Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7115/2023 07.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: kredit borcunun tutulması, borcun düzgün hesablanmaması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh iştirakı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. "xxxx" ASC (bank) ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə elektron qaydada GTKR4039057A299 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə görə bank Cavabdeh 48 ay müddətinə, illik 24,71 faiz dərəcəsi ilə 9150 manat kredit verməyi, Cavabdeh isə krediti qəbul edib həmin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə kredit məbləğini, habelə əsas kredit borcuna hesablanmış faizləri qaytarmağı öhdələrinə götürmüşlər.
2. Kredit məbləği bank tərəfindən Cavabdeh kart hesabına köçürülmüş, aylıq kredit ödənişi 301,91 manat olaraq razılaşdırılmışdır.
3. Bank tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh bildiriş ünvanlanaraq 1649,07 manat gecikmə borcunun olduğu bildirilmiş və həmin borcun ödənilməsi tələb edilmişdir.
4. 30.11.2022-ci il tarixli maliyyə arayışından göstərilmişdir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli GTKR4039057A299 nömrəli müqaviləyə əsasən 8350,53 manat əsas, 1687,42 manat faiz olmaqla cəmi 10 037,95 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
5. "xxxx" Açıq Səhmdar Cəmiyyəti (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən bankın xeyrinə 8350,53 manat əsas, 1687,42 manat faiz olmaqla cəmi 10 037,95 manat kredit borcunun, habelə 120,11 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, bankla cavabdeh arasında bağlanmış xx.xx.2021-cı il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 24,71 faiz dərəcəsi ilə 48 ay müddətinə 9150 manat məbləğində kredit verilmiş, borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixə banka 8350,53 manat əsas, 1687,42 manat faiz olmaqla cəmi 10 037,95 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir.
7. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə iştirakları olmadan baxılmasını xahiş etmiş, cavabdeh isə məhkəməyə gəlməmişdir.
8. Birinci instansiya məhkəməsinin 24 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur.
9. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, onların arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə öhdəliklərini lazımınca icra etməmişdir.
10. Gəldiyi nəticənin hüquqi əsaslandırılması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1-ci, 386.1-cı, 442-ci, 443.1-ci, 445-ci, 448.1-ci, 739-cu maddələrinə istinad etmişdir.
11. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, hərbi xidmətdə olduğu üçün məhkəmə iclasında iştirak edə bilməmiş, məhkəmə bildirişini alan valideynlərinə etibarnamə verə bilmədiyindən onlar da məhkəmədə iştirak etməmiş, məhkəmə isə işə iştirakı olmadan baxaraq və icraatı dayandırmaq hüququndan istifadə etməyərək qanunsuz qətnamə çıxarmışdır. Belə ki, bankla kredit müqaviləsi bağlayıb kredit götürmüş olsa da, banka qalan borcunun məbləği iddia olunan qədər deyildir və bununla bağlı sübutlarını məhkəməyə təqdim edəcəkdir. Apellyasiya şikayətinə etiraz
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir
Apelyasiya baxışı, izahat
13. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə etməklə yanaşı bildirmişdir ki, banka ödənişləri ilə bağlı sənədləri məhkəməyə təqdim edə bilmir, amma banka olan borcunun daha az olduğunu düşünür.
14. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı bankın nümayəndəsi məhkəməyə ərizə göndərərək işə iştirakı olmadan baxılmasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
16. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
17. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
19. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
21. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
22. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
26. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 255.0. Məhkəmə işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə aşağıdakı hallarda iş üzrə icraatı dayandıra bilər: 255.0.1. tərəf Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və başqa silahlı birləşmələrində çağırış üzrə hərbi xidmətdə olduqda və ya digər dövlət vəzifəsini yerinə yetirməyə cəlb edildikdə.
31. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
33. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
35. Kollegiya cavabdehi dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
36. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
37. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.
38. Banka qalan borcunun məbləğinin düzgün hesablanmadığı barədə cavabdehin irəli sürdüyü arqumentlə əlaqədar kollegiya qeyd edir ki, cavabdeh bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir.
39. Beləliklə kollegiyanın qənaətinə görə, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri formal mülahizələrdir.
40. Kollegiya onu da qeyd edir ki, tərəfin Azərbaycan Respublikasının Silahlı Qüvvələrində çağırış üzrə hərbi xidmətdə olması işin icraatının dayandırılması üçün məcburi əsaslardan deyildir və hazırkı işin halları baxımından işin həmin əsasla dayandırılmasına zərurət yoxdur. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, cavabdehin xidmət müddəti artıq başa çatmışdır.
41. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün cavabdehin ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1301/2023 saylı iş üzrə 24 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə