Məhkəmə qərarları › İş №2(103)-714/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-714/2025

27.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-714/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı “pul tələbi”nə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “kredit müqaviləsi üzrə borcun tutulması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, İddiaçının nümayəndəsi K.X2, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X3, Cavabdeh2 iştirakları ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-6111/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, iddia ərizəsində qeyd etmişdir ki, cəmi borc 97.539,87 (doxsan yeddi min beş yüz otuz doqquz manat 87 qəpik) manat təşkil edir, bundan 53.289,92 (əlli üç min iki yüz səksən doqquz manat 92 qəpik) manat əsas, 31.460,37 (otuz bir min dörd yüz altmış manat 37 qəpik) manat faiz, 12.789,58 (on iki min yeddi yüz səksən doqquz manat 58 qəpik) manat cərimə borcu və iş üzrə ödənilmiş 382,62 (üç yüz səksən iki manat 62 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Xətai Rayon Məhkəməsinin 2(011)-6111/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 53.289,92 (əlli üç min iki yüz səksən doqquz manat doxsan iki qəpik) manat əsas, 31.460,37 (otuz bir min dörd yüz altmış manat otuz yeddi qəpik) manat faiz, 2500 (iki min beş yüz) manat cərimə borcu olmaqla, cəmi 87 250.29 (səksən yeddi min iki yüz əlli manat, iyirmi doqquz qəpik) manat məbləğində pul vəsaiti və 382,62 (üç yüz səksən iki manat altmış iki qəpik) manat məbləğində dövlət rüsumunun müştərək qaydada Cavabdeh2 və "xxxx" MMC-dən alınaraq LPO İddiaçı ASCyə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

3. Cavabdehlər Cavabdeh2 və "xxxx" MMC həmin qətnamədən apellyasiya şikayətləri vermişdir. Apellyasiya şikayəti və onların dəlilləri:

4. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyini bildirmiş, onun tərəfindən artıq ödəniş edildiyini, borcun məbləğinin düzgün hesablanmadığını bildirmiş, odur ki iş üzrə ekspertiza keçriilməsini xahiş etmişdir. Bu əsaslarla da qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

5. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti vermiş, qeyd etmişdir ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir, belə ki, bankla MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli əməkdaşlıq müqaviləsini zaminlik müqaviləsi hesab etmir, kredit müqaviləsi üzrə MMC zamin deyil, belə ki, MMC Cavabdeh2la bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə kredit öhdliyinə görə məsuliyyəti öz üzərinə götürməmişdir. Odur ki, qətnaməsinin qismən ləğv edilərək və iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin iddia tələbinin cavabdeh "xxxx" MMC-dən “cəmi 87.250,29 manat məbləğinin tutulması” hissəsinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı

6. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi E.Səlimov apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

7. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi K.Səfərli Üzeyir apellyasiya şikayətləri ilə razılaşmayaraq bildirdi ki, rəydə borcun iddia tələbindən artıq olduğu qeyd edilmişdir, odur ki, apellyasiya şikayətlərinin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:

9. Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 14/095 saylı kredit müqaviləsindən görünür ki, bank Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivində inşa edilən (inşa edilmiş) 240 nömrəli evin 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 135,6 kv.m olan 102 nömrəli mənzilin alınması üçün borcalana 82 900 manat məbləğində kreditin verilməsini öhdəsinə götürür. Borcalana verilən kredit vəsaitindən istifadə müddəti 120 aydır. Həmin müqavilənin 6-cı bəndindən görünür ki, kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 14%-lə hesablanır. Əsas kredit borcunun ödənilməsi gecikdirildikdə, gecikdirilmiş günlərə ödənilməmiş məbləğə görə kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 24%-lə hesablanır.

10. "xxxx" ASC ilə kooperativ "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixdə müqavilədən görünür ki, müqavilənin predmetini Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında tikintisi aparılan çoxmənzilli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 85 faizindən artıq olmayan hissəsinin illik 14%-lə 120 ay müddətinə qədər kreditləşdirilməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəlikləri təşkil edir. Həmin müqavilənin 4.3-cü bəndinə görə bu müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə, bu barədə Bankdan bildiriş aldığı gündən etibarən 30 təqvim günündən gec olmayaraq, Cəmiyyət həmin günə mövcvud olan kredit borcunu və ona hesablanmış faizləri mənzilin alqı-satqı müqaviləsini ləğv edərək həmin mənzili digər şəxslərə satmaqla və ya öz vəsaiti hesabına tam şəkildə Banka ödənilməsini öhdəsinə götürür və özünə məxsus müəyyən edilmiş bank hesabından göstərilən bircun akseptsiz qaydada silinməsi hüququnu Banka verir. Həmçinin, müqavilənin 5.2-ci bəndinə görə Bank bu müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə, bu barədə Cəmiyyətə bildiriş verməklə 30 təqvim günündən gec olmayaraq, həmin günə mövcvud olan kredit borcunun və ona hesablanmış faizlərin tam şəkildə ona ödənilməsini tələb etmək hüququna malikdir.

11. xx.xx.2014-cü il tarixli mənzilin alqı-satqısı haqqında İH/B A(b)/070 nömrəli müqavilədən görünür ki, satıcı "xxxx" MMC Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF-PARK” yaşayış massivində inşa edilən (inşa edilmiş) 240 saylı, 7 mərtəbəli yaşayış binasında ümumi sahəsi 135,6 kv.metr olan 3 otaqdan ibarət 102 saylı mənzili Cavabdeh2 satmağı, alıcı isə bu müqavilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı əmlakın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci maddəsindən görünür ki, mənzilin dəyəri tərəflərin razılığı ilə 97 632 manat təşkil edir. Həmin müqavilənin 2.2-ci bəndindən görünür ki, aıcı bu müqavilənin 2.1ci bəndində göstərilən məbləğin 15 faizini ilkin ödəniş olaraq ödəyir, qalan 85 faizini isə Bankdan alınmış kredit hesabına 10 gün ərzində ödəməlidir.

12. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixə 53.289,92 manat əsas, 31.460,37 manat faiz, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə borcu 12.789,58 manat olmaqla, cəmi 97.539,87 manat borcu yaranmışdır.

13. 15.02.2024-cü il tarixli sonuncu bildiriş məktubundan görünür ki, İddiaçı ASC tərəfindən cavabdehlərə borcun ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunların tələblərinə uyğun olaraq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur.

14. Mülki iş materiallarında olan qaimələrdən görünür ki, xəbərdarlıq məktubu "xxxx" MMC-yə, Cavabdeh2 həm qeydiyyat ünvanına, həm də faktiki ünvanına çatdırılmışdır.

15. Məhkəmə xərci:

16. 28.06.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 382,62 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

17. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 762/2025 nömrəli rəyinə görə, Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 14/095 saylı kredit müqaviləsinə əsasən, iddia ərizəsinin verildiyi xx.xx.2024-cü il tarixə əsas borc üzrə-69.131,93 manat, faiz borcu üzrə 43.282,82 manat borcu yaranmışdır. Tətbiq edilən maddi hüquq normaları:

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Tətbiq edilən prosessual hüquq normaları:

19. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

20. Hazırkı halda, rayon məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edildiyindən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlər Cavabdeh2 və "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlayır.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

22. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

23. Belə ki, Cavabdeh2 apellyasiya şikayətinin əsas dəlili artıq ödəmə etməsi, borcun məbləğinin düzgün hesablanmaması ilə bağlı olmuşdur. Bu dəlilin yoxlanması üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-714/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ekspertiza təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 762/2025 nömrəli rəyinə görə, Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 14/095 saylı kredit müqaviləsinə əsasən, iddia ərizəsinin verildiyi xx.xx.2024-cü il tarixə əsas borc üzrə-69.131,93 manat, faiz borcu üzrə 43.282,82 manat borcu yaranmışdır.

24. Göründüyü kimi cavabdehin dəlilləri müvafiq ekspertiza keçirilməklə yoxlanmış, lakin onun dəlillərinin tam əksinə borc məbləğinin iddia tələbindən çox olması müəyyən edilmişdir, belə olan halda Cavabdeh2 apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir.

25. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

26. Cavabdeh MMC apellyasiya şikayətində bankla MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli əməkdaşlıq müqaviləsini zaminlik müqaviləsi hesab etmədiyini, kredit müqaviləsi üzrə MMC-nin zamin olmadığını, belə ki, MMC Cavabdeh2la bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə kredit öhdəliyinə görə məsuliyyəti öz üzərinə götürmədiyini bildirmişdir.

27. Kollegiya qeyd edir ki, cəmiyyətlə bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin predmeti Cəmiyyətin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240 ünvanında çoxmənzilli yaşayış kompleksində tikdiyi mənzillərin dəyərinin 85 faizindən artıq olmayan hissəsinin illik 14%-lə 120 ay müddətinədək kreditləşdirilməsi ilə bağlı Bankla Cəmiyyət arasındakı qarşılıqlı əməkdaşlıq təşkil edir. Həmin müqavilənin 4.3cü bəndinə görə bu müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə, bu barədə Bankdan bildiriş aldığı gündən etibarən 30 təqvim günündən gec olmayaraq, Cəmiyyət həmin günə mövcud olan kredit borcunu və ona hesablanmış faizləri mənzilin alqı-satqı müqaviləsini ləğv edərək həmin mənzili digər şəxslərə satmaqla və ya öz vəsaiti hesabına tam şəkildə Banka ödənilməsini öhdəsinə götürür və özünə məxsus müəyyən edilmiş bank hesabından göstərilən borcun akseptsiz qaydada silinməsi hüququnu Banka verir.

28. Həmin müqavilənin 5.2-ci bəndinə görə Bank bu müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə, bu barədə Cəmiyyətə bildiriş verməklə 30 təqvim günündən gec olmayaraq, həmin günə mövcvud olan kredit borcunun və ona hesablanmış faizlərin tam şəkildə ona ödənilməsini tələb etmək hüququna malikdir. Müqavilənin göstərilən bəndlərindən də göründüyü kimi, Bankla Cəmiyyət arasında bağlanmış qarşılıqlı əməkdaşlıq müqaviləsində Cavabdeh2 öhdəliyinin təmini üsulu ilə bağlı tərəflər konkret qayda müəyyən etmişlər.

29. Həmin qayda Korporativ müqavilənin 4.3 və 5.2-ci bəndləri ilə tənzimlənir. Burada Cəmiyyətin öhdəliyinin yaranmasının əsas şərti Bankın Cəmiyyətə ödənişin 60 gündən artıq gecikməsi ilə bağlı bildirişin verilməsidir ki, iş materiallarında iddiaçı tərəfindən göndərilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bank Cəmiyyətə bu barədə bildiriş göndərərək aralarında bağlanmış müqavilənin 5.2-ci maddəsinə əsasən tədbirlər görməsini xahiş etmişdir.

30. MM-in 404.1-ci maddəsinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 04 sentyabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, - Zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: 1) hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); 2) əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Mülki Məcəllənin 470.2-ci maddəsinə görə gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Bu maddənin mənasına görə, "gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi” müddəası zaminin əvvəlcədən razılaşdırılmış əsas borca dair gələcəkdə yaranacaq öhdəliyə zamin durması kimi başa düşülməlidir. Gələcəkdə yaranacaq əsas öhdəliyi təmin edən zaminlik müqaviləsi üzrə öhdəlik həmin müqavilənin bağlandığı andan deyil, zaminliklə təmin olunmalı əsas öhdəliyin yarandığı andan əmələ gəlir. Bu halda kreditor zaminə qarşı olan tələblərini yalnız MM-in 472.1-ci maddəsinə müvafiq olaraq borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə irəli sürə bilər.

32. Kollegiya qeyd edilən xx.xx.2014-cü il tarixli müqavilənin şərtlərini nəzərdən keçirib qeyd edir ki, müqavilənin 4.3-cü bəndinə əsasən, cavabdeh MMC Cavabdeh2la bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə bankın bildirişindən 30 təqvim günündən gec olmayaraq alqı-satqı müqaviləsini ləğv edərək həmin mənzili digər şəxslərə satmaqla və ya öz vəsaiti hesabına tam şəkildə Banka ödənilməsini öhdəsinə götürməklə və özünə məxsus müəyyən edilmiş bank hesabından göstərilən borcun akseptsiz qaydada silinməsi hüququnu Banka verməklə, Cavabdeh2 öhdəliyi icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş, yəni zaminlik müqaviləsi bağlamışdır. Odur ki, onun həmin müqavilənin zaminlik müqaviləsi sayılmaması barədə dəlili əsassızdır və təmin edilməməlidir. Nəticə:

33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslı, apellyasiya şikayətlərinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayətlər təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

34. Məhkəmə kollegiyası hesab edir ki, şikayətlər təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə özünə aid edilməli, ekspertiza tədqiqatının dəyəri Cavabdeh2 tutulmalıdır.

35. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdehlər Cavabdeh2 və "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Xətai Rayon Məhkəməsinin 2(011)-6111/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar