Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7107/2021 13.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman İmanverdi qızı Şükürlünün katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-427/2021 saylı mülki iş üzrə qəbul etdiyi 29 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1də inşa edilmiş 1 bloklu, ümumi sahəsi 76,05 kv.mdən ibarət olan 2 otaqlı 38 saylı mənzilə dair Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 22 may 2013-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2017-ci ilin noyabr ayının təxminən 03- 04də internetdə əmlak alqı-satqısı ilə bağlı saytların birində elanlara baxarkən "xxxx" MTK tərəfindən Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202-ci məhəllədə inşa edilən bir bloklu, on yeddi mərtəbəli yaşayış binasında iki otaqlı, ümumi sahəsi 76,05 kv.m olan 38 saylı mənzilin satışa çıxarıldığını görmüş və həmin ünvana getmişdir. Oraya gedəndə yaşayış binasında tikinti işləri davam edirdi. Ona məlum olmuşdur ki, bina təmirsiz vəziyyətdədir, dam örtüyü yoxdur. O, "xxxx" MTK-nın sədri X2 Bakı şəhərində Zərifə Əliyeva parkının, Nəsimi metrostansiyasının yaxınlığında yerləşən çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərən ofisində ünvan 1də inşa edilmiş 1 bloklu, ümumi sahəsi 76,05 kv.m-dən ibarət olan 2 otaqlı, 38 saylı mənzilin 1 kv.m-nin dəyəri 751 manat olmaqla, cəmi 57.500 manata razılaşaraq 08 noyabr 2017-ci il tarixdə müqavilə bağlamış, müqavilədə göstərilən məbləğdə pulu, yəni 57.500 manat nağd şəkildə Elmira Şirinovanın ofısindəki xidməti otağında, köməkçisi Fatma Mustafayevanın yanında sayıb özünə vermişdir. Elə həmin gün Fatma Mustafayeva müqaviləni və onun borcunun olmaması barədə maliyyə arayışını hazırlayaraq, E.H.Şirinovaya vermiş, sonuncu həmin sənədləri imzalamış və möhürləyərək ona vermişdir. Sonra həmin mənzili yaxın vaxtlarda təhvil veriləcəyi və istədiyi kimi təmir etdirə biləcəyini bildirmişdir. Sonradan hər ay təxminən iki dəfə gedib mənzilinə baxmışdır. 2018-ci ilin sonlarında eşitmişdir ki, “Bulaq-2'' MTK-dan X1 qeyri-yaşayış sahəsi başqa şəxs də satılmışdır. Bundan narahat olaraq birbaşa E.H.Şirinovanın yanına getmişdir. E.H.Şirinova ona həmin mənzillə bağlı heç bir problemin olmadığını demişdir. 2019-cu ilin aprel ayının əvvəlində eşitmişdir ki, E.H.Şirinovaa həmin binadan bir neçə şəxsə satdığı mənzili ayrı-ayrı şəxslərə satmışdır. Bundan sonra qərara gəlmişdir ki, kollektiv olaraq şikayət ərizəsi yazsınlar. 24 aprel 2019cu il tarixdə ona zəng gəlmiş və bir nəfər özünü Vüsal kimi təqdim edərək bildirmişdir ki, 2013-cü ildə həmin mənzili bibisi Cavabdeh2 almışdır. Bununla əlaqədar olaraq onunla görüşərək onlarda olan evin sənədlərinə baxmışdır. Məlum olmuşdur ki, maliyyə arayışlarının birində 56 saylı mənzil, digərində isə 38 saylı mənzil qeyd edilmişdir. Buna görə də, Elmira Şirinovanın yanına gedərək bu barədə soruşduqda sonuncu hər şeyi etiraf etmişdir. Bundan sonra aldanmağını haşa düşərək Bakı şəhər Prokurorluğuna rəsmi qaydada müraciət etmişdir. Həmçinin, mübahisə predmeti olan mənzilin təmir işlərinə 2.000 manat xərci çıxmışdır. Hazırda o, dəfələrlə müraciət edərək, müqavilə əsasında ona məxsus olan mənzili onun sahibliyinə və istifadəsinə verilməsini tələb etməsinə baxmayaraq, “Bulaq-2‘’ Mənzil Tikinti Şirkətinin nümayəndələri həmin mənzilə onun heç bir hüququnun olmadığını bildirərək, müqavilə əsasında ona məxsus olan sözügedən mənzili onun sahibliyinə verilməsini təmin etməmişlər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Daha sonra İddiaçı 02 noyabr 2020-ci il tarixdə iddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, sözügedən mübahisəli ünvan 1də inşa edilmiş 1 bloklu, ümumi sahəsi 76,05 kv.m-dən ibarət olan 2 otaqlı, 38 saylı mənzilə dair “Bulaq-2’’ MKT ilə Cavabdeh2 arasında 22 may 2013-cü il tarixdə alqısatqı müqaviləsi bağlanmamışdır. Belə ki, Cavabdeh2 22 may 2013-cü il tarixdə alqı-satqı müqaviləsində ümumiyyətlə mənzilin nömrəsi göstərilməmiş və “Bulaq-2"' MTK tərəfindən 22 may 2013-cü il tarixdə tərtib edilmiş maliyyə arayışında isə Cavabdeh2 56 saylı mənzilin dəyərini tam ödəməsi və borcunun olmaması qeyd edilmişdir. Bundan da görünür k, Cavabdeh2 həmin mənzilə dair hər hansı bir hüququ yoxdur və ola bilməz. İddiaçı yalnız guya 22 may 2013-cü il tarixdə mətni və verilmə məqsədi məlum olmayan heç bir kəs tərəfindən imzalanmayan və möhürlənməyən həmin kağız parçasına istinad edərək ona məxsus olmuş mənzilə iddia edir. Bundan başqa, tərəfindən 08 noyabr 2017-ci il tarixdə mənzilin dəyərini tam ödədikdən sonra Cavabdeh1 MTK-nın sədri E.H.Şirinova həmin mənzilin açarını ona təhvil verərək mənzili onun sahibliyinə və istifadəsinə vermişdir. Sonradan onun sahibliyində və istifadəsində olan mənzildə müvafiq təmir işləri aparmış və 2.000 manatdan artıq xərc cəkmişdir. 2020ci ilin mart ayında Cavabdeh2 sürücüsü gələrək ona bildirmişdir ki, mənzil onlara məxsusdur və həmin mənzili 2013-cü ildə əldə etmişlər. Həmin mənzilin açarını təqdim etməyini xahiş etmişlər. O isə həmin şəxslə mübahisə etmək istəməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(001)-427/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları ilə yanaşı göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2ci maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının iddia tələbləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Hazırki iş materiallarından görünür ki, Cavabdeh1 ünvan 1də inşa edilmiş 1 bloklu, ümumi sahəsi 76,05 kv.m-dən ibarət olan 2 otaqlı 38 saylı mənzili 22.05.2013-cu il tarixdə müqavilə ilə ilkin olaraq Cavabdeh2 adına, daha sonra isə 08 noyabr 2017-ci il tarixli müqavilə ilə İddiaçı adına rəsmişləşdirilmişdir. İş materiallarında olan Cavabdeh1 tərəfindən verilmiş 22 may 2013-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh2 həqiqətən də Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202 məhəllədə yerləşən Cavabdeh1nə məxsus yaşayış binasının payçısıdır. Payçısı olduğu 2 otaqlı, 56 saylı mənzilin dəyərini tam ödəyib, borc qalığı yoxdur. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 08 noyabr 2017-ci il tarixli mənzil tikintisinə dair müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3202 məhəllədə Cavabdeh1 tikilməkdə olan binasında 38 saylı mənzili payçıya verməyi öz öhdəsinə götürür. Qeyd olunan mənzil 2 otaqdan ibarət olmaqla, ümumi sahəsi 76,5 kv.m, yaşayış sahəsi isə 37,3 kv.m-dir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 1(101)-130/2020 nömrəli hökmünün surətindən görünür ki, X4 öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını xeyli və külli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxs kimi rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vahid niyyətlə təkrarən vəzifə saxtakarlığı etmiş, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb o-lan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, təkrarən, öz qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə özgəyə məxsus əmlakı xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Belə ki, o, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi, təkrarən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək ünvan 1 ünvanında Cavabdeh1 MTK tərəfindən inşa edilən bir girişli on altı mərtəbəli yaşayış binasındakı 38 nömrəli mənzili 22 may 2013cü il tarixdə ünvan 2 ünvanında yerləşən xidməti ofisində həmin tarixli müqavilə və maliyyə arayışı əsasında Cavabdeh2 57.375 manata satmasına baxmayaraq, özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə təkrarən aldatma yolu ilə ələ keçirmək məqsədilə 2017-ci ilin noyabr ayında ona mənzil almaq üçün müraciət edən İddiaçı qeyd edilən 38 nömrəli mənzilin əvvəldən heç kəsə satılmamasmı yalandan bildirib, həmin ünvanda yerləşən xidməti ofisində tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək öz imzası və kooperativin möhürü ilə təsdiq etdiyi, İddiaçı adına rəsmiləşdirilmiş 08 noyabr 2017-ci il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında mənzilin sonuncuya satılması adı ilə ondan həmin tarixdə yuxarıda qeyd edilən ofisində 57.500 manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma yolu ilə özgənin, yəni İddiaçı əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, həmin əməli ilə Cavabdeh2 öz əmlakına normal sahiblik etmək və ondan sərbəst istifadə etməklə bağlı əmlak hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir (hökmün 4cü səhifəsi). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin tərtib etdiyi protokoldan görünür ki, MTK-ya məxsus qeydiyyat kitabında 38 saylı mənzil X5 adına qeyd edilsə də, 08 noyabr 2017-ci il tarixdə həmin mənzilə görə İddiaçı adına qeydiyyat aparılmışdır. Qeyd olunan hökmlə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 313-cü maddələri ilə təqsirli bilinmiş və öldüyü üçün Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-1-ci maddəsinə əsasən ona cəza təyin edilməmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs İddiaçı 57.500 manat maddi ziyan, 5.000 manat mənəvi zərər və 30 manat dövlət rüsumu ödənilməsi hökm edilmiş, digər zərərçəkmiş şəxs Cavabdeh2 mülki iddianın mülki prosessual qaydada verilmə qaydası izah edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2021-ci il tarixli, 1(103)-51/2021 saylı qərarından görünür ki, apelyasiya protesti və apelyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 1(101)130/2020 nömrəli hökmü apelyasiya protesti və apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə hökmü ilə iddiaçının iddia etdiyi mənzilin dəyəri olaraq ödədiyi pul məbləğinin ona verilməsi qərara alınmışdır. Bundan əlavə, həmin mənzil hal-hazırda Cavabdeh2 sahibliyindədir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı “Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 22 may 2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi” barədə iddia tələbi irəli sürməyə subyektiv hüququ mövcud deyildir. İddiaçı subyektiv hüququ mövcud olmadığından iddiası rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-427/2021 saylı mülki iş üzrə qəbul etdiyi 29 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-7107/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7107/2021
13.09.2021 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver