Məhkəmə qərarları › İş №2(103)-7103/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7103/2020

09.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7103/2020 09.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, X2 Kredit Təşkilatı «xxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1711/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: X2 Kredit Təşkilatı «xxxxxxxxxx» MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli, 017-EMB-0448-17 saylı kredit müqaviləsinə əsasən xx.xx.2019- cu il tarixə əsas borcu 696,17 manat, faiz borcu 49,66 manat, cərimə borcu 104,43 manat, 30 manat dövlət rüsumu və 40 qəpik bank xidmət haqqının, ümumilikdə 880,66 manat borcun cavabdehr Cavabdeh X2 Kredit Təşkilatı «xxxxxxxxxx» MMCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxxxx 2017-ci il tarixində X3 Təşkilatı İddiaçı ilə Cavabdeh arasında 017-EMB-0448-17 saylı müqavilə və kredit müqaviləsinə 1 saylı Əlavə (ödəniş cədvəli) bağlanılmış və həmin müqaviləyə əsasən cəmiyyət tərəfindən Əliyev X1 illik 24 faizlə 24 ay müddətinə 9700 manat məbləğində kredit verilmişdir. Cavabdeh öz üzərinə götürdüyü kredit ödəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində xx.xx.2019 il tarixə əsas borcu 696,17 manat, faiz borcu 49,66 manat, cərimə borcu 104,43 manat, ümumilikdə 850,26 manat borcu qalmışdır. Kredit borcunun qaytarılması barədə Cavabdeh dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faizlər qaytarılmamışdır. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1711/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh 696,17 (altı yüz doxsan altı manat, on yeddi qəpik) manat məbləğində əsas borc, 49,66 (qırx doqquz manat, altmış altı qəpik) manat faiz borcu, 104,43 (yüz dörd manat, qırx üç qəpik) manat cərimə borcu, cəmi 850,26 (səkkiz yüz əlli manat, iyirmi altı) manat məbləğində borcun X3 Təşkilatı «xxxxxxxxxx» MMC-nin xeyrinə tutulması, Cavabdeh 30,40 manat (otuz manat, qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının X3 Təşkilatı «xxxxxxxxxx» MMC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1711/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx xxxxxxxx 2017-ci il tarixdə «Embawood» şirkətinin Həzi Aslanov metrostansiyası ilə üzbə-üz yerləşən mağazasından 9.700 manat dəyərində mebel dəstləri almışdır. Mebel dəstləri hazır olmadığından cavabdehin sifafrişi əsasında 9.700 manatlıq mebel dəstləri hazırlanıb cavabdehin ünvanına gətirlməli idi. Sifariş verdiyi mebel dəstlərinin dəyərini cavabdehdən birbaşa qaydada deyil, X3 Təşkilatı «xxxxxxxxxx» MMC ilə cavabdeh arasında bağlanacaq eyni tarixli kredit müqaviləsi üzrə ödəməli olduğunu cavabdehə bildirmişlər. Cavabdeh razılaşmış və həmin kredit müqaviləsini imzalamışdır.Həmin kredit müqaviləsi üzrə cavabdehə bir manat da olsa pul verilməmişdir.Müqavilədə guya cavabdehə ayrılması göstərilən 9.700 manat məbləğində kredit əslində cavabdehin sifariş verdiyi mebellərə görə ödəməli olduğu pul əvəzi olmuşdur. Razılaşmaya görə cavabdeh mənzilin təmirini qurtardıqdan sonra mebelləri gətirməli idilər. Lakin mebelləri sifariş verdikdən bir ay sonra cavabdehə «Embawood»dan zəng etmişlər ki,mebelləri gətirirlər, onların mebelləri saxlamağa yerləri yoxdur. Cavabdeh razılaşmışdır. Mebelləri gətirmiş, cavabdehə məxsus mənzilin dəhlizində yerləşdirmişlər, cavabdeh təmiri qurtardıqdan sonra isə gəlib quraşdırmalı idilər. Təmir qurtardıqdan sonra onlara məlumat verilmişdir ki, gəlib zalın mebelini quraşdırdılar. 2-3 ay sonra zəng etdilər ki, gəlib böyük yataq otağının mebelini yığsınlar. Gəlib yataq otağının mebelini yığmışlar və məlum oldu ki, kamot yoxdur. Cavabdeh mağazaya səng vurmuş, bu barədə məlumat vermişdir. Mağazadan ona bildirdilər ki, belə şeylər bizdə olur, səbrli olun, biz sizə xəbər edəcəyik. 2 gün sonra başqa ustalar gəldilər və gətirdikləri kamotu quraşdırıb təhvil verib getdilər. Təmir qurtardıqdan sonra cavabdeh mağazaya zəng vurmuşdur ki, təmiri tamamilə qurtarmış, qalan mebel dəstlərini quraşdırsınlar. Oğlunun otağının mebelini quraşdırmışlar, sonra qızının otağının mebel dəstini yığarkən, müəyyən edilmişdir ki, kamotda qüsur var, bunu ustaya bildirmiş, usta təsdiq etmişdir ki, həqiqətən də qüsur var, bununla bağlı mağazaya məlumt verin, dəyişdirəcəklər. Sonra şkaf quraşdırarkən məlum oldu ki, şkaf cavabdehin sifariş etdiyi şkaf deyil, başqa şkafdır. Daha sonra aydın olmuşdur ki, stolun üstündəki kitab sürməsi də yoxdur. Ustalar dedilər ki, mağazaya məlumat verin, göndərsinlər. Mağazadan bildirmişlər ki, narahat olmayın, düzəldəcəyik. Buna qədər cavabdeh kredit müqaviləsi üzrə ödənişləri hər ay vaxtından əvvəl ödəmişdir. Lakin həmin tarixdən sonra cavabdeh mağaza ilə dəfələrlə əlaqə saxlamışdır ki, çatışmayan mebelləri gəirsinlər, hər dəfə söz verirdilər, lakin gətirmirdilər. Hətta olub ki, zəng vurublar ki, evin ünvanını deyin, maşın çıxıb mebelləri gətirib boşaltsınlar. Lakin mebel gətirilməmişdir. Bu vəziyyət təxminən 5-6 ay davam etdi. Lakin həmin müddətdə də cavabdeh kredit müqaviləsi üzrə ödənişləri vaxtlı-vaxtında etmişdir. Mebelləriin çatışmayan hissələri gətirilmədiyindən sonuncu ayın ödənişini saxlamışdır. Bundan sonra X3 Təşkilatı «xxxxxxxxxx» MMC-dən zəng edərək cavabdehdən ödəniş etməyini tələb etmişlər. Bir müddət sonra X3 Təşkilatı «xxxxxxxxxx» MMC-nin rəhbəri cavabdehə zəng etmiş, cavabdeh ona da vəziyyəti olduğu kimi izah etmiş, o da bildirmişdir ki, mebellərin çatışmayan hissələri mütləq gətirlməlidir. Bir müddət sonra isə o yenə də zəng etdi ki, siz düz deyirsiniz, mən araşdırdım, sizin mebellərin bir hissəsi gətirlməyib, lakin siz ödənişi edin, mebellərinizi gətirəcəklər. Lakin cavabdeh bununla razılaşmamışdır ki, onu çox aldadıblar, mebelləri gətirsinlər, ödənişi etsin. Bundan sonra yenə dəfələrlə söz vermələrinə baxamyaraq, mebellər yenə də gətirlmədi, cavabdeh də ödəniş etməmışdır. Bir müddət sonra isə cavabdehə Nəsimi rayon İcra və Probasiya Şöbəsindən icra vərəqəsini icra etməli olduğuna dair bildiriş gəlmiş və cavabdeh onda bilmişdir ki, iddiaçı ona qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddiası cavabdehin iştarikı təmin edilmədən məhkəmə tərəfindən təmin edilmişdir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. İşə baxılması vaxtı və yeri haqqında iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iddia tələbi rədd edilməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarına əlavə olunmuş X3 Təşkilatı «xxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 017-EMB-0448-17 saylı kredit müqaviləsindən və ona 1 saylı Əlavədən (ödəniş cədvəlindən) görünür ki, «xxxxxxxxxx» MMC cavabdehə illik 24 faizlə 24 ay müddətinə 9700 manat məbləğində kredit verməyi, borcalan isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, X3 Təşkilatı «xxxxxxxxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 017-EMB- 0448-17 saylı kredit müqaviləsinə əsasən Cavabdeh xx.xx.2019-cu il tarixə əsas borcu 696,17 manat, faiz borcu 49,66 manat, cərimə borcu 104,43 manat, ümumi borcu 850,26 manat təşkil edir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh borcun ödənilməsi barədə X3 Təşkilatı «xxxxxxxxxx» MMC tərəfindən xəbərdar edilmişlər. Hüquqi dəyərləndirmə: Kollegiya işin hüquqi mahiyyəti ilə bağlı aşağıdakı normaların qeyd edilməsini zəruri hesab edir: Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materiallarına əsasən, cavabdeh xx.xx.2017-ci il tarixli müqavilə üzrə hər ay öhdəliyini vaxtında icra etmiş, lakin son ödəməli olduğu məbləği iddiaçının mebellərin tam verilməsindən ibarət öhdəliyini icra etməməsi səbəbindən son ödəməli olduğu məbləği ödəməkdən imtina etmişdir. Kollegiya hesab edir ki, cavabdeh öhdəliyinə münasibətdə məsuliyyətli olduğundan (müqavilə üzrə ödənişləri vaxtında etdiyindən) iddiaçının ona müqavilə üzrə verməli olduğu mebelleri tam verməməsinə dair apellyasiya şikayətinin dəlili inandırıcıdır. Eyni zamanda, cavabdeh kollegiya iclasında olan izahatında bildirmişdir ki, əgər müqavilədə nəzərdə tutulan mebellərin ona iddiaçı tərəfindən verilməsi tamamlanarsa, o da qalan məbləği ödəyəcəkdir. Belə olan halda, kollegiya işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddiaçı müqavilədə nəzərdə tutulan mebelləri cavabdehə verməkdən ibarət olan öhdəliyini lazımınca icra etməməklə, müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1711/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar