Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7104/2020 09.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Şərafət Məmmədova və Elşən Kazımovdan ibarət tərkibdə, katib Nərgiz Qasımovanın, tərcüməçi Günay Bağırovanın, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə su axıdılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi və su-kanalizasiya xətlərindəki nasazlığın aradan qaldırılması barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Tərəflər qonşudur. Onlar Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsində yerləşən 22 №-li çoxmənzilli binada yaşayırlar. İddiaçı binanın 7 №-li mənzilində yaşayır və mənzil özünün mülkiyyətindədir. Cavabdeh isə üst mərtəbədə yerləşən 9 №-li mənzildə yaşayır. Mübahisə su axıdılması ilə bağlıdır. İddiaçı iddia edir ki, onun mənzilinə uzun müddətdir ki, cavabdehin mənzilindən su axır, bunun nəticəsində mənzilin mətbəxi, hamamı və dəhlizində qüsurlar yaranıb, su axıdılmasının qarşısının alınması üçün cavabdehə müraciət etsə də nəticəsi yoxdur. Tələb və onun həlli: İddia ərizəsində 2 tələb irəli sürülüb: 1) su axıdılması nəticəsində vurulmuş zərərin əvəzi kimi 3.000 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun; 2) su axıdılmasının qarşısının alınması üçün cavabdehin üzərinə vəzifə qoyulsun ki, öz mənzilinin su-kanalizasiya xətlərində yaranmış nasazlığı aradan qaldırsın. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, su axıdılması nəticəsində vurulmuş zərərin əvəzi kimi 1.036 manat, hüquqi yardıma görə çəkilmiş xərcin əvəzi kimi 50 manat, dövlət rüsumunun əvəzi kimi 15 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun, iddianın qalan hissəsi təmin olunmasın. PO cümlədən qətnamədə qeyd olunub ki, ekspertiza xərci kimi 25 manat iddiaçıdan, 25 manat isə cavabdehdən ekspertiza mərkəzinin nəfinə tutulsun. Şikayət və izahatlar: Qətnamədən hər iki tərəf apelyasiya şikayəti verib. İddiaçının apelyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın rədd edilməsinə aid hissədə ləğv edilsin və iddia tam təmin olunsun. Cavabdehin apelyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməsinə aid hissədə ləğv edilsin və iddia rədd olunsun Məhkəmə iclasında iştirak edən İddiaçı özünün apelyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin apelyasiya şikayətinin isə əsassız olduğunu bildirdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Qətnamənin yoxlanılması. Qətnamə ilə 2 tələb həll olunub. Məhkəmə həmin tələblərlə bağlı ardıcıllıqla aşağıdakıları qeyd edir. Zərərin əvəzinin ödənilməsi tələbinə aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ekspert rəyi ilə müəyyən edilib ki, iddiaçının mənzilinə su cavabdehin mənzilindən axıb. O cümlədən ekspert rəyi ilə müəyyən edilib ki, iddiaçının mənzilində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli olan təmir-bərpa işlərinin təqribi dəyəri 1.036 manat təşkil edir. Birinci instansiya məhkəməsi həmin məbləğin tutulmasını qət edib. Məhkəmə Mülki Məcəllənin 1096, 1097 və 1111.2-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, bu, düzgün nəticədir, qətnamənin həmin hissədə ləğv edilməsi üçün əsas yoxdur. Su axıdılmasının qarşısının alınması tələbinə aid hissədə qətnamə ləğv edilməli və tələb təmin olunmalıdır. Belə ki, ekspert rəyinə görə cavabdehin mənzilində sukanalizasiya xətləri gizli şəkildə olduğundan su axmanın texniki səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmadı. Bu rəydən belə nəticə hasil olur ki, su axmanın texniki səbəbinin dəqiq müəyyən edilməsi üçün gizli şəkildə olan su-kanalizasiya xətlərinin üstü açılmalıdır. Bunun üçün cavabdehin mənzilində müvafiq söküntü işləri aparılmalıdır, belə söküntü işləri isə cavabdehin razılığı olmadan aparıla bilməz. Apelyasiya icraatı zamanı cavabdehə 2 dəfə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, söküntü işləri aparılmaqla təkrar ekspertizanın keçirilməsinə razılıq bildirməmişdir. İşdə olan sübutlar belə qənaətə gəlməyə imkan verir ki, su axmanın səbəbi cavabdehin mənzilinə aid olan su-kanalizasiya xətlərindəki nasazlıqdır. Belə ki, birinci, cavabdeh birinci instansiya məhkəməsində iştirak edərkən bildirmişdir ki, yaşadıqları binanın su boruları köhnədir; ikinci, ekspert rəyi ilə müəyyən olunub ki, iddiaçının mənzilinə su cavabdehin mənzilindən axıb; üçüncü, cavabdeh bu məsələnin araşdırılması üçün apelyasiya məhkəməsinə gəlməmişdir. Ona görə də məhkəmə Mülki Məcəllənin 1098-ci maddəsinin göstərişlərinə əsaslanaraq hesab edir ki, gələcəkdə su axıdlmasının (zərər vurulmasının) qarşısının alınması üçün cavabdehin üzərinə vəzifə qoyulmalıdır ki, aşağı mərtəbəyə su axmasının qarşısının alınması üçün öz mənzilinin su-kanalizasiya xətlərində yaranmış nasazlığı aradan qaldırsın. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi qismən – su-kanalizasiya xətlərində yaranmış nasazlığın aradan qaldırılması barədə tələbin rədd edilməsinə aid hissədə ləğv edilsin. Həmin tələb təmin olunsun. Cavabdeh üzərinə vəzifə qoyulsun ki, yaşadığı Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi, ev № 22-də yerləşən 9 №-li mənzildən aşağı mərtəbəyə su axmasının qarşısının alınması üçün öz mənzilinin su-kanalizasiya xətlərində yaranmış nasazlığı aradan qaldırsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7104/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7104/2020
09.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver