Məhkəmə qərarları › İş №2(103)-7119/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7119/2025

25.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7119/2025 25.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı iş üzrə (Açar sözlər: zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi oğlunun katibliyi cavabdehin nümayəndəsi və vəkili Vəkil2 Rəsul oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)-4619/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. “İnşaatçı” Cavabdeh MMC ilə “Sahib” İddiaçı arasında bağlanmış xx.xx.2022ci il tarixli, BGVP-462/22 saylı Mənzil inşaatı müqaviləsinə əsasən, inşaatçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi, 10A ünvanında özünə məxsus olan torpaq sahəsində inşa etdiyi “Greenville” yaşayış kompleksinin E1 blokunun 12-ci mərtəbəsində yerləşən ümumi inşaat sahəsi 112,40 kv.m. olan, 3 otaqlı, 05 nömrəli təmirsiz mənzil ilə sahibi təmin etməyi, sahib əldə etdiyi mənzilin bu müqavilə ilə razılaşdırılmış dəyərini müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə inşaatçıya ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi dəyəri 146.120 manat müəyyən olunur. Mənzilin ümumi dəyərindən 21.918 manat məbləğində pul vəsaitini sahib inşaatçıya müqavilə imzalandığı tarixdə, qalan 142.202 manat məbləğində pul vəsaitini isə sahib ilə ASC "xxxx" Bankı arasında bağlanacaq kredit müqaviləsinə əsasən mənzilin qalıq dəyərinin ödənilməsi məqsədilə ona veriləcək kredit hesabına xx.xx.2022-ci il tarixədək ödəməyi öhdəsinə götürür.

2. Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, həmin müqavilə üzrə mənzilin ümumi dəyəri olan 146.120 manat məbləğindən İddiaçı tərəfindən "X5" MMC-yə 21.918 manat məbləğində pul vəsaiti ödənilmişdir. Qeyd olunan mənzilə görə İddiaçı "X5" MMC-yə 124.202 manat məbləğində borcu qalmışdır.

3. "xxxx" Bankı ASC ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixli Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə görə, Bank tərəfindən sonuncuya 264 ay müddətinə, illik 9% ödəmək şərti ilə 124.202 manat məbləğində kredit verilmişdir. Kredit Borcalana "xxxx" MMC ilə bağladığı xx.xx.2022-ci il tarixli BGVP-462/22 nömrəli “GreenVilleResidence” yaşayış kompleksində yaşayış sahəsinin əldə edilməsinə dair müqaviləyə əsasən satış qiyməti 146.120 manat olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi, 10A ünvanında inşa edilən “GreenVille Residence” yaşayış kompleksinin E1 blokunun 12-ci mərtəbəsində yerləşən 112.40 kv.m. ümumi sahədən ibarət 3 otaqlı 05 nömrəli mənzilin qalıq dəyərinin ödənilməsi məqsədi ilə verilmişdir.

4. “İnşaatçı” Cavabdeh MMC ilə “Sahib” İddiaçı arasında bağlanmış xx.xx.2022ci il tarixli, BGVP-463/22 saylı Mənzil inşaatı müqaviləsinə əsasən, inşaatçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi, 10A ünvanında özünə məxsus olan torpaq sahəsində inşa etdiyi “Greenville” yaşayış kompleksinin E1 blokunun 12-ci mərtəbəsində yerləşən ümumi inşaat sahəsi 68,53 kv.m. olan, 2 otaqlı, 07 nömrəli təmirsiz mənzil ilə sahibi təmin etməyi, sahib əldə etdiyi mənzilin bu müqavilə ilə razılaşdırılmış dəyərini müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə inşaatçıya ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi dəyəri 89.089 manat müəyyən olunur. Mənzilin ümumi dəyərindən 13.363 manat məbləğində pul vəsaitini sahib inşaatçıya müqavilə imzalandığı tarixdə, qalan 75.726 manat məbləğində pul vəsaitini isə sahib ilə ASC "xxxx" Bankı arasında bağlanacaq kredit müqaviləsinə əsasən mənzilin qalıq dəyərinin ödənilməsi məqsədilə ona veriləcək kredit hesabına xx.xx.2022-ci il tarixədək ödəməyi öhdəsinə götürür.

5. Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, həmin müqavilə üzrə mənzilin ümumi dəyəri olan 89.089 manat məbləğindən İddiaçı tərəfindən "X5" MMC-yə 13.363 manat məbləğində pul vəsaiti ödənilmişdir. Qeyd olunan mənzilə görə İddiaçı "X5" MMC-yə 75.726 manat məbləğində borcu qalmışdır.

6. "xxxx" Bankı ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən, Bank tərəfindən sonuncuya 264 ay müddətinə, illik 9% ödəmək şərti ilə 75.726 manat məbləğində kredit verilmişdir. Kredit Borcalana "xxxx" MMC ilə bağladığı xx.xx.2022-ci il tarixli BGVP-463/22 nömrəli “GreenVilleResidence” yaşayış kompleksində yaşayış sahəsinin əldə edilməsinə dair müqaviləyə əsasən satış qiyməti 89.089 manat olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şossesi, 10A ünvanında inşa edilən “GreenVille Residence” yaşayış kompleksinin E1 blokunun 12-ci mərtəbəsində yerləşən 68,53 kv.m. ümumi sahədən ibarət 2 otaqlı 07 nömrəli mənzilin qalıq dəyərinin ödənilməsi məqsədi ilə verilmişdir.

7. xx.xx.2022-ci il tarixli mədaxil orderlərindən görünür ki, İddiaçı Cavabdeh MMC-yə ayrılıqda 21.418 manat və 12.563 manat məbləğlərində pul vəsaiti ödəmişdir.

8. İddiaçının bank hesabından çıxarışa əsasən mənzillərin qalan dəyəri xx.xx.2022-ci il tarixində "xxxx" ASC tərəfindən cavabdehin hesabına köçürülmüşdür.

9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ƏDV qaytarmaq ərizəsindən imtina barədə bildirişdən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli **********205700 nömrəli “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı elektron ərizə”si üzrə ƏDV-nin geri qaytarılmasından imtina edilmişdir.

10. İddiaçı tərəfindən Cavabdeh MTK-ya ünvanlanan xx.xx.2025-ci il tarixli pretenziya məktubu ilə, vurulmuş maddi zərərin əvəzinin 3 iş günü müddətində icra edilməyəcəyi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı ilə bağlı xəbərdar olunmuşdur.

11. Cavabdeh MTK-nın İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, müraciətdə də istinad etdikləri Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” həmin tarixdən qüvvəyə minsə də, Fərmanın icrası ilə bağlı MTK tərəfindən e-qaimələrin tərtib edilməsi və alıcılar tərəfindən müraciətlərin edilməsi üçün İnternet Vergi İdarəsində müvafiq portal yalnız xx.xx.2022-ci il tarixindən yaradılıb istifadəyə verilmişdir. Həmin portal yaradılanadək Fərmandan irəli gələn, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin üzərinə düşən vəzifələrin icrası mümkün deyildi. Odur ki, yalnız portal yaradıldıqdan sonra nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması prosesinə başlanmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı Cavabdehnə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "X5" MTK-dan onun xeyrinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sumqayıt şosesi, 10A ünvanındaki E1 blokunun 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 112,40 kv.m olan, 3 otaqlı, 05 nömrəli mənzilin alınması üçün ödənilmiş pul vəsaitinə münasibətdə 6.686,85 manat məbləğində, ümumi sahəsi 68,53 kv.m olan, 2 otaqlı, 07 nömrəli mənzilin alınması üçün ödənilmiş pul vəsaitinə münasibətdə 4.076,96 manat məbləğində pul vəsait olmaqla, ümumilikdə 10763,91 manat məbləğində ziyanın, iddianın verilməsi ilə bağlı ödənilmiş 123,79 manat dövlət rüsumu və hüquqi yardımla bağlı vəkil bürosuna ödənilmiş 500 manat olmaqla, ümumilikdə 11.387,70 manat məbləğində pul vəsaiti tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddiaçı tələbini yuxarıda göstərilən işin hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”na əsasən onun almış olduğu yaşayış sahələrinə əsasən əlavə dəyər vergisini qaytarmaq hüququ olsa da, həmin hüquq cavabdeh tərəfindən ilkin ödəniş məbləğlərinin nağd qaydada alınması səbəbindən mümkün olmamış və nəticədə şəxsin öz hüququn həyata keçirməsi mümkünsüz olmuşdur. Belə ki, iddiaçı tərəfindən alınmış yaşayış sahələri ilə bağlı hesablanmış ƏDV-nin geri qaytarılması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edilsə də, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən ƏDV-nin qaytarılmasından **********205700 nömrəli bildirişlə imtina edilmişdir. Tərəflər arasında müqavilə imzalanan zaman hüquqdan sui-istifadə edilməklə mənzillərin alqı-satqısı üçün ödənilməli olan pul vəsaitləri “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmaqla nağd qaydada alınmış və nəticədə iddiaçı yaşayış sahələrinə görə əlavə dəyər vergisini geri qaytarmaq hüququndan məhrum edilmişdir. Mövcud hüququnun pozulması səbəbindən iddiaçı ümumilikdə 10.763,91 manat maddi zərərə məruz qalmışdır. Mövcud mübahisənin məhkəmədən kənar həlli məqsədi ilə iddiaçı tərəfindən pretenziya ilə cavabdehə xx.xx.2025-ci il tarixində müraciət edilərək dəymiş ziyanın 3 gün müddətində ödənilməsi tələb edilsə də, pretenziya məktubunun xx.xx.2025-ci il tarixində rəsmi qaydada qəbul edilməsinə baxmayaraq hərəkətsizlik göstərilmişdir.

14. Cavabdehin nümayəndəsi iddiaya qarşı yazılı etiraz verərək bildirmişdir ki, iddia tələbi tam əsassızdır. Tərəflər arasında bağlanmış müqavilələrin məzmunundan göründüyü kimi, mənzillərə görə ödənişlərin hansı formada (nağd və ya nağdsız qaydada) həyata keçiriləcəyi barədə hər hansı müddəa müqavilələrdə mövcud deyil. Yəni, əldə etdiyi mənzillərə görə ödənişləri nağd və ya nağdsız qaydada MMC-nin bank hesabına köçürülməsində, ödənişlərin bu və ya digər formada həyata keçirilməsində iddiaçı sərbəst olmuşdur. Bundan əlavə, ödənişin forması iddiaçını qane etmədiyi təqdirdə o, istənilən vaxt iradə ifadəsini bildirərək müqavilənin bağlanmasından imtina edə bilərdi. Lakin iddiaçı belə bir təşəbbüs göstərməmiş və gələcəkdə “ƏDV geri al” mexanizmindən yararlanmaq niyyətində olduğunu da müqavilələrin bağlanması zamanı bildirməmişdir. Ümumiyyətlə, müqavilə üzrə öhdəliklərinin lazımınca icra edilməməsi ilə bağlı cavabdehə qarşı hər hansı tələb irəli sürməmiş, irad və ya etiraz bildirməmişdir. Cavabdeh isə müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” həmin tarixdən qüvvəyə minsə də, Fərmanın icrası ilə bağlı MTK tərəfindən e-qaimələrin tərtib edilməsi və alıcılar tərəfindən müraciətlərin edilməsi üçün İnternet Vergi İdarəsində müvafiq portal yalnız xx.xx.2022-ci il tarixindən yaradılıb istifadəyə verilmişdir. Həmin portal yaradılanadək Fərmandan irəli gələn, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin üzərinə düşən vəzifələrin icrası mümkün deyildi. Odur ki, yalnız portal yaradıldıqdan sonra nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması prosesinə başlanmışdır. Belə ki, əldə etdiyi yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) qaytarılmasını istəyən alıcı ƏDV-nin qaytarılması məqsədilə Dövlət Vergi Xidmətinin e-taxes.gov.az portalında qeydiyyatdan keçərək elektron kabinet yaratmalı, elektron kabinet vasitəsilə müraciətini və əlavə olunan sənədləri skan edərək portala göndərməli, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs isə elektron qaimə göndərdikdə alıcıya təsdiq və imtina üçün müvafiq sorğu daxil olur və sorğu təsdiq edildikdən sonra müvafiq əməliyyatlar icra olunur. İddiaçı əldə etdiyi mənzillərə görə ilkin ödənişlərin icra olunduğu tarixlər portalın istifadəyə verilməsindən əvvəlki dövrə təsadüf etdiyindən, Cavabdeh MTK-nın iradəsindən asılı olmayan səbələrə görə elektron qaimənin göndərilməsi mümkün olmamışdır. Bununla yanaşı, alıcı özü də belə bir təşəbbüs göstərməmiş və “ƏDV geri al” mexanizmindən yararlanmaq niyyətində olduğunu o zaman bildirməmişdir. Bundan əlavə, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın tələblərinə görə, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. İddiaçı tərəfindən hər iki mənzilin ümumi dəyərindən yalnız ilkin ödəniş qismində ödənilmiş pul vəsaitləri Cavabdeh MTK-nın hesabına köçürülmüşdür. Mənzillərin qalıq dəyərinin ödənilməsi İddiaçıla ASC "xxxx" Bankı arasında bağlanmış kredit müqaviləsinə əsasən bu məqsədlə ona verilmiş kredit hesabına Cavabdeh MTK-nın depozit hesabına köçürülmüşdür. Bununla yanaşı, Bank ilə Cavabdeh MTK arasında bağlanmış Əməkdaşlıq haqqında Sazişın şərtlərinə, eləcə də İddiaçıla Cavabdeh MTK arasında bağlanmış mənzil inşaatı müqavilələrinin və İddiaçıla Bank arasında bağlanmış kredit müqavilələrinin şərtlərinə müvafiq olaraq Bank ilə Cavabdeh MTK arasında Girov müqaviləsi imzalanmışdır. Həmin Girov müqaviləsinə əsasən, borcalan İddiaçıla Bank arasında imzalanmış Kredit müqaviləsi üzrə Borcalanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə mənzilin qalıq dəyərinin ödənilməsi üçün ona verilmiş kredit hesabına Cavabdeh MTK-nın depozit hesabına köçürülmüş, mənzilin qalıq dəyəri olan pul vəsaiti Cavabdeh MTK tərəfindən Bankın xeyrinə girov qoyulmuşdur. Yalnız Cavabdeh MTK tərəfindən inşa ediləcək bina istismara qəbul edildikdən və borcalan İddiaçı əldə etdiyi Mənzilə dair mülkiyyət hüququnu Daşınmaz Əmlakın Dövlət Reyestrində dövlət qeydiyyatına alındıraraq, Bank ilə müvafiq ipoteka müqaviləsi bağlamaqla Mənzili sonuncunun ipoteka hüququ ilə yüklü etdikdən sonra yuxarıda qeyd olunan pul vəsaiti girovdan azad olunacaqdır. Hesab edir ki, mənzilin qalıq dəyəri alıcının öz vəsaiti hesabına deyil, bu məqsədlə ona verilmiş kredit vəsaiti hesabına ödənildiyindən və bu pul vəsaitinin girov predmeti olması səbəbindən satıcının sərəncamında və istifadəsində olmadığından, habelə alıcının kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada icra edilməməsi təqdirdə tələbin girov predmetinə yönəldilməsi halı mümkün olduğundan, “Şərtlər və Qaydalar”ın tələbləri baxımından mənzillərin dəyərinin “satıcıya tam şəkildə ödənilməsi” şərtinin alıcı tərəfindən lazımi qaydada tam icra olunması kimi qiymətləndirilə bilməz. Cavabdeh tərəfindən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına dair iddiaçının iddia ərizəsində qeyd olunmuş arqumentləri də tam əsassızdır. Əvvəla, qanunun bu tələbi təkcə cavabdehə deyil, eyni zamanda iddiaçıya da aiddir və ödənişi cavabdehin bank hesabına köçürmək üçün onun imkanı olsa belə, o, bu imkandan istifadə etməmişdir. Bundan əlavə, daşınmaz əmlakın alqı-satqısı üzrə, mənzil-tikinti kooperativinin üzvünün pay haqqı üzrə və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrinin alınması ilə bağlı həyata keçirilən ödənişlərin nağdsız qaydada həyata keçirilməsi tələbi tərəflər arasında hüquq münasibətlərinin yarandığı vaxtdan xeyli sonra, yəni xx.xx.2023-cü il tarixində qüvvəyə minmişdir və bu səbəbdən həmin maddənin qüvvəsi geriyə şamil edilmir. Şərh olunanları nəzərə alaraq, İddiaçı Cavabdehnə qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 4619/2025 nömrəli qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) iddia təmin edilməmişdir.

16. Məhkəmə qeyd etmişdir ki, iddiaçının tələbi birbaşa nağdsız qaydada aparılan ödənişlərlə bağlıdır. Lakin iddiaçı tərəfindən aparılan ödənişlər nağdsız qaydada deyil, nağd şəkildə MTK-ya ödənilmişdir. Bu hal iş materiallarında olan mədaxil orderlərinin surətləri ilə də təsdiq olunur. İddiaçı ödənişlərin nağd qaydada həyata keçirilməsinin cavabdeh tərəfindən hüquqdan sui-istifadə etməklə və qanunvericiliyin tələbləri pozulmaqla aparıldığını qeyd etsə də, bu hal öz təsdiqini tapmır.

17. Belə ki, ilk öncə məhkəmə onu vurğulamağı zəruri hesab etmişdir ki, qanunvericiliyə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. İkinci olaraq məhkəmə onu da vurğulamışdır ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri təkcə cavabdehə deyil, eyni zamanda iddiaçıya da aiddir və ödənişi cavabdehin bank hesabına köçürmək üçün iddiaçının imkanı olsa belə, o, bu imkandan istifadə etməmişdir. Belə ki, əgər iddiaçının əldə etdiyi mənzillərə görə ödənilmiş ƏDV-nin bir hissəsini gələcəkdə qaytarmaq niyyətində olmuşdursa, o, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın tələblərinə müvafiq olaraq mənzilə görə ilkin ödənişləri nağdsız qaydada aparmalı idi. Bunun üçün iddiaçının kifayət qədər imkanı olmuşdur. Belə ki, tərəflər arasında imzalanmış müqavilədə cavabdeh hüquqi şəxsin bank rekvizitləri, hesabı aydın şəkildə qeyd edilmiş və iddiaçının ödənişi həmin bank hesabına köçürmək imkanı olmuş, lakin iddiaçı bu imkanından istifadə etməmişdir və ona ödənişin yalnız nağd qaydada həyata keçirilməsinə dair təzyiq göstərilməsi barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Hətta belə bir təzyiq olmuşdursa belə iddiaçı bununla bağlı müvafiq dövlət qurumlarına şikayət etmək imkanı olmuş, lakin iddiaçı bu imkanından istifadə etməyərək, ödənişi nağd qaydada həyata keçirmişdir. Əlavə olaraq, iddiaçının müqaviləni qeyd edilən şərtlərlə imzalamaqdan imtina etmək hüququ olmuş, lakin iddiaçı bu hüququnu da istifadə etməmişdir. Belə olan halda, mənzilə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün ödənişin yalnız nağdsız qaydada həyata keçirilməsinin vacibliyini bilərək, ödənişi nağd qaydada apardığından, iddiaçı ƏDV-nin geri qaytarılmaması riskini öz üzərinə götürmüşdür. Həmçinin, qeyd olunan “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 785- VİQD nömrəli Qanunu xx.xx.2023-cü il tarixdə, yəni tərəflər arasında müqavilələr bağlandıqdan sonra qüvvəyə minmişdir.

18. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” həmin tarixdən qüvvəyə minsə də, Fərmanın icrası ilə bağlı e-qaimələrin tərtib edilməsi və alıcılar tərəfindən müraciətlərin edilməsi üçün İnternet Vergi İdarəsində müvafiq portal yalnız 21 noyabr 2022-ci il tarixindən yaradılıb istifadəyə verilmişdir. Bu hal Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi saytında olan məlumatla öz təsdiqini tapır (https://www.taxes.gov.az/az/page/nagdsiz-qaydada-alinmisyasayis-ve-qeyri-yasayis-sahelerine-gore-odenilmis-edv-nin-bir-hissesinin-qaytarilmasi).

19. Belə olan halda da, həmin portal yaradılanadək Fərmandan irəli gələn, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin üzərinə düşən vəzifələrin icrası mümkün olmamışdır. Odur ki, yalnız portal yaradıldıqdan sonra nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması prosesinə başlanmışdır.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 390.1, 405.1-ci, Vergi Məcəlləsinin 165.6-cı maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1-ci maddəsinə, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə, Mülki-Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

21. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olmaqla əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, hüquqdan sui-sitifadə etmə halına qiymət verilməsi üçün iddiaçının ödənişi nağd qaydada və ya nağdsız qaydada həyata keçirməsinin nəticə etibarı ilə hansı tərəfin xeyrinə və ya zərərinə olmasına baxılmalıdır. Ödənişin nağd qaydada həyata keçirilməsi halında iddiaçı ƏDV-nin geri qaytarılmaması riski ilə qarşı-qarşıya qalır, cavabdeh isə bu vəziyyətdə vergidən yayına bilər. Əks halda, yəni ödənişin nağdsız qaydada həyata keçirilməsi halında iddiaçı baxımından ƏDV-nin geri qaytarılmaması riski yoxdur, cavabdeh isə bu vəziyyətdə vergidən yayına bilməz. Deməli, iddiaçının ödənişi nağd qaydada həyata keçirməsi halında cavabdehin maddi marağı var. Odur ki, ödənişi nağd qaydada həyata keçirməsi üçün cavabdeh iddiaçıya təsir və təzyiq edərək, eləcə də iddiaçını aldataraq onu yönləndirmişdir. İddiaçı ƏDV-nin geri qaytarılmaması riskini öz üzərinə götürməmiş, əksinə iddiaçı vergi orqanına, cavabdehə və məhkəməyə müraciət etməklə, aidiyyəti üzrə ƏDV-nin iddiçıya geri qaytarılmasını və ya dəymiş maddi zərərin əvəzinin iddiaçıya ödənilməsini tələb etmişdir. Mübahisəli qətnamənin əsaslandırıcı hissəsində qeyd olunur ki, mənzilə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün ödənişin yalnız nağdsız qaydada həyata keçirilməsinin vacibliyini bilərək, ödənişi nağd qaydada apardığından, iddiaçı ƏDV-nin geri qaytarılmaması riskini öz üzərinə götürmüşdür. Bununla da, məhkəmə tərəflərə münasibətdə müstəqil olmadığını göstərmiş, iddiaçı tərəfə qərəzli yanaşmış, cavabdeh tərəfə üstünlük vermiş və ədalətli araşdırma aparmamışdır. Məhkəmə iddianın əsassız olduğu barədə qənaətə gəlməklə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci və 21.2-ci maddələri, Vergi Məcəlləsinin 165.6-cı maddəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2002-ci il tarixli qərarının nəticə hissəsinin tələblərini pozmuşdur. Tərəflər arasında müqavilə imzalanan zaman cavabdeh tərəfindən hüquqdan sui-istifadə edilməklə mənzillərə görə əlavə dəyər vergisini geri qaytarmaq hüququndan məhrum edilmişdir. Konstitusiyanın 149cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. «Normativ hüquqi aktlar haqqında» Qanunun 87.2-ci madəsinə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilibgöstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. İddiaçı məhkəmə iclasındakı izahatında söyləmişdir ki, mənzil aldığı zaman ƏDV-nin geri qaytarılıb-qaytarılmayacağını soruşmuş, cavabdehin işçisi iddiaçıya mənzil alışında ƏDV-nin geri qaytarılmasının mümkün olmadığını söyləmiş, iddiaçı sonradan araşdırıb öyrənmişdir ki, mənzil alışında ƏDV-nin geri qaytarılması mümkündür, bundan sonra iddiaçı cavabdeh tərəfindən pozulan hüquqlarını bərpa etməyə səy göstərmişdir. Göründüyü kimi, iddiaçı mənzilə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün ödənişin yalnız nağdsız qaydada həyata keçirilməsinin vacibliyini nəinki bilməmiş, hətta mənzil alışında cavabdeh ilə müqavilə bağladığı zaman cavabdeh tərəfindən əvvəlcədən təşkil olunmuş formada cavabdehin işçisi tərəfindən aldadılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

25. İddiaçının nümayəndəsi və vəkili elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq, eyni tarixə təyin edilmiş başqa məhkəmə iclasında iştirakı vacib olduğundan, hazırki iş üzrə iddiaçının ixtisaslı hüquqi yardımdan istifadə etməsini təmin etmək məqsədilə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

27. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 165.6. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir (29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmiş, 2020-ci il yanvarın 1-dən qüvvəyə minmişdir).

28. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”: Bənd 1.1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir. Bənd 1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaimə-faktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. Bənd 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Bənd 1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyriyaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. Bənd 1.5. Alıcı eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahəsi aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetrdən və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Alıcının eyni binadan sahəsi 500 kvadratmetrdən artıq olan bir neçə yaşayış və ya qeyri-yaşayış sahəsi alması zamanı yaşayış və ya qeyri-yaşayış sahələrinin bir kvadratmetrinin satış qiyməti fərqli olduqda, ƏDV-nin qaytarılması məqsədilə 500 kvadratmetr hissə müəyyən edilərkən bir kvadratmetrinin satış qiyməti daha yüksək olan yaşayış və ya qeyri-yaşayış sahəsi əsas götürülür. Bənd 1.6. Yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 (otuz) iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır. Bənd 4.1. Satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir. 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir:…

29. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3.4. Bu Qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir: 3.4.14. daşınmaz əmlakın alqı-satqısı üzrə, mənzil-tikinti kooperativinin üzvünün pay haqqı üzrə və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyriyaşayış sahələrinin alınması ilə bağlı həyata keçirilən ödənişlər (30 dekabr 2022-ci il tarixli, 785-VİQD Qanunla əlavə edilmişdir, 2023-cü il fevralın 1-dən qüvvəyə minmişdir).

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Hazırkı işdə iddia təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. İşdən görünür ki, tərəflər arasında iki mənzilə dair xx.xx.2022-ci il tarixli müqavilələr imzalanmış, bir mənzilin ümumi dəyəri 146.120 manat müəyyən edilməklə, iddiaçı tərəfindən ilkin ödəniş olaraq 21.918 manat məbləğində vəsait ödənilmiş, ikinci mənzilin ümumi dəyəri 89.089 manat müəyyən edilməklə, iddiaçı tərəfindən ilkin ödəniş olaraq 13.363 manat məbləğində vəsait ödənilmiş, qalan məbləğlər isə iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış kredit müqavilələrinə əsasən bank tərəfindən xx.xx.2022-ci il tarixində cavabdehin hesabına köçürülmüşdür.

35. İddiaçı iddia edir ki, tərəflər arasında müqavilələr imzalanan zaman cavabdeh hüququndan sui-istifadə edərək ödənişi qanunvericiliyin tələblərinə zidd olaraq ondan nağd qaydada almış, nəticədə onun mənzillərə görə ödənilmiş məbləğlərdən əlavə dəyər vergisini (ƏDV) qaytarmaq hüququnun həyata keçirilməsi mümkün olmamış, ona ümumilikdə 10.763,91 manat məbləğində maddi zərər dəymişdir.

36. Apellyasiya şikayətində iddiaçı əlavə olaraq bildirir ki, iddiaçının ödənişi nağd qaydada həyata keçirməsi halında cavabdehin vergidən yayınmaq imkanı olmuş, cavabdehin bunda marağı olmuş, iddiaçı mənzilləri aldığı zaman ƏDV-nin geri qaytarılıbqaytarılmayacağını soruşmuş, lakin müqavilələr bağlanan zaman iddiaçı cavabdeh tərəfindən əvvəlcədən təşkil olunmuş formada sonuncunun işçisi tərəfindən aldadılmış, ona təsir və təzyiq edilmişdir.

37. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, mənzillərə dair tərəflər arasında xx.xx.2022-ci il tarixində müqavilələr bağlanılarkən cavabdehin iddiaçıdan ödənişi yalnız nağdsız qaydada alınması ilə bağlı öhdəliyi olmamışdır. Bununla bağlı “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişiklik 2023-cü il fevralın 1-dən qüvvəyə minmişdir.

38. Müqavilə bağlanan zaman mövcud olmayan öhdəliyin pozulmasına görə isə cavabdehin üzərinə məsuliyyət qoyula bilməz.

39. İddiaçı fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edildiyini vurğulasa da, bu hal cavabdehə münasibətdə deyil, nağd qaydada ödənilmiş vəsaitə görə ƏDV-ni qaytarmalı olan dövlət qurumuna münasibətdə tətbiq edilə bilər.

40. Bundan başqa iddiaçı bildirir ki, mənzilləri aldığı zaman ƏDV-nin geri qaytarılıb-qaytarılmayacağını cavabdeh hüquqi şəxsin əməkdaşından soruşmuşdur. Deməli iddiaçının qanunvericilikdə ödədiyi məbləğə görə ƏDV-nin qaytarılması imkanının mövcudluğundan xəbəri olmuşdur.

41. Belə olan halda onun cavabdehin əməkdaşı tərəfindən aldadıldığı, ona təsir və təzyiqin olunması inandırıcı görünmür. Belə ki, iddiaçı cavabdehə ödəniş etməmişdən əvvəl qanunvericiliyin tələblərinin dəqiqləşdirilməsi məqsədilə Dövlət Vergi Xidməti ilə əlaqə saxlaya, ödənişin onun tələbinə baxmayaraq cavabdeh tərəfindən nağdsız qaydada qəbul edilməməsi, bununla da cavabdeh hüquqi şəxsin vergi öhdəliklərindən yayınması barədə şikayət edə bilərdi.

42. İşdən görünür ki, tərəflər arasında bağlanmış müqavilələrdə cavabdeh hüquqi şəxsin bank hesabının rekvizitləri qeyd edilmişdir. Belə olan halda iddiaçının müqavilə imzalandıqdan sonra ödənişi həmin hesaba nağdsız qaydada köçürmək imkanının mövcudluğu da nəzərdən qaçırılmamalıdır.

43. Həmçinin qeyd edilməlidir ki, dövlət qurumu tərəfindən iddiaçıya qaytarılması nəzərdə tutulan məbləğ iddiaçının özü tərəfindən dövlətə ödənilən ƏDV-nin 30%-ni təşkil edir. Cavabdeh hüquqi şəxs tərəfindən iddiaçının bu hüququnun həyata keçirilməsinə maneənin törədilməsində hər hansı marağının olması da ağlabatan görünmür.

44. Başqa sözlə, iddiaçı tərəfindən dövlətə ödənilən verginin bir hissəsinin sonradan dövlət qurumu tərəfindən ona qaytarılıb-qaytarılmamasında cavabdeh hüquqi şəxsin hər hansı maddi marağı mövcud olmur.

45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz.

46. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 4619/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar