Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7140/2023 04.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin artırılması tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5328/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(008)-2489/2011 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün xx.xx.2011-ci il tarixdən başlayaraq hər ay 80 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(008)-2489/2011 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı 80 manat artırılaraq Cavabdeh İddiaçı xeyrinə tutulması və mediyasiya xidmətinə ödənilmiş 51 manat pul vəsaitini cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikah bağlayaraq, ailə qurmuşdur. Birgə nikahdan bir uşağı xx.xx.2010-cu il təvəllüdlü X3 doğulmuşdur. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2489/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 80 AZN məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Lakin, həmin məbləğ hal-hazırda Respublikamızda mövcud olan hazırkı bazar qiymətləri ilə müqayisədə, eləcə də uşağın yaşının artması səbəbindən onun saxlanılmasına kifayət etmir.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5328/2023 nömrəli xx.xx.2023cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(008)-2489/2011 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentinin miqdarının artırılması, 06 xx.xx.2010-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulararq İddiaçı ödənilməsi, mülki iş üzrə ödənilmiş 50 (əlli) manat mediasiya xərci Cavabdeh tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17.2, 34-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 112.1, ci maddələri, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8, 13, 19, maddələri, “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.3, 217.4, 233.4, 216-220, 227, 233, 360 maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-5328/2023 saylı qətnaməsinin qismən ləğv edilməsini, alimentin miqdarı dəyişilərək hər ay 100 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı ilə 2010-cu ildə ailə qurub,2011-ci ildə ayrılmış,sonradan cavabdehin yeni ailəsi var. 2013-cü ildə Zeynalova Ülviyyə ilə nikahı rəsmiləşdirərək,ailə qurmuşdur.xx.xx.2019-cu il təvəllüdlü bir oğlu var. 2-ci uşağım tezliklə doğulmalıdır. İddiaçı da ailə qurub,yoldaşı da Qələndərov Murad iddiaçı Olesyanı və qızı Şükufəni öhdəsinə götürüb,Olesyanın əri Murad polisdə işləyirdi,indi təqaüdə çıxıb,sürücü işləyir.Onlar ayrıldığı vaxtdan bu günə kimi necə yaşayırdı ki,13 ildən sonra iddiaçının yadına düşdü ki,uşağı saxlamağa ödənilən aliment bəs etmir?Cavabdeh şəhid anasının qəyyumu olaraq, onu öhdəsinə götürüb.Aldığı əmək haqqı 300 manatdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və işə tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Lakin, məhkəmə iddiaçının təqdim etdiyi sübutları mötəbər sayıb qəbul etsə də, cavabdehi heç dinləmədi.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
9. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirir ki, əmək haqqıdan fonda və sığortaya tutulma var. O evdə ailəsinə çatdıra bilmir. 80 manat aliment yazılmasına baxmayaraq əlində pul olanda 700, 1000 manat da iddiaçıya verib.İndi hal-hazırda imkanı çatmır.Dövlət Məşğulluq İdarəsinə gedib və onu bu işlə təmin edib.Dövlət yüksək əməkhaqqı ilə təmin etsə əlbəttə ki, daha çox pul verər. İddiaçı ailəlidir və yoldaşıda polisdir.İkimərtəbəli evdə qalır,onun evi isə 2 otaqlı balaca evdir.Onun imkanım yoxdur, halhazırda himayəsində ailə-uşağı var. Uşaq tərbiyəsiz sözlər danışır,tərbiyəsi,təhsili yoxdur.O, bir-iki dəfə telefonla danışaraq görüşmək istədi.Uşaq körpə olanda görüşmək istəyəndə qış ayının olduğunu və soyuq olduğunu deyirdi.Yayda isə gündüz olmaz, uşağı apararsan başına iş gələr deyirdi. O, uşağı məktəbdən çıxarmağı da deməyib. 7-ci sinif şagirdi kitabı üzündən oxuya bilmir. Uşağın tərbiyəsi, təhsili geridir. Onun imkanım çatmır.Dövlət onu işlə təmin edib, başqa iş yoxdur.Onu yüksək əmək haqqı ilə təmin etsinlər, iddiaçı onun qarşıma qoydurduğu qadağanı götürsün. Neçə vaxtdır ki,girişçıxışına qadağa qoyulub. Onun heç bir borcu yoxdur.Əvvəl borcu var idi,sonra ödədi
10. İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirir ki, bir dəfə də olsun cavabdeh gəlib qızıyla maraqlanmayıb. Uşaq evdə ağlayır.Borcları üst-üstə yığılıb qalıb. O, ikinci dəfə ailə qurmuş,o da ailəsinə baxmadığına görə onunla da boşanmışdır. Mingəçevirdə öz evi var,amma atası evi tikib uşaqlara verib. Uşağın bütün günü ağlamasına baxmayaraq onunla maraqlanmır.Nə vaxt gəlibsə, yoldaşı da evdə ola-ola uşağı atasıyla görüşdürüb. Uşaq atasının yanına gəlmək üçün ağlayırdı.Onun köhnə borcları çox olduğuna görə,girşçıxışına qadağa qoyulub.
Tətbiq edilən hüquq normaları:
11. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
12. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən tutulan alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
13. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
14. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
15. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
16. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
Apellyasiya baxışının hədləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. Belə ki, hazırkı apellyasiya baxışında yoxlanılan iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
22. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.
23. Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur; belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(008)-2489/2011 nömrəli qətnaməsi ilə iddiaçının xeyrinə Cavabdeh hər ay 80 manat sabit pul məbləğində alimentin tutulması müəyyənləşdirilərkən həmin dövrün həyat standartları əsas götürülmüşdür, hazırda isə bu vəziyyət dəyişməklə həm iddiaçı daha yüksək məbləğdə aliment tələb etməkdədir, həm də uşağa görə müəyyənləşdirilmiş yaşayış minumumu artırılaraq 2023-cü il üçün 220 manat nəzərdə tutulmuşdur.
24. Qanunvericiliyin müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır.
25. Bu baxımdan kollegiya, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat məbləğində alimentin İddiaçı xeyrinə ödənilməsini ədalətli və ağlabatan hesab edir.
26. Cavabdehin yenidən nikaha daxil olması və maddi vəziyyətinin aşağı olması barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu hal onu övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir.
27. Beləliklə, məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir.
28. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
30. Məhkəmə kollegiyası o cümlədən qeyd edir ki, hazırki iş üzrə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
31. MPM-in 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur.
32. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5328/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev