Məhkəmə qərarları › İş №2(103)-714/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-714/2022

11.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-714/2022 11.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı X3, onun nümayəndəsi və Vəkil3 iştirakı ilə, İddiaçı X3 cavabdeh "xxxx" MMC-yə qarşı “dəymiş maddi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə bağlı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(001)-33/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X6 cavabdeh "xxxx" MMC-yə qarşı “dəymiş maddi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilən 68000 manat, mənzilin kirayəsi üçün əldən çıxan 42000 manat, mənzilin əvvəlki vəziyyətə gətirilməsi üçün tələb olunan 1800 manat, hüquqi yardıma görə 500 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 112330 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yerləşən mənzilini təmir etdirmək üçün təmir-tikinti işləri və tikinti materiallarının satışını həyata keçirən "xxxx" MMC ilə 24.04.2017-ci il tarixdə podrat müqaviləsi bağlamışdır. Həmin müqavilənin şərtlərinə görə "xxxx" MMC tərəfindən iddiaçıya məxsus mənzildə 3 ay müddətində təmir-tikiti işləri həyata keçirilməli idi. İddiaçı həmin müqaviləyə əsasən təmir-tikinti işləri və tikinti materiallarının alınması üçün 68000 manat pulu "xxxx" MMC-nin direktoru X1 və texniki rəhbəri Cabbarlı Müqabilə ödəmişdir. Lakin müqavilə bağlanmasından xeyli vaxt keçməsinə baxmayaraq "xxxx" MMC üzərinə götürmüş olduğu öhdəliyi yerinə yetirməyərək işləri başa çatdırmamışdır. Bundan başqa "xxxx" MMC tərəfindən qismən görülmüş işlər çox aşağı səviyyədə və keyfiyyətsiz materiallardan istifadə edilməklə həyata keçirilmiş, bir neçə otaqda divar kağızları sökülmüş, parket əyri vurulmuş, pilləkən tullantı materiallardan yığılmaqla əyri qoyulmuşdur. Təmir olunan sahəsinin ölçüsü yanlış olaraq böyük gösərilməklə işlər böyük pozmalarla aparılmışdır. Bu barədə "xxxx" MMC-nin rəhbərliyinə məlumat versə də, onlar bu nöqsanları aradan qaldıracaqlarına, iddiaçıya dəymiş maddi ziyanı tam ödəyəcəklərinə söz versələr də, bu günə qədər heç bir tədbir görməmiş, təmir etdikləri mənizlin təmiri ilə bağlı təhvil-təslim işləri aparmamışlar. Ona görə də bir ildən artıq müddətdir ki, mənizilin təmiri başa çatmadığı üçün iddiaçı mənzilindən istifadə edə bilmir. Bununlada "xxxx" MMC tərəfindən iddiaçının 68000 manat pulu ələ keçirilərək mənimsənilmişdir. Ona görə də cavabdehdən müqavilə üzrə iddiaçının ödədiyi 68000 manatın, dövlət rüsumuna görə ödədiyi 30 manatın, mənzilin kirayəsi üçün əldən çıxan 42000 manatın, mənzilin əvvəlki vəziyyətə gətirilməsi üçün tələb olunan 1800 manatın, eləcə də, hüquqi yardıma görə ödənilmiş 500 manatın cəmi 112330 manatın iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(001)- 33/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, mülki iş materiallarında olan 10/209 saylı ekspertiza rəyində görülmüş işlərin siyahısı və qiyməti göstərilmişdir. Lakin həmin işlərin cavabdeh şəxs tərəfindən icra edilməsi və həmin materialların cavabdeh tərəfindən alınmasına dair heçbir sübut mövcud deyildir. Məhkəmənin, eləcə də qanunvericiliyin mövqeyi ondan ibarətdir ki, iddianı iddia verən tərəf sübut etməlidir. Bəli ev onundur, orda görülmüş işlərdə onundur. Artıq bunun özü bir sübutdur və həmin materiallar onun tərəfindən alınıb, bir çox işlərdə əvvəlcədən də görülmüşdür. Cavabdeh şəxs kənardan gələn və ona məxsus evdə iş görən şəxsdir. Cavabdeh sübut etməlidir ki, onun evinə hansı materialları alıb gətirib və hansı işləri görübdür. Çünki ortada müqavilə, smeta və bunun əsasında isə sənədlər olmalıdır. Lakin cavabdeh şəxs saxta təhvil-təslim aktlarını məhkəməyə təqdim edərək bunları örtbasdır etməyə çalışmışdır ki, onunda cavabı ekspertiza rəyində ortaya çıxmışdır. Bundan əlavə maddi sübutlar məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəf isə iddianın əsassız olmasına dair təhvil-təslim aktlarını məhkəməyə təqdim etmişdir. Lakin bundan sonra MEM-nin 4/90 saylı rəyində qeyd edilmişdir ki, həmin təhvil-təslim aktlarında “X6” yazılarının qarşısında olan imza X6 tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Apellyasiya baxışı zamanı iddiaçı X6 apellyasiya şikayətinini müdafiə edərək izahatında bildirdi ki, o, cavabdehə podrat müqaviləsi üzrə görülməli olan işlərə görə 68000 manat pulu əvvəlcədən ödəmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkil apellyasiya şikayətinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında podrat müqaviləsi bağlanmış, cavabdeh sübut növü olaraq məhkəməyə təqdim etdiyi təhvil-təslim aktlarında qeyd olunan işləri yerinə yetirmiş, görülən işlərin dəyəri 79878,9 manat təşkil edir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib iddiaçının iddia tələbində istinad etdiyi halları sübuta yetirilməməsi səbəbindən iddia ərizəsini əsassız hesab edib təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1.-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.2-ci maddəsinə görə podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həmin Məcəllənin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Həmin Məcəllənin 763.2-ci maddəsinə görə əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. Həmin Məcəllənin 764.1-ci maddəsinə əsasən əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 764.2-ci maddəsinə görə sifarişçi podratçıdan qüsurun aradan qaldırılması üçün zəruri xərclər hesabına avans tələb edə bilər. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. [440] Həmin Məcəllənin 769-cu maddəsinə görə əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. X2 ilə podratçı "xxxx" MMC arasında bağlanmış 24.04.2017-ci il tarixli, TEX/04.2017 saylı müqavilədən müəyyən olunur ki, şifarişçi AZ 0100 Səlyan şossesi 32 ünvanında tikinti işlərinin aparılmasını, podratçı isə bu tapşırığı yerinə yetirmək vəzifəsini öhdəsinə götürmüşdür. Müqavilənin 2.13-cü bəndinə əsasən sifarişçi ödənişi təqdim olunan görülən işlər haqqında aktlara əsasən podratçı hər iki tərəfin imzaladığı bu aktların əslini təqdim etdiyi andan 3 gün ərzində həyata keçirir. Müqavilənin 3.1-3.2-ci bəndlərinə əsasən işlərin başlanma tarixi bu müqavilənin imzalandığı tarix hesab edilir. Bu müqavilə üzrə işlərin görülmə müddəti 90 təqvim günü təşkil edir. Müqavilənin 4.1.1-ci bəndinə əsasən işləri ona müqavilə imzalandığı an təhvil verilmiş layihə və texniki sənədləşmələrə əsaslanaraq bu müqavilə ilə nəzərdə tutulmuş həcmdə və müddətdə görmək və şifarişçiyə təqdim etmək podratçının vəzifəsidir. Müqavilənin 7.3-cü bəndinə əsasən tərəflərdən biri bu podrat müqaviləsi üzrə öhdəliklərini icra etmədiyi halda təqsirli tərəf digər tərəfə dəymiş bütün ziyanı qarşılayır. X2 ilə podratçı "xxxx" MMC arasında bağlanmış 24.04.2017-ci il tarixli, TEX/04.2017 saylı müqaviləyə 04.05.2017-ci il tarixdə bağlanmış 1 saylı əlavədən müəyyən olunur ki, sifarişçi hovuzun nərdivan meydançasını və inşa edilən hovuzun boru kəmərləri və elektrik xidmətləri üçün yeraltı şaxtanın tikintisinin aparılmasını tapşırmış, podratçı isə bu tapşırığı yerinə yetirməyi öhdəsinə götürmüş, tərəflər bu əlavə ilə podratçıya tapşırılan işlərin dəyərinin 450 manat olmasını müəyyən etmişlər. X2 ilə podratçı "xxxx" MMC arasında bağlanmış 24.04.2017-ci il tarixli, TEX/04.2017 saylı müqaviləyə 04.05.2017-ci il tarixdə bağlanmış 2 saylı əlavədən müəyyən olunur ki, sifarişçi evlərin dam hissələrinin montajını tapşırmış, podratçı isə bu tapşırığı yerinə yetirməyi öhdəsinə götürmüş, tərəflər bu əlavə ilə podratçıya tapşırılan işlərin dəyərinin 750 manat olmasını müəyyən etmişlər. X2 ilə podratçı "xxxx" MMC arasında bağlanmış 24.04.2017-ci il tarixli, TEX/04.2017 saylı müqaviləyə 19.05.2017-ci il tarixdə bağlanmış 3 saylı əlavədən müəyyən olunur ki, sifarişçi 2 və 3 saylı evlərdə pilləkan hissələrinin tikinti işlərinin aparılmasını tapşırmış, podratçı isə bu tapşırığı yerinə yetirməyi öhdəsinə götürmüş, tərəflər bu əlavə ilə podratçıya tapşırılan işlərin dəyərinin 10000 manat olmasını müəyyən etmişlər. X2 ilə podratçı "xxxx" MMC arasında bağlanmış 24.04.2017-ci il tarixli, TEX/04.2017 saylı müqavilə üzrə 08.05.2017-ci il tarixli təhvil-təslim aktından görünür ki, müqavilə üzrə podratçı tərəfindən 6497 manat dəyərində işlər görülmüşdür. X2 ilə podratçı "xxxx" MMC arasında bağlanmış 24.04.2017-ci il tarixli, TEX/04.2017 saylı müqavilə üzrə 19.05.2017-ci il tarixli təhvil-təslim aktından görünür ki, müqavilə üzrə podratçı tərəfindən 10757 manat dəyərində işlər görülmüşdür. X2 ilə podratçı "xxxx" MMC arasında bağlanmış 24.04.2017-ci il tarixli, TEX/04.2017 saylı müqavilə üzrə 30.05.2017-ci il tarixli təhvil-təslim aktından görünür ki, müqavilə üzrə podratçı tərəfindən 15640 manat dəyərində işlər görülmüşdür. X2 ilə podratçı "xxxx" MMC arasında bağlanmış 24.04.2017-ci il tarixli, TEX/04.2017 saylı müqavilə üzrə 14.06.2017-ci il tarixli təhvil-təslim aktından görünür ki, müqavilə üzrə podratçı tərəfindən 20916,55 manat dəyərində işlər görülmüşdür. X2 ilə podratçı "xxxx" MMC arasında bağlanmış 24.04.2017-ci il tarixli, TEX/04.2017 saylı müqavilə üzrə 24.06.2017-ci il tarixli təhvil-təslim aktından görünür ki, müqavilə üzrə podratçı tərəfindən 25153,55 manat dəyərində işlər görülmüşdür. X2 ilə podratçı "xxxx" MMC arasında bağlanmış 24.04.2017-ci il tarixli, TEX/04.2017 saylı müqavilə üzrə 08.09.2017-ci il tarixli təhvil-təslim aktından görünür ki, müqavilə üzrə podratçı tərəfindən 29903,35 manat dəyərində işlər görülmüşdür. X2 ilə podratçı "xxxx" MMC arasında bağlanmış 24.04.2017-ci il tarixli, TEX/04.2017 saylı müqavilə üzrə 20.10.2017-ci il tarixli təhvil-təslim aktından görünür ki, müqavilə üzrə podratçı tərəfindən 32913,35 manat dəyərində işlər görülmüşdür. X2 ilə podratçı "xxxx" MMC arasında bağlanmış 24.04.2017-ci il tarixli, TEX/04.2017 saylı müqavilə üzrə 20.10.2017-ci il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, sifarişçidən 63000 manat alınmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 28.12.2019-cu il tarixli, 9122 saylı rəyindən müəyyən olunur ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32, 4-cü küçədə yerləşən X4 məxsus 15 saylı yaşayış evi üzrə Texnoinşaat-2014 MMC tərəfindən konkret olaraq hansı təmir-tikinti işlərinin aparıldığını və aparılmış təmir-tikinti işlərinin aparıldığı tarixə dəyərini müəyyən etmək mümkün olmamışdır. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzinin 03.06.2020-ci il tarixli, 4/90 saylı rəyindən müəyyən olunur ki, mülki işdə olan 30.05.2017-ci il tarixli təhvil-təslim aktının 2-ci vərəqində X6 yazılarının qarşısında olan imza; 14.06.2017-ci il tarixli təhvil-təslim aktının 2-ci vərəqində X6 yazılarının qarşısında olan imza; 24.07.2017-ci il tarixli təhvil-təslim aktının 2-ci vərəqində X6 yazılarının qarşısında olan imza; 08.09.2017-ci il tarixli təhviltəslim aktının 2-ci vərəqində X6 yazılarının qarşısında olan imza X6 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 124 manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzinin 29.07.2021-ci il tarixli, 10/209 saylı rəyindən müəyyən olunur ki, Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanında 3 fərdi yaşayış evi mövcuddur. Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evlərində faktiki olaraq aparılan təmir-tikinti işlərinin aparıldığı tarixə ümumi dəyəri 79878,9 manat, o cümlədən 1-ci yaşayış evi üzrə 14756 manat, 2-ci yaşayış evi üzrə 22675 manat, 3-cü yaşayış evi üzrə 20869 manat və həyətyanı sahədə aparılmış təmir işlərinin dəyəri 21578,9 manat təşkil edir. Bakı şəhəri Səbail rayonu ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evlərində faktiki olaraq aparılan təmir-tikinti işləri tam başa çatmadığı və eləcə də, müqavilədə aparılmalı olduqları təmir işlərinin dəyəri göstərilmədiyi üçün həmin təmir-tikinti işlərinin dəyərini X2 ilə podratçı Texnoinşaat-2014 MMC arasında bağlanan 24.04.2017-ci il tarixli TEX/04.2017 saylı müqavilənin və həmin müqaviləyə əlavə bağlanan 04.05.2017ci il tarixli 1 saylı, 04.05.2017-ci il tarixli 2 saylı, 19.05.2017-ci il tarixli 3 saylı sazişlərin şərtlərinə uyğun olubolmamasını müəyyən etmək mümkün olmadı. 08.05.2017-ci il, 19.05.2017-ci il, 30.05.2017-ci il, 14.06.2017-ci il, 24.07.2017-ci il, 08.09.2017-ci il və 20.10.2017-ci il tarixli təhvil-təslim aktlarında qeyd olunan işlər faktiki olaraq Bakı şəhəri Səbail rayonu ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evlərində görülmüşdür. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İddia tələbində istinad etdiyi halları ilk növbədə sübut etmək vəzifəsi daşıyan iddiaçı cavabdehin podrat müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi səbəbindən ödədiyi 68000 manatın geri qaytarılmasını və həmin tələbdən törəmə olan mənzilin kirayəsi üçün 42000 manat, mənzilin əvvəlki vəziyyətə gətirilməsi üçün 1800 manat, hüquqi yardıma görə 500 manat məbləğində pul vəsaitini tələb etsə də, tələbini təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı podrat müqaviləsindən irəli gələn öhdəliklərin icrası ilə bağlı görülmüş işlərin dəyərinin 79878,9 manat olması öz təsdiqini tapmışdır. Tərəflər arasında bağlanmış 24.04.2017-ci il tarixli podrat müqaviləsinin 2.13-cü bəndinə əsasən sifarişçi ödənişi təqdim olunan görülən işlər haqqında aktlara əsasən podratçı hər iki tərəfin imzaladığı bu aktların əslini təqdim etdiyi vaxtdan sonra həyata keçirməsini öhdəsinə götürmüşdür. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının iddia tələbində istinad etdiyi halların sübuta yetirilməməsi səbəbindən iddia ərizəsini əsassız hesab edərək onu təmin etməmişdir. Apelyasiya şikayətinin dəlilləri isə qətnamənin ləğvi üçün əsas təşkil etmir. Bu səbəbdən iddianın təmin edilməməsi barədə qətnamə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Qeyd edilənlərə əsasən, apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı X6 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(001)- 33/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar