Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-713/2023 01.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: «maddi və mənəvi ziyanın ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-87/2022 saylı 03 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, Hüseynqulu Sarabski 16 b saylı yaşayış binasının 10cu mərtəbəsində yerləşən 34 saylı mənzilin eyvanında elektrik su qızdırıcısına birləşən yumuşaq su borusu xx.xx.2020-ci il tarixdə partlamışdır. Həmin vaxtda mənzildə yaşayış olmamış və gedərkən su xəttinin giriş vintili açıq saxlanılmışdır. Beləliklə də 1 gün ərzində axan su mənzilin eyvanına dolmuş, oradan da mənzilə keçərək 173 nömrəli yaşayış sahəsini tam olaraq əhatə etmişdir. Eyni vaxta 9-cu mərtəbədə yerləşən 30 saylı mənzilin sakinləri rayonda olduğundan mənzilin eyni yaşayış sahəsi bütün istiqamətlərdə su ilə dolmuş, beləliklə 90/95 faiz evin təmiri və bəzi məişət malları (televizor, bir televizor altı, iki döşək, nişa, uşaq otağında divara yığılma paltar şkafı, 3 spot, bir lyustr və s.) yararsız hala düşmüşdür.
3. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2020ci il tarixli ƏEM/İ 11-250/20 saylı mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanına subasma nəticəsində dəymiş maddi ziyanın məbləği 28592 manat təşkil etmişdir.
4. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2020ci il tarixli MB-13/728 saylı qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi, ev 16B ünvanında yerləşən 30 saylı mənzil dəymiş zərərin xx.xx.2020-ci il tarixə hesablanmış bazar dəyəri 11270 manat təşkil etmişdir.
5. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/986 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 34 saylı mənzilin balkon tikilisində quraşdırılmış su qızdırıcının və boruların təmir olunduğunu nəzərə alaraq, 30 saylı mənzilə su sızmasını texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Lakin mülki iş materialına əlavə edilmiş 29 may 2020-ci il tarixli akta əsasən 30 saylı mənzilə 34 saylı mənzilin eyvanında quraşdırılmış elektrik su qızdırıcısına birləşən yumuşaq su borusunun partlaması səbəbindən su sızmış və nəticədə 30 saylı mənzilin tikililərinin yararsız hala düşdüyü müəyyən edilmişdir. Tədqiq olunan mənzildə aparılmış təmir-bərpa işləri səbəbindən, Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi, ev 16B ünvanında yerləşən 30 saylı mənzilə su sızma nəticəsində nə qədər ziyan dəydiyini müəyyən etmək mümkün olmamışdır. Ekspertiza tədqiqatlarının dəyəri 100 manat müəyyən edilmişdir.
6. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/506 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi, ev 16B, 30 saylı mənzilə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 25156,0 manat məbləğində müəyyən olunmuşdur. İlkin ekspertiza ilə hazırki ekspertizanın nəticələri arasında yaranmış fərq əlavə sənədlərin mülki iş materiallarına əlavə olunması ilə izah olunur. Ekspertiza tədqiqatlarının dəyəri 100 manat müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi, ev 16B, 30 saylı mənzilə dəymiş maddi ziyanın əvəzində 28592 manatın, əşyalardan iki ədəd nişaya dəymiş maddi ziyana görə 1140 manatın, mütəxəssisə ödənilmiş 300 manatın, hüquqi yardım üçün vəkilə ödənilmiş 600 manat pulun, notariat və digər xərclərə dair 500 manat pulun, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 31162 manat pulun və mənəvi ziyanın əvəzində isə 20000 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi, ev 16B, 30 saylı mənzil iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı ailə üzvləri ilə birgə həmin mənzildə yaşayır. Cavabdeh də, ailə üzvləri ilə qeyd olunan evdə yuxarı mərtəbədə özünə məxsus mənzildə yaşayır. Bir neçə ildir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində yaşadığı mənzildə rahat yaşaya bilmir. Belə ki, cavabdehin mənzili iddiaçıya məxsus mənzilin üst tərəfində yerləşir və onun mənzilindən dəfələrlə mənzilə su axıdılmışdır. Nəticədə mənzili yararsız hala düşmüş və dəfələrlə cavabdehin mənzilindən axıdılan suyun təsiri nəticəsində mənzilinə dəyən maddi ziyanı aradan qaldırmaq üçün xeyli vəsait xərcləmişdir. Sonuncu dəfə 28 may 2020-ci il tarixdə cavabdehə məxsus 34 saylı mənzilin otağının tavanından növbəti su axması baş vermişdir. Həmin vaxt Bakı şəhərində olmasa da cavabdeh öz mənzilində olmuşdur. 29 may 2020-ci il tarixdə mənzilə gələrkən mənzilin tamamilə su içərisində olduğunun şahidi olmuşdur. Bu barədə cavabdehə etirazını bildirsə də onun mənzilindən axıdılan su bir neçə gün də mənzilə axmışdır. Çünki, mənzilin tavanı uzun müddət axaraq yığılıb qalmış suyu aşağıya az-az buraxırdı. Sonda məcbur olub tavanda yırtıqlar açıb suyun tamamilə boşalmasına nail olmuşdur. Bu barədə cavabdehə və yaşadığı binanın idarəçilik və mühafizəsi əməkdaşlarına müraciət etmiş və onlar tərəfindən mənzilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, 34 saylı mənzilin mülkiyyətçisi Cavabdeh mənzilində su xəttində baş vermiş qəza nəticəsində su axaraq iddiaçıya məxsus mənzilə dolmuşdur. Göründüyü kimi, cavabdeh öz təqsirli hərəkətləri nəticəsində mülkiyyətində olan mənzilə və mənzilin içərisində olan əşyalara xeyli miqdarda maddi ziyan dəymişdir. Mənzilinə dəymiş maddi ziyanın hesablanması üçün mütəxəssis dəvət etmiş və mütəxəssis rəyinə əsasən mənzilə dəymiş ziyanın məbləği (içərisindəki bir sıra əşyalar və digər işlər nəzərə alınmaqla) 28592 manat müəyyən edilmişdir. Subasma nəticəsində məhv olmuş əşyalardan isə iki ədəd nişaya dəymiş maddi ziyanın məbləği 1140 manatdır. Bundan başqa, iddiaçı və ailə üzvləri çox əsəb gərginliyi keçirmişlər. Bu hadisələr çox pis təsir etmişdir və hazırda da psixi iztirab keçirirlər. Çünki, evi təmir etdirmək üçün mənzili tərk etmək məcburiyyətində qalmışlar. Hazırda qohumlarının evində müvəqqəti məskunlaşmışlar. Mənzilinə dəyən maddi ziyanın aradan qaldırılması üçün 31162 manatdan artıq xərc tələb olunur. Cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya dəyən mənəvi ziyanın məbləğini isə 20000 manat məbləğində dəyərləndirir. Hesab edir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsinə mənzilinə dəymiş maddi ziyan və bunun nəticəsində iddiaçıya və ailə üzvlərinə vurulmuş mənəvi ziyan onun tərəfindən ödənilməlidir. Həmçinin qeyd edilən iddia tələbinin məhkəməyə hazırlanması və hüquqlarının məhkəmədə müdafiə edilməsi üçün vəkil ilə müqavilə bağlanılmış və 600 manat, iddianın məhkəməyə verilməsi üçün 30 manat, dəymiş maddi ziyanın hesablanması üçün ekspert-mütəxəssisə 300 manat pul ödənilmişdir. Bundan başqa isə notariat və digər xərclərə dair 500 manatdan artıq pul ödənilmişdir. Hesab edir ki, qeyd edilən məbləğlər də cavabdehdən alınaraq ona geri qaytarılmalıdır.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-87/2022 saylı 03 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Anar İbadzadə) iddia tələbinin qismən təmin edilməsi, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi, ev 16B, 30 saylı mənzilə dəymiş maddi ziyanın əvəzində 25156 manat, mütəxəssisə ödənilmiş 300 manat, hüquqi yardım üçün vəkilə ödənilmiş 600 manat və iddianın məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 26086 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 200 manat məbləğində ekspertiza xərclərinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000000 3944 SWİFT BİK CTREAZ 22.AZ34CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097.1, 1115-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək qətnamənin qismən ləğv olunaraq iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə ona təqdim olunmuş sübutları nəzərə almamış və onlara sübut kimi hüquqi qiymət verməmişdir. Məhkəməyə təqdim olunmuş foto və videoçəkilişlərdən göründüyü kimi mənzildə olan iki ədəd nişa da digər əşyalar kimi su axması nəticəsində ziyan dəymiş və həmin əşya tam sıradan çıxmışdır. Nəticədə 1140 manat maddi ziyan dəymişdir. Bundan başqa, məhkəməyə təqdim edilən notariat və digər xərclərlə bağlı, yəni daşıma, yüləmə xərclərinə dair sübutlar da məhkəmə tərəfindən nəzərə alınmamışdır. Nəticədə 500 manat məbləğində maddi ziyan dəymişdir. Bundan başqa, məhkəmə ona dəymiş mənəvi ziyanın da əvəzinin ödənilməsi hissəsində iddianı təmin etməmişdir. Hesab edir ki, məhkəmə bu hissədə də yanlışlığa yol vermişdir. Qanunvericiliyin məzmunundan da göründüyü kimi insanın keçirdiyi psixi iztirab, sarsında gözlə görülə bilinmir, maddi olaraq müşahidə olunmur. Təsəvvür edin ki, azyaşlı uşaqları ilə bir neçə ay müddətində qohumların evində sıxılı-sıxıla yaşamışdır. O və əri Yunus Cabbarov isə eyni zamanda həm işləmişik, həm də evin söküntü və təmiri ilə məşğul olmuşlar. Bütün bunlar kimin başına gəlsə mənəvi ziyanın nə olduğunu çox yaxşı anlayar.
13. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin qismən təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi "xxxx" MMC-in xx.xx.2020-ci il tarixli MB-13/728 saylı qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi, ev 16B ünvanında yerləşən 30 saylı mənzilə dəymiş zərərin xx.xx.2020-ci il tarixə hesablanmış bazar dəyəri 11270 manat təşkil etmişdir. Belə ki, məhkəmə qətnamə qəbul edərkən – saylı ekspert rəyini əsas tutmaqla dəymiş ziyanı 25156 manat hesablasa da ekspertizadan məbləğin yaranmasına dair smetanı tələb etməmişdir. Bu əsasla hesab edir ki, təkrar ekspertizanın keçirilməsinə əsas vardir. Təkrar ekspertiza keçirilərsə, məbləğin şişirdilmiş qaydada hesablanması faktı öz təsdiqini tapacaqdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmənin iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
18. Maddə 21.1 zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
19. Maddə 21.2 zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
20. Maddə 1096 mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
21. Maddə 1097.1 mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
22. Maddə 1115 zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
27. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Hazırki halda, qətnaməni həm iddiaçı, həm də cavabdeh mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası izahatı dinəlyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti təmin edilməməli, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-87/2022 saylı 03 avqust 2022-ci il tarixli qətnaməsi mənəvi ziyanın tutulmasının rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməli, Cavabdehdan 2000 (iki min) manat mənəvi zərər tutularaq İddiaçı xeyrinə ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. Kollegiya qeyd edir ki, iddiaçının iddia tələbi iki hissədən (maddi və mənəvi ziyanın ödənilməsi) ibarət olduğundan hər iki hissə üzrə ayrı-ayrılıqda qiymət verilməlidir.
34. Belə ki, iddiaçı iddia tələbində Cavabdeh təqsiri nəticəsində ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi, ev 16B, 30 saylı mənzilə dəymiş maddi ziyanın əvəzində 28592 manatın, əşyalardan iki ədəd nişaya dəymiş maddi ziyana görə 1140 manatın , mütəxəssisə ödənilmiş 300 manatın, hüquqi yardım üçün vəkilə ödənilmiş 600 manat pulun, notariat və digər xərclərə dair 500 manat pulun ödənilməsini edir.
35. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia tələbinin qeyd edilən hissəsi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
36. Mülki işin iş materiallarında olan xx.xx.2020-ci il tarixli aktın və ekspert rəylərinin məzmunundan göründüyü kimi iddiaçıya məxsus mənzilə maddi ziyan dəymiş və həmin ziyan cavabdehin mənzilinin eyvanında quraşdırılmış elektrik su qızdırıcısına birləşən yumuşaq su borusunun partlaması səbəbindən su sızması nəticəsində dəymişdir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır.
38. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Ona görə də iddiaçının cavabdehin apellyasiya şikayətində qeyd etdikləri əsassızdır və mülki iş üzrə təkrar ekspertizasının keçirilməsinə lüzum yoxdur. Həmçinin cavabdeh ekspert rəyini təkzib edəcək hər hansı sübut təqdim edə bilməmişdir.
39. Məhkəmə ekspert rəyi və işin materiallarında olan sənədlərə əsasən haqlı olaraq hesab etmişdir ki, xx.xx.2022-ci il tarixli, 10/506 saylı ekspert rəyi ilə müəyyən edilmiş 25156,0 manat məbləğində maddi ziyan cavabdehdən iddiaçının xeyrinə tutulmaqla iddia həmin hissədə qismən təmin edilməlidir.
40. Məhkəmə mənəvi ziyan hissəsində iddia tələbini rədd edərkən qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını da əsaslandıra bilməmişdir. İş materiallarından göründüyü kimi, hazırda iddiaçı ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etsə də, mənəvi zərərin dəydiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. buna görə də məhkəmə hesab edir ki, iddia mənəvi zərərə aid hissədə təmin oluna bilməz.
41. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi zərərin tutulması hissəsində iddia tələbini qismən təmin etməməklə düzgün nəticəyə gəlmiş olsa da, iddia tələbinin mənəvi ziyanın vurulması hissəsində təmin etməməkdə haqlı olmamışdır.
42. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
43. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
44. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
45. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
46. Məhkəmə kollegiyası qeyd edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkən keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
47. Məhkəmə kollegiyası qeyd edilənlər üzrə dəyərləndirmə apararaq hesab edir ki, İddiaçı mənəvi sarsıntı və iztirablara məruz qalması cavabdehin təqsiri nəticəsində baş verməsi işin mübahisələndirilməyən halıdır. Göründüyü kimi, iddia tələbi mənəvi ziyanın vurulması hissəsində əsaslıdır.
48. Kollegiya mənəvi zərərin məbləği hissəsi ilə bağlı isə qeyd edir ki, cavabdehdən iddiaçının xeyrinə tələb olunan məbləğdə deyil, 2000 (bir min) manat məbləğində mənəvi zərərin müəyyən edilməsi qanuni olmaqla yanaşı ədalətlidir.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti təmin edilməsin. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-87/2022 saylı 03 avqust 2022-ci il tarixli qətnaməsi mənəvi ziyanın tutulmasının rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi qismən təmin edilsin. Cavabdehdan 2000 (iki min) manat mənəvi zərər tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.