Məhkəmə qərarları › İş №2(103)-7127/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7127/2021

29.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7127/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-2394/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurduğu maddi zərərə görə 1600 manat pul alınaraq, həmin pulun 2/5 hissəsinin İddiaçı1, 1/5 hissəsinin X1, 1/5 hissəsinin X2 ödənilməsinə və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun cavabdehdən alınaraq onlara ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). Xətai Rayon Məhkəməsinin 2(011)-2394/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq, cavabdehdən dəymiş maddi zərərin əvəzi kimi 455 (dörd yüz əlli beş) manat pul məbləği alınaraq, 1/5 hissədə İddiaçı3, 1/5 hissədə İddiaçı2, 2/5 hissədə İddiaçı1 ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 cavabdehdən alınaraq, İddiaçı1 ödənilməsi qət olunmuşdur. İddia tələbi qalan hissədə təmin olunmamaşdır. İddiaçılar qətnaməni mübahisələndirməmişdirlər. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş, şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçılar onun qardaşı və qardaşı uşaqlarıdır, iddiaçıların iddia etdiyi həyatyanı torpaq sahəsi mərhum atasının olmuş, ona görə də hesab edir ki, həmin ağacların meyvəsini yığmağa haqqı çatır. Bu səbəbdən, rayon məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğundan onun ləğv edilməsi və iddia tələblərinin təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdeh Z.Mövsümov apellyasiya şikayətini müdafiə edərək, bildirdi ki, iddiaçılar qohumlarıdır, münasibətləri yaxşı deyil, ağacların olduğu həmin torpaqyanı sahə şəhadətnamə əsasında iddiaçılara məxsusdur, ağacları isə o, özü əkib, onlara qulluq edib, ona görə də onların barına haqqı çatır, öz məhsulu hesab edir. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçılar məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə iddiaçıların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 19.11.2020-ci il tarixdə verilmiş qeydiyyat nömrəsi ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 57 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin çıxarışda ümumi sahəsi 149.9 kv.m olan fərdi yaşayış evinin və sahəsi 0.2630 ha olan həyətyanı torpaq sahəsininin hüquqi sahibləri aşağıdakı kimi müəyyən edilmişdir: X10, torpaq sahəsi – 1/5 hissə, İddiaçı3, torpaq sahəsi – 1/5 hissə, İddiaçı2, torpaq sahəsi – 1/5 hissə, İddiaçı1, ev tam, torpaq sahəsi – 2/5 hissə. Mülki iş materiallarında olan 02.12.2008-ci il tarixli aktın surətindən görünür ki, Yuxarı Seyfəli kəndində yerləşən X7 məxsus ev onun oğulları İddiaçı1 və Cavabdeh arasında bölünmüş, sonuncuya evin ikinci mərtəbəsinin sağ otağı aynabəndlə birlikdə, naves, rəmədə yerləşən navesin arxa tərəfi olan torpaq sahəsi və aşağıda yerləşən 0,18 ha olan torpaq əkin sahəsi verilmiş, yerdə qalan mülk isə İddiaçı1 verilmişdir. Şəmkir rayon İH başçısının Yuxarı Seyfəli kəndi İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin 14.01.2021-ci il tarixli 31 saylı arayışından görünür ki, İddiaçı1 Şəmkir rayonunun Yuxarı Seyfəli kənd İƏD-də daimi qeydiyyatda olmaqla həmin kənddə yaşayır və X11, X3 və İddiaçı2 ibarət ailə üzvləri vardır. Şəmkir RPŞ-nin İddiaçı1 ünvanlanan 03.12.2020-ci il tarixli 190-30662M saylı məktubundan görünür ki, ərizəçinin DİN-nin 102 xidmətinə etdiyi müraciət tərəflərindən araşdırılmış, göstərilən xüsusatların mülki xarakterli olması səbəbindən ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru E.Məmmədovun 30.10.2019-cu il tarixli və Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru T.Gözəlovun 26.11.2019-cu il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarlarının surətindən görünür ki, tərəflər arasında yaranmış mübahisə mülki xarakterli olduğundan mülki qaydada məhkəməyə müraciət etmələri və göstərilənlərə əsasən faktda cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Rayon məhkəməsində şahid qismində ifadə vermiş X6 bildirmişdir ki, o, iddiaçı və cavabdehin bacısıdır, mübahisəli torpaq sahəsi Fəxrəddinə məxsusdur, Fəxrəddin ona zəng edərək Zaməddin tərəfindən xurma ağaclarının məhsulunun icazəsiz ylğıldığını, Zaməddin tərəfindən döyüldüyünü bildirmişdir. Mülki iş materiallarına əsasən tərəflər arasında çoxsaylı məhkəmə mübahisələri olmuşdur. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən mübahisələndirilən hissədə tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların iddia tələbi cavabdehin hüquqa zidd əməli nəticəsində onlara məxsus əmlakdan məhrum olması ilə bağlı dəymiş maddi zərərin əvəzinin ödənilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki Məcəlləsinin 135.3-cü maddəsinə əsasən, bitkilər və heyvanlar əşya deyildir. Onların hüquqi vəziyyəti xüsusi qanunlarla müəyyənləşdirilir. Əgər qanunvericilikdə ayrı qayda müəyyənləşdirilməyibsə, əşyaların hüquqi vəziyyəti bitkilərə və heyvanlara da şamil edilir. Həmin Məcəllənin 135.12-ci maddəsinə əsasən, əşyanın verdiyi gəlir, artım və (və ya) üstünlük əşyanın bəhəridir. Ayrılanadək bəhər əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi kimdirsə, əşyanın təbii bəhəri də onun mülkiyyətindədir. Həmin Məcəllənin 238.3-cü maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, Məhkəmə kolegiyasının araşdırmaları nəticəsində məlum oldu ki, iddiaçılar iddia tələbinə dair sübutları tələb etdikləri həcmdə məhkəməyə təqdim edə bilməmiş, cavabdeh isə verdiyi izahatlarında iddianı qismən təsdiq etmişdir, dəymiş zərərin həddi cavabdehin təsdiq etdiyi məbləğə uyğun müəyyən edilməsinə dair rayon məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyət üzrə düzgün olan qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. Xətai Rayon Məhkəməsinin 2(011)-2394/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar