Məhkəmə qərarları › İş №2(103)-7132/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7132/2022

16.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7132/2022 16.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MTK-ya qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-7132/2022 (Açar sözlər: Kredit borcu tələbi) Bakı şəhəri 16 noyabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X2, cavabdehlərin nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MTKya qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1222/2022 saylı 29 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş apelyasiya şikayətinə 16 noyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh1 arasında bağlanmış 14 iyul 2016cı il tarixli № 1-xx-xx-2016-BXAC saylı kredit müqaviləsinə əsasən, Bank tərəfindən Cavabdeh1 sonuncu ilə Cavabdeh2 MTK arasında imzalanmış xx.xx.2016-cı il tarixli 0150№-li müqavilənin predmeti olan mənzilin (Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında tikilməkdə olan bina 240A, blok 1, mərtəbə 2, ümumi sahəsi 112 kv.m. ibarət 2 otaqlı 11 №-li mənzil) alınması üçün 85,800.00 manat məbləğində kredit verilmişdir.

2. "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, № 1-xx-xx- 2016-BX-AC saylı zaminlik müqaviləsi üzrə Cavabdeh3 Cavabdeh1 öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür.

3. "xxxx" ASC ilə Cavabdeh2 MTK arasında bağlanmış xx.xx.2016-cı il tarixli, № 1xx-xx-2016-BX-AC saylı zaminlik müqaviləsi üzrə Cavabdeh2 MTK Cavabdeh1 öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MTK-ya qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MTK-dan müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 1-xx-xx-2016-BX-AC nömrəli, xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 79194.29 manat əsas borc, faiz borcu üzrə 407.09 manat olmaqla, cəmi 79601.38 manat məbləğində kredit borcunun, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 328.80 manat dövlət rüsumunun və 0,49 manat bank xidməti haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Daha sonra iddia tələbinin həcminin dəyişdirilməsi (azaldılması) barədə ərizə verərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MTK-dan müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 1-xx-xx-2016-BX-AC nömrəli, xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 74880,77 manat əsas borc, 642.14 manat faiz borcu olmaqla, cəmi 75522,91 manat kredit borcunun həmçinin, iddia ərizəsi üçün ödənilmiş 328,80 manat dövlət rüsumunun və 0,49 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia ərizəsini onunla əsaslandırmışdır ki, 1-xx-xx-2016-BX-AC nömrəli, xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən borc alan Cavabdeh1 krediti qəbul etməyi və müqavilədə göstərilən müddətdə və qaydada krediti, kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda zaminlik müqaviləsinə əsasən borclu üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə zamin Cavabdeh3 və ‘'Abşeron City” MTK kreditor qarşısında kredit məbləğini, hesablanacaq faizləri, dəbbə pulunu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsinə məsuliyyət daşıyır. Lakin cavabdehlər tərəfindən müqavilələr üzrə müəyyən edilmiş öhdəliklər vaxtında yerinə yetirilmədiyindən, müqavilənin şərtləri pozulmuşdur.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli e-2(005)- 1222/2022 saylı qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 MTK-dan 1-1xx-xx-2016-BX-AC nömrəli, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə 74880.77 manat məbləğində əsas borc, 642.14 manat məbləğində faiz, cəmi 75522.91 manat məbləğində borc, 328.80 məbləğində ödənilmiş dövlət rüsumu və 0.49 qəpik məbləğində xidmət haqqı "xxxx" ASCnin xeyrinə tutulması qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 421.2, 423.2, 424.2, 427.3, 442, 443.1, 448.1, 470.1, 472.1, 472.2, 739.2, 743-ci, Mülki Prosessual Məcəllənin 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən cavabdehlər birgə apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və onun düzgün təfsir etməmişdir. Belə ki, tərəflər arasındakı kredit müqaviləsi üzrə borclu, yani Cavabdeh1 tərəfindən bütovlükdə müqavilə üzrə üzərinə götürdüyü öhdəlik pozulmamışdır. Tərəflər arasındakı kredit müqaviləsi 20 il müddətinə bağlanmış və Cavabdeh1 altı ildən artıqdır ki, həmin müqavilə üzrə öhdəliyi, yəni aylıq kredit borcunu faizləri ilə birlikdə ödənilməsini təmin etmişdir. Cavabdeh yalnız bir-iki ay üzrə kredit borcunun ödənilməsini gecikdirmiş və gecikdirilmiş məbləğ ümumilikdə 3.500 manata yaxın məbləğ təşkil etmişdir. Kredit borcu üzrə cəmi bir-iki ay gecikmə olsa da, iddiaçı müddəti 2036-cı ildə başa çatmalı olan müqavilə üzrə bütün borcların ödənilməsi və buna hesablanmış faizin ödənilməsini tələb etmişdir. Hansı ki, həmin kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş mənzil var.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin nümayəndəsivəkili apelyasiya şikayətini müdafiə edib, onun dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Eyni zamanda qeyd etmişdir ki, cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi pozsa da, yəni ödənişlərdə gecikmələr olsa da, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul ediləndən sonra ödənişlər edilmişdir. 13 Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmiş,.eyni zamanda qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən hər-hansı bir pozuntuya yol verilməmişdir. Öhdəliyin pozulması 500 gündən artıq olmuş, yəni cavabdeh tərəfindən müqavilə şərtlərinin pozulması mübahisəsizdir, qətnamə qəbul ediləndən sonra edilən ödənişlər isə icra qaydasında həll edilən məsələdir və borc məbləğindən çıxılacaqdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

14. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 421.2 Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

16. Maddə 423.2 Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər.

17. Maddə 424.2 Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; 427.3cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir

18. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Maddə 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. Maddə 470.1 Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

21. Maddə 472.1 Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

22. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

23. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

24. Maddə 743 Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsi iddianın rədd edilməsi xahiş edildiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Belə ki, "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh1 arasında bağlanmış 14 iyul 2016-cı il tarixli № 1-xx-xx-2016-BXAC saylı kredit müqaviləsinə əsasən, Bank tərəfindən Cavabdeh1 sonuncu ilə Cavabdeh2 MTK arasında imzalanmış xx.xx.2016-cı il tarixli 0150№-li müqavilənin predmeti olan mənzilin (Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında tikilməkdə olan bina 240A, blok 1, mərtəbə 2, ümumi sahəsi 112 kv.m. ibarət 2 otaqlı 11 №-li mənzil) alınması üçün 85,800.00 (səksən beş min səkkiz yüz) manat məbləğində kredit verilmişdir. Müqavilənin 5-ci bəndinə əsasən, boracalana kredit 240 ay müddətinə verilir. Kredit müddəti 14 iyul 2036-cı il tarixdə saat 18:00-da bitir. Müqavilənin 7-ci bəndinə əsasən, kredit üzrə əsas borc və faizlər hər növbəti ayın 14-dək aylıq 828.00 manat məbləğində bərabər hissələrlə ödənilir.

34. "xxxx" ASC ilə borclu Cavabdeh1, zamin Cavabdeh3 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, № 1-14- 07-2016-BX-AC saylı zaminlik müqaviləsinin məzmunundan görünür ki, qeyd edilən müqavilə üzrə Cavabdeh3 Cavabdeh1 öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür; Müqavilənin 7-ci bəndinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Müqavilənin 13-cü bəndinə əsasən, borclu və kreditor arasında bağlanmış 14 iyul 2016-cı il tarixli 1-xx-xx-2016-BX-AC №-li kredit müqaviləsinə əsasən üzərinə götürdüyü borcun əsas məbləğləri, faizləri, ödənişləri gecikdirilməsi nəticəsində vurulmuş zərərin əvəzini,dəbbə pulunu və həmçinin borclunun öz vəzifələrini vaxtında və düzgün yerinə yetirməməsi səbələrindən yaranan sair ziyanlar bu müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuş müddətdə kreditora ödənilənədək bu Müqavilə qüvvədə olur

35. Kollegiya iş materiallarına əsaslanaraq belə qənaətə gəlir ki, cavabdehlər qeyd edilən kredit müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdurlar. Buna görə də cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdehlər onların risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldıqları kimi iddiaçıya ödəməlidirlər.

36. Apellyasiya şikayətində irəli sürülən, tələb edilən borcun məbləğinin dəqiqləşdirilmədiyi arqumenti ilə bağlı kollegiya qeyd edir ki, cavabdehlər birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

37. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul ediləndən sonra cavabdeh tərəfindən edilən ödənişlər həmin qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz, çünki apelyasiya şikayəti əsasında apelyasiya qaydasında işə baxılarkən məhz birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qətnamənin qanuniliyi və əsaslılığı yoxlanılır, sonradan edilən ödənişlər isə icra qaydasında həll edilən məsələdir.

38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1222/2022 saylı iş üzrə 29 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu apelyatorlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar