Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7115/2025 10.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə Açar sözlər: pul vəsaitinin tutulması X1 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul vəsaitinin tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-7158/2025 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2025-ci il tarixli “borcun etirafı haqqında” müqaviləyə əsasən İddiaçı1 sonuncuya 5.000 manat məbləğində borcunun olduğunu etiraf etmişdir. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi 4-cü PŞ-nin təhqiqatçısı Aqil Cəfərovun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli Qərarına əsasən İddiaçı1 müraciəti əsasında araşdırılma başlanmış və toplanmış təhqiqat materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 41.614 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 216 manat pulun vəsaitinin alınaraq onlara ödənilməsini xahiş etmişdir.
3. İddiaçılar tələbini onunla əsaslandırmışdırlar ki, İddiaçı1 cavabdehlərdən Cavabdeh1 ilə xx.xx.2024-cü il tarixində “Memar Əcəmi” metrosu yaxınlığında yerləşən kafelərin birində işlədiyi vaxtdan tanış olmuş, aralarında münasibət olduğundan cavabdeh ondan istifadə edərək müxtəlif vaxtlarda ondan gah loteraya oynamağa, gah digər şəxsi işlərində olan problemlərin həlli üçün pul almışdır. Ümumilikdə ondan ayrı-ayrı vaxtlarda özü və digər cavabdehlər vasitəsi ilə 41.614 manat pulu borc almış, pul vəsaitini cavabdehlərə məxsus bank kartlarına köçürmə yolu ilə vermiş, həmin pul vəsaitlərin az qismini özü təşkil edib versə də, çox bir qismini tanışı digər İddiaçı2 alıb vermişdir. Bununla bağlı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinə müraciət etmiş, aparılmış təhqiqat araşdırması zamanı onun hazırki cavabdehlərdən tələb etdiyi pul vəsaitlərini göndərməsi öz təsdiqini tapsa da, cinayət xarakterli olmadığından “cinayət işinin başlanmasının rədd olunması” barədə qərar qəbul olunmuşdur. Cavabdehlər özləri pulu verməkdən imtina etməmiş, lakin hazırda pulu qaytarmağa söz versələr də, pulu qaytarmadıqlarından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-7158/2025 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim X3 qızı)
5. Məhkəmə öz mövqeyi ilə bağlı İddiaçı2 münasibətdə qeyd etmişdir ki, İddiaçı2 məhkəmə iclasında cavabdehlərin heç birinə şəxsən pul vermədiyini, cavabdehlərlə onun arasında borc münasibətlərinin yaranmadığını bildirmiş, iddia ərizəsində qeyd edilən məbləğin bir qisminin onun tərəfindən digər İddiaçı1 verildiyi və İddiaçı1 həmin pulları cavabdehlərə verdiyi üçün birgə iddiaçı kimi iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini qeyd etmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, İddiaçı2 ilə cavabdehlər arasında hər hansı borc-pul münasibətlərinin mövcud olmadığı təsdiq olunduğundan həmin hissədə iddia əsassızdır və təmin edilə bilməz
6. Məhkəmə iddia tələbinə İddiaçı1 münasibətdə qiymət verərək qeyd etmişdir ki, İddiaçı1 polis şöbəsinə etdiyi müraciətdə iddia ərizəsində qeyd etdiyi pul məbləğinin cavabdehlər tərəfindən hədə-qorxu ilə ondan tələb edildiyini bildirmiş, lakin xx.xx.2025-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Hazırda isə İddiaçı1 həmin məbləğin Cavabdeh1 tərəfindən şəxsən və digər cavabdehlər vasitəsi ilə borc alındığını bildirərək, pulun cavabdehlərdən geri qaytarılmasını tələb edir. Lakin iş materiallarında İddiaçı1 tərəfindən Cavabdeh1 özünə və ya digər cavabdehlər vasitəsi ilə etdiyi ödənişlərin geri qaytarılmaq şərti ilə borc kimi verildiyini təsdiq edən heç bir sübut aşkar edilməmişdir. Məhkəmə İddiaçı1 tərəfindən məhkəməyə təqdim edilmiş “whatsapp” danışıqlarına münasibətdə qeyd etmişdir ki, həmin danışıqlarda İddiaçı1 Cavabdeh1 borc pul verdiyini təsdiq edən hər hansı ifadə, yazışma mövcud deyil. Ödəniş qəbzlərindən görünür ki, 10 manatdan 3.000 manata qədər müxtəlif vaxtlarda, müxtəlif məbləğlərdə İddiaçı1 tərəfindən pul köçürmələri həyata keçirilmiş, lakin tərəflər arasında heç vaxt borc müqaviləsi bağlanmamış, iltizam və ya qəbz alınmamış, borcun qaytarılacağı vaxtla bağlı heç bir razılaşma olmamışdır. Əksinə, tərəflərin izahatları və telefon danışıqları ilə təsdiq olunur ki, İddiaçı1 ilə Cavabdeh1 arasında şəxsi (kişi-qadın) münasibətləri olmuş və yaxın münasibətdə olan şəxslər arasında kömək məqsədilə pul verilməsi mümkündür. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdehlər tərəfindən İddiaçı1 hədəqorxu ilə pul tələb edilməsi, eləcə də, cavabdehlərlə onun arasında borc münasibətlərinin mövcudluğu faktı təsdiq edilmədiyindən İddiaçı1 aid hissədə də iddia təmin edilməməlidir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçılar İddiaçı1 və İddiaçı2 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdilər.
9. İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırmışdırlar ki, cavabdehlər həqiqətən həmin pul vəsaitlərini ayrı-ayrı vaxtlarda qəbul etmişlər. Pulun alınmasını cavabdehlər özləri də inkar etmir. Bu iddia ərizəsinə əlavə edilmiş bank qəbzlərindən, whatsapp yazışmalarından, ən əsası “cinayət işinin başlanılmasının rədd olunması” barədə qərardan aydındır. Cavabdeh pul vəsaitinin ona hədiyyə verməyi ilə bağlı heç bir dəlil və sübut təqdim etməyib. Etmədiyi halda da işə baxan hakim öz mülahizəsinə görə hesab edib ki, əks cinsin nümayəndəsi ilə arasında əgər münasibət varsa, ona verilmiş pul vəsaiti hədiyyə hesab olunmalıdır. İş üzrə məhkəməyə təqdim edilən sübutlara qiymət verilməmişdir. Belə ki, məhkəməyə təqdim olunmuş whatsapp yazışmasından aydın görünür ki, cavabdeh atasının xəstə olduğunu çəkib atır və ona pul verilməsini xahiş edir. Digər yazışmada ona kredit götürə bilməsi üçün köməklik etməyini, digər İddiaçı2 alınmış pulu qaytarmaq istəməsini yazmışdır. İş materiallarından görünür ki, cavabdehlər pul vəsaitlərini müxtəlif vaxtlarda köçürmə vasitəsilə almışlar. Məhkəmə həmin pul vəsaitlərini qarşı tərəfin hədiyyə kimi qəbul etməsi mülahizəsinə əsaslanaraq iddianın rədd olunması barədə qətnamə qəbul etmişdir. Məhkəmə mülki qanunvericilikdə hədiyyənin və ya bağışlanmanın hallarını tətbiq etmək əvəzinə ,öz mülahizəsinə əsasən təhlil edib.
10. Apellyasiya instansiya icraatında İddiaçı2 apellyasiya şikayətindən imtina etmiş və bununla bağlı çıxarılmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ilə onun apellyasiya şikayətindən imtinası qəbul edilmiş və ona münasibətdə apellyasiya icraatına xitam verilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İştirak etdiyi məhkəmə iclasında İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək, onun və iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasında İddiaçı2 İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
14. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-сi maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur; 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər; 668.1-ci maddəsinə əsasən bağışlama daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə etibarlıdır; Tərəflər arasında münasibətlər yaranan zaman qüvvədə olan redaksiyada 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Tərəflər arasında münasibətlər yaranan zaman qüvvədə olan redaksiyada 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Hazırkı apellyasiya şikayətində İddiaçı1 tərəfindən qətnamənin ləğv olunması və iddianın təmin edilməsi xahiş edildiyindən və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ilə İddiaçı2 apellyasiya şikayətindən imtinası qəbul edilməklə, ona münasibətdə apellyasiya icraatına xitam verildiyindən, qətnamə yalnız İddiaçı1 aid hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası iddiaçıları dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirib, hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsinə və ya ləğv edilməsinə hər hansı əsas yoxdur.
21. Məhkəmə kollegiyası işin faktiki hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, İddiaçı1 ilə Cavabdeh1 arasında şəxsi münasibətlər zəminində 2024-cü ilin may ayında faktiki (ilk dəfə xx.xx.2024-cü il tarixdə baş vermiş və sonralar təkrarlanmış fiziki yaxınlıqla müşayiət olunan) əlaqələr yaranmış və 2025-ci ilin yanvar ayına kimi davam etmişdir. Həmin müddət ərzində müxtəlif tarixlərdə iddiaçı tərəfindən Cavabdeh1, habelə ona təqdim edilməsi üçün digər cavabdehlərin bank kartlarına ən azı 10 manat, ən çoxu 3.000 manat olmaqla müxtəlif məbləğlərdə pul vəsaitləri köçürülmüşdür. Cavabdehlərdən Cavabdeh2 Cavabdeh1 anası, Cavabdeh3 isə bibisi qızıdır.
22. Hazırda İddiaçı1 aralarında yaranmış münasibətlər çərçivəsində müxtəlif vaxtlarda və məbləğlərdə olmaqla, ümumilikdə 41.614 manat məbləğində pul vəsaitinin sonradan qaytarmaq şərti ilə, yəni borc qismində birbaşa Cavabdeh1, habelə onun tapşırığı və ona təqdim edilməsi üçün digər cavabdehlərə verdiyi (kart hesablarına köçürdüyünü), lakin borc kimi verdiyi pul vəsaitinin bugünədək cavabdehlər tərəfindən ona qaytarılmadığını bildirir və 41.614 manat məbləğində pul vəsaitinin və bu məbləğə uyğun olaraq ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmasını tələb edir. Başqa sözlə, İddiaçı1 cavabdehlərə verilmiş pulun qaytarılması ilə bağlı mövqeyinin əsasını cavabdehlərlə aralarında borc münasibətlərinin olması təşkil edir.
23. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işin halları ilə İddiaçı1 Cavabdeh1, habelə onun tapşırığı və ona təqdim edilməsi üçün digər cavabdehlərə müxtəlif məbləğlərdə bank köçürməsi ilə pul vəsaiti verdiyi öz təsdiqini tapır. İddiaçı1 müraciəti üzrə Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis şöbəsində aparılmış araşdırma zamanı cavabdehlər öz izahatlarında bu halı inkar etmir. Cavabdeh1 pul vəsaitlərinin hədə qorxu təsiri altında deyil, könüllü olaraq (öz istəyi ilə) iddiaçı tərəfindən ona verildiyini vurğulayır. Onun anası, yəni digər Cavabdeh2 öz izahatlarında bu mövqedən çıxış edir. Cavabdeh3 isə Cavabdeh1 müraciətinə əsasən özünə məxsus bank kartına müxtəlif məbləğlərdə pul vəsaitinin göndərilməsinə razılıq verdiyini, göndərilən bütün məbləğlərin də həmin kartdan onun tərəfindən deyil, şəxsən Cavabdeh1 tərəfindən çıxartdığını qeyd edir. Bununla belə, iddiaçı tərəfindən müxtəlif məbləğlərdə və tarixlərdə pul vəsaitləri nəticə etibarı ilə cavabdehə, o cümlədən onların hər biri üçün məlum şəraitdə məhz ona təqdim edilməsi üçün digər cavabdehlərə göndərilmişdir. İddiaçı digər cavabdehlərə göndərilən məbləğlərin hər hansı hissəsinin Cavabdeh1 təqdim edilmədiyini, habelə həmin pul vəsaitlərinin məhz onlar üçün nəzərdə tutulduğunu, onlara borc verdiyini bildirmir, bütün məbləğlərin Cavabdeh1 üçün nəzərdə tutulduğunu göstərir. Bu da öz növbəsində iddia tələbinin digər iki cavabdehə münasibətdə əsassız olduğunu təsdiq edir.
24. İddiaçı həmin icraat çərçivəsində nəticə etibarı ilə yalnız 100 manat pulu aralarında baş vermiş fiziki yaxınlıq müqabilində könüllü olaraq Cavabdeh1 verdiyini, iddia etdiyi bütün qalan məbləğlərin ondan hədə-qorxu ilə (arvadına münasibətləri, o cümlədən hamiləliyi barədə məlumat verməsi hədəsi ilə) tələb edildiyini bildirir. Lakin 4 aydan sonra qaldırdığı hazırki iddiasında tamamilə fərqli mövqedən çıxış edərək, iddia etdiyi məbləğin cavabdehlərə borc verdiyini bildirir. Halbuki, verilən pul vəsaitlərinin məbləğləri və tarix etibarı ilə intensivliyi tərəflər arasında hər hansı məbləğlə bağlı borc münasibətlərinin yaranmasını istisna edir. Hər bir halda, borc qismində tələb olunan pul vəsaitinə borc alanın az və ya çox, bu və ya digər formada ehtiyacı olmalı, habelə ehtiyacın yaranma səbəbi (əsası) olmalı və səbəbdən (əsasdan) irəli gələrək ehtiyac duyulan məbləğ formalaşmalı, ən əsası da bununla bağlı borcalanın borcverənə bu barədə müraciəti olmalıdır. Hazırki münasibətlərdə isə qeyd edilən hallardan hər hansı biri, xüsusilə də bu cavabdehin iddiaçıya bununla bağlı müraciətinin olduğu müəyyən edilmir. Belə ki, məsələn, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək iddiaçı tərəfindən Cavabdeh1 8 dəfəyə 2.000 manatdan artıq pul vəsaiti verilmiş, bu ödənişlər avqust, sentyabr, noyabr, dekabr və yanvar aylarında da oxşar intensivliklə və müxtəlif məbləğlərdə aparılmışdır. Lakin borcun istənildiyini, habelə verilmiş pulun borc olmaqla qaytarılmasının tələb edildiyini (polis orqanlarına müraciətdən başqa) təsdiq edən bir sübut mövcud deyil.
25. Digər tərəfdən, Cavabdeh1 “Memar Əcəmi” metrostansiyası yaxınlığında kafelərin birində ofisiant kimi çalışmış, iddiaçı da məhz onunla həmin iş yerində tanış olmuşdur. Başqa sözlə, iddiaçı bu şəxsin ofisiant kimi çalışdığını bildiyi halda, onun əmək haqqı məbləğindən dəfələrlə çox olan və sonuncunun əldə etdiyi gəlirlər baxımından qaytarmaq imkanında olmadığı məbləği, xüsusilə də hər dəfə daha əvvəl verilmiş məbləğin (məbləğlərin) qaytarılmadığı bir şəraitdə ona borc verməsi ağlabatanlıq baxımından qeyri-mümkündür.
26. İş materiallarında olan və “whatsapp” sosial platforması üzərindən aparılmış yazışmalardan çıxarışdan da göründüyü kimi, iddiaçının “ömrüm” deyə xitam etdiyi (i.v. 85) (hər halda ondan hədə-qorxu ilə pul tələb edən şəxs onun həyatında “ömrüm” adı altında tanına bilməzdi) şəxsə hər hansı məbləği borc olaraq verməsi ağlabatan deyil. Həmin yazılardan birində bu cavabdeh iddiaçıya “İmkan olanda özün yazarsan mən yazıb narahat etməyəcəm, yoldaşın görər” ismarıcını göndərir. Bu da öz növbəsində əksinə cavabdehin onun ailəli olması ilə hesablaşdığını təsdiq edir. Başqa sözlə, hər iki tərəfin razılığı ilə nikahdan kənar münasibətlər zamanı tərəflər arasında borc münasibətləri yarana bilməz. Ən azından bu cür vəziyyətdə onları birləşdirən hissləri və bu hislərdən yaranmış münasibətləri buna imkan vermir, üstəlik bu cür münasibətlər zamanı həm də aralarında iddia edilən formada mülki hüquq münasibətlərinin yaranması da həyatda baş verən hallara uyğun gəlmir. Belə olduğu təqdirdə də Cavabdeh1 iddiaçının hesabına əsassız varlanması halı da istisna edilir.
27. Bununla belə, hüquqi nəticə etibarı ilə iddiaçı iddia etdiyi məbləği aralarında yaranmış münasibətlər çərçivəsində və öz iradəsinə uyğun şəkildə, könüllü olaraq bu cavabdehə xərcləmiş, o cümlədən onun ehtiyaclarını ödəmişdir. Bu da öz növbəsində iddiaçı tərəfindən verilən məbləğin hədiyyə kimi qiymətləndirilməsini şərtləndirir. Sonradan həmin məbləğin hər hansı hissəsinin cavabdeh tərəfindən iddiaçıya qaytarılması da artıq onun tərəfindən borcun qaytarılması kimi qiymətləndirilə bilməz və bu hal da cavabdehin könüllü istəyinə və sərbəst iradəsinə bağlı olan bir hərəkət kimi qiymətləndirilməlidir.
28. Məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim edən whatsapp yazışmalarına da münasibətdə qeyd edir ki, həmin yazışma mətnləri tam söhbəti əhatə etmədiyindən yazışmada hansı məbləğin verilməsinin tələb edilməsi, söhbətin yaranma səbəbi və mahiyyəti aydın deyil. Cavabdeh1 anası ilə iddiaçı arasında xx.xx.2025-ci il tarixli “borcun etirafı haqqında” müqavilənin də bağlandığı nəzərə alındığı təqdirdə, iddiaçıdan tələb edilən pulun məhz həmin müqavilədə göstərilən pul olmadığını təsdiq edən sübutlar, ən azı yazışmanın tam əhatəli məzmununu təqdim edilməli idi. Lakin nəticə etibarı ilə birtərəfli qaydada yazılan, daha çox iddiaçının mənafeyinə uyğun olan yazışma təqdim edilmişdir ki, bu da iddiaçının xeyrinə hər hansı məbləğin tutulmasına əsas ola bilməz.
29. Məhkəmə kollegiyası İddiaçı1 Cavabdeh1 könüllü olaraq, öz sərbəst iradəsinə və istəyinə uyğun qaydada pul köçürməsini, bu halın onların arasında yaxın münasibətlər olan ərəfədə baş verməsini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən bu cavabdehə verilən pul vəsaitləri məhz hədiyyə kimi qiymətləndirilməlidir. Qeyd edilənlər apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu təsdiq edir və onun rədd edilməsini şərtləndirir.
30. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sərgilədiyi hüquqi mövqeyinin yekunu olaraq, belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayəti üzrə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-7158/2025 saylı qətnaməsi İddiaçı1 apellyasiya şikayəti üzrə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.