Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-713/2022 11.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1396/2021 saylı, 23 sentyabr 2021ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 11.530,72 (on bir min beş yüz otuz dollar yetmiş iki sent) ABŞ dolları əsas borc və 7.115.10 (yeddi min yüz on beş dollar on sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 18.645,82 (on səkkiz min altı yüz qırx beş dollar səksən iki) ABŞ dolları borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında 18.05.2015-ci il tarixdə 19-15-11-022417 nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, Cavabdeh şəxsi məqsədləri üçün illik 29% olmaqla 48 ay müddətinədək 14.325 ABŞ dolları məbləğində kredit verilmişdir. Lakin, Cavabdeh tərəfindən kredit müqaviləsinin müddəaları pozularaq, müqavilədə göstərilən öhdəliklər lazımınca icra edilmir, kredit müqaviləsinin şərtləri tərəfindən pozulmuşdur. Belə ki, 18.05.2015-ci il tarixli, 19-15-11-022417 saylı kredit müqaviləsinin 4.5-ci bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri 1 saylı əlavədəki cədvələ uyğun olaraq vaxtında ödənilmədikdə, qismən ödənildikdə və tərəflər müddətin uzadılması barədə razılığa gəlmədikdə gecikdirilmiş borc yaranır və gecikdirilmiş borc hesablarında əks etdirilir. Gecikdirilmiş borc yarandıqda borc alan borc verənə hər gecikdirilmiş gün üçün icra edilməmiş öhdəliyin 0,16% miqdarında dəbbə (penya) pulu ödəyir. Həmin müqavilənin 4.6-cı bəndinə əsasən, müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri ilə əlaqədar yaranan borc öhdəliyi ümumiyyətlə icra edilmədikdə Borcalan Borcverənə verilmiş kredit məbləğinin 58% miqdarında cərimə faiz ödəyir. Kredit müqaviləsinin 5.4.1-ci bəndinə əsasən cavabdeh bu müqavilənin 1 saylı əlavəsindəki cədvələ uyğun olaraq ona ayrılmış krediti və həmin məbləğə hesablanmış faiz ödənişlərini vaxtında ödəməlidir. Həmin müqavilənin 5.4.5-ci bəndinə əsasən cavabdeh bu müqavilənin 4.5, 4.6, 4.7-ci bəndlərində nəzərdə tutulan hallar baş verdikdə müvafiq olaraq hesablanmış cəriməni, penyanı və zərəri Borc verənin nəfinə ödəməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1396/2021 saylı, 23 sentyabr 2021ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 18.05.2015-ci il tarixli, 19-15-11-022417 nömrəli kredit müqaviləsi üzrə 11.530,72 (on bir min beş yüz otuz dollar yetmiş iki sent) ABŞ dolları əsas borc və 47,42 (qırx yeddi dollar qırx iki sent) ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 11.578,14 (on bir min beş yüz yetmiş səkkiz dollar on dörd sent) ABŞ dolları borcun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsinin Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, İddiaçı ASC tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 10 (on) manat hissəsinin İddiaçı ASC-yə aid edilməsi, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 100 (bir yüz) manatın 60 (altmış) manat hissəsinin cavabdehdən, 40 (qırx) manat hissəsinin iddiaçıdan tutulmaqla müvafiq olaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1396/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli qətnaməsi məntiqsiz olmaqla, məhkəmə işə birtərəfli, qərəzli, qeyri-obyektiv yanaşmış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, tətbiq edilməli olan qanunu tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, tərəflərin təqdim etdiyi dəlilləri mexaniki olaraq qətnamənin mətninə köçürmüş, sübutları qiymətləndirməmiş, eyni zamanda prosessual hüquq normalarının da pozulmasına yol vermiş, bunun nəticəsində düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmə Qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyindən, ləğv edilməlidir. Məhkəmə restitusiya qaydasında imperativ hüqquq norması olan AR MM-nin 741-ci maddəsini tətbiq etməli olduğu halda bunu etməmişdir. Bank öz hüquqlarının “pozulduğunu” 2016-cı ilin fevralından bildiyi halda iddianı yalnız 2021-ci ilin aprelində, yəni faktiki 5 il sonra qaldırmaqla iddia müddətini ötürmüşdür. Müqavilənin 4.2-ci bəndinin tərəfindən “lazımınca icra edilməməsi” nəticəsində Müqavilənin 5.1.2 və 5.1.15-cı bəndlərində göstərilən hallar baş verdiyindən, 2016-cı ilin fevralından Bankın ondan kredit məbləğini, faizi və bank tərəfindən hesablanmış cərimələri tələb etmək hüququnu yaradırdı. Məhz həmin andan da, yəni 2016-cı ilin fevralından iddia müddətinin axımı başlanırdı. Bundan başqa Kredit Müqaviləsi Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə müəyyən edilmiş güzəştli şərtlərin təsiri altına düşür. Bank, Prezident Fərmanını da tətbiq etməmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1396/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmişlər və iddiaçının nümayəndəsi gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh apelyasiya məhkəməsinə məlumat göndərərək xəstəliyi ilə əlaqədar məhkmə iclasının təxirə salınmasını xahiş etsədə bunu təsdiq edən sənədləri məhkəmə kollegiyasına təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, İddiaçı ASC-nin “Abşeron” filialı ilə Cavabdeh arasında bağlanmış 19-15-11-022417saylı, 18 may 2015-ci il tarixli kredit müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ASC borcalan Cavabdeh 29 faiz dərəcəsi ilə 48 ay müddətinə 14.325 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür.(İ.vər. 7 - 11) İş materiallarında оlan, İddiaçı ASC-nin “Abşeron” filialı ilə Cavabdeh arasında bağlanmış 19-15-11-022417saylı, 18 may 2015-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavə оlan ödəniş cədvəlinin təsdiq edilmiş surətindən görünür ki, bоrclu Cavabdeh 14.325 ABŞ dolları məbləğində əsas bоrc və 10.034,38 ABŞ dolları faiz məbləği оlmaqla hər ay 507,49 ABŞ dolları оlmaqla banka 24.359,38 ABŞ dolları məbləğini 18.06.2015-ci il tarixdən 17.05.2019-cu il tarixə kimi ödəməli idi.(İ.vər. 12 - 13) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə “öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi” borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin əsas və faiz borcunun düzgün hesablanmaması ilə bağlı dəlilinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/4775 saylı, 11.08.2021-ci il tarixli rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 19-15-11-022417saylı, 18 may 2015-ci il tarixli kredit müqaviləsi üzrə borcalanın 18.05.2019-cu il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) banka ödənilməli olan kredit borcu ümumilikdə 11.820,75 ABŞ dolları məbləğində müəyyən olunur. O, cümlədən 18.05.2019-cu il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borc üzrə 11.773,33 ABŞ dolları, faiz borcu üzrə 47,42 ABŞ dolları təşkil edir.(İ.vər. 117 - 120) İş materiallarında olan, İddiaçı ASC tərəfindən verilmiş MAR 102 saylı, 30 mart 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 19-15-11-022417saylı, 18 may 2015-ci il tarixli kredit müqaviləsi üzrə 18.05.2019-cu il tarixə banka 11.532,72 ABŞ dolları əsas və 7.115,10 ABŞ dolları faiz borcu olmaqla, cəmi 18.645,82 ABŞ dolları borcu vardır.(İ.vər. 4 - 5) Birinci instansiya məhkəməsi əsas borcun tutulması ilə bağlı hissədə iddia tələbini və maliyyə arayışını əsas götürərək belə qənaətə gəlmişdir ki, əsas borc 11.530,72 (on bir min beş yüz otuz dollar yetmiş iki sent) ABŞ dolları məbləğində tutulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə-mühasibatlıq ekspertizasının 9/4775 saylı, 11.08.2021-ci il tarixli rəyi ilə 18.05.2019-cu il tarixə hesablanan faiz borcunun 47,42 (qırx yeddi dollar qırx iki sent) ABŞ dolları həcmində olması müəyyən edildiyindən birinci instansiya məhkəməsi həmin ekspert rəyinə uyğun olaraq cavabdehdən 47,42 ABŞ dolları faiz borcunun tutulması nəticəsinə gəlməkdə də haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış 19-15-11-022417saylı, 18 may 2015-ci il tarixli krеdit müqaviləsinin 1.2-ci bəndinə əsasən bоrcalan kreditdən istifadəyə görə 48 ay müddətinə illik 29 % ödəməyi öhdəsinə görürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Bundan başqa məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin iddia müddətinin tətbiq edilməli olması ilə bağlı dəlilinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli Plenum Qərarında göstərilir ki, “kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz.” İş materialları ilə müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh arasında olan 19-15-11-022417 saylı, 18.05.2015-ci il tarixli kredit müqaviləsi 48 (qırx səkkiz) ay müddətinə bağlanmış və kredit müqaviləsi üzrə icra müddəti 18.05.2019-cu il tarixdə bitmişdir. İddiaçı ASC isə hazırki iddia tələbi ilə məhkəməyə 27.04.2021-ci il tarixdə, yəni icra müddətinin bitdiyi vaxtdan 3 il müddət daxilində müraciət etmişdir. Odur ki, birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə alaraq, Cavabdeh iddia müdətinin tətbiqi barədə ərizəsinin əsassız olması qənaətinə gəlməkdə haqlı olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apelyasiya şikayətində göstərdikləri dəlilləri əsasızdır. Belə ki, Cavabdeh apelyasiya şikayətində göstərdikləri dəlillərini təsdiq edən sübutları apelyasiya şikayətinə əlavə etməmiş, məhkəmə iclasında iştirak edərək bunu təsdiq edən hər hansı bir sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Bütün bu hallara qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Bеləliklə, məhkəmə kollеgiyası Cavabdeh apelyasiya şikayətində sadaladığı dəlillərini işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1396/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apеlyasiya şikayəti isə təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1396/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-713/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-713/2022
11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver