Məhkəmə qərarları › İş №2(103)-714/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-714/2024

10.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-714/2024 10.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: ““zərərin əvəzinin ödənilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2758/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. 01 sentyabr 2022-ci il tarixli HM-C02-220901-0/6 saylı xidmət müqaviləsi üzrə qiymət razılaşma protokoluna əsasən “Azure Residence” yaşayış kompleksində və “Yeni hayat” Plazada liftlərin kart sistemində aylıq texniki xidmət göstərilməsinə dair "xxxx" MTK və "xxxx" MMC arasında müqavilə bağlanmışdır.

2. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Nəsirov Sərxan, Məhərrəmov Nizami və Maşov Əhməd bu aktı tərtib edirlər ondan ötrü ki, xx.xx.2023-cü il tarixdə saat 23:40 radələrində Xətai r., 8 Noyabr pr., Blok 3, Mənzil 103-ün sakini Cavabdeh, Xətai r., Noyabr pr. 15 ünvanında yerləşən “Azure Residence” yaşayış kompleksinin 3-cü blokunun liftinə daxil olaraq liftin kart oxuma mexanizmini qəsdən sındıraraq əmlaka qəsdən zərər vuraraq ərazini tərk etmişdir. Bundan sonra binada yaşayan sakinlər liftdən istifadə də bilməmiş və çoxsaylı narazılıqlar yaranmışdır.

3. xx.xx.2023-cü il tarixli təklifdən görünür ki, 843,59 manat dəyərində ZKTeko ECkontroller, 106,42 manat dəyərində kart oxuyucu, 510 manat dəyərində quraşdırma və proqram təminatının yeri qurğuya yüklənəsi xidməti üçün cəmi 1722,81 manat dəyərində işin görülməsi sifarişçi Güvenli servis tərəfindən icrası "xxxx" MMC-yə təklif olunmuşdur.

4. xx.xx.2023-cü il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, "xxxx" MTK tərəfindən "xxxx" MMC-yə avans olaraq 262,8 manat ödəniş etmişdir.

5. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MTK tərəfindən "xxxx" MMC-yə 1460,01 manat ödəniş etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı MTK Cavabdeh qarşı iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmə müraciət edərək, "xxxx" MTK-nən çevrilmə yolu ilə yenidən təşkil edildiyini və "xxxx" MMC-nin yarandığını bildirərək 1722.81 manat məbləğində dəymiş zərərin əvəzi, 37,30 manat məbləğində dövlət rüsumu, ümumilikdə 1760,11 manat məbləğində pul vəsaitinin İddiaçı MMC-nin xeyrinə Cavabdeh tutulmasını xahiş etmişdir.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 8 noyabr prospekti, 15 ünvanında yerləşən binaya İddiaçı MTK xidmət göstərir. xx.xx.2023-cü il tarixdə 8 noyabr prospekti, 15 ünvanında yerləşən binanın 3-cü blokunda yerləşən liftin idarəetmə lövhəsində mövcud olan qurğulara qəsdli şəkildə Cavabdeh tərəfindən zərər yetirilmişdir. Nəticədə liftin idarəetmə lövhəsi mexanikizədə almış və sakinlərin istifadəsi üçün tam yararsız hala düşmüşdür. Binanın digər sakinlərinin liftdən istifadəsini bərpa etmək məqsədilə dərhal xarab olmuş detallar yenisi ilə əvəz olunaraq liftin istifadəsi bərpa edilmişdir. "xxxx" MMC tərəfindən liftə təmirbərpa xidməti göstərilmişdir. Belə ki, "xxxx" MMC tərəfindən verilən qiymət təklifinə əsasən liftin təmir xidməti üçün dəyərin 1722.81 manat məbləğində olması müəyyən edilmişdir

8. Cavabdeh iddia tələbinə etiraz ərizəsi təqdim edərək, göstərmişdir ki, cavabdeh "xxxx" MTK tərəfindən inşa olunan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15A ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 3-cü blok 14-cü mərtəbəsində yerləşən 103 saylı mənzilin sakinidir və qeyd edilən ünvanda yaşayır. Sözügedən bina 09 fevral 2007-ci ildə təsis edilmiş "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmişdir. Binanın tikintisi çoxdan tam başa çatmış və 2016-cı ildə binada mövcud olan yaşayış və qeyriyaşayış sahələrinin mülkiyyətçilərinə onların mülkiyyət hüquqlarını qeydə alınmasına dair çıxarışlar verilmişdir. Başqa sözlə, 2016-cı ildə həmin binada mövcud olan yaşayış və qeyriyaşayış sahələri üzrə mülkiyyət hüquqları "xxxx" Mənzil Tikinti Kooperativinin üzvlərinə (sahə mülkiyyətçilərinə) keçmişdir. Buna baxmayaraq, bina "xxxx" MTK-ya faktiki sahiblik edən şəxsin göstərişinə əsasən müxtəlif şirkətlər tərəfindən qanunsuz idarə edilmişdir. Belə ki, həmin bina 2022-ci ilin 31 dekabr tarixinədək "xxxx" MMC tərəfindən (sonradan adı dəyişdirilərək "xxxx" MMC olmuşdur), xx.xx.2023-cü il tarixdən isə İddiaçı MTK tərəfindən qanunsuz idarə edilməyə başlanmışdır. Qeyd edilən şirkətlərin binanı idarə etmək üçün heç bir səlahiyyəti olmamış, binadakı mənzil mülkiyyətçilərinin ümumi yığıncağı çağırılmamış və onlar tərəfindən hər hansı qərarlar qəbul edilməmişdir. Yalnız özünü binanın faktiki sahibi hesab edən şəxsin istəyinə və göstərişinə əsasən onun təyin etdiyi şirkətlər tərəfindən qanunsuz idarə edilmişdir və hazırda da bu davam etdirilir. Bina sakinlərindən qanunsuz olaraq kommunal ödəniş adı altında pullar yığılır. Həmin ödənişləri etməyən mənzillərin sakinlərinin liftdən istifadələrinə qadağalar qoyulur və bu hala sakinlər binanın 14-cü, 15-ci mərtəbəsinə piyada qalxmaq məcburiyyətində qalır. Həmçinin, mənzillərə verilmiş istilik sistemləri də dayandırılır. Binanın liftindən cavabdehin də istifadəsinə dəfələrlə məhdudiyyət qoyulmuşdur. Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi və 3-cü şəxslərə müraciət edərək binanın saxlanması üçün çəkilən xərclər barədə məlumat verilməsini, binanın saxlanmasında öz payına uyğun iştirak etmək istədiyini bildirməsinə baxmayaraq, iddiaçı tərəfindən həmin məlumatlar təqdim edilməmiş və əsassız olaraq sakinlərdən mənzilin hər kvadratmetrinə görə 1.30 manat xidmət haqqı tələb edilmişdir. 2023-cü ildən yanvar ayından isə "Güvenli-Servis Ménagement” MTK qanunsuz olaraq binanı idarə etməyə başlamışdır. "xxxx" MTK-nın Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15A ünvanında yerləşən çoxmənzilli binadan çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılması və sair tələblərlə bağlı Xətai Rayon Məhkəməsinə müraciət edilmiş, həmin məhkəmənin xx.xx.2023-cu il tarixli və xx.xx.2023-cü il tarixli e-16(011)-391/2023 saylı qərardadları ilə cavabdehin faktiki yaşadığı Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, ev 15, X2 3-cü blokunda yerləşən 103 saylı mənzildən istifadəyə məhdudiyyət qoyulmasına yönəlmiş hərəkətlər, o cümlədən də liftlərdən istifadə etmək üçün kartlara məhdudiyyətin qoyulması, işıq, su və istilik təchizatının mənzilə daxil olmasına maneələrin yaradılması cavabdeh "xxxx" MTK, üçüncü şəxslər: “Azure Management" MMC, İddiaçı MTK və digər şəxslərə qadağan edilmişdir. Lakin buna baxmayaraq İddiaçı MTK tərəfindən həmin məhkəmə qərardadları qərəzli şəkildə icra edilməyərək mənzilə qalxmaq üçün liftdən istifadəyə qoyulan məhdudiyyət saxlanılmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə cavabdehin sağ körpücük sümüyün çıxığına görə əməliyyat olunaraq sağ çiyninə implant qoyulmuşdur. O, xx.xx.2023-cü il tarixdə qol və çiyin nahiyəsi sarıqlı vəziyyətdə həkim müayinəsindən gəlib yaşadığı mənzilə qalxmaq istəyərkən liftdən istifadəyə qoyulan məhdudiyyətin hələ də aradan qaldırılmadığını müəyyən etdikdən sonra, blokda mühafizəni həyata keçirən şəxsə mənzilə qalxmaq üçün kart oxuyucusuna kartı vurmasını xahiş etsə də, mühafizəçi tərəfindən ona İddiaçı MTK-nın rəhbərliyi tərəfindən liftdən istifadənin qadağan olunduğunu, ona görə də yaşadığı 14-cü mərtəbəyə pilləkənlər vasitəsi ilə qalxa biləcəyini bildirmişdir. Cavabdeh məhkəmə qərardadı ilə liftdən istifadəyə qoyulmuş qadağanın aradan qaldırıldığını nəzərə alaraq mənzilə qalxmaq üçün qanunsuz quraşdırılmış lift kartını çıxartmışdır. Lakin, ondan sonra da liftdən istifadə etmək mümkün olmamış və isti yay günündə xəstə halda, 14-cü mərtəbəyə pilləkənlə çıxmaq məcburiyyətində qalmışdır. Bundan sonra iddiaçı yenə də binanın liftinə qoyulan məhdudiyyəti aradan qaldırmamışdır. Yalnız Xətai Rayon İcra Şöbəsinin əməkdaşları tərəfindən polislərin iştirakı ilə məcburi icra tədbirləri həyata keçirilərək mütəxəssis dəvət edilərək liftdən istifadəyə qoyulmuş məhdudiyyət xx.xx.2023-cü il tarixdə aradan qaldırılmışdır. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, iddia ərizəsi tamamilə əsassızdır. Bundan əlavə, ümumiyyətlə İddiaçı MTK-nın sözügedən binanı idarə etməsi qanunsuzdur. Digər tərəfdən, qanunsuz quraşdırılan qurğunun yenidən bərpa edilərək qanunsuz hərəkətin davam etdirilməsi üçün xərclənən vəsait qanunvericilikdə nəzərdə tutulmuş qaydada iddiaçıya dəymiş zərər hesab edilə bilməz. Yəni ki, qanunsuz fəaliyyətə sərf olunan vəsait zərər deyildir. Bundan başqa, yuxarıda da qeyd edilən maddədən də (maddə 35) göründüyü kimi lift bina sahə mülkiyyətçilərinin ümumi mülkiyyətidir. Liftlə bağlı dəymiş zərəri (əgər varsa) tələb etmək hüququ da məhz bina mülkiyyətçilərinə məxsusdur. Belə olan halda, iddiaçı hazırkı iddianı qaldırmağa subyektiv hüquqa da malik deyildir. Bu fakt özü-özlüyündə iddia tələbinin rədd edilməsi üçün müstəqil əsasdır.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2758/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim X3)

10. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, “subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. Məhkəmə hesab etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab etmişdir ki, İddiaçı MMC-ni hazırkı məhkəmə baxışının predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki yuxarıda qeyd olunan normaların məzmunundan aydın olur ki, mənzilin yerləşdiyi binada heç bir sahəyə və ya əmlaka iddiaçının hüquqları və bu əmlaklara texniki xidmət göstərilməsi kimi vəzifələri yoxdur.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 227ci maddələrinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci, 109-cu, 122-ci, 123-cü, 132-ci maddələrinə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 4-cü, 5-ci, 14.2-ci, 77.1-ci, 107-ci, 119-cu maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən İddiaçı MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin düzgün araşdırılmasına səthi yanaşmış, mövcud olan subyektiv hüquqlarını faktiki halları araşdırmadan yalnız rəsmi olmadığına əsaslanaraq inkar emişdir. Belə ki, dəymiş zərəri qabaqcadan ödədiyikləri üçün reqress qaydasında pulu geri tələb etmişlər. Həm bu səbəbə görə həm də faktiki olaraq binaya xidmət göstərdikləri üçün subyektiv hüquqlarının mövcud olduğunu hesab edirlər. Lakin məhkəmə heç bir vəchlə yuxarıda sadalananlara əhəmiyyət verməmiş yalnız formal mülahizələrlə subyektiv hüquqlarını tanımamışdır. Belə olan təqdirdə iddiaçı törətdiyi əmələ görə maddi məsuliyyətdən azad olur. Eyni zamanda bu qətnamə binanın digər sakinlərinə də binanın əmlaklarına zərər yetirməyə rəvac verir. Çünki sakinlər son nəticədə maddi məsuliyyətdən azad olacaqlarına inanırlar. Eyni zamanda sakinlərin rahat yaşaması üçün liftin təmiri xərclərini qarşılamış iddiaçının da hüquqları pozulur və qətnamə özlüyündə sakinlər və qeyri sakinlər arasında, o cümlədən ölkə daxilində insanlar arasında insanpərvərlik, xeyirxahlıq prinsiplərini zədələyir. Məhkəmə normativ hüquqi aktlara istinad etməklə kifayətlənmiş, iddiaçının mənzilin yerləşdiyi binada heç bir sahəyə və ya əmlaka hüquqlarının və bu əmlaklara texniki xidmət göstərilməsi vəzifələrinin olmaması qənaətinə gəlmişdir. Lakin işin faktiki halları qətiyyən araşdırılmamışdır. Əgər araşdırılsaydı, iddiaçının binaya idarəçi təşkilat olaraq xidmət göstərdiyi, sakinlərin iddiaçıya aylıq kommunal haqlar ödəməsi məlum olardı. Eyni zamanda iş materiallarına əlavə etdikləri video materiallar da binaya idarəçi təşkilat olaraq xidmət göstərdiklərinin əyani sübutudur. Əks halda o videomaterialları əldə edə bilməzdilər. Həmin binada sakinlərin rahat şəraitinin təmin olunması onlar tərəfindən həyata keçirilir və sakinlər bu xidmətlərə görə iddiaçıya kommunal haqlar ödəyir. Bundan əlavə məhkəmə qətnaməsində işin mübahisəsiz halı olaraq zərərin aradan qaldırılması üçün İddiaçı MMCnin “TS GROUP MMC-yə müraciət etməsini və aralarında olan razılığa əsasən "xxxx" MMCyə cəmi 1722,81 manat ödəniş edilməsini müəyyən etmişdir. Bunlar qətnamənin məhkəmə tərəfindən müəyyən edilən hallar hissəsində qeyd olunmuşdur. Bu səbəbdən iddiaçının reqress qaydasında pulu cavabdehdən tələb etməyə hüquqi ixtiyarı var. Çünki mübahisəsiz hal olaraq dəyən zərəri qarşıladıqları üçün reqress qaydasında da bu pul vəsaitini cavabdehdən istəməyə subyektiv hüquqları var. Məhkəmə Mənzil məcəlləsinin 109.5-ci maddəsinə əsasən mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılmadığını vurğulayır. Məhkəmənin hazırki qətnaməsi qanuni qüvvəyə minərsə və yaxud belə bir məhkəmə təcrübəsi yaranarsa mənzil mülkiyyətçiləri arasında özbaşınalıq yarana bilər. İstənilən bina sakini o cümlədən qeyri sakinlər binanın əmlaklarını zədələyə, mövcud istismara yararlı qurğuları sıradan çıxara, sakinlərin rahat həyat şəraitini poza bilər. Son nəticədə isə bütün bunların səbəbi və əsası kimi qanunsuz və əsassız qəbul olunmuş məhkəmə qətnaməsi dayanacaq.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. ç) Proses iştirakçılarının izahatı

15. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmiş, əlavə olaraq göstərmişdir ki, həmin binanın kommunal ödənişlərinin yığılması üçün kənar idarəçi kimi hansı əsasla fəaliyyət göstərməklərinə dair rəsmi bir sənəd yocdur.

16. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmiş və izahatına əlavə olaraq bildirmişdir ki, iddiaçının kənar idarəçi kimi kommunal ödənişləri yığması qanunsuzdur, yəni onların fəaliyyəti hər hansı bir qanuni əsasla tənzimlənmir. Buna görə də iddianı qaldırmaq üçün subyektiv hüquqları yoxdur. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

d) Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 227.1-ci maddəsinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur.

18. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin:

35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitartexniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. 109.1-ci maddəsinə əsasən yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyriyaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir. 109.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativləri istehlak kooperativləridir. 109.5-ci maddəsinə əsasən kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənziltikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 122.1.1-ci maddəsinə əsasən qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin hüquqları sırasına daxidir; 123.0.4-cü maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının lazımi sanitariya və texniki vəziyyətini təmin etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin vəzifələri sırasına daxildir. 132.2.1-ci maddəsinə əsasən mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti çoxmənzilli binanın daşınmaz əmlakına xidmət, onun istismarı, təmiri növündə təsərrüfat fəaliyyəti ilə məşğul ola bilər.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

e) Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş olunduğundan, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

24. Məhkəmə kollegiyası ilk növbədə vurğulayır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

26. Konstitusiya Məhkəməsinin bu Qərarda nümayiş etdirilmiş hüquqi mövqey bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Prenum Qərarında öz əksini tapmışdır.

27. Bununla belə, qanunvericiliyin tələbləri baxımından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Bu baxımdan da işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin subyektiv hüquqa malik olub-olmamasını, subyektiv hüququn pozulubpozulmamasını, cavabdehin bu pozuntunu edib-etməməsini araşdırmalıdır. Yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

28. Məhkəmə kollegiyası işin hallarına əsasən qeyd edir ki, Cavabdeh "xxxx" MTK tərəfindən inşa olunan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15A ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 3-cü blok. 14-cü mərtəbəsində yerləşən 103 saylı mənzilin sakinidir və qeyd edilən ünvanda yaşayır. xx.xx.2023-cü il tarixdə Cavabdeh, Xətai r., Noyabr pr. 15 ünvanında yerləşən “Azure Residence” yaşayış kompleksinin 3-cü blokunun liftinin kart oxuma mexanizminə zərər vurmuşdur. Bu zərərin aradan qaldırılması üçün İddiaçı MMC "xxxx" MMC-yə müraciət etmiş və aralarında olan razılığa əsasən "xxxx" MMC-yə cəmi 1722,81 manat ödəniş edilmişdir. Hazırda İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin məbləğin zərəri vurmuş Cavabdeh tutulmasını xahiş edir.

29. Bu baxımdan nəzərə alınmalıdır ki, İddiaçı MMC-ni hazırkı məhkəmə baxışının predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki yuxarıda qeyd olunan normaların məzmunundan aydın olur ki, mənzilin yerləşdiyi binada heç bir sahəyə və ya əmlaka iddiaçının hüquqları və bu əmlaklara texniki xidmət göstərilməsi kimi vəzifələri yoxdur. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq binada yerləşən liftə texniki xidmət göstərilməsi, liftin təmir edilməsi üçün çəkilmiş xərcin ödənilməsi barədə iddianı tələb hüququ olmayan şəxs - İddiaçı MMC (hansıki, hər hansı qanuni əsaslarla fəaliyyət göstərməsi barədə sbutlar yoxdur) verdiyinə görə iddiaçının subyektiv hüququ yaranmaması əsası ilə onun bu iddiasını təmin etməmişdir.

30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir, faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2758/2023 nömrəli, 17 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı MMC-yə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar