Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7118/2025 17.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 noyabr 2025-ci il tarixli qətnamədən iddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı Bankın buna səlahiyyəti olan nümayəndəsi Bankın adından iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 17.032,77 manat pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi ümumilikdə cəmi 1.364,99 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 33,64 manat məbləğində pulun iddiaçı Bankın xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı Bank arasında bağlanmış xx.xx.2022-ci il tarixli 281865 saylı “Kredit müqaviləsinə” əsasən cavabdehə 36 ay müddətinə, illik 15 faiz olmaqla, 20.000 manat məbləğində kredit verilmişdir. Bank müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, kredit müqaviləsi üzrə ödənişlərini mütəmadi olaraq gecikdirmiş, dəfələrlə bu barədə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə, həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair bildirişlərin (pretenziyaların) verilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməmişdir. Nəticədə Bank müvafiq iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və həmin iddiaya dair mülki işə baxmış Binəqədi Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli, 2(001)-5224/2023 saylı qətnamə ilə iddianın qismən təmin edilməsini, əsas kredit borcu olaraq 15.736,02 manat, əsas kredit borcuna hesablanmış faiz borcu olaraq 1.129,75 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş dəbbənin əvəzinin - 28 manat məbləğində pulun borcalan olan cavabdehdən tutularaq Banka ödənilməsini qət etmişdir. Lakin həmin və hazırkı iş üzrə cavabdeh həmin qətnaməni icra etməmişdir. Bu səbəbdən də Bank hazırkı iddia ilə Məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 445.7-ci maddəsinə görə, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5 faizin ödənilməsini tələb edə bilər. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 19 noyabr 2025-ci il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir.
4. Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Bank icra sənədinin icrasını gecikdilməsi nəticəsində onun maddi zərər vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Borclunun icra sənədinin icrasından qəsdən yayınmasından təsdiq edən sübutları onun inzibati tənbeh edilməsinə dair məhkəmənin qərarı və ya cinayət məsuliyyətinə cəlb olunmasına dair hər hansı bir məhkəmə aktı mövcud deyildir. Bank icra sənədinin icrası ilə bağlı icra məmurunun hərəkətlərini mübahisələndirilməmiş, dəymiş zərərin nədə ifadə olunmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. c) apellyasiya şikayəti barədə məlumat
5. İddiaçı Bank həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir.
6. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və izahatları barədə məlumat
7. İddiaçı Bankın nümayəndəsi və iş üzrə cavabdeh işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq apellyasiya baxışı iclasına gəlməmişlər.
8. İddiaçı Bankın nümayəndəsi ərizə ilə Məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
9. İş üzrə cavabdeh isə apellyasiya baxışı iclasına gəlməməsinin səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir.
10. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
11. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.
12. Belə ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5224/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamədən görünür ki, həmin qətnamə ilə “X3 Azərbaycan” QSC-nin Cavabdeh qarşı irəli sürdüyü “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə” iddiasının qismən təmin edilməsi, borcalan olaraq Cavabdeh ilə kreditor olaraq Bank arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 281865 saylı “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 15.736,02 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.129,75 manat, öhdəliyin icra edilməməsi, yəni kredit borcunun ödənilməməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 28 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 139 manatın məbləğində pulun Cavabdeh Bankın xeyrinə tutulması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.
13. İşin hallarından müəyyən edilir ki, qeyd edilən qətnamə qanuni qüvvəyə minmiş və onun əsasında verilmiş “İcra vərəqəsi” icraya yönəldilmiş, lakin Cavabdeh qətnaməni bugünə kimi icra etməmişdir, baxmayaraq ki, Bank, Cavabdeh dəfələrlə yazılı müraciət edərək, qətnamənin icra edilməsini və Banka olan borcunun ödənilməsini tələb etmişdir.
14. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 445.7-ci maddəsinə görə, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5 faizin ödənilməsini tələb edə bilər.
15. Məhz bu maddənin tələbini və qətnamənin icra edilməməsini nəzərə almış Bank hazırkı iddia ilə Rayon Məhkəməsinə müraciət etmiş, lakin Rayon Məhkəməsi hesab etmişdir ki, Bank, icra sənədinin borclu tərəfindən icra edilməsi səbəbindən ona maddi zərər dəyməsini və icra sənədinin borclu tərəfindən qəsdən icra edilməməsini təsdiq edə biləcək sübutları təqdim etməmişdir.
16. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin bu kimi yanaşması səhv olmuşdur. Belə ki, Bank, qətnamənin cavabdeh tərəfindən məhz qəsdən icra edilməməsi halını sübut etmək yükünü daşımır. Əksinə bu halın qəsdən deyil, ondan asılı olmayan səbələrdən baş verməsini sübut etmək yükü cavabdehin üzərinə düşür, lakin o, hər hansı sübutları məhkəmələrə təqdim etmir və ümumiyyətlə məhkəmə baxışı iclaslarına gəlmir.
17. Digər tərəfindən nəzərə alınmalıdır ki, Mülki Məcəllənin yuxarıda qeyd edilən 445.7-ci maddəsində borclunun pul məbləğinin ödənilməsini gecikdirdiyi gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5 faizin ödənilməsini gecikmənin məhz qəsdən edilməsi ilə ümumiyyətlə şərləndirmir.
18. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Bank, borclu Cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyi gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5 faizin ödənilməsini tələb etməkdə haqlıdır.
19. Məhkəmə bu nəticəyə gəlsə də, Bankın Cavabdeh onun xeyrinə tutulmalı olan pul məbləği ilə razılaşmır. 20 Belə ki, icra sənədi üzrə Cavabdeh tərəfindən Banka ödənilməli olan əsas kredit borcunun məbləği 15.736,02 manat təşkil edir. İcra sənədinin icrasının gecikdirilmə müddəti 1 il 7 ay (xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixə kimi). Belə olan halda yuxarıda göstərilən hala görə Cavabdeh Bankın xeyrinə 1.244,72 manat məbləğində pul tutulmalıdır ((1 ilə görə 5%, 7 aya görə 2,91% = 7,91 %) 15.736,02 manat x 7,91 % = 1.244,72 manat)). g) apellyasiya baxışının nəticəsi
21. Odur ki şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
22. Məhkəmə həmçinin belə qənaətə gəlir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçı Bank tərəfindən ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən, cavabdehə aid edilməlidir.
23. Beləliklə yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı “X3 Azərbaycan” QSC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 noyabr 2025-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi barədə” iddiası qismən təmin edilsin. 1.244 (bir min iki yüz qırx dörd) manat 72 (yetmiş iki) qəpik məbləğində pul Cavabdeh tutularaq iddiaçı “X3 Azərbaycan” QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş dövlət rüsumları Cavabdeh aid edilsin və bu məqsədlə ondan cəmi 50 (əlli) manat 46 (qırx altı) qəpik tutularaq X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə elan edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.