Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7129/2021 28.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər X2 və Cavabdeh2 qarşı “borcun tutulması və müqavilənin ləğv edilməsi tələbinə dair” 2(011)-2432/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər X2 və Cavabdeh2 qarşı iddia ərizəsi, daha sonra isə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə aralarında bağlanmış 23.09.2019-cu il tarixli ******* saylı kredit müqaviləsini vaxtından əvvəl ləğv etməklə, cavabdehlərdən iddiaçının xeyrinə 6868,7 manat əsas, borcu 603,09 manat faiz, cəmi 7471,81 manat borcun, həmçinin ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 şəxsi (istehlak) məqsədləri üçün 36 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 9000 manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı ASC ilə Cavabdeh1 arasında 23.09.2019-cu il tarixli ******* saylı kredit müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə 23.09.2019-cu il tarixli 1022288/17729 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 Bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək X4 ona zamin durmuşdur. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 26.01.2021-ci il tarixinə əsas borcu 6868,72 manat, faiz borcu 603,09 manat, cəmi 7471,81 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh1 götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Bununla da cavabdehlər kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmiş və eyni zamanda hesablara, mühasibat uçotuna dəqiq və düzgün əməl etmədiyindən kredit müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Hal-hazırda cavabdehlərin, kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə olan əsas və ona hesablanmış faiz borcu 7471,81 manat təşkil edir ki, bu borcun da cavabdehlər tərəfindən ödənilməsi təmin edilməlidir. Həmçinin, 23.09.2019-cu il tarixli ******* saylı kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmür. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh X3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və borcun hissə-hissə ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun yaranmış pandemiya şəraiti ilə bağlı və maddi vəziyyəti ilə əlaqədar olaraq ödənişlərində gecikmələr olmuşdur. Hesab edir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 13.04.2021-ci il tarixli, 2(011)-2432/2021 saylı qətnaməsi Azərbaycan Respublikası MPM-in 385-ci maddəsində sadalanan apellyasiya qaydasında ləğv edilməsi üçün kifayət qədər əsaslar mövcud olduğuna görə ləğv edilməli, iş yenidən hərtərəfli, tam və obyektiv araşdırılaraq, apellyasiya şikayətinin tam təmin olunmasına dair qətnamə çıxarılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışı zamanı iddianın təmin edilməsinə dair qətnamə kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun tutulmasına dair cavabdeh X2 aid hissədə yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 23.09.2019-cu il tarixdə ******* saylı kredit müqaviləsi bağlanmış və Cavabdeh1 9000 manat məbləğində kredit almış, lakin ödənişləri qismən etmişdir. 26.01.2021-ci il tarixinə təqdim olunmuş maliyyə arayışına əsasən cavabdehə verilən kreditin məbləği 9000 manat, əsas borcu üzrə qalıq məbləğ 6828,72 manat, faiz borcu üzrə qalıq məbləğ 603,09 manat olmaqla, cəmi borc 7471,81 manatdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.2, 423.2, 442, 443.1, 470.1, 472.2, 739.1, 739.2-ci maddələrinə istinad etməklə düzgün olaraq qeyd etmişdir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliyə malik olmuşdur. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını, həmçinin kredit müqaviləsinin ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. Cavabdeh iddiaçı qarşısında müqavilə öhdəliklərini tam və vaxtında icra etmədiyindən, iddianın təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh X1 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 13.04.2021-ci il tarixli, 2(011)-2432/2021 saylı qətnaməsi apellyasiya baxışının predmeti olan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7129/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7129/2021
28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver