Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7137/2021 30.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 aprel 2021-ci il tarixli qətnamədən cavabdehlərin birgə verdikləri apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş Bank, onunla Cavabdeh1 arasında 06.11.2019-cu il tarixdə bağlanmış ******* №-li “Kredit müqaviləsi” əsasında yaranmış və ödənilməmiş qalmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 6.289,25 manat, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 503,46 manat, habelə iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30,40 manat məbləğində pulun borcalan Cavabdeh1 və onun öhdəliklərinin icrasına zamin durmuş iş üzrə digər cavabdeh T.Xudaverdiyevdən birgə qaydada tutularaq Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank ilə Cavabdeh1 arasında 06.11.2019cu il tarixdə bağlanmış “Kredit müqaviləsinə” əsasən, Cavabdeh1 kreditdən istifadəyə görə illik 23% dərəcəsi ilə, 36 ay müddətinə 7.000 manat məbləğində pulu Bankdan borc almışdır. Cavabdeh1 “Kredit müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq iş üzrə digər cavabdeh T.Xudaverdiyev borcalan Cavabdeh1 öhdəliklərinin icrasına zamin durmuş və bununla bağlı tərəflər arasında 06.11.2019-cu il tarixdə 1024183/18199 №-li “Zaminlik müqaviləsi” bağlanmışdır. Bunlara baxmayaraq, cavabdehlər, qeyd edilən müqavilələr üzrə Bank qarşısında üzərilərinə götürdükləri öhdəlikləri icra etməmiş, kreditin və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməkdən yayınmışlar. Nəticədə, cavabdehlərin Banka 6.289,25 manat məbləğində əsas kredit borcu və 503,46 manat məbləğində faiz borcu yaranmışdır. Bank, tərəfindən cavabdehlərə edilmiş xəbərdarlıqlara baxmayaraq borc ödənilməmiş qalmışdır. Bu səbəbdən, Bank, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman dövlət rüsumuna görə 30,40 manat ödəmək məcburiyyətində qalmışdır. İddia ərizəsi əsasında başlanmış mülki işə baxmış Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi 13.04.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdehlər həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunvericiliyin tələblərinə uyğun gəlmir, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, işə baxmış Rayon Məhkəməsi məhkəmə baxışı iclaslarının vaxtı və yeri barədə cavabdehlərə məlumat verməmiş, işə onların iştirakı olmadan baxmış, bununla da onların hüquqlarını pozmuşdur. Bundan başqa Rayon Məhkəməsi 503,46 manat məbləğində faiz borcuna aid tələbi rədd etməli olduğu halda bunu etməmişdir. İddiaçı Bankın nümayəndəsi və iş üzrə cavabdehlər işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Məhkəmə, mülki işin materiallarını və apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi qismən, yəni iddianın cavabdeh T.Xudaverdiyevə münasibətdə həll edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia T.Xudaverdiyevə münasibətdə də təmin edilməli, qalan, yəni Cavabdeh1 aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı Bank ilə Cavabdeh1 arasında 06.11.2019-cu il tarixdə bağlanmış “Kredit müqaviləsindən” görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh1 kreditdən istifadəyə görə illik 23% dərəcəsi ilə, 36 ay müddətinə 7.000 manat məbləğində pulu Bankdan borc almışdır. Bank ilə cavabdehlər arasında 06.11.2019-cu il tarixdə bağlanmış “Zaminlik müqaviləsindən” görünür ki, Cavabdeh1 “Kredit müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq iş üzrə digər cavabdeh T.Xudaverdiyev borcalan Cavabdeh1 öhdəliklərinin icrasına zamin durmuşdur. Bank tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş hesablamalardan və digər sənədlərdən görünür ki, cavabdehlər, qeyd edilən müqavilələr üzrə Bank qarşısında üzərilərinə götürdükləri öhdəlikləri icra etməmiş, kreditin və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməkdən yayınmışlar. Nəticədə, cavabdehlərin Banka 6.289,25 manat məbləğində əsas kredit borcu və 503,46 manat məbləğində faiz borcu yaranmışdır. Bank, tərəfindən cavabdehlərə edilmiş xəbərdarlıqlara baxmayaraq borc ödənilməmiş qalmışdır. “Ödəniş qəbzindən” görünür ki, iddia ərizə ilə məhkəməyə müraciət etmək üçün 30,40 manat məbləğinə dövlət rüsumu ödəmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-nin 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi cavabdeh tərəfin üzərinə düşür. Lakin cavabdehlər öhdəliyin lazımi qaydada icra edilməsini apellyasiya şikayətində bildirmirlər. Onlar əsas kredit borcunun məbləğini ümumiyyətlə mübahisələndirmirlər. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məcəllənin 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məcəllənin 472.2-ci maddəsinə görə, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd edilən maddi hüquq normalarının tələblərinin müzakirə edilən mülki mübahisənin həllinə tətbiq nəticəsində müəyyən edilir ki, borcalan olan Cavabdeh1 “Kredit müqaviləsi”, Cavabdeh2 isə “Zaminlik müqaviləsi” üzrə Bank qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur və onlar, öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyırlar. Bu baxımdan hesab edilir ki, 6.289,25 manat məbləğində əsas kredit borcu Banka ödənilməlidir. Cavabdehlər apellyasiya şikayətində qeyd edirlər ki, işə baxmış Rayon Məhkəməsi 503,46 manat məbləğində faiz borcuna aid tələbi rədd etməli olduğu halda bunu etməmişdir. Bununla bağlı Məhkəmə qeyd edir ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə bildirir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq nəzərə almalıdır ki, sübutetmə yükü hər hansı bir dəlili irəli sürmüş şəxsin üzərinə düşür. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin işin hallarından görünür ki, faiz borcunun silinməli olduğunu bildirən cavabdehlər bunun üçün əsas ola biləcək sübutları Məhkəməyə təqdim etməmişlər. Odur ki, göstərilənləri və faiz borcunun silinməsi barədə cavabdehlərin tələbinin hüquqi əsasının mövcud olmadığını nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin müzakirə edilən bu dəlili əsassızdır. Bu baxımdan hesab edilir ki, 503,46 manat məbləğində faiz borcu Banka ödənilməlidir. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, işə baxmış Rayon Məhkəməsi məhkəmə baxışı iclaslarının vaxtı və yeri barədə cavabdehlərə məlumat verməmiş, işə onların iştirakı olmadan baxmış, bununla da onların hüquqlarını pozmuşdur. Məhkəmə hesab edir ki, bu dəlili qismən, yəni yalnız Cavabdeh2 münasibətdə əsaslıdır. Bu dəlil Cavabdeh1 münasibətdə əsaslı deyil. Belə ki, iş materiallarından görünür ki, 13.04.202-ci il tarixə təyin edilmiş məhkəmə baxışının iclası barədə Cavabdeh1 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə elektron bildiriş göndərilsə (iş v. 45) də, Cavabdeh2 heç bir formada bildiriş göndərilməmişdir. Odur ki, göstərilənləri və MPM-nin 387.2.2-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsi qismən, yəni iddianın cavabdeh T.Xudaverdiyevə münasibətdə həll edilməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilərək iddia T.Xudaverdiyevə münasibətdə də təmin edilməli, Cavabdeh1 aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə verdikləri apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 aprel 2021-ci il tarixli qətnamə qismən, yəni Cavabdeh2 aid olan hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı ASC-nin “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiası Cavabdeh2 aid hissədə təmin edilsin. 06.11.2019-cu il tarixli, ******* №-li “Kredit müqaviləsi” əsasında yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 6.289 (altı min iki yüz səksən doqquz) manat 25 (iyirmi beş) qəpik, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 503 (beş yüz üç) manat 46 (qırx altı) qəpik, habelə iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə tutulsun. Hazırki iş üzrə Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 aprel 2021-ci il tarixli qətnamə qalan hissədə, yəni İddiaçı ASC-nin “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasının Cavabdeh1 aid hissədə təmin edilməsi, 06.11.2019-cu il tarixli, ******* №-li “Kredit müqaviləsi” əsasında yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 6.289 (altı min iki yüz səksən doqquz) manat 25 (iyirmi beş) qəpik, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 503 (beş yüz üç) manat 46 (qırx altı) qəpik, habelə iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Müəyyən edilsin ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırki qətnaməsinin icra edilməli olan hissəsi və Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 aprel 2021-ci il tarixli qətnamənin dəyişdirilmədən saxlanılmış hissəsi ilə tutulmalı olan pul məbləğləri eynidir və həmin məbləğlər iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə müştərək qaydada tutulmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün cavabdehlər tərəfindən ödənilmiş dövlət rüsumu onların özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7137/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7137/2021
30.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver