Məhkəmə qərarları › İş №2(103)-714/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-714/2023

26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-714/2023 26.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı ilkin, iddiaçı Cavabdeh LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı qarşılıqlı iddia tələbləri üzrə (Açar sözlər: kredit borcunun tutulması və kredit müqavilələrinin etibarsız hesab edilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Kamran Hüseyn oğlu Əkbərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh LPO İddiaçı ASC-nin nümayəndələri Nümayəndə2 Xeybər oğlunun və Nümayəndə3, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2685/2022 nömrəli, 07 oktyabr 2022-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh LPO İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi. İşin halları

1. İş materiallarında olan İddiaçı ASC-nin xx.xx.2018-ci il tarixli “əməkdaşlara güzəştli nağd pul kreditin verilməsi haqqında” qərarının surətindən görünür ki, Amrah Sığorta Şirkətində işləyən Cavabdeh 36 ay müddətinə, illik 16 faiz dərəcəsi ilə 55123 manat məbləğində kredit verilməsi qərara alınmışdır.

2. İş materiallarında olan İddiaçı ASC-nin Əməliyyat filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, ƏNK-06-151018/111473 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank borc alana istehlak məqsədilə 36 ay müddətinə, illik 16 faiz dərəcəsi ilə 55123 manat məbləğində kredit vermək öhdəliyini, borc alan isə vermək öhdəliyini, borc alan isə həmin kreditdən istifadə edərək, krediti və hesablanmış faizləri banka ödəmək öhdəliyini üzərinə götürmüşdür.

3. İş materiallarında olan İddiaçı ASC-nin Azadlıq filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ***-*******ƏNK271219-01 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank borc alana istehlak məqsədilə 24 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə 8609,18 manat məbləğində kredit vermək öhdəliyini, borc alan isə həmin kreditdən istifadə edərək, krediti və hesablanmış faizləri banka ödəmək öhdəliyini üzərinə götürmüşdür.

4. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********267 saylı maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixinə Cavabdeh xx.xx.2018- ci il tarixli, ƏNK-06- 151018/111473 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə olan borcunun məbləği 28023,09 manat əsas borc, 6788,76 manat faiz borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 587,39 manat faiz borcu olmaqla, cəmi 35399,24 manat təşkil edir.

5. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********224 saylı maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixinə Cavabdeh xx.xx.2019- cu il tarixli, ***- *******ƏNK271219-01 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə olan borcunun məbləği 7686,29 manat əsas borc, 2589,29 manat faiz borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 83,46 manat faiz borcu olmaqla, cəmi 10359,04 manat təşkil edir.

6. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1025 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, müqayisəedici tədqiqat aparmaq üçün ekspertizaya Cavabdeh sərbəst imza nümunələri qismində mülki işin 23-cü vərəqində olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətindəki imzası; 105-ci vərəqində olan AA01600818 nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətindəki imzası; şərti-sərbəst imza nümunəsi qismində mülki işin 61-66-cı vərəqlərində olan 18 may 2022-ci qarşılıqlı iddia ərizəsindəki imzası; eksperimental imza nümunələri qismində mülki işin 108-110-cu vərəqlərində olan imzaları təqdim olunmuşdur.

7. 14.07.2022-ci il tarixdə, xx.xx.2018-ci il tarixli № ƏNK-06-151018/111473 nömrəli, xx.xx.2019-cu il tarixli № ***-*******ƏNK271219-01 nömrəli və xx.xx.2019-cu il tarixli A 7111473DQK211119-01 nömrəli bank hesabı və kredit müqavilələrinin əsillərinin təqdim olunması barədə vəsatət verilmiş, xx.xx.2022-ci il tarixdə vəsatət qismən təmin edilmiş, Cavabdeh adından olan 21.11,2019-cu il tarixli 006- 7111473DQK211119-01 nömrəli bank hesabı və kredit müqaviləsinin əsli təqdim edilməmişdir.

8. Tədqiq olunan imzalar, ekspertrizaya təqdim edilmiş xx.xx.2018-ci il tarixli ƏNK-06- 151018/111473 nömrəli “Bank hesabı və kredit müqavilə”nin vərəqlərində “Borcalan” qrafalarındakı imzalardan, 4-cü vərəqində “Borcalan” qrafasında “Cavabdeh” yazılarının aşağısında olan imzadan və xx.xx.2019-cu il tarixli № 012- 711147ƏNK271219- 01 nömrəli “Bank hesabı və kredit müqavilə”nin 1-3-cü vərəqlərində “Borcalan” qrafalarındakı imzalardan, 4-cü vərəqində “Borcalan” qrafasında “Cavabdeh” yazılarının aşağısında olan imzadan ibarət olub, göy rəngli rəngləyici maddə ilə icra olunmuşdur.

9. Tədqiq olunan imzaların Cavabdeh imza nümunələri ilə müqayisə etdikdə məlum olmuşdur ki, tədqiq olunan imzalarda qrafik materialın azlığı, cizgilərin sadəliyi, həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlərin mövcud olması müqayisə vaxtı imkan vermir ki, gəti bir (müsbət və ya mənfi) rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyyatını seçib ayırmaq mümkün olsun. Odur ki, tədqiq olunan imzaların Cavabdeh tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır.

10. İş materiallarında olan hesabdan çıxarışlardan görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli, ƏNK-06-151018/111473 saylı kredit müqavilsi üzrə üzrə borcu xx.xx.2020-ci il tarixdə və xx.xx.2019-cu il tarixli, ***-*******ƏNK271219-01 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdə tam olaraq ödənilmişdir və dövrün sonuna qalıq yoxdur.

11. İş materiallarında olan Azərbaycan Kredit Bürosundan çıxarışın surətindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli, ƏNK-06-151018/111473 saylı kredit müqavilsi üzrə 28023,09 manat əsas borc, 6788,76 manat faiz borcu və xx.xx.2019- cu il tarixli, ***- *******ƏNK271219-01 saylı kredit müqaviləsi üzrə 7686,29 manat əsas borc, 2589,29 manat faiz borcu vardır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli ƏNK-06-151018/111473 saylı kredit müqaviləsi üzrə xx.xx.2022 tarixə olan 28023,09 manat əsas borc, 6788,76 manat faiz borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 587,39 manat faiz borcu olmaqla, cəmi 35399,24 manat borcun və 196,20 manat dövlət rüsumunun, xx.xx.2019-cu il tarixli ***-*******ƏNK271219- 01 saylı kredit müqaviləsi üzrə xx.xx.2022 tarixə olan, 7686,29 manat əsas borc, 2589,29 manat faiz borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 83,46 manat faiz borcu olmaqla, cəmi 10359,04 manat borcun və 121,08 manat dövlət rüsumunun cavabdehdən tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Əməliyyat filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, ƏNK-06- 151018/111473 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədilə 36 ay müddətinə, illik 16 faiz dərəcəsi ilə 55123 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC-nin Azadlıq filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ***-*******ƏNK271219-01 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə 8609,18 manat məbləğində kredit verilmişdir. Kredit müqavilələrinin 2.3-cü bəndlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********261 və **********268 saylı, xx.xx.2022 tarixli bildiriş məktubları göndərilməsinə baxmayaraq, borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, bağlanmış müqavilələrin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdehin xx.xx.2018-ci il tarixli, ƏNK-06-151018/111473 saylı kredit müqaviləsi üzrə xx.xx.2022 tarixə kredit üzrə cəmi borcu 35399,24 manat təşkil edir. Bundan 28023,09 manat əsas, 6788,76 manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 587,39 manat faiz borcu təşkil edir. Cavabdehin xx.xx.2019-cu il tarixli, 012- 7111473ƏNK271219-02 saylı kredit müqaviləsi üzrə xx.xx.2022 tarixə kredit üzrə cəmi borcu 10359,04 manat təşkil edir. Bundan 7686,29 manat əsas, 2589,29 manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 83,46 manat faiz borcu təşkil edir. Cavabdeh sonuncu dəfə xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixində 1600 manat və xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixində 400 manat məbləğində ödənişlər etmişdir.

14. İddiaçı Cavabdeh LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə aralarında bağlanılmış xx.xx.2018-ci il tarixli, ƏNK06- 151018/111473 saylı, xx.xx.2019-cü il tarixli ***- *******ƏNK271219-01 saylı və xx.xx.2019-cü il tarixli, ***-******* DQK 211119-01 saylı kredit müqavilələrinin etibarsız hesab edilməsi, həmin kredit müqavilələri üzrə gecikmə günlərinin olmaması barədə məlumatların Azərbaycan Respublikası Mərkəzi Bankının nəzdində olan Mərkəzləşdirilmiş Kredit Reyestrinə və Azərbaycan Kredit Bürosuna verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddia tələbini onunla əsaslandırmışdır ki, o zaman AmrahSığorta Şirkətində işləmişdir. "xxxx" ASC-nin rəhbərliyi onlara işlədiyindən istifadə edərək, onun və yaxınlarının, işçilərinin adlarına bir necə dəfə kredit rəsmiləşdirərək, götürmüşlər. Kreditlər rəsmiləşdirəndə ona narahat olmaması üçün zəmanət vermişdirlər. Həqiqətən də ilk zamanlar həmin kreditlər X3 tərəfindən götürüb bağlanmışdır. Belə ki, ona aid Azərbaycan Kredit Bürosundan çıxarışa əsasən 26 dəfə, cəmi 6 milyondan artıq təminatsız kredit götürmüşdür. Təbii ki, təminatsız krediti heç bir bank vermir. Elə bu kreditlərin təminatsız olması əslində kreditlərin ona aid olmamasının subutudur. Kreditlər onun və anasının və bir necə işçilərin adlarına rəsmiləşdirilmiş və sonradan da elə "xxxx" ASC tərəfindən də ödənilmişdir. X5 adına 470000 manat təminatsız kredit, işçisi Təranə Abbasovanın adına iki kredit, ******* manat və 860000 manat təminatsız kredit rəsmiləşdirilmişdir. Bu kredir müqavilələrində heç birinin də imzalar yoxdur. Sonradan, bankın özündə problemlər yaranandan sonra bu cür kreditlərin ödənişində çətinliklər yaranmışdır. Nəticədə o və yaxınları əziyyət çəkməyə başlamışdır. "xxxx" ASC-nin sahiblərdən biri olan X4 ilə bağlı o və yaxınları DTX-nə çağırılmış və elə orada izahat verilərək, bir daha bildirilmişdir ki, bu kreditlər Yunis İldırımzadəyə aiddir. "xxxx" ASC ləğv olunandan sonra və kreditlər bağlanılmadıqda işçilərindən biri Təranə Abbasova "xxxx" ASC-ni ləğvedicini məhkəməyə vermiş və məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, onun adına rəsmiləşdirilmiş kredit müqaviləsindəki imza saxtadır. Nəsimi rayon məhkəməsi bununla bağlı xx.xx.2022-ci il tarixli 2(006)-224/2022 saylı xüsusi qərardad qəbul etmişdir və Təranə Abbasovanın adına olan kredit müqavilələri etibarsız hesab edilmişdir. Elə o ərəfədə anasının krediti ilə bağlı maraqlanmış və məlum olmuşdur ki, həmin krediti özləri bağlamışdır. Lakin onun özünün adına olan, imzaları olmayan müqavilələr üzrə kreditlər isə bağlanılmamışdır. Əlavə olaraq bildirir ki, adına rəsmiləşdirilmiş xx.xx.2015-ci il tarixli, 261115/111473 saylı kredit müqaviləsi üzrə 36200 manat borc vaxtında ödəmilmədiyindən üzərinə gələn faizlər kapitallaşdırılaraq adına yeni borc olan xx.xx.2018-ci il tarixli kredit müqaviləsi rəsmiləşdirilmişdir. Ustəlik Kredit Bürosundan çıxarışdan məlum olmuşdur ki, adına olmuş 2019-cü götürülmüş ******* manat kreditin 65021,89 manat vəsaiti ödənilməmişdir, halbuki bu kredit də "xxxx" ASC tərəfindən götürüldüyündən, elə onlar da bağlamalı idilər. Bundan əlavə, onun kredit tarixçəsində 510.400 ABŞ dollar var. Həmin borc öncədən Əmrah İldırımzadənin adına rəsmiləşdirilmiş, sonradan onun adına sənədləşdirilmişdir, yekunda isə həmin kredit üzrə borc "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli məktubu ilə "xxxx" ASC tərəfindən ödənilmişdir. Bu da bir daha onun adına açılmış kreditlərin reallıqda "xxxx" ASC-nin rəhbərliyinə aid olmasına dəlalət edir. Bütün bunlar barədə Əmanətlərin Sığortalanma Fonduna yazılı müraciət etmişdir. Adına olan həm bu iş üzrə kredit müqavilələri, həm də digər kredit müqavilələri Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulması ilə bağlanıldığından, həmin müqavilələr əhəmiyyətsiz əqd kimi qəbul edilməlidir.

16. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2685/2022 nömrəli xx.xx.2022- ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi xx.xx.2019-cü il tarixli, ***-******* DQK 211119-01 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi, həmin kredit müqaviləsi üzrə gecikmə günlərinin olmaması barədə məlumatın Azərbaycan Respublikası Mərkəzi Bankının nəzdində olan Mərkəzləşdirilmiş Kredit Reyestrinə və Azərbaycan Kredit Bürosuna verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində baxılmamış saxlanılmışdır.

17. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2685/2022 nömrəli, 07 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Toğrul Axundov) ilkin iddianln təmin edilməməsi, ödənilmiş 121 (bir yüz iyirmi bir) manat 08 (səkkiz) qəpik dövlət rüsumu iddiaçıya aid edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 15 oktyabr 2018-ci il tarixli ƏNK-06-151018/111473 nömrəli və 27 dekabr 2019-cü il tarixli 012- 7111473ƏNK271219-01 nömrəli kredit müqavilələrinin etibarsız hesab edilməsi, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 15 oktyabr 2018ci il tarixli ƏNK-06-151018/111473 nömrəli və 27 dekabr 2019-cü il tarixli 012- 7111473ƏNK271219-01 nömrəli kredit müqavilələri üzrə gecikmə günlərinin olmaması barədə məlumatların Azərbaycan Respublikası Mərkəzi Bankın nəzdində olan Mərkəzləşdirilmiş Kredit Reyestrinə və Azərbaycan Kredit Bürosuna verilməsi öhdəliyi cavabdeh LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması, cavabdeh LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan 100 (bir yüz) manat dövlət rüsumu alınıb iddiaçı Cavabdeh verilməsi, iş üzrə məhkəmə məsrəfi olan 126 (iki yüz) manat ekspertiza xərci qarşılıqlı iddia üzrə cavabdeh LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməsi qət edilmişdir.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.5, 337.1, 339.1, 339.4, 339.6, 385.1, 406.1, 406.3, 407.2, 425.1, 442, 739.1, 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

19. Qətnamədən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh LPO İddiaçı ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, qarşılıqlı iddia tələbi rədd edilməsi və LPO “AmrahBank" ASC-nin ilkin iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti ilkin iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, mülki işin məhkəmə baxışı zamanı müəyyən olunmuş mübahisəsiz hallarına eləcə də iş materialları üzrə cavabdehin banka kredit borcunun istər mərkəzi kredit reyestrində, istərsə də bankın əməliyyat sistemində aktiv olmasına baxmayaraq, məhkəmə yalnış olaraq belə qənaətə gəlmişdir ki, bank tərəfindən ekspertə kifayət qədər sənədlər təqdim olunmadığına və bu səbəbdən də, qrafik materialın azlığına görə, tədqiq olunan imzaların Cavabdeh tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamış, iddiaçı tərəfindən məhkəməyə mübahisələndirilən məbləğlərin cavabdeh tərəfindən bankdan çıxarılmasına (ona ödənilməsinə) dair sübutlar təqdim edilməmişdir. Halbuki, həm elektron məhkəmə sistemi vasitəsilə, həm də məhkəmə iclasları zamanı məhkəmənin şifahi müraciətinə əsasən, müşayiət məktubu ilə nümayəndə tərəfindən iş üzrə əlavə sübutlardan xüsusilə iddia tələbinin predmetinə aid olmayan xx.xx.2019-cu il tarixli müqavilə və digər kredit razılaşmasına dair sənədlər təqdim edilmişdir. Bundan əlavə cavabdeh "xxxx" ASC-də İdarə Heyətinin sədri olmuş və bu faktın özü də kredit müqaviləsinin cavabdehin özü tərəfindən imzalanmasının mübahisəsiz hallarından biri hesab edilməldir. Məhkəmə tərəfindən iş materiallarında olan kifayətedici sübutlar tam araşdırılmamışdır. Belə ki, müqavilənin mahiyyət etibarilə kredit xətt müqaviləsi olması səbəbindən müvafiq köçürmələrin cavabdehin bank hesabına köçürülmüş, eləcə də qrafik üzrə ödənişlərini təsdiq edən hesabdan çıxarış məlumatlarına və iş üzrə digər xüsusatlara düzgün hüquqi qiymət verməmişdir. Bundan başqa, məhkəmə nəzərə almamışdır ki, Cavabdeh tərəfindən xx.xx.2014-cü il tarixində 12.935 manat və xx.xx.2014- cü il tarixində 17.500 manat rəsmiləşdirilmiş kredit məbləğlərini, məxaric orderi əsasında kassadan nağd olaraq götürmüş və daha sonra xx.xx.2015-ci il tarixində isə cari hesabına köçürülməsi yolu ilə 36.200 manat kredit götürməklə, yuxarıda qeyd edilən hər iki krediti bağlamışdır. Bundan sonra, cavabdeh tərəfindən şəxsi məqsədləri üçün götürdüyü və hal hazırda mübahisələndirilən xx.xx.2018-ci il tarixli ƏNK-06- 151018/111473 saylı və xx.xx.2019-cu il tarixli ***-*******ƏNK271219-01 saylı kredit müqavilələri də kredit xətt müqaviləsi əsasında şəxsin cari hesablarına köçürülmüşdür. Cavbdehin qarşılıqlı iddia ərizəsində mübahisələndirdiyi və aidiyyatlı kredit hesab olunan 1 233 827 manat kredit isə Bankın rəhbərliyi tərəfindən onun adına rəsmiləşdirilərək nağd qaydada kassadan götürülümüş və Bankın ləğv edilmə prosesində kredit bağlanmışdır. Hal-hazırda iddiaçı tərəf olaraq, həmin müqavilə mühbahisələndirilmədiyi üçün məhkəmə tərəfindən baxılmamış saxlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müqayisəedici tədqiqat aparmaq üçün ekspertizaya Cavabdeh sərbəst imza nümunələri qismində mülki işin 23-cü vərəqində olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətindəki imzası; 105-ci vərəqində olan AA01600818 nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətindəki imzası; şərti-sərbəst imza nümunəsi qismində mülki işin 61-66-cı vərəqlərində olan 18 may 2022-ci qarşılıqlı iddia ərizəsindəki imzası; eksperimental imza nümunələri qismində mülki işin 108-110- cu vərəqlərində olan imzaları təqdim olunmuşdur. Hesab edir, qeyd olunan nümunələr imzanın cavabdeh tərəfindən icra olunmasını müəyyən etmək ekspert üçün çətinlik yaradırsa, əlavə sübutların təqdim edilməsi üçün məhkəmə qarşısında vəsatətlə çıxış etməli idi. Məhkəmə Ekspertizası Mərkəzinin 4/1025 saylı, xx.xx.2022- ci il tarixli rəyində qeyd olunmuşdur ki, tədqiq olunan imzaların Cavabdeh imza nümunələri ilə müqayisə etdikdə məlum olmuşdur ki, tədqiq olunan imzalarda qrafik materialın azlığı, cizgilərin sadəliyi, həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlərin mövcud olması müqayisə vaxtı imkan vermir ki, gəti bir (müsbət və ya mənfi) rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyyatını seçib ayırmaq mümkün olsun. Göründüyü kimi, ekspert rəyində olan qeyri-müəyyənliyin aradan qaldırılması üçün məhkəmə mütləq şəkildə təkrar və əlavə məhkəmə ekspertizası təyin etməli idi. İddiaçı tərəfindən borclunun banka kredit xətti müqaviləsi ilə borcunun mövcudluğunu təsdiq edən sənədlərin təqdim edilməsinə, ödənişlərə dair hesabdan çıxarış sənədinin olmasına, eləcə də mərkəzi kredit reyestrində borc məbləği olduğu halda, məhkəmənin heç bir mötəbər əsas olmadan cavabdehlə bağlanmış xx.xx.2018-ci il tarixli ƏNK-06-151018/111473 saylı və xx.xx.2019-cu il tarixli ***-*******ƏNK271219-01 saylı kredit müqavilələrinin etibarsız olması qənaətinə gəlməsi tamamilə qanunsuzdur. Qaydaların müvafiq bəndləri Azərbaycan Respublikasının Mərkəzi bankının müəyyən etdiyi ciddi mühasibat sənədlərini müəyyən edir. Məhkəmə iş materiallarında olan natamam ekspert rəyinə, kredit müqavilələrini və maliyyə sənədlərinə ciddi yanaşmamış və kredit borcunun olmasını təsdiq edən sübutların mövcudluğu baxımından iddianın əsaslılığına düzgün qiymət verməmişdir. Yəni, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

22. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh LPO İddiaçı ASC-nin nümayəndələri Nümayəndə2 Xeybər oğlunun və Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

23. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

24. Maddə 324.1 əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

25. Maddə 324.2 əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

26. Maddə 324.5 iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

27. Maddə 337.1 bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

28. Maddə 339.1 hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

29. Maddə 339.4 əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir.

30. Maddə 339.6 bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

31. Maddə 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

32. Maddə 406.1 müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

33. Maddə 406.3 yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsi ilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər.

34. Maddə 407.2 sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.

35. Maddə 425.1 öz hüquqlarını həyata keçirərkən vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

36. Maddə 442 öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

37. Maddə 739.1 borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

38. Maddə 739.2 borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022- ci il tarixli Qərarında göstərmişdir ki, “Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında göstərmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.”

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, “Qarşılıqlı iddianın qəbul olunmasının digər şərti ondan ibarətdir ki, belə iddianın təmin olunması ilkin iddianın tam və ya qismən təmin olunmasını istisna edir. Bu əsasla müxtəlif iddialar irəli sürülə bilər. Qarşılıqlı iddia iddiaçının dəlillərinin dəf edilməsinə yönəlir. Qarşılıqlı iddia bilavasitə ilkin iddianı mahiyyəti üzrə təkzib etməsə də, onun təmin olunmasını imkansız edir. İlkin iddia təmin olunduğu təqdirdə qarşılıqlı iddia təmin oluna bilməz.”

42. Azərbayca Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

46. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

47. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

48. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

49. Hazırki halda qətnamə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh LPO İddiaçı ASC tərəfindən tam mübahisələndirilərək ləğv edilməsi, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi xahiş edildiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2685/2022 nömrəli, 07 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Belə ki, işin məhkəmə baxışı zamanı müəyyən olunmuş mübahisəsiz hallarına görə, ilkin iddia üzrə iddiaçı LPO ”Amrahbank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsində İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, ƏNK-06-151018/111473 saylı kredit müqaviləsinə istinad edərək borc alana 36 ay müddətinə, illik 16 faiz dərəcəsi ilə 55123 manat məbləğində, xx.xx.2019-cu il tarixli, ***-*******ƏNK271219-01 saylı kredit müqaviləsinə istinad edərək borc alana 24 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə 8609,18 manat məbləğində kredit verildiyini göstərsə də, qeyd olunan məbləğdə kredit vəsaitlərinin cavabdeh tərəfindən qəbul edilməsinə dair ciddi hesabat blanklarını, yəni kassa məxaric orderlərini məhkəməyə təqdim edə bilməmişdir.

52. Birinci instansiya məhkəmə tərəfindən Cavabdeh tərəfindən kredit müqavilələrinin imza edilməməsi və həmin müqavilələr üzrə hər hansı məbləğdə pul götürməməsi ilə bağlı dəlillərini yoxlamaq üçün məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. Lakin iddiaçı bank tərəfindən ekspertə kifayət qədər sənədlər təqdim olunmadığına və bu səbəbdən də, qrafik materialın azlığına görə, tədqiq olunan imzaların Cavabdeh tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamış, iddiaçı tərəfindən məhkəməyə mübahisələndirilən məbləğlərin cavabdeh tərəfindən bankdan çıxarılmasına (ona ödənilməsinə) dair sübutlar təqdim edilməmişdir.

53. Məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinin dəlillərinin yoxlanılması məqsədi ilə təkrar məhkəmə-xətşünaslıq еkspеrtizаsı təyin еdilmiş və ekspеrtizаnın kеçirilməsi Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Еkpеrtizаsı Mərkəzinə həvаlə еdilmişdir.

54. İş materiallarına əlavə edilmiş 20 fevral 2023-cü il tarixli, 4/32 nömrəli ekspert rəyindən müəyyən edilir ki, mülki işin 173-176-cı vərəqələrində olan xx.xx.2019-cu il tarixli № ***-*******DQK211119-01 nömrəli “Bank hesabı və kredit müqavilə”nin 1-3-cü vərəqələrində “Borcalan” qrafasındakı imzalar, 4-cü vərəqində “Borcalan” qrafasında “Cavabdeh” yazılarının aşağısında olan imza -Cavabdeh AYDİN oğlu tərəfindən icra olunmuşdur.

55. Həmçinin mülki işin 121-124-cü vərəqələrində olan xx.xx.2018-ci il tarixli № ƏNK-06-151018/111473 nömrəli “Bank hesabı və kredit müqavilə”nin 1-3-cü vərəqələrində “Borcalan” qrafasındakı imzalar, 4-cü vərəqində “Borcalan” qrafasında “Cavabdeh” yazılarının aşağısında olan imzanın, mülki işin 125-128-ci vərəqələrində olan xx.xx.2019cu il tarixli № ***-*******ƏNK271219-01 nömrəli “Bank hesabı və kredit müqavilə”nin 1-3-cü vərəqələrində “Borcalan” qrafasındakı imzalar, 4-cü vərəqində “Borcalan” qrafasında “Cavabdeh” yazılarının aşağısında olan imzanın- Cavabdeh tərəfindən icra olunubolunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı.

56. Qeyd etmək lazımdır ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə bağlıdır. Müqavilənin bağlanmış sayılması üçün tərəf qarşılıqlı olaraq müəyyən hüquqi nəticəni əmələ gətirmək arzusunda olmalı və buna uyğun mühüm şərtləri özündə əks etdirən iradələrini bəyan etməlidirlər. Yəni müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır (Mülki Məcəllənin 324-cü maddəsi).

57. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir

59. Beləliklə məhkəmə kollegiyası sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, araşdırılmış sübutlarla İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, ƏNK-06-151018/111473 saylı və xx.xx.2019-cu il tarixli, ***- *******ƏNK271219-01 saylı kredit müqavilələrinin əhəmiyyətsiz əqd olması, həmin əqdlərin bağlanılmasında iddiaçının şəxsən iştirak etməməsi, İddiaçı ASC-nin vəzifəli şəxslərinin Cavabdeh Amrah Sığorta Şirkətində işləməsindən istifadə edərək, onun adından kredit rəsmiləşdirməklə götürmələri və müəyyən müddət ödənişlər etmələri müəyyən edilmişdir. Həmçinin, İddiaçı ASC-nin vəzifəli şəxslər tərəfindən bu növ qanunsuzluqların edilməsi təkcə Cavabdeh ilə yekunlaşmamışdır. Belə ki, iş mataeriallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-224/2022 saylı qətnaməsindən də görünür ki, iddiaçı Abbasova (Babayeva) Təranə Müzəffər qızının cavabdeh LPO İddiaçı ASCyə qarşı “kredit müqavilələrinin və onlara ediİmiş əlavə razılaşmaların etibarsız hesab edilməsi tələbinə dair” iddiası qismən təmin edilmiş, eyni zamanda, İddiaçı ASC ilə Abbasova (Babayeva) Təranə Müzəffər qızı arrasında kredit müqavilələrinin bağlanması və həmin müqavilələr üzrə ona pul məbləğinin verilməsi öz təsdiqini tapmadığına görə, xx.xx.2022-ci il tarixli 2(006)-224/2022 saylı xüsusi qərardad qəbul edilərək, bankın vəzifəli şəxslərinin hərəkətlərində cinayət tərkibi əlamətlərinin olması nəzərə alınaraq, müvafiq araşdırma aparılıb hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməsi qərara alınmışdır.

60. Qeyd olunanlar əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli ƏNK-06- 151018/111473 nömrəli və xx.xx.2019-cü il tarixli 012- 7111473ƏNK271219-01 nömrəli kredit müqavilələri etibarsız hesab edilməklə, həmin kredit müqavilələri üzrə gecikmə günlərinin olmaması barədə məlumatların Azərbaycan Respublikası Mərkəzi Bankın nəzdində olan Mərkəzləşdirilmiş Kredit Reyestrinə və Azərbaycan Kredit Bürosuna verilməsi öhdəliyi qarşılıqlı iddia üzrə cavabdeh LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmalıdır.

61. Kollegiya ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh LPO İddiaçı ASC tərəfindən apellyasiya icraatı zamanı təqdim edilmiş “X7”nin 11 aprel 2023-cü il tarixli, İEM-03/04/23 nömrəli mütəxəssis rəyi ilə bağlı qeyd edir ki, qeyd edilən rəy hazırkı halda əsaslı sübut hesab edilə bilməz. Belə ki, MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.https://www.e-qanun.az/framework/46945 Həmin Məcəllənin 372.2-ci maddəsinə görə isə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

62. Kollegiya qeyd edir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh həmin sübutun birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməli olduğu halda apellyasiya icraatı zamanı təqdim etmiş, lakin həmin sübutun birinci instansiya məhkəməsində təqdim edilməsinin odan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilməmişdir.

63. Həmçinin o da qeyd edilməlidir ki, təqdim edilən mütəxəssis rəyi qanunvericiliyin tələbinə uyğun verilməmişdir. Belə ki, rəy ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh LPO İddiaçı ASC ilə “X7” arasında bağlanmış müqavilə əsasında verilmiş olsa da ekspertin bilə-bilə yalan rəy verməyə görə məsuliyyət daşıması ümumiyyətlə müəyyən olunmur. Bu isə təqdim edilən mütəxəssis rəyinin iş üzrə tədqiq edilən digər iki ekspert rəyləri ilə bərabər qüvvəyə malik olmasını istisna edir.

64. Görüdüyü kimi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh apellyasiya şikayətində qeyd etdiklərini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinin tələbi baxımından hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

65. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin ilkin iddianın rədd edilməsi, qarşılıqı iddianın isə təmin edilməsinə dair qənaəti qanuni və əsaslı olmuşdur.

66. İş materiallarına əlavə edilmiş Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Еkpеrtizаsı Mərkəzinin 20 fevral 2023-cü il tarixli, 4/32 nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 125 (bir yüz iyirmi beş) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən aparılmış ekspertiza tədqiqatın dəyərini təşkil edən 125 (bir yüz iyirmi beş) manat ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh LPO İddiaçı ASC-dən tutularaq Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Еkpеrtizаsı Mərkəzinin hesabına ödənilməlidir.

68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh LPO İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2685/2022 nömrəli, 07 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatın dəyərini təşkil edən 125 (bir yüz iyirmi beş) manat ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh LPO İddiaçı ASC-dən tutularaq Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Еkpеrtizаsı Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar