Məhkəmə qərarları › İş №2(103)-7111/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7111/2021

09.08.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7111/2021 09.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı və Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(004)-2405/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı iddia ərizəsi ilə 09.03.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X2 onun mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu S.Dağlı küçəsində yerləşən 36 nömrəli fərdi yaşayış evinin “B” tikilisində olan 2 otağından çıxarılmaqla istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(004)-2405/2021 nömrəli ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırki mübahisə üzrə qanuni qüvvə almış məhkəmə qətnaməsinə istinad edən məhkəmə real faktlara deyil, tam əsassız qətnaməyə istinad edilmişdir. Hazırda mübahisəli 2 otaq və 1 mətbəx vərəslik qaydasında onun mülkiyyətinə keçmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdehlərin həmin 2 otaq və 1 mətbəx üzərində mülkiyyət hüquqlarını təsdiq edən heç bir sənəd mövcud deyil (yuxarıda adı çəkilən qətnamədən başqa). Halbuki, Mülki Məcəllənin 139.1-ci maddəsinə görə “Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xilamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır”. Məhkəmə iclasında İddiaçı bildirdi ki, 2017-ci ildə əri vəfat etdi. 2018-ci ildə ev onun adına keçirildi. 1966-cı ildə cavabdehin əri necə bu evdə olub bilmir. Ora balaca yerdi. Həm o, həm də cavabdehlərin orada birlikdə yaşaması mümkün deyil. Məhkəmə qətnaməsi var, lakin o, faktiki olaraq köçürülməmişdir. Cavabdehlərin 2 evi var. Biri cavabdehin atasından ona qalıb, digəri isə dayısından vərəsəlik qaydasında ona keçib. Ev onun adına keçəndən məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında digər cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, FM seriyalı 036774 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri Yasamal rayonu S.Dağlı küçəsində yerləşən 36 nömrəli fərdi yaşayış evinin “B” tikilisindən 2 otaq (y/s-16 kv.m və k/s-18,1 kv.m) X3 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 30/311 nömrə qeydiyyat nömrəsi ilə 24.05.2005-ci il tarixdə qeydiyyat aparılmışdır. X6 26.09.2017ci il tarixdə vəfat etdikdən sonra 29.03.2018-ci il tarixli 2v-266 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Bakı şəhəri Yasamal rayonu S.Dağlı küçəsində yerləşən 36 nömrəli fərdi yaşayış evinin “B” tikilisindən 2 otaq (y/s-16 kv.m və k/s-18,1 kv.m) miras əmlak kimi İddiaçı mülkiyyətinə keçmişdir və bu barədə onun adına 21.10.2019-cu il tarixli ********** qeydiyyat nömrəli elektron çıxarış verilmişdir. 21.10.2019-cu il tarixli ********** qeydiyyat nömrəli elektron çıxarışa əsasən Baı şəhəri Yasamal rayonu S.Dağlı küçəsində yerləşən 36 nömrəli fərdi yaşayış evinin “B” tikilisindən 2 otaq (y/s-16 kv.m və k/s-18,1 kv.m) İddiaçı adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata qeydiyyata alınmışdır Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21.11.2000-ci il tarixli 2-1461/2000 nömrəli qətnaməsi ilə ünvan 1 ünvanda yaşayan iddiaçı X3 həmin ünvanda yaşayan cavabdehlər Cavabdeh1 və X4 qarşı “Cavabdeh1 və X2 Bakı şəhəri Yasamal rayonu S.Dağlı küçəsində yerləşən 36 nömrəli fərdi yaşayış evindən çıxarılma” tələbinə dair ilk iddiası rədd edilmişdir. Cavabdehlər Cavabdeh1 və X2 qarşılıqlı iddiası təmin edilmiş, cavabdehlər Cavabdeh1 və X2 Bakı şəhəri Yasamal rayonu Şərifzadə (indiki S.Dağlı) küçəsində yerləşən 36 nömrəli fərdi yaşayış evində özlərinə məxsus olan 2 otaq, bir mətbəxdən ibarət tikilidən istifadə hüquqları tanınmışdır. Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin MİÜMK-nın 16.02.2001-ci il tarixli 1MK- 150/2001 nömrəli qətnaməsi ilə iddiaçı X3 apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21.11.2000-ci il tarixli 2-1461/2000 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal rayonu Şərifzadə (indiki S.Dağlı) küçəsində yerləşən 36 nömrəli fərdi yaşayış evində özlərinə məxsus olan 2 otaq, bir mətbəxdən ibarət tikilini X2 nənəsi Asiya Məmmədova iddiaçı X3 atası X1 1956-cı ildə pulla satın almışdır, yenidən tikərək şəxsi əmlakları kimi istifadə və sahiblik etmişlər. X8 özü 1966-cı ildə həmin evdə doğulmuş və pasport qeydiyyatında olmaqla qanuni əsaslarla öz ailəsi ilə həmin evdə yaşayır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23.01.2019-cu il tarixli 2(004)-560/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər X4 və Cavabdeh1 qarşı “yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı Bakı şəhəri Yasamal rayonu Seyfəddin Dağlı küçəsi 36 saylı evin “B” tikilisində öz mülkiyyətində olan 2 otağa köçürülməsi qət edilmiş, cavabdehlər X2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “ünvan 2 ünvana dair X5 və İddiaçı verilmiş vərəsəlik şəhadətnamələrinin və bunun əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi, mənzilin istifadələrində olan hissəsinə X2 mülkiyyət hüququnun tanınması və həmin hissədə adına çıxarışın verilməsi” tələbinə dair qarşılıqlı iddiaları rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.12.2019-cu il tarixli 2(103)-4087/2019 nömrəli qətnaməsi ilə cavabdehlər X2 və Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23.01.2019-cu il tarixli 2(004)-560/2019 nömrəli qətnaməsi - X7 və Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22.07.2020-ci il tarixli 2(102)- 3005/2020 nömrəli qərarı ilə cavabdehlər X2 və Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.12.2019-cu il tarixli 2(103)-4087/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Göründüyü kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21.11.2000-ci il tarixli 2- 1461/2000 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və X2 yaşadıqları Bakı şəhəri Yasamal rayonu Şərifzadə (indiki S.Dağlı) küçəsində yerləşən 36 nömrəli fərdi yaşayış evində özlərinə məxsus olan 2 otaq, bir mətbəxdən ibarət tikilidən istifadə hüquqları tanınmışdır və onlar həmin otaqlarda qanuni əsaslarla yaşamaqla, istifadə hüquqlarını həyata keçirirlər. Qətnamə ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal rayonu Şərifzadə (indiki S.Dağlı) küçəsində yerləşən 36 nömrəli fərdi yaşayış evində özlərinə məxsus olan 2 otaq, bir mətbəxdən ibarət tikilini X2 nənəsi Asiya Məmmədova indiki İddiaçı qaynatası X1 1956-cı ildə pulla satın almışdır, yenidən tikərək şəxsi əmlakları kimi istifadə və sahiblik etmişlər. X7 özü 1966-cı ildə həmin evdə doğulmuş, arvadı Cavabdeh1 və digər ailə üzvləri ilə birlikdə daimi qeydiyyatda olmaqla qanuni əsaslarla həmin evdə yaşayırlar. Cavabdehlər X2 və Cavabdeh1 Bakı şəhəri Yasamal rayonu Şərifzadə (indiki S.Dağlı) küçəsində yerləşən 36 nömrəli fərdi yaşayış evində özlərinə məxsus olan 2 otaq, bir mətbəxdən ibarət tikili üzərindəki istifadə hüquqları Mülki Məcəllənin 158.4-cü maddəsinin tələbinə əsasən istənilən şəxs, o cümlədən mülkiyyətçi İddiaçı tərəfindən pozulmaqdan müdafiə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Bu səbəbdən cavabdehlər X2 və Cavabdeh1 yaşadıqları Bakı şəhəri Yasamal rayonu Şərifzadə (indiki S.Dağlı) küçəsində yerləşən 36 nömrəli fərdi yaşayış evinin “B” tikilisindən 2 otaqdan (y/s-16 kv.m və k/s18,1 kv.m) ibarət tikili üzərindəki istifadə hüquqlarına, Mülki Məcəllənin 228.2-ci maddəsinin tələbinə uyğun olaraq yalnız mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Hazırkı iş üzrə İddiaçı cavabdehlərə müvafiq pul kompensasiyası verilməyi təklif etməmişdir. Müvafiq kompensasiya ödənilmədən cavabdehlər yaşadıqları evdən çıxarıla bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, iddiaçı məhkəmənin real faktlara deyil tam əsassız qətnaməyə istinad etdiyini göstərsə də bu dəlil açıq-aşkar əsassızdır. Çünki, əsassız dediyi qətnamələr dövlətin adından çıxarılmış, hal-hazıradək qanuni qüvvədədir. Dövlətin adından çıxarılmış, qanuni qüvvəsini almış qətnamənin göstərişləri bütün fiziki və hüquqi şəxslər, o cümlədən iddiaçı üçün məcburi qüvvəyə malikdir. Həmin qətnamələrlə cavabdehlərin qeyd olunan fərdi yaşayış evinin “B” tikilisinin 2 otaq, 1 mətbəxdən ibarət tikilisinə istifadə hüquqları tanınmışdır. İkincisi, mübahisəli 2 otaq və 1 mətbəx vərəslik qaydasında iddiaçının mülkiyyətinə keçib daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsa da bu fakt iddianın əsaslı olduğuna dəlalət etmir. Çünki, mülkiyyət hüququnun da məhdudlaşıdırıldığı hallar qanunvericilikdə nəzərdə tutulmuşdur. Cavabdehlərin həmin 2 otaq və 1 mətbəx üzərində mülkiyyət hüquqlarını təsdiq edən sənəd mövcud olmasa da onların məhkəmə qətnaməsinə əsasən həmin tikililər üzərində məhkəmə qətnaməsinə əsasən istifadə hüquqları var və əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Mülki Məcəllənin 158.4-cü maddəsinin tələbinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Ona görə də cavabdehlərin də hüquqları qorunmalıdır. Üçüncüsü, cavabdehlərin istifadə hüquqlarının dövlət qeydiyyatına alınmaması da hazırki iddianın əsaslı olmasına heç bir təsir etmir və təmin olunması üçün də əsas ola bilməz. Çünki, həmin hüquqlar qanuni qüvvədə olan məhkəmə qətnaməsinə əsasən yaranmışdır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi(qərarı) ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. “Q. Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Məhz bu prinsipi əsas götürərək apellyasiya instansiyası məhkəməsi hesab edir ki, yuxarıda qeyd olunan məhkəmə aktları ilə cavabdehlərin mübahisə predmeti olan evin qeyd olunan tikililərinə istifadə hüququnun tanınmasına və onların həmin tikilidən qanuni əsas olmadan çıxarılmasının mümkün olmadığına faktiki olaraq hüquqi qiymət verilmişdir. Məhkəmə aktları ilə müəyyən edilən hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən, sözügedən halların əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(004)- 2405/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar