bu halda, mobil telefonun dəyərləndirilməsi və geri götürülməsi mümkün deyil. Mobil telefonunuzu geri almağınızı xahiş edirik.” Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 587.1-ci maddəsinə əsasən, əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: alış qiymətinin mütənasib azaldılması, əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması, əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Kollegiya hesab edir ki, iddiaçının cavabdehə ünvanladığı məktubda mobil telefonda qüsur aşkarlanması və mobil telefonun “xxxxxxxxxxx” MMC-yə təhvil verilməsi qeyd edildiyindən mülki qanunvericiliyin tələbinə əsasən, cavabdehin müqavilə üzrə ödənişləri dayandırması qanunvericiliyin və müqavilənin pozulması kimi qiymətləndirilə bilməz. İddiçının məktubda mobil telefonun geri qaytarılmasının mümükün olmamasını bildirməsi Mülki Məcəllənin qeyd edilən 587.1-ci maddəsinin tələblərinə ziddir. Belə ki, məktubda qüsurun istehsal qüsuru olmaması və ya qüsururn satıcının təqsiri üzündan baş vermədiyi qeyd olunmadığından, kollegiya hesab edir ki, həmin qüsur istehsal qüsururdur və cavabdehin önu ödəmək öhdəliyi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3640/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar